Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-150/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 31 mart 1995-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, bərbər işləyən, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs oğlu ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə zərərçəkmiş şəxsin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu Nizami küçəsində yerləşən “Malakan bağı”nda tək gəzərkən, bağda oturacaqların birində rəfiqəsilə əyləşmiş Zərərçəkmiş şəxs ondan alışqan istədikdə sonuncuya yoxdur cavabını vermiş, bundan sonra Zərərçəkmiş şəxs ona “varsa danmayın da” sözünü təhqir kimi bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib, yəni sonuncunun üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, bundan sonra ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib zərbədən yerə yıxılan Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyərək bədəninin müxtəlif yerlərindən yumruqla və təpiklə vurmuş, həmçinin saçlarından tutub yerdə sürüyərək ona, sağ gözün ağlı qişasının bayır yarısına total qansızma, sağ təpə və sol saidin aşağı 1/3-nin arxa səthinin qançırları, eləcə də sağ diz oynağının ön səthinin sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə, hadisə zamanı Zərərçəkmiş şəxs boynunda olan 180 manat dəyərindəki qızıl boyunbağının, 20 manat dəyərindəki büjüteriya olan sırğasının və 15 manat dəyərində olan eynəyinin qırılması ilə nəticələnən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə zərərçəkmiş şəxsin cəmi 215 manat dəyərində olan əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Səbail rayonu Nizami küçəsində yerləşən “Xəqani” ticarət mərkəzinin yaxınlığında “Malakan” bağında tək gəzərkən bağda oturacaqda əvvəlcədən tanımadığı, sonradan adlarını bildiyi Leyla və Ləman adlı qadınların əyləşmişlər. Onların yanından keçərkən Zərərçəkmiş şəxs ondan alışqan istəmişdir. O, alışqanın olmadığını cavabını verdikdə Leyla onu təhqiredici formada “olub dananın?” ifadəsini işlətmişdir. O, Zərərçəkmiş şəxs nə dediyini soruşduqda sonuncu ona eyni ifadəni təkrar etmişdir. Həmin sözləri təhqir kimi qəbul edərək əsəbləşib sillə ilə bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Bundan sonra səs-küyə gələn polis əməkdaşları onu, Leylanı və Leylanın rəfiqəsi Şahid1 Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət etmişlər. O polis bölməsində bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs onda alışqanın olmadığını bildirdikdən sonra sonuncunun “olub dananın?” ifadəsini işlətməsi olmuşdur. Zərərçəkmiş şəxs bu cür reaksiya verməsindən və bu sözləri təhqir kimi qəbul edib əsəbləşərək onun sifətindən bir sillə vurmuşdur. Lakin o Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yumruqla sifət nahiyəsindən vurmamış, zərbədən yerə yıxıldıqdan sonra yumruqla və təpiklə bədəninin müxtəlif yerlərindən vurmamış, əli ilə saçından tutub yerdə sürüməmiş, həmin vaxt Leylanın boynunda olan qızıl sepinin, sırğasının və eynəyinin qırılıb yerə düşdüyünü görməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini göstərmiş və məhkəmədən bunu nəzərə almağı xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 19-20 radələrində rəfiqəsi Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, təxminən 20 radələrində “Xəqani” ticarət mərkəzinin yaxınlığında “Malakan” bağında skamyaların birində oturmuşdular. Həmin vaxt ayağındakı ayaqqabısının bağı qopduğu üçün alışqanla yapışdırmaq istəmişdir. Bu zaman qarşıdan bir nəfər cavan oğlanın gəldiyini və əlində siqaret olduğunu görüb həmin oğlanda alışqan ola biləcəyini düşünərək həmin oğlan yəni, sonradan adını bildiyi Əlabbas adlı şəxs onlara yaxınlaşan zaman ayağa qalıb ondan alışqan istəmişdir. Lakin Əlabbas adlı şəxs əli ilə işarə edib “yoxdur” deyib üzünü çevirmişdir. O da Əlabbasın ünvanına “olub dananın?” ifadəsini işlətmişdir. Əlabbas bu sözləri eşidib ona yaxınlaşıb nə dediyini soruşduqda o “olub dananın?” ifadəsini təkrarən söyləmişdir. Əlabbas da onu yumruqla bir neçə dəfə sifət nahiyəsindən vurmuşdur. O , zərbədən huşunu itirib yerə yıxılmışdır. Daha sonra Əlabbas ona qarşı ucadan nalayiq söyüşlər söyərək yumruqla və təpiklə bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bundan sonra səs küyə hadisə yerinə gələn polis əməkdaşları onları Səbail RPİ-nin 39-cu polis bölməsinə dəvət etmişlər. Hadisə zamanı orada rəfiqəsi Ləman, və tanımadığı bağda istirahət edən 10-15 nəfər şəxslər olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti yoxdur və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmədən ərizəni nəzərə almağı xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Leyla ilə Səbail rayonu, Nizami küçəsində gəzirdilər. Biraz gəzdikdən sonra Malakan bağında “Xəqani” ticarət mərkəzinin qarşısında skamyaların birində əyləşmişlər. Həmin zaman Leylanın ayaqqabısının bağı qopduğundan o, ayaqqabısının bağını yapşdırmaq üçün yaxınlıqdan keçən əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Əlabbas adlı şəxsdən alışqan istədi. Həmin oğlan siqaret çəkirdi və Leyla onda alışqan ola biləcəyini güman etmişdir. Bundan sonra həmin oğlan “yoxdur” deyib üzünü çevirdi. Leyla isə ona arxadan “varsa danmayın da” sözünü dedi. Bundan sonra Əlabbas adlı şəxs heç bir səbəb olmadan Leylaya yaxınlaşıb yumruqla sifət nahiyəsindən vurdu. Zərbədən Leyla yerə yıxıldı, Əlabbas adlı şəxs də Leylaya qarşı ucadan nalayiq söyüşlər söyüb yumruqla və təpiklə onun bədəninin müxtəlif yerlərindən vurmağa başladı, həmçinin əli ilə Leylanın saçından tutub onu yerdə sürüdü. O dərhal yaxınlaşıb onu aralaşdırmaq istəmiş və qışqıraraq köməyə çağırmışdır. Bundan sonra səs küyə hadisə yerinə toplaşmış polis nəfərləri onlardan nə baş verməsi ilə maraqlanmış və onlar da baş verən hadisəni danışmışlar. Polis əməkdaşları da onları polis bölməsinə dəvət etdilər. Hadisənin baş verməsinə əslində heç bir səbəb olmamışdır. Belə ki, Əlabbas adlı şəxs Leylanın ona “varsa danmayın da” sözünü özünə təhqir kimi bəhanə edib Leylanı icitimaiyyətin qarşısında döymüşdür. Hadisə zamanı orada bir neçə nəfər tanımadığım istirahət üçün gəlmiş şəxslər var idi, eyni zamanda səs küyə də tanımadığım təxminən 10-15 nəfər şəxslər hadisə yerinnə toplaşdılar. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından Səbail RPİ-nin PPXB-nün siravi polis nəfəri vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 20:15 radələrində Səbail rayonu Nizami küçəsində “Malakan bağı” yaxınlığında Şahid3 ilə birlikdə xidmətdə olarkən, iki nəfər qadınların qışqırıq səslərini eşitmiş, bundan sonra həmin səs küy gələn istiqamətə baxanda bir nəfər xanımla bir nəfər oğlanın münaqişə etdiklərini görüb hadisə yerinə yaxınlaşaraq nə baş verdiyini soruşduqda sonradan adı məlum olan Leyla adlı xanım orada onunla münaqişə edən Əlabbas adlı şəxsin onu döydüyünü bildirmişdir. Bundan sonra həmin şəxsləri Səbail RPİ-nin 39cu polis bölməsinə dəvət etmişlər. Hadisə zamanı orada səs küyə toplaşmış tanımadığı təxminən 10-15 nəfər yol keçən şəxslər olmuş, eyni zamanda Leyla adlı xanımın yanında bir nəfər rəfiqəsi olmuşdur. Hadisə yerinə yaxınlaşdıqda yerdə hər hansı bir eynək, qızıl sep və sırğa görməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 269 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün ağlı qişasının bayır yarısına total qansızma, sağ təpə və sol saidin aşağı 1/3-nin arxa səthinin qançırları, eləcə də sağ diz oynağının ön səthinin sıyrığı, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx xxxx 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmışdır. xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 221.1--ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs oğlu ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Ümumiyyətlə, verilmiş ittihamda Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Malakan bağında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi göstərilsə də, onun öz davranışı ilə ictimai qaydalara qarşı etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının, ətrafdakılara qarşı laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik göstərməsinin, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmasının nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulmasının və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunması öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlığın mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan Malakan Bağının ərazisində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək döyməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Belə ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yanlız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin “Malakan” bağı adlanan, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq kimi tövsif edilməsinə kifayət etmir. Bunun üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin də mövcudluğu tələb olunur. Hazırki işdə əməlin ictimai qayda əleyhinə, ictimai qaydanı pozmağa yönəldiyi, qəsdin həmin istiqaməti görünmür. Ona görə də əməlin xuliqanlıq olmasını demək mümkün deyildir. Cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs ilk andan sona qədər hadisəni zərərçəkmiş şəxsə alışqanın olmadığını bildirəndə zərəçəkmişin ona “olub dananın” ifadəsini işlətdiyinə görə münaqişə törətdiyini, yəni hadisənin heç bir səbəb olmadan deyil, səbəbli baş verdiyini göstərmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı hadisənin baş verdiyi ərazidə olan obyektlərdə fəaliyyət göstərən şəxsləri dindirməmiş, hadisədən xəbəri olan, narahatçılıq keçirən, iş fəaliyyəti pozulan olmamış, onlar ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlər görməmişlər. Zərərçəkən şəxsin rəfiqsindən başqa heç kimin hadisəni görmədiyi iş materialları ilə təsdiq edilmişdir. İbtidai araşdırma orqanı cinayət işini CM-nın 128-ci maddəsi ilə başlayıb istintaqını aparmış, istintaq yuxarıda sadalananları müəyyən etmiş, lakin buna baxmayaraq, yalnız hadisənin baş verdiyi yerə görə şəxsin əməlini xuliqanlıq əməli kimi qiymətləndirib CM-nın 221.1ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkibinin olmadığını göstərir. Belə ki tədqiq edilmiş sübutlardan hadisənin şahidlərinin yalnız təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və onun rəfiqəsi olması, onların təqsirləndirilən və zərərçəkmişlə birlikdə hadisə yerində olması, bu zaman ətrafda başqa şəxslərin olmaması, hadisə zamanı insanların toplaşmaması aydın görünür. Belə olan halda ictimai qaydanın hər hansı formada pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən ittiham aktında ümumi ifadələrlə hadisə yerinə çoxlu şəxslərin toplaşdığı bildirilsə də, həmin şəxslərdən heç birinin müəyyən edilməməsi bu hadisənin həqiqətən də yalnız təqsirləndirilən və zərərçəkmişin rəfiqəsinin yanında baş verdiyini təsdiq edir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyməsi səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələrin işlədilməsindən sonra təqsirləndirilən şəxsdə yaranmış intiqam hissi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında da qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünü qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanın kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır». Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsin onun ünvanına mübahisənin yaranmasına səbəb olan təhrikedici ifadələrinin işlətdiyinə görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.1- ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyərək onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara yuxarıda qeyd olunanlara əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli, yetirilən xəsarətin dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Bununla belə işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs bu maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 156, 193, 318.1, 344-347, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-150/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-150/2020
23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver