Məhkəmə qərarları › İş №1(009)-152/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-152/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-152/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkilləri X3 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.2000-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, orta təhsilli, işləməyən, Qusar rayonu, Muxtadır, ev 128, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1997-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Qusar rayonu, Əniğ-oba kəndində qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 aprel 2022-ci il tarixdə saat 02:00 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 11, mənzil 20 ünvanın qarşısında binanın keçidində saxlanılmış Zərərçəkmiş şəxs Əzizağa oğluna məxsus bir ədəd dəyəri 1500 manat olan «Tufan Cub50S» markalı mopedi gizli yolla talayıb ələ keçirməklə oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 aprel 2022-ci il tarixdə saat 02:00 radələrində Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 11, mənzil 20 ünvanın qarşısında binanın keçidində saxlanılmış Zərərçəkmiş şəxs Əzizağa oğluna məxsus bir ədəd dəyəri 1500 manat olan «Tufan Cub50S» markalı mopedi gizli yolla talayıb ələ keçirməklə oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 aprel 2022-ci il tarixdə saat 00:15 radələrində dostu Təqsirləndirilən şəxs2la birlikdə Nərimanov rayonu ərazisində yerləşən parkda əyləşərkən pulları olmadığı üçün onun tanışı Zərərçəkmiş şəxs məxsus olan və yaşadığı evin qarşısında saxladığı mopedi oğurlayaraq satmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan” bağına gəlib, orada bir qədər gəzdikdən sonra saat 02 radələrində “Konak” restoranının yaxınlığına Elmarın yaşadığı binanın həyətinə gəlmişlər. Binanın girişində olan mopedin açar hissəsini sökərək qara və qırmızı rəngli simləri kontakt edib mopedi işə saldıqdan sonra Tural ilə birlikdə mopedlə həmin ünvanı tərk edərək “Yeganə” şadlıq sarayının yaxınlığına kirayədə qaldıqları evə gəlmişlər. Mopedi sökərkən isə sökülmüş naqilləri sellofan torbaya yığmışlar. Səhəri gün o Qusar rayonundan olan tanışı Şahid zəng edərək özünə məxsus mopedi 700 manata satmaq fikrinin olmasını bildirmişdir. Eyvaz o qədər pulunun olmadığını deyəndə, o, onunla ilkin olaraq ona 100 manat, qalan pulu isə hər ay 100 manat olmaqla ödəməsini bildirmişdir. Eyvaz onunla razılaşmış və həmin gün saat 17 radələrində Qusar rayonundan olan tanışları Malik və Vadim adlı şəxslə birlikdə Bakı şəhərinə gəlib onunla görüşmüşlər və mopedə baxdıqdan sonra Eyvaz almaq istədiyini bildirmişdir. Həmin vaxt o yaxınlıqda olan təmir sexinə yaxınlaşaraq mopedin sökülmüş hissələrini yerinə bərpa elətdirmək istəmiş, lakin usta təmir edə bilməyəcəyini bildirmişdir. Daha sonra Eyvaz ona 100 manat pulu vermiş və mopedi Malikin maşınına qoyub Qusar rayonuna aparmışdır. Eyvazdan aldığı 100 manat pulu sonra Tural ilə görüşüb birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. 13 aprel 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs Əzizağa oğlu onunla əlaqə saxlayaraq mopedinin oğurlanmasını bildirmiş və ona kömək etməyini istəmişdir. Elmar ilə danışıq zamanı ona məxsus mopedi oğurlamalarını bildirməmişdir. 14 aprel 2022-ci il tarixdə isə Elmarın yaşadığı binaya qalxmaq istəyən zaman polis əməkdaşları onları saxlayaraq 39-cu PB-nə gətirmişlər. Onların məqsədləri mopedi satıb pul əldə etmək olmuşdur. Hazırda etdiyi oğurluq nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 aprel 2022-ci il tarixində saat 00:15 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən parkda əyləşərkən pulları olmadığı üçün tanışları Zərərçəkmiş şəxs məxsus olan və yaşadığı evin qarşısında saxladığı mopedi oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə onlar Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan” bağına gəlmişlər, orada bir qədər gəzdikdən sonra saat 02 radələrində “Konak” restoranının yaxınlığına Elmarın yaşadığı binanın həyətinə gəlmişlər. Orada onlar həmin mopedin açar hissəsini sökərək qara və qırmızı rəngli simləri kontakt edərək mopedi işə salmışlar və Edik ilə birlikdə həmin ünvanı tərk edərək “Yeganə” şadlıq sarayının yaxınlığına kirayədə qaldıqları evə gəlmişlər. Mopedi sökərkən isə sökülmüş naqilləri sellofan torbaya yığmışlar. Səhəri gün Edik dostu Qusar rayonundan olan Şahid zəng edərək özünə məxsus mopedi 700 manata satmaq fikrinin olmasını bildirmiş, Eyvaz o qədər pulu olmadığını dedikdə Edik ona ilkin olaraq 100 manat, qalan pulu isə hər ay 100 manat olmaqla ödəməsini bildirmişdir. Eyvaz razılaşdığından həmin gün saat 17 radələrində Edik Eyvaz ilə görüşüb ondan 100 manat alaraq mopedi ona satmışdır. Həmin vaxt o orda olmamış, Edik pulu götürdükdən sonra onlar görüşüb mopedin satışından əldə edilmiş 100 pulu birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. 13 aprel 2022-ci il tarixdə isə Abdullayev X5 əlaqə saxlayaraq mopedinin oğurlanmasını bildirərək ona kömək etməyini istəmiş, lakin Edik Elmar ilə danışıq zamanı ona məxsus mopedi oğurladıqlarını bildirməmişdir. 14 aprel 2022-ci il tarixində isə Elmara kömək etmək məqsədilə onun yaşadığı evə gedərkən polis əməkdaşları onları saxlayarq 39-cu PB-yə aparmışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Tufan kub 50” markalı moped idarə etməklə “Bolt” şirkətində sürücü işləyir. 09 aprel 2022-ci il tarixdə saat 23 radələrində “Tufan kub 50” markalı mopedi Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 11, mənzil 20 ünvanın qarşısında saxlayaraq yaşadığı mənzilə qalxmış, təxminən saat 02 radələrində onun ilə birlikdə yaşayan dostu X4 mənzilə daxil olan zaman ona məxsus mopedin oğurlanmasını görüb baş vermiş hadisə barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə ona məlum olmuşdur ki, ona məxsus moped tanışı və onunla birlikdə bir ünvanda yaşamış Təqsirləndirilən şəxs1 və onun tanışı Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Ona məxsus “Tufan kub 50” markalı mopedin qiyməti 1500 AZN təşkil edir. Ziyan ona tam ödənilib. Şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərlə barışmışdır. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 10 aprel 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 aprel 2022-ci il tarixdə, saat 16:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 aprel 2022-ci il tarixdə, saat 17:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə Şahid arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı sonuncu istintaqda verdiyi ifadəni Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirməklə ilkin ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli “maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə “Tufan kub 50S” markalı moped maddi sübut olaraq əhəmiyyət kəsb etdiyindən Şahid götürülmüşdür. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, “Tufan kub 50S” markalı moped tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmiş, o, həmin mopedi tanıyaraq ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 16 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 16 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 16 aprel 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 16 aprel 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 27 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Qusar Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.2.1, 88.2.2 və 87.2-ci maddəsinə əsasən valideynlərin nəzarətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 27 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2022-ci il tarixli 9/2795 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngli, 2021ci il buraxılışlı, Tufan CUB50S markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1500.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 20 may 2022-ci il tarixli “maddi sübut kimi tanınma barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Tufan CUB50S markalı moped iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq dövründə 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq dövründə 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Əzizağa oğluna məxsus Tufan CUB50S markalı mopedin Zərərçəkmiş şəxs Əzizağa oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 25 (iyirmi beş) manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs Əzizağa oğluna məxsus Tufan CUB50S markalı mopedin zərərçəkmiş Zərərçəkmiş şəxs Əzizağa oğluna təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar