Məhkəmə qərarları › İş №1(009)-150/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-150/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-150/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Füzuli rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 1(064)-18/2021 saylı hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olumuş, işləməyən, Fizuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanada saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2020-ci il tarixdə saat 03:10 radələrində Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 1 ünvanında yerləşən saxlanc yeri hesab edilən Bayıl 1 filialının pəncərə şüşəsini kərpiclə sındırıb mağazaya qanunsuz daxil olaraq mağazada kompüter otağında olan seyfdəki 630 manat pulu, seyfin yanında olan 34 manat dəyərində bir blok qara “Kent 4” markalı siqareti və mağazada giriş hissədə 150 manat dəyərində bir ədəd kassa çəkməcəsini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə ümumilikdə 814 (səkkiz yüz on dörd) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 yanvar 2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 MMC-nin Bakı şəhəri, Binəqədi rayon, 28 May qəsəbəsi, “Xocasən-Bələdiyyə” ünvanında yerləşən saxlanc yeri hesab edilən 3164 saylı filialının pəncərə şüşəsini kərpiclə sındırıb mağazaya qanunsuz daxil olaraq mağazada köməkçi otağın qapısının şüşəsini də həmin daş parçası ilə sındırmaqla otağa qanunsuz daxil olub otaqda olan seyfdən 480 manat, seyfin üstündəki qabdan 35 manat pul və seyfin üstündəki rəfdən 11 manat 20 qəpik dəyərində 4 ədəd nazik “LD" markalı siqareti gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 526 (beş yüz iyirmi altı) manat, 20 (iyirmi) qəpik məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 yanvar 2021-ci il tarixdə saat 04:20 radələrində Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 3 ünvanında yerləşən saxlanc yeri hesab edilən Bayıl 4 filialının giriş qapısının şüşəsini çiyni ilə sındırıb mağazaya qanunsuz daxil olmaq istədikdə mərkəzləşdirilmiş mühafizə məntəqəsinə qoşulmuş mühafizə sisteminin həyəcan vəziyyəti barədə siqnalizasiyasının işə düşməsi ilə əlaqədar hadisə yerindən uzaqlaşmağa çalışsa da, həyəcan siqnalının işə düşməsi ilə əlaqədar hadisə yerinə gələn Bakı şəhəri, Səbail rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə, cinayət əməlini başa çatdıra bilməyib saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməyə cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti aşağı olduğundan 25 dekabr 2020-ci il tarixə keçən gecə saat 03:10 radələrində Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsində yerləşən “OBA" marketin qarşısına yaxınlaşaraq ətrafda kiminsə olmadığını müəyyənləşdirdikdən sonra mağazanın sağ tərəfində divarda olan işıq sayğacını söndürmüş və yoldan bir kərpic taparaq mağazanın giriş qapısının sağ tərəfində olan pəncərəsinin şüşəsini vuraraq sındırmışdır. Mağazaya daxil olaraq kassa aparatını açmış kassa çəkməcəsinin içərisində pul olmamışdır. Ağzı açılmayan digər kassa çəkməcəsini mağazadan çıxarkən aparmaq məqsədilə götürmüşdür. Mağazada kompüter olan otaqdakı dəmir seyfin qapısını açıb pul olduğunu görmüşdür. Həmin pulu, kassa çəkməcəsini və siqaret bloklarından birini götürüb mağazadan getmişdir. Evdə pulu sayıb pulun 630 manat və siqaret də bir blok qara nazik “Kent 4” olduğunu bilmişdir. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, siqareti də özü istifadə etmişdir. 06 yanvar 2021-ci il tarixə keçən gecə saat 03:00 radələrində Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən "xxxx" marketin qarşısına gəlmiş, yerdən bir daş parçası taparaq mağazanın pəncərəsinin şüşəsinə sındırmışdır. Marketə həmin yerdən daxil olub kassanı açmış, pulun olmadığını görüb mağazanın köməkçi otağının qapısını da daş parçası ilə sındıraraq otağa daxil olmuşdur. Həmin otaqda olan seyfin kodunu təsadüfi 1,2,3,4 yığmış və seyfin qapısı açılmışdır. Seyfdə olan müxtəlif əskinaslardan ibarət pulu, seyfin üstündə olan qabdakı pulları və siqaret blokları götürərək mağazadan uzaqlaşmışdır. Seyfin içərisindən götürdüyü pul 480 manat, seyfin üstündəki qabdan götürdüyü pul isə 35 manat təşkil etmişdir. Həmin pulları da şəxsi ehtiyacları üçün xərcləmiş və siqaretləri də çəkmişdir. Bundan başqa, o, 10 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yerləşən “Oba” marketdən oğurluq etmək istəmiş, lakin mühafizə siqnalizasiyası işə düşdüyü üçün oğurluq edə bilməmişdir. Belə ki, həmin gecə saat 04:20 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yerləşən “Oba” marketin qarşısında yuxarıda olan müşahidə kameralarının istiqamətini dəyişmiş, sonra da mağazanın divarında olan sayğacdan mağazanın işıqlarını söndürmüşdür. Mağazanın giriş qapısına yaxınlaşaraq açmaq istədikdə qapı açılmamış, ona görə də, çiyni ilə mağazanın qapısının şüşəsinə vurmuş və şüşə sınmışdır. Bu zaman mağazada həyəcan siqnalizasiyası işə düşmüş, polislərin gələcəyini düşünüb oradan uzaqlaşmaq istəyərkən mağazanın arxa tərəfində küçədə polis əməkdaşları onu saxlamış və 8-ci polis bölməsinə gətirmişlər. Törətdiyi əməldan peşmandır. Zərəri qismən ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən "xxxx" marketin seyfin içərisindən 480 manat pul, seyfin üstündə olan qabdan 35 manat pul, ümumi dəyəri 11 manat olan 4 ədəd “LD” markalı siqaretin oğurlanması nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 526 manat məbləğində ziyan dəymişdir. Şikəyətçidir, dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxslə aralarında heç bir barışıq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2020-ci il tarixdə 08:00 radələrində işlədiyi ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1ə gələndə marketin binasının giriş qapısının sağ tərəfində olan şüşənin sındığını görmüş, marketə daxil olaraq sınmış pəncərədən içəridə yerdə bir kərpic parçasının olduğunu, marketə girişdə sağda və solda olan kassa və kompüterlərin dağınıq vəziyyətdə olduğunu, soldakı kassanın yararsız vəziyyətə düşdüyünü, sağdakı kassanın isə yerində olmadığını görmüşdür. Mağazanın kompüter otağında olan seyfə qoyulmuş Zərərçəkmiş şəxs1ə məxsus pulun, seyfin üstündə olan siqaret bloklarına baxdıqda bloklardan birinin yerində olmadığını görmüşdür. O, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı oğurlanmış əmlaklara birlikdə mağazaya ümumilikdə,1024 manat məbləğində ziyan dəymişdir. Bundan başqa 10 yanvar 2021-ci il tarixə keçən gecə saat 04:20 radələrində '‘Oba Market” MMC-nin ünvan 3 ünvanında yerləşən Bayıl 4 filialından oğurluğa cəhd edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs giriş qapısının şüşəsini çiyni ilə sındırıb mağazaya qanunsuz daxil olmaq istədikdə mərkəzləşdirilmiş mühafizə məntəqəsinə qoşulmuş mühafizə sisteminin həyəcan vəziyyəti barədə siqnalizasiyasının işə düşməsi ilə əlaqədar oğurluq edə bilməmiş və oradan uzaqlaşarkən Bakı şəhəri, Səbail rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və 8-ci polis bölməsinə təhvil verilmişdir. Həmin hadisə nəticəsində marketdən heç nə oğurlanmamışdır. Şikayətçi deyillər. Hər iki hadisə ilə bağlı vurulmuş zərərə tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ehtibar oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayından ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1də administrator işləyir, 09 yanvar 2021-ci il tarixdə 22:20 radələrində işlədiyi “Oba market’i bağlayıb evinə getmişdir. 10 yanvar 2021-ci il tarixə keçən gecə saat 04:20 radələrində “Oba market" MMC-nin mühafizə işçiləri ona zəng edib bildirmişlər ki, Səbail rayon Mühafizə İdarəsinin əməkdaşları marketdə olan həyəcan siqnalı ilə əlaqədar marketə yaxınlaşmış və marketə oğurluq etmək üçün girməyə cəhd edən bir nəfər şəxsi yaxalamışlar. Saat 05:00 radələrində mağazaya gəlmiş və mağazanın giriş qapılarından birinin şüşəsinin sındırıldığını görmüşdür. Dərhal mağazaya nəsə oğurlanıb-oğurlanmamasını müəyyən etmək üçün daxil olmuş, lakin mağazadan hər hansı bir əşya, pul və s. oğurlanmadığını müəyyən etmişdir. Həmin gün o, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gedərək orada baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. O, öyrənmişdir ki, mağazaya oğurluq etmək üçün girmək istəyən şəxs Füzuli rayonundan olan Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində xidmət edir, 10 yanvar 2021-ci il tarixə keçən gecə Səbail rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid2 ilə 1 nömrəli avtomarşrutda Səbail rayonu, Salyan yolu 3 ünvanının qarşısında xidmətdə olarkən mərkəzi müşahidə məntəqəsindən ünvan 5 ünvanında yerləşən “Oba” marketdən həyəcan siqnalı daxil olmuş, onlar dərhal marketə yaxınlaşmış və marketin giriş qapısının şüşəsinin sındırıldığını görmüş və marketin qarşısında Vaqiflə birlikdə avtomobildən düşmüşlər. Şahid2 marketin mühafizəsini təmin etmək üçün orada qalmış, o isə G.Əliyev küçəsində marketdən təxminən 150 metr uzaqda bir nəfər şəxsin qaçdığını görmüş və həmin şəxsin oğurluq etməyə cəhd etməkdə şübhəli olduğunu düşündüyü üçün onun arxası ilə qaçmış və bir qədər sonra həmin şəxsi küçədə yaxalamışdır. Onu marketin qarşısına gətirmiş, həmin şəxs adının Ramazan olduğunu və “Oba” marketə oğurluq etmək üçün girmək istədiyini, lakin giriş qapısının şüşəsini sındırdığı üçün həyəcan siqanlı başladığına görə oradan uzaqlaşdığını bildirmişdir. Onlar həmin şəxsi Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətirmiş və raportla məruzə etmiş, 8-ci polis bölməsində olarkən onlara məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən “Oba” marketdən oğurluq etməyə cəhd edən şəxs xx.xx.2000-ci il təvəllüdlü, Fizuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan 16 yanvar 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 06 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Binəqədi rayon, 28 May qəsəbəsi,nömrəsiz ünvanda olan “Al Market" olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı ekspert tərəfindən əl-barmaq izləri götürülmüş, hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 16 yanvar 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" market MMC iş üzrə zərərçəkmiş hüquqi şəxs, Nümayəndə2 isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Məhkəmə iclasında Nümayəndə3 zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 16 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 16 yanvar 2021-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 17 yanvar 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, oğurluq etdiyi yerləri əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəməsinin 4(001)-56/2021 saylı 18 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 16 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu:

1. Füzuli Rayon Polis Şöbəsi tərəfindən 15.11.2018-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə məsuliyyətə cəlb edilmiş, 22.08.2019-cu il tarixdə iş məhkəməyə göndərilmişdir.

2. Füzuli Rayon Polis Şöbəsi tərəfindən 28.12.2018-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə məsuliyyətə cəlb edilmiş, 22.08.2019-cu il tarixdə iş məhkəməyə göndərilmişdir.

3. Binəqədi Rayon Polis İdarəsi tərəfindən 16.01.2021-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş, 22.08.2019-cu il tarixdə iş hazırda icraatdadır. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla əlaqədar Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin ünvan 7 ünvanında yerləşən “OBA Market" olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 05 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 MMC iş üzrə zərərçəkmiş hüquqi şəxs, Nümayəndə1 isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 10 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 10 yanvar 2021-ci il tarixdə saat 16:13-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, oğurluq etdiyi yerləri əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan baxış keçirilmə və götürmə haqqında 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən 25 dekabr 2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “OBA Market" MMC-nin Bayıl 1 Filialında olan oğurluq hadisəsini əks etdirən hərəkətlərin qeydə alındığı 3 ədəd disk istintaqa təqdim edilmişdir. İş materiallarında olan baxış keçirilmə və götürmə haqqında 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun bacısı X3 tərəfindən zərərçəkmişin nümayəndəsi Nümayəndə1 təqdim olunması üçün 20 ədəd müxtəlif seriyalı 50 manatlıq, 1 ədəd 20 manatlıq və 4 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 1024 (bir min iyirmi dörd) manat təşkil edən pul əskinasları istintaqa təqdim edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Ədalət Aslanovun 12 yanvar 2021-ci il tarixli Qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 yanvar 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə hal şahidlərinin iştirakı ilə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin ünvan 8 “OBA Market" olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 12 yanvar 2021-ci il tarixli “materialın cinayət işinə birləşdirilməsi haqqında” qərardan görünür ki, Şahid3 Etibar oğlunun şikayət ərizəsi və Səbail rayon Mühafizə idarəsinin polis nəfəri, polis serjantı Şahid1 raportu əsasında toplanmış HK-1/36saylı material ********* №-li cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 02 mart 2021-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X4 tərəfindən istintaq edilmiş ********* №-li cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müsətntiqi polis baş leytenantı Məmmədhüseyn Əliyev tərəfindən istintaq edilmiş ********* №-li cinayət işinə birləşdirilmiş və ********* sayı altında bir icraatada davam etdirilmişdir. İş materiallarında olan məhkəmə trasaloji ekspertizasının 19 fevral 2021-ci il tarixli 3/332 nömrəli rəyindən görünür ki, təqdim edilmiş, 1,2,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır və toxunma nəticəsində qalmışdır. Təqdim edilmiş, 1,2,4 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 3,5,6 saylı daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından və 4 saylı daktilolentin səthindəki əl- barmaq izi onun sağ əlinin orta barmağından qalmışdır. Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaqlarından qalmamışdır. Ekspertiza tədqiqatının dəyəri 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat təşkil edir. İş materiallarında olan “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 12 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan 15 mart 2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X4 tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2021 saylı 22 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin 22 fevral 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-558/2021 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2021 saylı 22 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi “OBA Market" MMC-nin ünvan 8 ünvanında yoxlanılmış və o, oğurluq etməyə cəhd etdiyi yerləri əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29.177.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29.177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli onun etirafı, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29.177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlini etiraf etməsini, əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29.177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2021 saylı 22 fevral 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 25 dekabr 2020-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2021 saylı 22 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna cəza təyin edilməli, Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2021 saylı 22 fevral 2021-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 10 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan 35 (otuz beş) ədəd fotoşəkil və 06 (altı) ədəd daktilolent cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Füzuli Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(064)-18/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 10 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 35 (otuz beş) ədəd fotoşəkil və 06 (altı) ədəd daktilolent cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar