Məhkəmə qərarları › İş №1(009)-152/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-152/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-152/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-46/2024 saylı hökmünə əsasən cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə təmiz çəkisi 1.317 qram heroini və təmiz çəkisi 0.530 qram metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən 28 oktyabr 2023cü il tarixdə saat 12:20 radələrində ünvan 3 ünvanında yerləşən “Yelo Bank"ın qarşısında saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmş gümüşü rəngli bükümdə təmiz çəkisi 1.317 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0.530 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamletamin aşkar edilib götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, 28 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Z.Əliyeva küçəsində yerləşən “Yelo Bank”ın qarşısında polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə və psixotrip maddə olmadığını, narkotik vasitənin və psixotrop maddənin saxlanılan zaman üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 39-cu Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 28 oktyabr 2023-cü il tarixdə xidməti zərurətlə əlaqədar 39-cu Polis bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə xidməti ərazidə olarkən saat 12:20-də ünvan 5 ünvanında yerləşən “Yelo Bank”ın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitə təsiri altında olmasına şübhələndikdən onu 39-cu Polis bölməsinin inzibati binasına aparmışlar. Bölmədə həmin şəxsin xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bölmədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, bu zaman X3 əynində olan şalvarın sağ cibindən iki ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, onları bir müddət əvvəl tanımadığı şəxsdən aldığını və narkotik vasitə istifadəçisi olduğundan gün ərzində qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmin bükümlər ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 39-cu Polis bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 da analoji ifadə verərək Şahid1 ifadəsində dediklərini təsdiq etmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 12:20 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli şalvarın sağ cibindən iki ədəd bükümü və şalvarın sol cibindən içərisində 9 ədəd siqaret olan “Platinium” markalı siqaret qutusunu, həmçinin şalvarın sol cibindən 1 ədəd 10 qəpiyi çıxardıb təqdim etmişdir. Bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxsdən bir müddət əvvəl aldığını, narkotik vasitə istifadəçisi olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İki ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 49 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5782 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №49” dairəvi möhür əksi və "...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza; üç imza, təhqiqatçı: Nicat Orucov -imza...” bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz təmiz çəkisi - 1.317 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükümdə təmiz çəkisi- 0.530 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin- ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” aktından görünür ki, AR DİN Səbail RPİ-nin 39-cu PB-si tərəfindən 0.530 qram qəhvəyi toz maddə və 1.317 qram bükümdə ağ kristal maddə qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, qalıq 0.480 qram qəhvəyi toz maddə və 1.267 qram bükümdə ağ kristal maddələr geri qaytarılmışdır. İş materiallarında olan 29 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilmiş və barəsində həbslə əlaqədar olmayan başqa qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 noyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlanca verilmə barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1.317 qram çəkidə narkotik vasilə heroin və təmiz çəkisi 0.530 qram olan psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalan 1.267 qram narkotik vasitə heroin və 0.480 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. ACDİÜ Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilmiş, 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə olduğu müddət nəzərə alınaraq cəzasını cəkmiş hesab edilmişdir.

2. Səbail rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən azad edilmişdir.

3. Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən azad edilmişdir.

4. Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın sonu ilə azad olunmuşdur.

5. Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın sonu ilə azad olunmuşdur.

6. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş, xx.xx.2022-ci il tarixdə həmin hökm ləğv Bakı apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 09 ay, 19 gün müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilmiş və cəzanın əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin video görüntüləri ilə olan bir ədəd disk ********* №-li cinayət işi üzrə sübut növü hesab edilmiş, Təqsirləndirilən şəxs oğunun etirafedici ifadəsi, şahidlərin ifadələri, şübhəli şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5782 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 8248 nömrəli rəyi, götürülmüş narkotik vasitə və psixotrop maddənin maddi sübut hesab edilməsi qərarı sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan 19 mart 2024-cü il tarixli 1(009)-46/2023 saylı Səbail rayon Məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir ) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan tutulduğu 2 (gün) müddət cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il, 09 (doqquz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixli 1(009)-46/2023 məktubundan görünür ki, 19 mart 2024-cü il tarixli, 1(009)-46/2023 saylı Səbail rayon Məhkəməsinin hökmü 08 aprel 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırmasında şəxsi axtarış götürmə hərəkəti əks etdirən videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə özü olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübut, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi şahidlərin ifadələri, iş materialları, ekspertizaların rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar aşkar edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş, xx.xx.2022-ci il tarixdə həmin hökm Bakı apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 09 ay, 19 gün müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan halda xx.xx.2023-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Səbail rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 1(009)-46/2024 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2023-cü ilin oktyabr ayında törədilmişdir. Belə olan halda Səbail rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 1(009)- 46/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada qismən toplanılmalıdır. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək, 28 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən törətdiyi cinayət residiv yaratdığı üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs birinci hökm üzrə təyin edilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-46/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 1.267 qram narkotik vasitə heroin və 0.480 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-46/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək, 28 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs birinci hökm üzrə təyin edilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-46/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 1.267 qram narkotik vasitə heroin və təmiz çəkisi 0.480 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil bürosunun ("xxxx" QSCnin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar