Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-145/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə 26 iyun 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə saat 14:40 radələrində ünvan 3 ünvanda yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vuraraq, sonuncuya sol əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması (yumşaq toxumaların əzilməsi) ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ləmanı əlindən vurmamış, Ləmanın əlinə xəsarəti və onun nəticəsində yaranmış hematomanı o, yetirməmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radalərində o, işdən yaşadığı evə gəlmiş və hamama keçmişdir. Sonra çöl qapının döyüldüyünü eşidərək dərhal hamamdan çıxaraq qapını açmışdır. Həmin vaxt Ləman işdən gəlib yüksək səslə ona qapını niyə açarla aşağıdan bağladığını bu səbəbdən gəlib çöldə qaldığını deyərək içəri daxil olmuş və onunla mübahisə etməyə başlamışdır. Sonra onlar bir-birinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış və dava-dalaş baş vermişdir. Ləmana bir dəfə qapaz vurmuş, sonra ayaq nahiyyəsinə bir dəfə əlinin içi ilə zərbə vurmuşdur. Ləman özünə məxsus mobil telefondan öz xalasının oğluna zəng vurmasını demiş lakin o, Ləmana imkan verməyərək telefonu ondan almışdır. Sonra telefonu qaytarmış, Ləman da evdən çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Ləman onun barəsində 9-cu Polis bölməsinə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş və onunla birlikdə ünvan 2ında yaşamışlar. Ailə qurduğu müddətdən qısa bir zaman sonra onların arasında tez-tez ailə daxili mübahisələr yaranmağa başlamış və mütamadi şiddətə məruz qalmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tərəfindən onun qulağına və üzünə xəsarət yetirilmiş, bununla bağlı onda tibbi sənədlər mövcuddur. Hətta bu hadisədən əvvəl onların qonuşuları onun Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı 102 çağrı mərkəzinə müraciət etmiş, şikayət bildirmişdilər. xx.xx.2023-cü il tarixdə günorta saatlarında işdə olduğu zaman hamilə olduğuna görə özünü pis hiss etmiş, icazə alaraq saat 14 radələrində yaşadığı ünvana gəlmiş və qapını döyməyə başlamış, təxminən 5-6 dəqiqə o, qapını möhkəm döymüş və bundan sonra Çingiz qapını açmışdır. O, mənzilə daxil olan kimi Çingiz onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Çingizin təhqirlərinə dözməyərək ona cavab qaytarmış və yataq otağına getmişdir. Bu zaman Çingiz də yataq otağına daxil olaraq onun baş nahiyyəsinə şillə və yumruq zərbələri endirmişdir. O, dəhlizə çıxmağa çalışan zaman Çingiz onun saçlarından yapışıb yolmağa başlamış, kürəyinə zərbə endirmişdir. Bundan sonra o, qonaq otağına keçərək kresloya oturmuş bu zaman Çingiz ona yenə şillə, təpik və yumruq zərbələri endirmişdir. O da həmin vaxt xalası oğlu Şahid1 ona kömək etməsi üçün zəng etmiş, bu zaman Çingiz mobil telefonu onun əlindən alaraq hamam otağına getmişdir. O, telefonu almaq üçün Çingizin arxasıyla hamam otağına getmiş, Çingizin əlindən mobil telefonu alaraq evdən çıxmışdır. Çinqiz o evdən çıxan zaman ona “Necə gəldin elə gedəcəksən, uşağı burda qoyub gedəcəksən” demişdir. Daha sonra o, həmin binanın həyətinə düşmüş və sancılandığını hiss etmiş küçədə daşın üzərində oturmuşdur. Bu zaman bir neçə nəfər onun üçün narahat olub ona köməklik etmişdir. Bir müddət sonra Vüsal ora gəlmiş və o, ağrıları olduğu üçün “X8” xəstəxanasına getmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən şiddətə məruz qalmışdır, şikəyatçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində xalası qızı Zərərçəkmiş şəxs ona zəng vuraraq, yaşadığı ünvanda əri Təqsirləndirilən şəxs onu döydüyünü bildirib, gəlib onu aparmasını xahiş etmişdir. Ləmanın zəngindən sonra o, onların yaşadığı ünvana getmiş və oraya çatdıqda Ləmanın məhəllədə səkinin üzərində oturduğunu görmüşdür. Ləmana yaxınlaşıb nə baş verdiyini soruşduqda, Ləman Çingizin onu döydüyünü, güclə qaçıb canını qurtardığını bildirmişdir. Həmin vaxt Ləmanın əl və üz nahiyələrində xəsarətlər olduğunu görüb onun həqiqətəndə döyüldüyünü başa düşmüş və onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 məhkəmə zalında zərərçəkmiş şəxsi üzdən tanıdığını bildirmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında poliklinikaya gedən zaman bir hamilə qadın Nizami küçəsində ağladığını görmüş, ona yaxınlaşmışdır. Qadından nə olduğunu soruşduqda qadın ona yoldaşı tərəfindən döyüldüyünü və qardaşını gözlədiyini bildirmişdir. O, qadının qardaşına öz telefonundan yığmış, harda olduğunu soruşmuş qadının vəziyyəti pis olduğu üçün onu tələsdirmişdir. Sonra qadının qardaşı gəlmiş və qadını xəstaxanaya aparmışdır. Sonradan qadının adının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında dindirilmiş məhkəmə-tibbi eksperti X4 göstərmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sol əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması, alın nahiyəsinin sağ yarısının, sağ gicgah nahiyəsinin, sağ əlin İV barmağının, sağ baldırın aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sol kürək nahiyəsinin qançırları, eləcə də, başın ənsə nahiyəsində tüklərin seyrəlməsi ilə müşayiət olunan tük diblərinin hiperemiyası və nöqtəvari qansızmaları kimi xəsarətlər müəyyən edilmişdir. Qeyd olunan xəsarətlərdən sol əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, alın nahiyəsinin sağ yarısının, sağ gicgah nahiyəsinin, sağ əlin İV barmağının, sağ baldırın aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sol kürək nahiyəsinin qançırları, eləcə də, başın ənsə nahiyəsində tüklərin seyrəlməsi ilə müşayiət olunan tük diblərinin hiperemiyası və nöqtəvari qansızmaları isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 13 fevral 2023-cü il tarixli 54 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması (yumşaq toxumalarının əzilməsi), alın nahiyəsinin sağ yarısının, sağ gicgah nahiyəsinin, sağ əlin İV barmağının, sağ baldırın aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sol kürək nahiyəsinin qançırları, eləcə də, başın ənsə nahiyəsində tüklərin seyrəlməsi ilə müşayiət olunan tük diblərinin hiperemiyası və nöqtəvari qansızmaları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma, eləcə də, ənsə nahiyəsinin tüklərinin yolunması nəticəsində mələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya, alın nahiyəsinin sağ yarısının, sağ gicgah nahiyəsinin, sağ əlin İV barmağının, sağ baldırın aşağı 1/3-nin ön səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sol kürək nahiyəsinin qançırları, eləcə də, başın ənsə nahiyəsində tüklərin seyrəlməsi ilə müşayiət olunan tük diblərinin hiperemiyası və nöqtəvari qansızmaları isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 fevral 2023-cü il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 15 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan "X8" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs, həqiqətən xx.xx.2023 tarixində "X8"-də həkim qəbulunda olmuşdur. Hal hazırda hamiləlik 12 həftəyə uyğundur. İş materiallarında olan "X8" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, həqiqətən xx.xx.2023-cü il tarixində "X8" MMC-də Həkim Travmatoloq müayinəsində olmuşdur. Əl barmaqlarının əzilməsi hərəkət məhdudiyyəti ilə (S60.0) diaqnozu qoyulmuşdur. Pasientə bir neçə gün ərzində elastik sarğı və ağır fiziki işlə məşğul olmamaq tövsiyyə edilmişdir. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 165 manat maddi ziyanın, həmçinin hüquqi yardım üçün ödənilmiş 1000 manat pulun, eyni zamanda 2500 manat mənəvi ziyanın, 57 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti yoxdur. Eyni zamanda mübahisədən sonra evdən çıxarkən pilləkəndən yıxılmış, sol əlində yaranan xəsarətin Təqsirləndirilən şəxs tərəfindən vurulduğundan əmin deyil. İş materiallarında olan “Elektron Məhkəmə sistemin”dən çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı və ilkin məhkəmə iclasında verdiyi ifadələri, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunaraq ona cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini bildirsə də, onun ifadəsi zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı və əvvəlki məhkəmə iclasında verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertizanın rəyi, iş materialları və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Zərərçəkmiş şəxs mübahisədən sonra evdən çıxarkən pilləkəndən yıxılması, sol əlində yaranan xəsarətin Təqsirləndirilən şəxs tərəfindən vurulduğundan əmin olmaması barədə ərizəsinə münasibətdə, məhkəmə, qeyd edilən ərizənin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması nəticəsində onun məsuliyyətdən yayındırmaq məqsədilə verildiyini qeyd etməklə, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı və ilkin məhkəmə iclasında verdiyi ifadələrini əsaslı hesab edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, himayəsində 2 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.7-ci maddəsində nəzərdə tutulmuş cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədilməsini cəzasını ağırlaşdıran hal kimi qiyməyləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut yoxdur. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-145/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-145/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver