Məhkəmə qərarları › İş №1(009)-146/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-146/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-146/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1972-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurub soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədi ilə 26 yanvar 2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanının yaxınlığında skamyada əyləşmiş Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun əlində olan 200 (iki yüz) manat məbləğində nağd pulu dartıb ələ keçirərək açıq talamış, daha sonra Zərərçəkmiş şəxs onu təqib etməsinə baxmayaraq hadisə yerindən uzaqlaşmaqla sonuncuya 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə istifadə edir. 26 yanvar 2021-ci il tarixdə səhər saat 10:00 radələrində o, Səbail rayonunda yerləşən “Bayıl" marketin qarşısında yol ilə hərəkət edərkən yaxınlıqda skamyada əlində pul olan tanımadığı yaşlı bir kişinin əyləşdiyini görmüşdür. O, pulu gördükdə cəld gedərək pulu kişinin əlindən dartıb almış və qaçaraq uzaqlaşmışdır. O, pulu ələ keçirərkən kişiyə heç bir fiziki zor tətbiq etməmişdir. Yalnız pulu kişinin əlindən çəkib alaraq qaçmışdır. Daha sonra həmin pulun iki ədəd 100 manatlıq pul əskinası olduğunu görmüşdür. O, qaçaraq “Bayıl” marketin yaxınlığında dayanmış “Vaz 2106" markalı taksi avtomobilə əyləşərək Yasamal rayonunda yerləşən “Sovetski” adlanan əraziyə getmişdir. Orada həmin pulun 125 (bir yüz iyirmi beş) manatı ilə özünə narkotik vasitə olan heroin almışdır. 29 yanvar 2021-ci il tarixdə saat 20:00 radələrində o, Səbail rayonu Qurban Abbasov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Səbail RPİ-nin 8-ci PB-nə aparmışlar. Zərər tam olaraq ödənilmişdir. Törətdiyi əməldan peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində o, təqaüd almaq üçün Səbail rayon məhkəməsinin yaxınlığında yerləşən "Bazar Store” mağazasının yaxınlığına getmişdir. O, “Bazar Store” mağazasının yaxınlığında yerləşən “xxxx”ın bankomatından təqaüdünü çıxartmış və mağazaya daxil olaraq ev üçün bir qədər ərzaq məhsulları almışdır. Sonra piyada yaşadığı ünvana qayıdarkən “Bayıl market”in qarşısından keçmiş və yorulduğu üçün yaxınlıqda olan skamyada bir qədər oturaraq dincəlmək istəmişdir. Oturduqdan sonra o, cibindən pulu çıxartmış və 200(iki yüz) manat pulu digər məbləğlərdən ayırmışdır ki, həmin 200(iki yüz) manat pulla borclarını ödəsin. Həmin vaxt elə 200(iki yüz) manat onun əlində olarkən qəflətən arxadan bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq əlində olan 200(iki yüz) manat pulu dartıb əlindən almış və qaçaraq uzaqlaşmışdır. O, həmin adamın arxasınca getməyə çalışsa da ona çata bilməmişdir. O, DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. O, həmin şəxsi əvvəllər görməmişdir. Həmin şəxs ona heç bir fiziki ağrı yetirməmiş və onu vurmamışdır. Həmin şəxs qəflətən pulu onun əlindən dartıb ələ keçirmiş və qaçaraq uzaqlaşmışdır. Baş vermiş hadisə nəticəsində ona 200(iki yüz) manat maddi ziyan dəymişdir. Dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin ünvan 2 ünvanı olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı yaxınlıqda DİNnin Təhlükəsiz Şəhər Xidmətinin TŞ1-049/2, TŞ1-049/3 və TŞ 1-176/3 saylı müşahidə kameralarının olması müəyyən edilmişdir. İş materiallarında olan 31 yanvar 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun ifadəsi yerində yoxlanılmış və o törətmiş olduğu soyğunçuluq hadisəsi barədə tam təfərrüatları ilə danışmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, DİN-nin növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskin içində TŞ1-049/2, TŞ1-049/3 və TŞ1- 176/3 adlı 03 ədəd fayl vardır. Video-diskdə olan TŞ 1-049/2 adlı video fayl açılaraq baxılan zaman müəyyən olundu ki, 3 dəqiqə 17 saniyəlik görüntü vardır və görüntülər Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində “Bayıl Market" in qarşısını əks elətdirir. Görüntünün 01:07 saniyəsində bir nəfər yaşlı kişinin əlində olan sellofan torbalarla birlikdə gələrək mağazaya daxil olması, 02:28 saniyəsində həmin yaşlı kişinin mağazadan çıxması, həmin vaxt onun arxasınca bir nəfər başında papaq əlləri cibində olan şəxsin, həmin yaşlı kişinin arxasınca getməsi müşahidə olunur. Video-diskdə olan TŞ 1-049/3 adlı video fayl açılaraq baxılan zaman müəyyən olundu ki, 4 dəqiqə 44 saniyəlik görüntü vardır. Görüntüdə bir nəfər əlində sellofan torbalar olan yaşlı kişinin getməsi onun arxasınca isə bir nəfər başında papaq əlləri cibində olan şəxsin getməsi müşahidə olunur. Videogörıintünün 03:34 saniyəsində bir nəfər şəxsin qaçaraq geri qayıtması, bu zaman onun arxasınca ağ rəngli dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobilin getməsi, avtomobilin arxasınca isə bir nəfər şəxsin qaçması müşahidə olunur. Video-diskdə olan TŞ 1-176/3 adlı video fayl açılaraq baxılan zaman müəyyən olundu ki, 4 dəqiqə 30 saniyəlik görüntü vardır. Görüntüdə 00:58 saniyədə ağ rəngli dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobilin yolun kənarında dayanması müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs TŞ1-049/2 adlı faylda və TŞ1-049/3 adlı faylda başında papaq əlləri cibində olan şəxsin özü olduğunu, TŞ 1-049/3 adlı faylda 03:34 saniyəsində qaçaraq geri qayıdan şəxsin özü olduğunu, həmin vaxt artıq yaşlı kişinin pulunu ələ keçirdiyini və qaçaraq uzaqlaşdığını bildirmişdir. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2021ci il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 12 fevral 2021-ci il tarixdə saat 15:00-da elan edilmişdir İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-48/2021 saylı 31 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 29 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 1(009)-186/2019 saylı 13 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1972-ci ildə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs:

1. Masallı Rayon Məhkəməsinin 17 may 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12.03.2002ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

3. Yasamal Rayon Məhkəməsinin 04 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli qərarı ilə 01(bir) ay, 10 (on) gün vaxtından əvvəl şərti azad edilmiş və 04 iyul 2016-cı il tarixdə cəza müddəti başa çatmışdır.

4. Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 27 may 2021-ci il tarixli 21- 1/3-2052 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-186/2019 saylı, 13 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm Səbail rayon İcra və Probasiya şöbəsindən 12 dekabr 2019-cu il tarixdə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 16 dekabr 2019-cu il tarixdə şöbəyə gələrək qeydiyyatdan keçmiş və onun cəzasının başlanğıcı bu vaxtdan hesablanmağa başlamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanlanmır. Səbail rayon məhkəməsinin 4(009)-48/2021 saylı, 31 yanvar 2021-ci il tarixli qərarı ilə ********* cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs həbsetmə müddətinin əvvəli 29 yanvar 2021 -ci il tarixdən hesablandığından 24 may 2021-ci il tarixə 04(dörd) ay 17(on yeddi) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafı, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (Cinayət Məcəllənin 67.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəllənin 68.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 1(009)-186/2019 saylı hökmü üzrə çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1- 1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 02(iki) ay 08(səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 01(bir) il 02(iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə dəymiş maddi ziyan 200 (iki yüz) manat pul vəsaiti tam şəkildə Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 1(009)- 186/2019 saylı hökmü üzrə çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 02 (iki) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 29 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar