Məhkəmə qərarları › İş №1(009)-15/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-15/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-15/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 02 (iki) ədəd bükümlərdə təmiz çəkisi 0.075 qram və 0.087 qram olan ağ rəngli kristallardan ibarət maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan küstar üsülla hazırlanmış psixotrop maddə metamfetamini və 01 (bir) ədəd bükiimdə təmiz çəkisi 0.018 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasilə heroini əldə edib əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxlayaraq daşımışdır. O, 15 mart 2023cii il tarixdə saat 03:00 radələrində ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün DİN-in Əlahiddə ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfərləri tərəfındən saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-yə gətirilmiş, həmin tarixdə saat 03:50 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümlərdə hər birinin təmiz çəkisi 0.075 qram və 0.087 qram, ümumi təmiz çəkisi 0.162 qram olan psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.018 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində 20 manata bir büküm heroin və iki ədəd ayrı-ayrı bükümdə metamfetamin almış və əynində olan şalvarın yan cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yaşadıqları məhəllədə olan zaman polis ona yaxınlaşaraq narkotik vasitə qəbul etməyində şübhələndiklərini bildirərək onu 8-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə Səbail RPİ-nin 8-ci polis bölməsinə getmiş, orada vəkil iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmışdır. Bu zaman o, əynində bir bükümdə heroini, iki ayrı-ayrı bükümlərdə metamfetamini, iki bıçaq və “Samsunq” markalı mobil telefonunu təqdim etmişdir. Üzərindən aşkar edilənlər zərfə qoyulmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, 2015-ci ilin aprel ayından etibarən Əlahiddə ÇPA-nın 4-cü Patrul Bölüyünün polis nəfəri işləyir. 15 mart 2023-cü il tarixdə saat 03:00 radələrində 2449 çağrışlı avtopatrulda “20-ci sahə dairəsi” adlanan inzibati ərazisidə iş yoldaşı Şahid3la xidmət aparan zaman Elçin Əzizov küçəsində iki nəfər şəxsin onları görərək istiqamətlərini dəyişdirdiklərini görmüş və həmin şəxslərdən şübhələnərək onlara yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsləri Səbail RPİ-nin 8-ci PB-yə aparmışlar. Orada həmin şəxslərin Təqsirləndirilən şəxs, digərinin isə Şahid1 olduğu məlum olmuşdur. Bu barədə raport tərtib edilmiş, raportun icrası bölmənin tənqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı vəkil dəvət etmiş, sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ cibindən 2 (iki) ədəd kiçik ölçülü şəffav selofan torbanı, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bıçağı, üzərində olan tünd göy rəngli şalvarının bel kəmər hissəsindən bir ədəd bıçağı və tutacagı sarı rəngli baş hissəsi isə metal rəngdə olan alışqanı, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsunq” markalı mobil telefonu və ona məxsus şəsxiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd salafan torbanın 1 ədədinin içərsində olan gümüşü siqaret kağızında ağ rəngli kristal formada kiçik ölçülü maddə, digər salafan torbanın içində isə iki ədəd ayrı-ayrı gümüşü salafan bükülü olmuşdur. Həmin gümüşü salafanm birinin içində ağ rəngli kristal hissəçiklər olan maddə, digər gümüşü kağızda isə tünd qəhvəyi rəngli, toz şəkilli maddə olmuşdur. Təqsirləndirilən şəxs iki ədəd gümüşü kağıza bükülü, ağ kristal şəklində olan maddənin limon duzu olduğunu, digər gümüş kağıza bükülünün narkotik vasitə heroin olduğunu və xx.xx.2023-ci il tarixdə təxminən saat 20:00 radələrində qonşuluğunda yaşayan “Heydər” adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş iki bıçaq və narkotik vasitələr sübut əhəmiyyətinə malik olduğundan ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X6 Alayının 4-cü patrul bölüyünün polis nəfəri, polis serğantı Şahid3 mahiyyəti üzrə eyni məzmunlu ifadə vekərək Şahid2 oğlunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 15 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə, saat 03:25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 mart 2023-cü il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 15 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ cibindən 2 (iki) ədəd şəffav selofanın içərisində ag rəngli kağıza bükülmüş 3 (üç) ədəd narkotik vasitəyə oxşar maddələr, bir ədəd içərisində heç bir əşya və maddə olmayan siqaretin gümüşü kağızı, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bıçaq, üzərində olan tünd göy rəngli şalvarının bel kəmər hissəsindən bir ədəd bıçaq və tutacagı sarı rəngli baş hissəsi isə metal rəngdə olan alışqan, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsunq” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus AZE № ******** seriyalı şəsxiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 3 (üç) ədəd şəffav selofanın içərisində ag rəngli kağıza bükülmüş bükülülərin içərisndə olan maddələrin narkotik vasitə heroin və duz olması, həmin maddələri xx.xx.2023-ci il tarixdə təxminən saat 20:00 radələrində qonşuluğunda yaşayan “Heydər” adlı şəxsə 20 manat verməklə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş alışqanı üzərində qaz mayesi doldurmaq üçün gəzdirdiyini, aşkar olunmuş 2 (iki) ədəd bıçaq, “Samsunq” markalı mobil telefon və AZE № ******** seriyalı şəsxiyyət vəsiqəsi ona məxsus olmasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddələr, 2 (iki) ədəd bıçaq, alışqan, “Samsunq” markalı mobil telefon və AZE № ******** seriyalı şəsxiyyət vəsiqəsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan 15 mart 2023-cü il tarixli 6/1573 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N952» dairəvi möhr əksi və «... Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr; Şübhəli şəxs Təqsirləndirilən şəxs - imza; iştirakçılar - iki imza; tərtib etdi: Timur Kandaurov:imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə Ol(bir) ədəd btikümdə təmiz çəkisi - 0,018 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri - 0,075qram, -0,087 qram, ümumi təmiz çəkisi - 0,162 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 15 mart 2023-cü il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ 8-ci PB-si tərəfindən 03 ədəd bükümdə (02 büküm ağ kristal maddə və 01 büküm qəhvəyi maddə) ibarət 0.018 qram maddə qəbul edilmiş, 0.01 qram nümunə götürülmüş, 0.008 qram maddə geri qaytarılmışdır və 0.162 qram maddə qəbul edilmiş, 0.02 qram nümunə götürülmüş, 0.142 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 16 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal Səbail RPİ-nin MSY-dən azad edilməsi və barəsində həbslə əlaqəli olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 16 mart 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli 1576 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli 3/505 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat- məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan 16 may 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 250 manat cərimə edilmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.018 qram narkotik vasilə olan heroinin tədqiqata sərf edilən 0.01 qramından sonra qalıq qalmış 0.008 qramı, təmiz çəkisi 0.162 qram metamfetaminin tədqiqata sərf edilən 0.02 qram (hər bükülüdən 0.01 qramı sonra qalan 0.142 qramı maddi sübut hesab edilərək Səbail RPİ-nin saxlanc yerinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması barədə video görüntünün əks edildiyi video-disk maddi sübut hesab edilərək cinayət işində saxlanılmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli, 1(009)-15/2024 saylı Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarından görünür ki, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, işləməyən, Səbail rayonu Salyan yolu küçəsi, dalan 4, ev 5 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs (***-***-**-**), barəsində axtarış elan edilməklə "həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 21476/24 saylı axtarış işi açılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutları, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edildiyindən Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0.008 qram narkotik vasilə olan heroin cinayət tərkibi yaratmadığından ittihamın məzmunundan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il saat 03:00-dan - 16 mart 2023-cü il saat 11:24-dək tutulduğu 02 (iki) gün müddət və həbsdə saxlanıldığı 01 fevral 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək 02 (iki) ay 16 (on altı) gün müddət, cəmi 02 (iki) ay 18 (on səkkiz) gün müddət bir günə iki gün hesablanaraq ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi, dalan 4, ev 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.142 qram psixotrop maddə metamfetamin və maddi sübut olmayan 0.008 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olmayan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan şəxsi axtarış və götürmə prosessual hərəkətini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.018 qram narkotik vasitə heroin ifadəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2023-cü il saat 03:00-dan - 16 mart 2023-cü il saat 11:24dək tutulduğu 02 (iki) gün müddət və həbsdə olduğu 01 fevral 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək 02 (iki) ay 16 (on altı) gün müddət, cəmi 02 (iki) ay 18 (on səkkiz) gün müddət bir günə iki gün hesablanaraq 05 (beş) ay 06(altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsi, dalan 4, ev 5 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan -01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.142 qram psixotrop maddə metamfetamin və maddi sübut olmayan 0.008 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olmayan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı və 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar