Məhkəmə qərarları › İş №1(009)-149/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-149/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-149/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Yevlax rayonunda anadan olmuş, Yevlax Rayon Məhkəməsinin 1(039)-5/2023 saylı, 17 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə saat 12.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmış, habelə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, zərəçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci ildə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən 22 oktyabr 2022-ci ildə saat 22-23 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış, daha sonra avtomobilin salonunda olan Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx"a aid plastik kartı qanunsuz olaraq götürüb xx.xx.2022-ci il tarixdə saat 07:31-dən saat 22:42-dək olan müddət ərzində Bakı şəhəri, Səbail rayonu 20-ci Sahə, ünvan 3 ünvanda yerləşən “Bravo” marketdən müxtəlif çeşidli ərzaq məhsulları alaraq həmin məhsulların dəyərini Zərərçəkmiş şəxs məxsus "xxxx"a aid kart vasitəsi ilə vahid niyyətlə hissə-hissə olmaqla ümumilikdə 491,08 manat məbləğində ödəyərək cinayəti başa çatdırıb elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 491,08 (dörd yüz doxsan bir manat səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışları Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes- Benz” markalı minik avtomobilinin bir ədəd açarını 20 oktyabr 2022-ci il tarixdə onun yaşadığı evə qoymuş, avtomobili onun yaşadığı binanın qarşısında saxlamış, avtomobili oğlu Anar Zeynalovun götürəcəyini bildirmişdir. 22 oktyabr 2022-ci il tarixdə, təxminən saat 21 radələrində o, anasından 5 manat götürmüş və yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən mağazadan bir ədəd pivə alaraq içmiş və yaşadığı evə gəlmişdir. Həmin gün təxminən saat 22-23 radələrində o, Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz” markalı minik avtomobilini açarını heç kimə demədən evdən götürüb, həmin açarla qeyd olunan avtomobilin qapısını açaraq təxminən iki-üç saat ərzində Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində özü idarə etmişdir. Bundan sonra o, həmin avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi ilə məşq yoldaşı olan Fuad adlı şəxsin yaşadığı evə gedərkən həmin avtomobilin yanacağı qurtarmışdır. O, avtomobili orada yerləşən yaşayış binalarının həyətində saxlamış və avtomobilin salonunda sürətlər qutusunun yanında olan yerdə bir ədəd "xxxx"a məxsus plastik kart olduğunu və həmin kartdan istifadə edərək özü üçün xərcləmək qərarına gəlmişdir. Bundan sonra o, həmin avtomobilin açarını avtomobilin içərisində saxlayaraq qapıları örtərək yoldan keçən taksi ilə Fuadın yaşadığı evə getmişdir. Səhər saatlarına qədər o, Fuadla birlikdə Fuadın yaşadığı evdə qalmışdır. Səhər saatlarında o, yuxudan durduqda Fuadın anasının Fuada yaşadıqları evdə yeməyə heçnə olmadığını dediyini eşitmişdir. Bundan sonra o, Fuadla sağollaşıb işinin olduğunu deyərək Fuadın yaşadığı evdən çıxmış və Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kingsmart” marketdə Zərərçəkmiş şəxs məxsus "xxxx" kartından istifadə etməklə siqaret almışdır. Bundan sonra o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsinə getmişdir. Belə ki, 23 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında anasına zəng edərək Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırdığını, avtomobilin yanacağının qurtardığını, bu səbəbdən də həmin avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yaşayış binalarının həyətində saxladığını demişdir. Həmin gün axşam saatlarına qədər o, Bayıl qəsəbəsi ərazisində olmuşdur. Həmin gün təxminən saat 19 radələrində o, özü tək Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan yerdə yerləşən “Bravo” marketə getmişdir. O, həmin marketdən təxminən 300-400 manat arasında ərzaq məhsulları almışdır. O, həmin məhsulların ödənişini Zərərçəkmiş şəxs məxsus olan "xxxx" kartı ilə ödəmişdir. Həmin kartda bir dəfəyə ödəniş limiti 100 manat olduğundan, o, həmin kartdan hissə-hissə bir neçə dəfə olmaqla istifadə edərək aldığı ərzaq məhsullarının pulunu ödəmişdir. Aldığı ərzaqları isə taksiyə qoyaraq məşq yoldaşı Fuad adlı şəxsin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən evinə getmişdir. O, ərzaqları Fuadın evinə aparmış və orada qaldığı bir gün müddət ərzində ərzaqları istifadə etmişdir. Daha sonra bu hadisədən xəbər tutan babası X3 Zeynalova zəng edərək üzr istəmiş və ona dəymiş 491 manat pulu tam şəkildə ödəmişdir. O, bundan əvvəl 24 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan avtomobilin açarını yaşadığı evdən anasından gizlin götürərək avtomobili sürmüşdür. Daha sonra avtomobili “Laçın” Ticarət Mərkəzinin qarşısında saxlamışdır. O, avtomobili saxladıqda qapısını bağlamış və açar özündə qalmışdır. Rayona getdiyindən açarı zərərçəkmiş şəxsə qaytara bilməmişdir. Növbəti dəfə həmin açarla avtomobili işə salaraq qaçırmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında topdan kartof satışı ilə məşğul olur. İşi ilə bağlı “Qazel" markalı yük avtomobili idarə edir. Həmin yük avtomobilindən başqa etibarnamə əsasında “Mercedes-Benz” markalı minik avtomobili də var. Yük avtomobilini idarə edərkən, öz minik avtomobilini, ailəvi dostu Şahid yaşadığı yaşayış binasının qarşısındakı həyətdə saxlamışdır. Şahid həmin binada qızı Zəhra və oğlu Zakir ilə birlikdə yaşayır. Onun avtomobili onların həyətində olduğu üçün avtomobilin açarlarından biri də, Aynurənin evində olmuşdur. 24 sentyabr 2022-ci il tarixdə Şahid onun mobil telefonuna zəng edərək Təqsirləndirilən şəxs tərəfindən evdə olan açarı götürərək ona məxsus olan “Mercedes-Benz” markalı minik avtomobilinin qaçırıldığını bildirmişdir. O, həmin vaxt işi ilə əlaqədar olaraq mal gətirməyə getmişdir. Həmin vaxt Şahid Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə şikayət etmişdir. Lakin o, özü polisə şikayət etməmişdir. Avtomobili metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığından tapmışdır. Bundan başqa 20 oktyabr 2022-ci il tarixdə avtomobili Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 80 saylı yaşayış binasının qarşısındakı həyətdə saxlamışdır. O, Anar Zeynalov gəlib götürəcəyindən avtomobili yenə orada saxlamışdır. 23 oktyabr 2022-ci il tarixdə Şahid onun mobil telefonuna zəng vuraraq onun avtomobilinin Təqsirləndirilən şəxs tərəfindən qaçırılmasını demişdir. Bu barədə polisə şikayət etdikdən bir gün sonra avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tapılmışdır. Təqsirləndirilən şəxs avtomobili qaçırarkən avtomobilin salonunda "xxxx" ASC tərəfindən ona verilmiş plastik hesab kartı və digər sənədlər olmuşdur. 23 oktyabr 2022-ci il tarixdə axşam saatlarında onun istifadəsində olan bildirişlərdən ona məlum olmuşdur ki, qaçırılan zaman avtomobilinin salonunda olan plastik bank kartından müxtəlif iaşə obyektlərində alış-veriş etməklə hesabından 491 manat pul xərclənmişdir. 24 oktyabr 2022-ci il tarixdə Şahid ona zəng edərək avtomobilin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 10C ünvanında olduğunu bildirmişdir. O, polis əməkdaşları ilə birlikdə ünvan 4 ünvanında həmin avtomobili aşkar etmişlər. O, avtomobilinin qaçırılması ilə bağlı polisə bir dəfə müraciət etmişdir. 24 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar nə 102 xidmətinə, nə də müvafiq polis idarəsinə ərizə ilə müraciət etməmişdir. Birinci dəfə qaçırılması ilə bağlı müraciət etməməsini onunla izah edir ki, bununla bağlı təqsirləndirilən şəxsin anası Şahid müraciət etmişdir. Ona görə də o, özü 24 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar müraciət etməmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə onun kirvəsidir. O, Zərərçəkmiş şəxs yanında işləyir. 24 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs “Mercedes-Benz” markalı minik avtomobili onun yaşadığı binanın qarşısında saxlamış və ona bildirmişdir ki, maşına baxsın, həmçinin ola bilsin ki, gəlib oğlu götürəcək. Həmin vaxtı o, açarı evdə qoymuşdur. Təqsirləndirilən şəxs evdən masanın üzərindən açarı götürərək Zərərçəkmiş şəxs avtomobilini götürüb getmişdir. Bundan sonra o, oğlunun itkin düşməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 20 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs “Mercedes Benz” markalı minik avtomobilini onun yaşadığı binanın qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs avtomobili götürüb qaçmışdır. Belə ki, 23 oktyabr 2022-ci il tarixdə səhər saatlarında oğlu Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırdığını, avtomobilin yanacağının qurtardığını, bu səbəbdən də həmin avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayış binalarının həyətində saxladığını demişdir. Buna görə də o, DİN-in 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng edərək məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs bu barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs qaçırdığı avtomobildən oğurladığı Zərərçəkmiş şəxs bank kartından 491 manat pul xərcləmişdir. Lakin onlar həmin pulu da Zərərçəkmiş şəxs qaytarmışlar. 29 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs əmlakının oğurlanması faktına görə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 185.1 və 177.2.3- 1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. 30 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 26 oktyabr 2022-ci il tarixli qəbzə əsasən Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi, **-XC-*** dövlat qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, **-KN-*** dövlət qeydiyyat nişanli avtomobilin qeydiyyat şəhadətnaməsi, **-BP-*** dövlət geydiyyat nişanli avtomobilin qeydiyyat şəhadətnaməsi Zərərçəkmiş şəxs Eynis oğluna qaytarılmışdır. 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. 18 yanvar 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax rayonu ərazisində Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. 18 yanvar 2023-cü il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində onun anası Şahid təyin edilmişdir. 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.1-ci maddələri ilə ittiham elan edilmişdir. 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən saxlanıldığı Nizami Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid cinayət prosesində təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində iştirakına xitam verilmişdir. 24 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 216-cı maddəsinə əsasən Bakı Şəhər Prokurorluğu vasitəsilə ərazi aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. 11 fevral 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlı tərəfindən cinayət işi icraata qəbul edilmişdir. 20 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-1 və 185.2.2-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs elan olunacaq ittihamda Zərərçəkmiş şəxs məxsus maşının ilk dəfə qaçırılması xx.xx.2022-ci il tarixdə, ikinci dəfə qaçırılması isə xx.xx.2022-ci il tarixdə saat 22-23 radələri kimi, kartdan pulun talanmasi isə xx.xx.2022-ci il saat 07:31-dən saat 22:42-dak olan müddət kimi və Zərərçəkmiş şəxs maxsus kartdan talanan pulun məbləği 491,08 manat olaraq göstərilmişdir. 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən: - Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi hazırda icraatdadır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 1(039)-5/2023 saylı, 17 yanvar 2023cü il tarixli hökmünə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs llqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla üzərində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddasinə əsasən 25 yanvar 2022ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 1(107)-128/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oglunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 va 221.3-cü maddələri ilə məhkum edilmələrinə dair Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(039)-05/2023 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddasinə əsasən 25 yanvar 2022ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 1(107)-128/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il sınaq müddətinin xx.xx.2023-cü il tarixə 03 (üç) ay 26 (iyirmi altı) gününü çəkmiş, hal-hazırda cəzasının çəkilməmiş hissəsi 01 (bir) 08 (səkkiz) ay 04 (dörd) gün təşkil edir. İş materiallarına əlavə edilmiş Şahid ərizəsi əsasında toplanmış 2347/22 saylı material üzrə 21 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixda azyaşlı oğlu Təqsirləndirilən şəxs yaşadıqları evdən çıxaraq geri qayıtmaması barədə bildirmişdir. Sonraki araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeyd edilen tarixdə yaşadığı evdən xəbərsiz çıxıb atasının yanina Yevlax rayonuna getmiş, ailə üzvləri polisə müraciət etmişlər. Təqsirləndirilən şəxs öz iradəsi əsasında evdən çıxıb getməsi, sonradan evinə geri qayıtması xüsusatı cinayət hadisəsi kimi qiymətləndirilməmiş və Şahid ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, istintaq hərəkətlərinin protokolları və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırması cinayətinin təkrarən törədilməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilən sübutlardan görünür ki, 24 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə açıb avtomobili hərəkətə gətirib idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırması epizoduna münasibətdə zərərçəkmiş şəxs tərəfindən müvafiq Polis İdarəsinə müraciət edilməmiş, həmçinin iş üzrə Şahid tərəfindən 25 sentyabr 2022-ci il tarixdə Nizami Rayon Polis İdarəsinə edilmiş müraciət isə azyaşlı oğlu Təqsirləndirilən şəxs itkin düşməsi ilə bağlı olmuşdur. Məhkəmə araşdırması zamanı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə sorğu verilmişdir. Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin 4569/2023 saylı məktubundan görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə etmiş olduğu müraciət əsasında toplanmış material xx.xx.2022-ci il tarixli 089-21516-1222 saylı məktubla Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Qaradağ Rayon Polis İdarəsinə sorğu göndərilmiş və Şahid ərizəsi əsasında toplanmış 2437/22 saylı material məhkəməyə göndərilmişdir. Həmin material tədqiq edilərkən müəyyən edilmişdir ki, Şahid 25 sentyabr 2022-ci il tarixdə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı oğlu Təqsirləndirilən şəxs evdən çıxaraq itkin düşməsi barədə məlumat vermişdir. Şahid Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yazdığı ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 06.00 radələrində yuxudan oyanan zaman xx.xx.2005-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs yaşadığı mənzildə olmadığını aşkar etmişdir. Bakı şəhərinin bütün rayon polis idarələrinə və polis bölmələrinə telefonoqram göndərilərək Təqsirləndirilən şəxs xarici görünüş əlamətləri və əynində olan geyimi barədə məlumat verilmişdir. Əməliyyat tapşırığında da məhz Təqsirləndirilən şəxs yaşadığı mənzildən çıxaraq itkin düşməsi qeyd olunmuşdur. Zərərçəkmiş şəxsin avtomobilinin qaçırılması barədə heç bir qeyd mövcud deyil. xx.xx.2022-ci il tarixdə toplanmış material Təqsirləndirilən şəxs Qaradağ rayonunun ərazisində görünməsi səbəbindən Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Şahid Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə xx.xx.2022-ci il tarixdə yazdığı ərizədən görünür ki, itkin düşmüş oğlu Təqsirləndirilən şəxs tapmış, oğlu Yevlax rayonuna getmişdir. Övladı tapıldığı üçün bu barədə heç bir şikayəti və tələbi yoxdur. Belə ki, həm 2347/22 saylı material, həm zərərçəkmiş şəxsin, həm də şahidin ifadələri ilə 24 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar polis idarəsinə Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırması ilə müraciət edilməməsi sübuta yetirilmişdir. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə polis idarəsinə onun avtomobilinin qaçırılması ilə bağlı müraciət etməmişdir. Belə ki, ibtidai istintaq orqanı həmin əməlin təkrarən törədilməsi kimi tövsifini yalnız şifahi ifadələrə əsasən qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, baş vermiş hadisənin ifadələrə əsaslanaraq şəxsə ittihamın irəli sürülməsinə kifayət etmir. Bunun üçün bilavasitə zərərçəkmiş şəxs tərəfindən 24 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar müvafiq Polis İdarəsinə ərizə ilə müraciət edilməsi tələb olunur. Baş vermiş hadisə ilə əlaqədar hər hansı rəsmi müraciət olmadan, yalnız ibtidai istintaq zamanı hadisənin baş verməsi haqqında şifahi şəkildə məlumatların verilməsinə əsaslanaraq şəxsin əməli Cinayət Məcəlləsinin 185.1-ci maddəsindən 185.2.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ifadələrdə məlumat verilsə də, zərərçəkmiş şəxsin 24 sentyabr 2022-ci il tarixdə avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırılması ilə əlaqədar ona hər hansı bir ziyanın dəyməsi, ümumiyyətlə avtomobilin qaçırılması ilə bağlı tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına ünvanlanmış müraciəti olmamışdır. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı cinayət işini Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlayıb istintaqını aparmış, istintaq yuxarıda sadalananları müəyyən etmiş, lakin buna baxmayaraq, yalnız ifadələrə istinad edərək şəxsin əməlini təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırma kimi qiymətləndirib Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2ci maddəsinin tərkibinin olmadığını göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsına elan olunmuş ittihamda (təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onun təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırması göstərilmişdir. Belə olan halda həmin epizodun hazırkı ittihama heç bir aidiyyət və bağlılığının olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırması ilə bağlı hissə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs təkrarən 22 oktyabr 2022-ci ildə saat 22-23 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırması epizodu üzrə “təkrarən” ifadəsi Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmunundan xaric edilməlidir. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 185.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.3-1, 185.1-ci maddələrinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 185.1-ci maddələri ilə törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsə ittiham elan edilmiş Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını, dəymiş ziyanın aradan qaldırılmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3- 1-ci 185.1 və maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək, yəni 01 (bir) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında qeyd olunmuşdur ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-128/2023 saylı, 01 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il sınaq müddətinin çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün hissəsi müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 185.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.3-1, 185.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırması epizodu Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs təkrarən 22 oktyabr 2022-ci ildə saat 22-23 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırması epizodu üzrə “təkrarən” ifadəsi Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmunundan xaric edilsin Şəki Apellyasiya Məhkəməsinin 1(107)-128/2023 saylı, 01 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il sınaq müddətinin çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün hissəsi müstəqil icra olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar