Məhkəmə qərarları › İş №1(009)-15/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-15/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-15/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1970-ci ildə Masallı rayonu, Zuvandlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə saat 07:40 radələrində keçmiş bacanağı Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Şahid3 ilə olan münasibətlərinə müdaxilə etdiyini düşünərək İ.Ağayevin yaşadığı ünvan 2 ünvanda yerləşən evə gələrək aralarında yaranmış münaqişə zamanı əlində olan bıçaqla qəsdən sonuncunun sağ əlin 2-ci barmağının ovuc səthinin kəsilmiş yarası, sağ əlin ovuc səthinin deşilmiş-kəsilmiş yarası, elcə də boyunun yuxarı 1/3-nin ön səthinin xətti sıyrığı yara almasına səbəb olan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM- nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona qarşı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, yoldaşı Leyla ilə 2017-ci il ildə rəsmi boşanıblar. O, Leyla ilə barışmaq üçün oğlu Nurlanla söhbət etmək istəyəndə Nurlan ona demişdir ki, bacanağı İnqilab görsə ona problem yaradacaq. O, bir neçə dəfə həmin həyətə girəndə İnqilab kənardan müdaxilə edib onların boşanıb-boşanmadıqları, məhkəməyə gedib-getmədiklərini soruşurmuş, o da hər dəfə İnqilaba bu məsələnin İnqilaba aidiyyətinin olmadığını deyib. 05.05.2021-ci il tarixdə səhər saatlarında onların ailə məsələsinə qarışmasın deyə İnqilabın yaşadığı evə onu qorxutmaq üçün balta və bıçaqla gəlmişdir. İçəri daxil olduqda İnqilab stol arxasında yoldaşı Şölə ilə oturmuşdur. İnqilab onu görüb onun üzərinə hücum çəkmişdir. Onu özündən kənar etmək üçün balta və bıçağı havada sağa-sola oynatmağa başlamışdır. İnqilab buna baxmayaraq onun üzərinə gəlmiş və əl atıb bıcağı əlindən almışdır. O, baltanı yerə atmışdır. Səs-küyə oğlu Nurlan və Leyla da gəlmişlər. Onlar birləşib onu yerə yıxıb ayaqlarını iplə bağlayıblar. Daha sonra polisə məlumat veriblər. Onun Zərərçəkmiş şəxs öldürmək fikri olmayıb. İnqilab həmin xəsarəti, ola bilsin ki, qarşılıqlı dava zamanı alıb, ona qəsdən ağır xəsarət yetirmək fikri olmayıb. Əməlindən peşmandır. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05.05.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 05 may 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 3 ünvandır. Baxış zamanı Təqsirləndirilən şəxs sarı rəngdə sapı olan 1 ədəd baltanı və 1 ədəd mətbəx bıcağını istintaq orqanına təqdim etmiş, həmin əşyalar maddi sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 05 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutuıması barədə” protokoldan görünür ki, 05 may 2021-ci il tarixdə saat 18.05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 07 may 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 may 2021-ci il tarixli “təqsirləndirilən şəxsin azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 14 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 10 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli qərarına əsasən 6 (altı) ay 20 (iyirmi) gün vaxtından əvvəl şərti azad edilmişdir. 10.02.2017-ci ildə cəzasını tam çəkib qurtarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X5 Səbail rayon şöbəsinin Zərərçəkmiş şəxs barəsində verdiyi 06 may 2021-ci il tarixli 238 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ əlin 2-ci barmağının ovuc səthinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası, sağ əlin ovuc səthinin deşilmiş-kəsilmiş yarası, eləcə də boyunun yuxarı 1/3-nin ön səthinin xətii sıyrığı(cızığı) deşici xarakterli alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05.05.2021-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nətcəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X5 Səbail rayon Şöbəsinin Təqsirləndirilən şəxs barəsində veriyi 16 may 2021-ci il tarixli 252 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər sağ və sol təpə-gicgah, sağ və sol təpə-ənsə nahiyələrinin, alın nahiyəsin və sağ saidin yarısının sıyrıqları, burun yəhərinin əsasına yaxın əzilmiş səthi yarası, sağ dirsəyin və sağ saidin yuxarı, sol saidin yuxarı və yuxarı-orta 1/3-nin arxa səthlərinin sıyrıqları küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 05.05.2021-ci tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizasının 18 iyun 2021-ci il tarixli 3/888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd balta-kustar üsulla hazırlanmış, çapıcı-kəsici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı alətdir-baltadır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq – zavod üsuli ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıcağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat təşkil edir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 134-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir, ona həmin Məcəllənin 128-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması qeyd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 120, 134, 221 və 228.4-cü maddələrəinin tərkib hissələri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, “Zəfər Günü” münasibətilə elan edilmiş amnistiya aktı ilə əlaqədar onun barəsində amnistiya aktının tətbiq olunmasına etiraz etmir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş üzrə vurulmuş maddi ziyan olmadığından və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut -Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd balta qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 05 (beş) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisisnin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut -Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd balta qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 05 (beş) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar