Məhkəmə qərarları › İş №1(009)-149/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-149/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-149/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 oğlunun və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Nəsimi rayonu 7 saylı uşaq musiqi məktəbində müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Belə ki, o, 18.12.2020- ci il tarixdə saat 23:20 radələrində ünvan 2 ünvanda yerləşən «X11» mağazasının qarşısında qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında gəzdirdiyi itin boğazına xalta bağlamadığını irad bildirdiyini cüzi səbəb kimi göstərərək, heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyərək, üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib onu əl və ayaq zərbələri ilə qəsdən vurmuş, bundan sonra daha da azğın formada xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs arxasınca həmin mağazaya daxil olaraq orada əlində olan silah qismində istiifadə etdiyi it üçün nəzərdə tutulmuş xalta ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sağ gicgah nahiyəsinin və sağ əlin arxa səthinin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Belə ki, o, 18.12.2020-ci il tarixdə saat 23:20 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanda yerləşən «X11» mağazasının qarşısında qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında gəzdirdiyi itin boğazına xalta bağlamadığını irad bildirdiyini cüzi səbəb kimi göstərərək, heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyərək, üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib onu əl və ayaq zərbələri ilə qəsdən vurmuş, bundan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs arxasınca həmin mağazaya daxil olaraq orada əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmuş, bundan sonra daha da azğın formada xuliqanlıq hərəkətlərini davam etdirərək həmin mağazanın qarşısında Zərərçəkmiş şəxs əl zərbəsi ilə qəsdən vuraraq ona sağ əlin arxa səthinin qançırları və eləcə də sağ əlin arxa səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 dekabr 2020-ci il tarixdə təxminən saat 23:15 radələrində bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə onun iti ilə Səbail rayonu ərazisində yerləşən Spar marketin yaxınlığında piyada gəzirmişlər. Həmin vaxt itin boynunda xalta olmamış, it açıq olmuşdur. Təxminən onlardan 25-30 metr aralıda iki nəfər tanımadığı oğlanla qız da öz balaca itləri ilə gəzirmiş, bu vaxt Orxanın iti həmin şəxslərə tərəf qaçmış, itlər boğuşmağa başlamışdı. Orxan itini öz yanına çağırmış və bir qədər irəli gedərək həmin şəxslərə yaxınlaşmışdı. O, aralıda olduğundan onların aralarında olan söhbəti eşitməmişdi. Orxan məsələni sakitləşdirməyə çalışsa da, həmin oğlan sakitləşmək əvəzinə Orxana kobud sözlərlə cavab vermişdir. O, yaxınlaşaraq Orxanın itini tutmuşdu ki, bağlasın. Bu zaman Samin adlı həmin şəxs Orxana nalayiq söyüşlər söyə-söyə qaçaraq yaxınlıqda yerləşən «Spar market»ə daxil olmuşdu. Orxan da Saminin arxasınca qaçaraq həmin marketə daxil olmuş, o, vəziyyətə nəzarət etmək üçün onların arxasınca həmin marketə getmişdir. Spar marketin daxilində Saminin onların ünvanına dediyi nalayiq söyüşlərin səngimədiyini görüb o da məsələyə müdaxilə etmiş və Orxanla birlikdə Saminlə dalaşmışlar. Həmin vaxt o, itin xaltası ilə Saminin baş və kürək nahiylərindən bir neçə zərbə vurmuş, Saminə ayağı ilə zərbə vurmaq istəsə də, lakin ayağı boşa getmişdi. Lakin Orxanın həmin vaxt Samini vurubvurmamasını o, görməmişdi. Həmin dava-dalaş zamanı Samin də ona yumruqla zərbələr vurmuşdu. Marketdə olan tanımadığı şəxslər yaxınlaşaraq onları ayırmış və onlar mağazadan küçəyə çıxmışlar. Aralarında baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs2la o da Saminin söyüşlərinə söyüşlə cavab vermişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 dekabr 2020-ci il tarixdə təxminən saat 23:15 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Səbail rayonu ərazsində yerləşən Spar marketin yaxınlığında piyada ona məxsus itlə gəzişərkən gəzdirdiyi itin boynunda xalta olmamışdır. Təxminən onlardan 25-30 metr aralıda iki nəfər tanımadığı oğlanla qız da öz itləri ilə gəzirmiş, bu vaxt onun iti həmin şəxslərə tərəf qaçmış, itlər boğuşmağa başlamışdı. Bu zaman o, itini öz yanına çağırmış və bir qədər irəli gedərək həmin şəxslərə yaxınlaşmış, Təqsirləndirilən şəxs1 isə həmin vaxt bir qədər arxada qalmışdı. Həmin şəxslərə çatdıqda tanımadığı oğlan ona öz iradını bildirmişdi. O isə sonuncudan üzr istəmiş, lakin həmin oğlan, ona qarşı aqressiv olaraq kobud rəftar etməklə ünvanına nalayiq söyüşlər söymüşdü. Buna görə o, Saminlə mübahisə edərək əlbəyaxa olmuş və sonuncunu əl zərbəsi ilə vurmuşdu. Bu zaman Saminlə onun arasında mübahisə böyümüş və Samin onun ünvanına nalayiq söyüşlər söyə-söyə qaçaraq yaxınlıqda yerləşən «Spar market»ə daxil olmuşdu. O da Saminin arxasınca qaçaraq həmin marketə daxil olmuş, bu zaman dayısı oğlu Təqsirləndirilən şəxs1 də onların arxasınca həmin marketə daxil olmuşdu. Spar marketin daxilində Saminin onların ünvanına dediyi nalayiq söyüşlərin səngimədiyini görüb Əmir də məsələyə müdaxilə etmiş və Əmirlə o, birlikdə Saminlə dalaşmışlar. Həmin vaxt dayısı oğlu Əmir itin xaltası ilə Saminin baş və kürək nahiyələrindən bir neçə zərbə vurmuş, o isə əl və ayaq zərbələri ilə Samini bir neçə dəfə müştərilərin gözü qarşısında vurmuşdu. Həmin dava-dalaş zamanı Samin də onu və dayısı oğlu Əmiri yumruq zərbələri ilə vurmuşdu. Marketdə olan tanımadığı şəxslər yaxınlaşaraq onları ayırmış və onlar mağazadan küçəyə çıxmışlar. Aralarında baş vermiş dava-dalaş zamanı dayısı oğlu Əmirlə o da Saminin söyüşlərinə söyüşlə cavab vermişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 dekabr 2020-ci il tarixdə saat 23:15 radələrində nişanlısı Şahid3 ilə birlikdə Səbail rayonu ərazsində yerləşən Spar marketin yaxınlığında piyada itlə gəzişərkən bir dənə boynunda ipi olmayan açıq it hürə-hürə əvvəlcə onların üstünə, daha sonra isə nişanlısı Cəmilənin itinin üstünə cummuşdu. Bu zaman həmin itin sahibi itini öz yanına çağırmış, o da həmin tanımadığı şəxsə bildirmişdi ki, itinin boynunda ipi olmalıdır ki, yoldan keçənlərə hücum etməsin. Həmin şəxs isə cavabında onun ünvanına nalayiq sözlər işlədərək üstünə gəlmişdi. Bunu görəndə o, sakitlik yaratmaq məqsədilə Spar marketin qarşısına tərəf getmiş, lakin bu zaman həmin şəxs və sonradan ona yaxınlaşan digər tanımadığı şəxs ünvanına nəlayiq sözlər işlədərək onun üstünə hücum etmiş və əl-qol atmağa başlamışlar. Həmin şəxslər onu vurub xəsarət yetirməsinlər deyə həmin Spar marketə daxil olmuş, lakin Cəmilə matketə daxil ola bilməmişdi, belə ki, Cəmilə həmin hadisələri kənardan müşahidə etmişdi. O, Spar marketə daxil olduqdan sonra həmin iki nəfər tanımadığı şəxs də dalınca marketə daxil olaraq marketin içərisində ona hücum etmiş və təxminən 15-20 dəqiqə ərzində sonuncular onu marketin içində əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə döymüşlər. Hətta sonradan itin sahibinə yaxınlaşan ikinci şəxs itin boynuna bağlamaq üçün nəzərdə tutulan xalta ilə onun baş və kürək nahiyələrinə güclü zərbələr endirmişdi. Həmin vaxt marketdə bir nəfər satıcı və tanımadığı təxminən 2-3 nəfər digər müştərilər də olmuşlar. Bundan sonra marketdə olan 1-2 nəfər tanımadığı şəxslər yaxınlaşaraq həmin onu döyən iki nəfər oğlanı sakitləşdirib marketdən çıxarmışlar. Bundan sonra həmin «X11» marketin qarşısında sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi oğlan üstünə hucum edərək təpik və əl zərbələri ilə onu yenidən vurmuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdi. Həmin iki nəfər tanımadığı şəxslərin onu döymələri nəticəsində sağ əlinin üstü cırılmış, sağ gicgahından, alın nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Əmirin xalta ilə vurması nəticəsində o, sağ gicgah nahiyəsindən və kürək nahiyəsindən, Orxanın əl və təpik zərbələri ilə vurması nəticəsində dirsək və sağ əlin arxa səthindən xəsarətlər almışdır. Həmin hadisə zamanı o, yalnız özünü müdaifə etmiş, əli ilə sifət nahiyəsini tutmuşdu ki, zərbə nəticəsində üzünə xəsarət yetirilməsin. Təqsirləndirilən şəxslərlə barışdığı üçün onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən «X11» marketin administratoru işləyir. 18 dekabr 2020-ci il tarixdə təxminən saat 23:20 radələrində iş yerində olduğu zaman bir nəfər cavan oğlan qaçaraq işlədiyi marketə daxil olmuşdur. Bir neçə saniyə sonra marketə girən oğlanın arxasınca qaçaraq və nalayiq söyüşlər söyə-söyə iki nəfər başqa oğlanlar da marketə daxil olmuşlar. Həmin vaxt marketdə tanımadığı təxminən 3 və ya 4 nəfər müştəri də olmuşdur. O, bu zaman marketdə olan qurğu ilə polisə məlumat ötürmüşdü. Marketin daxilində sonradan gələn iki nəfər oğlan nalayiq söyüşlər söyməyi davam edərək ilk dəfə marketə girən oğlanın üstünə hücum etmiş, onların hər ikisi sonuncunun bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vuraraq döyməyə başlamışlar. Hətta həmin oğlanlardan biri isə əlində olan itlərin boğazına keçirmək üçün nəzərdə tutulan xalta ilə marketə ilk dəfə girən oğlanın baş, sifət və kürək nahiylərindən bir neçə dəfə söyüş söyə-söyə zərbələr endirmişdi. Həmin döyülən oğlan isə özünü müdafiə etməyə, sonunculara müqavimət göstərməyə çalışmışdı. Bu dava-dalaş təxminən 10 dəqiqədən artıq müddətə davam etmişdi. Həmin vaxt o, satıcı Cəlil Süleymanov və mühafizəçi Şahid2 həmin şəxsləri sakitləşdirib marketdən küçəyə çıxarmışlar. Həmin vaxt marketdə döyülən oğlanı bir nəfər tanımadığı qızın marketin qarşısında durub gözlədiyini görmüşdü. Onlar dalaşanları marketdən bayıra çıxardıqdan sonra həmin iki nəfər oğlan yenə də mağazanın qapısı qarşısında içəridə döydükləri oğlanı yenidən döyməyə başlamışlar. Döyülən oğlan da özünü müdafiə etmək üçün sonuncuları yumruqla vurmuşdur. Döyülən oğlan isə qorxudan tez-tez qaçıb marketə girirdi ki, onu döyməsinlər, lakin həmin iki nəfər oğlan sonuncudan əl çəkmirdilər. Onlar yenə də həmin şəxsləri küçədə ayırıb sakitləşdirmişlər. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin şəxsləri özləri ilə bölməyə aparmışlar. İş materiallarında olan 19 dekabr 2020-ci il tarixli, 2/13640 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 tibbi müayinədən keçirilmiş və onun orta dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 Səbail rayon şöbəsinin 23 dekabr 2020-ci il tarixli 680 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gicgah nahiyəsinin və sağ əlin arxa səthinin qançırları, eləcə də sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstəriləni müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18.12.2020ci il tarixdə qeyd olunan nahiyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 Səbail rayon şöbəsinin 17 fevral 2021-ci il tarixli 01/680 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gicgah nahiyəsinin və sağ əlin arxa səthinin qançırları, eləcə də sağ əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstəriləni müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18.12.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq, eləcə də itin xadtası ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 10 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 barəsində 05.05.2016-cı il tarixdə AR CPM-nin 40.2.2-ci maddəsində əsasən AR CM 177.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 Səbail rayon şöbəsinin 12 fevral 2021-ci il tarixli 64 saylı ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs1 12.02.2021-ci il tarixli məhkəmə tibbi ekspertizası zamanı onun 11-ci və 21-ci (üst çənədə sağ və sol 1-ci dişlər) dişlərinin kök səviyyəsində yerində olmadığı məlum oldu. Vət. Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş arayışda qeyd olunur ki, o, 22.12.2020-ci il tarixdə “xxxx” MMC-ə müraciət etmiş, 25.12.2020-ci il tarixdə çəkilmiş rentgenoqrammada 11-ci və 21-ci dişlərin kökünün sınıqları müəyyən olunmuş, dişlər müalicəyə yararsız olduğundan çəkilmişdir (dişlərin tibbi müdaxilə yolu ilə çıxarılması). Vət. Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəyə baş vermiş hadisədən 55 gün sonra gəldiyindən və onun adına tərtib edilmiş arayışda dişlərində sınığın hansı səbəbdən baş verməsi haqqında hər hansı bir məlumat olmadığı üçün qeyd olunan dişlərin sınmasının əmələ gəlmə mexanizmi barəsində hər hansı bir fikir söyləmək mümkün deyildir. İş materiallarında olan təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 22 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı «X11» marketdən götürülmüş, 18 dekabr 2020-ci il tarixdə baş vermiş hadisəni özündə əks etdirən bir ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə qeydə alınmış videogörüntülər 18 dekabr 2020-ci il tarixdə saat 23.18 radələrindən başlayaraq saat 23.26 radələrinədək davam edir. İlk görüntüdə ünvan 2 ünvanda yerləşən «X11» mağazasının daxilində müştərilərin gözü qarşısında iki nəfər şəxsin bir nəfəri əl, ayaq zərbələri ilə, həmin şəxslərdən birinin hətta əlində olan silah qismində istifadə etdiyi əşya ilə digər bir nəfəri bədəninin müxtəlif nahiyələrindən vurmaqla qəsdən döyərək xəsarət yetirmələri, marketdə olan müştərinin isə həmin iki nəfər şəxsi sakitləşdirmək üçün cəhd göstərməsi lentə alınmışdır. Bundan sonra həmin marketin qarşısında bir nəfər şəxsin digər şəxsin üstünə hucum edərək təpik və əl zərbələri ilə sonuncunu qəsdən vurması, döyülən şəxsin isə əlləri ilə sifət nahiyəsini tuturaq özünü müdafiə etməsi lentə alınmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış, sonuncu istintaqa verdiyi ifadələrini hadisə yerində əyani surətdə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “əməlin tövsif edilməsi haqqında” 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibi olduğundan, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq həmin maddələrlə davam etdirilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 aprel 2021-ci il tarixdə, saat 15:30 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 05 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 05 aprel 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” 04 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 aprel 2021-ci il tarixdə, saat 15:00 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 06 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 06 aprel 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, qərar ona 06 aprel 2021-ci il tarixdə, saat 15:00 dəqiqədə elan olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 10 may 2019-cu il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 06 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs1 qardaşı X2 hərbi biletinin surətindən görünür ki, X1 və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərtəqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 03 aprel 2021-ci il tarixdən 05 aprel 2021-ci il tarixədək, yəni tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, qardaşının Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etməsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab etməklə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməklə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 221.3-cü maddəsində müəyyən edilən cəzanın aşağı həddən də az olan cəza təyin olunmasını əsaslı hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 04 aprel 2021-ci il tarixdə, saat 15:00 dəqiqədən 06 aprel 2021-ci il tarixdə, saat 15:00 dəqiqəyədək, yəni tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə 01(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 03 aprel 2021-ci il tarixdən 05 aprel 2021-ci il tarixədək, yəni tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 04 aprel 2021-ci il tarixdən 06 aprel 2021-ci il tarixədək, yəni tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN ********** SWİFT BİK AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN ********** SWİFT BİK AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 408 (dörd yüz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar