Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-151/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Fərman Qurbanov küçəsi, ev 1-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Fərman Qurbanov küçəsində olan zaman özünü şübhəli apardığına görə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Səbail RPİnin 39-cu PB-nin inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,157 qram olan qəhvəyi rəngli küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqribən 10 ildir ki, narkotik vasitələrin heroin kimi tanıdığı növündən inyeksiya yolu ilə istifadə edir. 21 yanvar 2023-cü ildə Bayıl qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Elə həmin gün, təxminən saat 10:30 radələrində yaşadığı evin yaxınlığında mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq apardıqları sorğu-sual zamanı o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Odur ki, polis əməkdaşları onu 39-cu Polis Bölməsinə dəvət edərək orada video- çəkilişdən istifadə etməklə dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Baxış başlanmazdan əvvəl ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş, həmin narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 49 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 39-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkilli Şahid1 ifadəsində göstərmişdir ki, 21 yanvar 2023-cü ildə, təxminən saat 10:30 radələrində sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə Səbail rayonu Bayıl qəsəbəsi Fərman Qurbanov küçəsində şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onunla aparılmış sorğu-sual zamanı suallardan yayınaraq çıxıb getməyə çalışmışdır. Narkotik vasitənin təsiri altında olmaqla rabitəsiz danışığından və üzərində narkotik vasitə daşımasından şübhələnərək onu 39-cu polis bölməsinə dəvət etmişlər. Orada təhqiqatçı X7 tərəfindən video-çəkilişdən istifadə edilməklə dəvət edilmiş vəkil X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış başlanmazdan əvvəl ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni elə həmin gün, Bayıl qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 49 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 39-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkilli Şahid2, digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş “şəxsi axtarış və götürmə haqqında” video görüntüdən görünür ki, Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X4 iştirakı ilə təhqiqatçı İslam Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni elə həmin gün, Bayıl qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılmış, möhürlənmiş, protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2023-cü il tarixli 6/407 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,157 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 21 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 0.157 qram qəbul olunmuş, 0.050 qram nümunə götürülmüş və 0.107 qram heroin geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/407 saylı 21 yanvar 2023-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə saat 10:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Anar Bağırovun vəsatəti təmin edilməmiş və 23 yanvar 2023 cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs qətimkan tədbirinin seçilməsinə dair qərar ilə 23 yanvar 2023-cü ildə saat 13:00-da tanış etdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-151/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, o, tapılanadək iş üzrə icraat dayandırılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və tutulduqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Səbail Rayon Polis İdarəsinin 12 sentyabr 2023-cü il tarixli müraciətindən görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə Səbail rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş məhkumluq haqqında arayışdan və hökmün surətindən görünür görünür ki: - Məlikov X5 Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 7 (002)-161/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 06 (altı) ay 14 (on dörd) gün azadıqdan məhruetmə cəzası 06 (altı) ay azadldılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisəsinin 21 yanvar 2023-cü il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər digər cinayət əməlinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün ilə hesablanır Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 338 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,107 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0.107 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına ödəniləcək – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-151/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-151/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver