Məhkəmə qərarları › İş №1(009)-148/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-148/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-148/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə istintaqa məlum olmayan şəraitdə tanışı Şahid1 satış məqsədi olmadan bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1,214 qram çəkidə psixotrop maddə metamfetamini 25 manat pulun müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 157 saylı ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2021-ci il tarixdə saat 22:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada saat 23:00-dan üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkcənin sağ yan cibindən Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf selofan bükümdə 1,214 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərindən psixotrop maddə metamfetamin istifadə edir. Həmin psixotrop maddəni hazırda adlarını dəqiq xatırlmadığı şəxslərdən qramı 25-30 manatdan olmaqla alaraq istifadə edir. Şahid1 2020-ci ilin sonlarından tanıyır. Onunla ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Bundan sonra onların münasibəti yaranmışdır. Sonradan Nailin də psixotrop maddə metamfetamindən istifadə etdiyini öyrənmişdir. Hətta bir neçə dəfə birlikdə psixotrop maddə metamfetamin istifadə etmişlər. 29 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən adını hazırda xatırlamadığı kafedə Naillə görüşmüşdür. Bir qədər Naillə söhbət etdikdən sonra ondan üzərində psixotrop maddə olub-olmamasını soruşmuşdur. Nail hazırda üzərində psixotrop maddə olmadığını bildirmiş, lakin bir neçə saat sonra Əhliman adlı şəxslə görüşüb ondan istifadə etmək üçün psixotrop maddə alacağını bildirmişdir. Bu zaman Naildən həmin şəxsdən onun istifadə etməsi üçün də psixotrop maddə almasını və pulunu verəcəyini bildirmişdir. Nail onun təklifi ilə razılaşmış və Əhliman adlı şəxsdən onun istifadə etməsi üçün də psixotrop maddə alacağını bildirmişdir. Bundan sonra onlar sağollaşmış və kafedən çıxmışlar. Təxminən bir neçə saatdan sonra Nail ona zəng edərək Əhlimanla görüşdüyünü ondan 50 manat pulun müqabilində təxminən 2 qrama yaxın psixotrop maddə aldığını bildirmişdir. Nailə növbəti gün görüşüb psixotrop maddəni ondan götürəcəyini və əvəzinə verdiyi 25 manat pulu ona verəcəyini bildirmişdir. 30 yanvar 2021-ci il tarixdə saat 21- 22 radələrində ünvan 4 ünvanın yaxınlığında Nail ilə görüşmüş və ondan Əhlimandan onun istifadə etməsi üçün aldığı psixotrop maddəni götürmüşdür. Bu zaman Nail bir ədəd bükümü ona vermiş və içərisində bir qram psixotrop maddə olduğunu bildirmişdir. Nail bundan əlavə özündə də bir qram psixotrop maddə olduğunu və onu da özünün istifadə edəcəyini bildirmişdir. Hətta Nail ona həmin psixotrop maddəni gedib bir yerdə istifadə etməyi təklif etmişdir. Lakin həmin vaxt işi olduğu üçün Nailə sonra istifadə edəcəyini bildirmişdir. Nailə onun əvəzinə həmin psixotrop maddə metamfetaminin alınması üçün Əhlimana verdiyi 25 manat pulu vermişdir. Naillə sağollaşıb oradan uzaqlaşmaq istədikdə üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğunu bildirmiş və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə ona dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı zamanı o əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetamin olmuşdur. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq, üzəri möhürlənmiş və üzəri imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Əmirasalan Zeynalov həmin maddəni öz istifadəsi üçün 25 manata onunla birlikdə saxlanılmış Şahid1 aldığını bildirmişdir. Lakin Nailə 25 manat pulu Əhlimana verdiyi pula görə vermiş, çünki razılaşmalarına görə Nail Əhlimandan həm öz istifadə etməsi, həm də onun istifadəsi üçün həmin psixotrop maddəni almışdır. Törətdiyi əməldən peşmandır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarından psixotrop maddə metamfetamin istifadə edir. Bəzən isə narkotik vasitə heroin istifadə etmişdir. Əsasən metamfetamini Əhliman və Qüdrət adlı şəxslərdən əldə edirmiş. Belə ki, Qüdrət Yasamal rayonu, Şərifzadə küçəsində yaşayır, Əhliman isə “Kubinka” deyilən ərazidə yaşayır. Ona psixotrop maddə lazım olanda həmin şəxsləri tapıb onlardan öz istifadəsi üçün psixotrop maddə metamfetamin alırmış. Hər zaman öz istifadəsi üçün 25-30 manat pulun müqabilində yarım qram psixotrop maddə metamafetamin alırmış. Təqsirləndirilən şəxs ortaq tanışları vasitəsi ilə tanımışdır. Sonradan aralarında münasibət yaranmışdır. Sonradan Əmiraslanın da psixotrop maddə metamfetamindən istifadə etdiyini öyrənmişdir. Onlar hətta bir neçə dəfə birlikdə psixotrop maddə metamfetamin istifadə etmişlər. 29 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən adını xatırlamadığı kafedə Əmiraslanla görüşmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra Əmiraslan ondan üzərində psixotrop maddə olub-olmamasını soruşmuşdur. O üzərində psixotrop maddə olmadığını bildirmiş, lakin bir neçə saat sonra Əhliman adlı şəxslə görüşüb ondan istifadə etmək üçün psixotrop maddə alacağını bildirmişdir. Bu zaman Əmiraslan ondan həmin şəxsdən onun istifadə etməsi üçün də psixotrop maddə almasını və pulunu verəcəyini bildirmişdir. Əmiraslanın təklifi ilə razılaşmış və Əhliman adlı şəxsdən onun istifadə etməsi üçün də psixotrop maddə alacağını bildirmişdir. Təxminən bir neçə saatdan sonra Əhlimanı taparaq ondan iki bükümdə təxminən 2 qrama yaxın psixotrop maddə almış və bunun əvəzində ona 50 manat pul vermişdir. Əhlimandan aldığı bükümləri üzərində olan elektron tərəzi ilə ölçmüş və içərisində təxminən 2 qramdan bir qədər çox psixotrop maddə olmasını görmüşdür. Bundan sonra Əmiraslana zəng edərək Əhlimanla görüşdüyünü ondan 50 manat pulun müqabilində təxminən 2 qrama yaxın psixotrop maddə aldığını bildirmişdir. Əmiraslan ona növbəti gün görüşüb psixotrop maddəni ondan götürəcəyini və onun əvəzinə verdiyi 25 manat pulu verəcəyini bildirmişdir. 30 yanvar 2021-ci il tarixdə saat 21-22 radələrində ünvan 5 ünvanının yaxınlığında Əmiraslanla görüşmüş, ona Əhlimandan aldığı psixotrop maddəni vermiş və içərisində bir qram psixotrop maddə olduğunu bildirmişdir. Bundan əlavə özündə də bir qram psixotrop maddə olduğunu və onu da özünün istifadə edəcəyini bildirmişdir. Hətta Əmiraslana həmin psixotrop maddəni gedib bir yerdə istifadə etməyi təklif etmişdir. Lakin həmin vaxt Əmiraslan işinin olduğunu bildirib sonra istifadə edəcəyini söyləmişdir. Əmiraslan ona əvəzinə həmin psixotrop maddə metamfetaminin alıması üçün Əhlimana verdiyi 25 manat pulu vermişdir. Onlar sağollaşıb oradan uzaqlaşmaq istədikdə üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq üzərində saxlamasında şübhəli olduğunu bildirmiş və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin dəvət etmişlər. Orada onun hüquqlarının dövlət hesabına müdafiəçi dəvət edilmiş və müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın cibindən bir ədəd qara rəngli elektron tərəzini və bir ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Həmin sellofan büküm və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şahid1 təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 29 yanvar 2021-ci il tarixdə “Kubinka” adlanan yerdə yaşayan “Əhliman” adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs da psixotrop maddə verdiyini bildirmişdir. Həmin psixotrop maddənin qarşılığında Təqsirləndirilən şəxs heç bir məbləğ almamış, Əmiraslandan sadəcə onun istifadə etməsi üçün Əhlimandan aldığı psixotrop maddənin pulunu almış, Əhlimanla aralarında olan razılaşmaya əsasən Əhlimandan onun və özünün istifadə etməkləri üçün 50 manata psixotrop maddə almalı idi və Əmiraslan onun əvəzinə Əhlimana verdiyi 25 manat pulu ona qaytarmışdır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 30 yanvar 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Bakı şəhəri, Yasamal rayonunda üzərində gəzdirir. Alınmış məlumata əsasən Təqsirləndirilən şəxs və onunla əlaqəli olan digər şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri 30 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 6 ünvanın qarşısına yollanmışlar. 30 yanvar 2021-ci il tarixdə saat 22 radələrində ünvan 6 ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olması və onunla birlikdə piyada hərəkət edən başqa bir şəxsin də olması müəyyən edilmişdir. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər də özlərini təqdim etdikdən sonra məlum olmuşdur ki, onlar Təqsirləndirilən şəxs və Şahid1dur. Təqsirləndirilən şəxs həqiqətəndə üzərində psixotrop maddə metamfetamin olmasını təsdiq edərək həmin psixotrop maddələri hazırda yanında olan Şahid1 əldə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxslər Baş İdarəyə dəvət edilmişlər. İdarəyə gəldikdən sonra onların huquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilərək onlara təqdim edilmişdir. Bundan sonra barələrində tutma haqqında qərar qəbul edilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün 25 manata onunla birlikdə saxlanılmış Şahid1 aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işində olan DVD formatlı CD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X2, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid4 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 1,214 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsin üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 31 yanvar 2021-ci il tarixli 6/440 saylı ekspert rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, sözlər və imzalar qeyd edilmiş iki zərfdə olan: -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,214 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi – 1,214 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,164 qram.” -üzərində “Şahid1 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi içərisində bir ədəd bükümdə təmzi çəkisi 1,622 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminlə Şahid1 üzərindən aşkar edilmiş metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 65,0 (altmış beş) manat müəyyən edilmişdir. 08 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş qalıq çəkisi 1,164 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 22 fevral 2021-ci il tarixli 555 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” 31 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə, Şahid1 barəsində AR CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 29 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. 30 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. 01 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli, 4(009)-125/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 fevral 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 15 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 7 ünvanında yaşadığı vaxtda özünü intizamlı, tərbiyəli və mehriban bir sakin kimi aparmış. İçtimai yerlərdə özünü intizamlı, böyük və kiçik yaşlılara həmişə nəzakətlə yanaşır və lazım olduqda olara öz kəmiyini göstərir. 34 saylı şəhər polinklinikasının 22.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs bel-oma fəqərələrinin iki proyeksdiyada çəkilmiş rentgenoqrafiyasında fəqərəarası disklərdə degenerativ dəyişiklik işləmir, subxandral daralma var. 34 saylı şəhər polinklinikasının 12.10.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs bel-oma fəqərələrinin iki proyeksdiyada çəkilmiş rentgenoqrafiyasında fəqərəarası disklərdə degenerativ dəyişiklik işləmir. Lumbosakral MRT müayinəsinin nəticəsinə dair 06.02.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs L4-L5 aralığına aid diskdə annulyar qabarma (bulging) mövcuddur. Buna və spondilolistezə bağlı ön epidural yağ planı və nevral foramen parsial daralmış, sinir köklərinə və dural kisə önünə təmas izlənmişdir. L5-S1 aralığına aid diskdə geniş əsaslı posterisentral protruziya (3mm) mövcuddur. Buna bağlı ön epidural yağ planı və nevral faramentlər parsial daralmış, dural kisə önü və sinir köklərinə təmas izlənir. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 05.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək, yəni 03 (üç) ay, 03 (üç) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) ay 06 (altı) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq Probasiya qurumuna həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,164 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 31 yanvar 2021-ci il tarixli 6/440 saylı ekspert rəyi hazırki iş üzrə Təqsirləndirilən şəxs və ********* nömrəli cinayət iş üzrə təqsirləndirilən şəxs Şahid1 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65,0 (altmış beş) manat təşkil edir. AR CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının 30 (otuz manat) hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək, yəni 03 (üç) ay 03 (üç) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) ay 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,164 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 30,0 (otuz ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar