Məhkəmə qərarları › İş №1(009)-146/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-146/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-146/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Xüsusi ittiһamçı X1 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, xx.xx.1985-ci il təvəllüdlü olmaqla, ünvan 1 20 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Hazırda şikayət verilmiş şəxs qismində cəlb edilmiş X5 əvvəldən tanıyır. Belə ki, Cəfərov Zamir onun ailəvi dostu olan İldırım Cabbarovun dostu olmuş, o, isə X9 vasitəsi ilə tanımışdır. Bir müddət sonra, Zamir “Kontakt Home” mağazalar şəbəkəsindən kredit olaraq telefon və noutbuk götürmək istədiyini, lakin bunun üçün ev telefonu lazım olduğunu bildirmişdir. Bu zaman o, Zamiri tanıdığı üçün ona məxsus ev nömrəsini verməyində bir problem görməmişdir. Bundan sonra, Zamir kredit ödənişlərində gecikmələr yaratdığı üçün adı çəkilən mağazalar şəbəkəsindən onun ev nömrəsinə zənglər gəlməyə başlamışdır. O, isə öz növbəsində Zamir Cəfərova xəbərdarlıq edərək ona aid olan borca görə onu narahat etdiklərini və kredit borcunu ödəməli olduğunu bildirmişdir. Zamir isə ona bildirmişdi ki, “mənim ödəməyə pulum yoxdu, narahat olursansa mənə 1000 (bir min) manat ver aparım borcumu bağlayım”. Belə olan halda ona etirazını bildirərək onun borcunu nə üçün ödəməli olduğunu dedikdə, o, bildirmişdir ki, əgər ona 1000 manat verməsə onu hər yerdə rüsvay edəcəkdir. Bundan sonra o, bu haqda İldırım Cabbarova danışmışdır. İldırım isə ona xəbərdarlıq edərək bu əməldən əl çəkməyini və heç kəsə hədə qorxu gələ bilməyəciyini bildirmişdir. Bir müddət keçdikdən sonra isə, tanımadığı bir nömrədən whatsapp vasitəsilə ona mesaj gəlmiş və həmin şəxs nömrənin “tiktok” sosial şəbəkəsində Zamir Cabbarov tərəfindən yaradılmış hesabda paylaşıldığım bildirmişdir. O, isə dərhal sözü gedən sosial şəbəkədə Zamir Cabbarova aid hesabı taparaq paylaşılan şəkil və videolara baxdıqda həmin hesabda onun şəkillərinin və əlaqə nömrəsinin paylaşıldığını görmüşdür. Daha sonra isə, Zamir Cabbarovla əlaqə saxlayaraq həmin görüntüləri sosial şəbəkədən silməsini xəbərdar etmişdir. Zamir Cabbarov isə cavabında ona bildirmişdir ki, ya ona 1000 manat pul verəcək ya da həmin görüntüləri “youtube” sosial şəbəkəsində paylaşacağı barədə ona hədə qorxu gəlmişdir. O, bu barədə 102 zəng xidmətinə məlumat vermiş, daha sonra isə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində qeyd olunan məsələ barədə izahat yazmışdır. Lakin, şikayət etməyindən uzun müddət keçməsinə baxmayaraq hələ də, nəticə əldə edə bilməmişdir. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları ona bildirirlər ki, iş Daxili İşlər Nazirliyində araşdırılır. Daha sonra isə, sözü gedən problemlə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş lakin yenə də, nəticə əldə edə bilməmişdir. Bu müddət ərzində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 tərəfindən ona mesaj vasitəsi ilə hədə qorxu xarakterli və nalayiq sözlər deyilir. Həmin yazışmaların surətini məhkəmə prosesində təqdim edəcəkdir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməyinə baxmayaraq, müsbət nəticə əldə edə bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hər kəsin şərəfi ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi- sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Göstərilənləri nəzərə alaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiһamçı X3 şikayətini müdafiə edərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətdən görünür ki, barəsində şikayət verilmiş şəxs X7 ünvan 2 mənzil 112 ünvanında qeydiyytdadır. Azərbaycan Respublikasının CPM-in 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 hazırda Xətai rayonu ərazisində qeydiyyatdadır. Azərbaycan Respublikasının CPM-in 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300.1.4 və 302.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar