Məhkəmə qərarları › İş №1(009)-154/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-154/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-154/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1990-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, mənzil 7-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, 455-ci kvartal, B.Məcidov küçəsi, ev 22, mənzil 47-də yaşayan , barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, ünvan 1 ünvanda yerləşən «Lor Hospitalı»nın 23 dekabr 2020-ci il tarixli analizin nəticəsinə əsasən yeni növ növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də özünə 23 dekabr 2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 23 dekabr 2020-ci il tarixdə saat 14:20 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən 47 №-li mənzilini tərk edərək, tanışı Şahid1 idarə etdiyi “KİA RİO” markalı AZ **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu istiqamətində hərəkət etməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmış, xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində quraşdırılmış stasionar postda həmin tarixdə saat 14:50 radələrində saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 dekabr 2020-ci il tarixdə hərarəti olduğuna görə ünvan 1 ünvanda yerləşən «Lor Hospitalı»na gedib müayinə olunaraq test, yəni « yaxma » vermiş, 23 dekabr 2020-ci il tarixdə saat 14:02-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə verdiyi testin nəticəsinin « pozitiv » olması və 14 gün ərzində yaşayış yerini tərk etməməli olduğu barədə mesaj gəlmişdir. Bu məlumatı aldıqdan sonra ailəvi həkimi olan İlham həkimə testin nəticəsinin «pozitiv» olmasını bildirmiş, həkimə ona təcili olaraq «KT» müayinəsindən keçməyi məsləhət görmüşdür. O, X4 zəng etsə də əlaqə saxlaya bilməmiş, ona görə də yaxınları ilə məsləhətləşib Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «X6» klinikasına gedib orada «KT» müayinəsindən keçməyə qərara almışdır. O, tanışı Hüseynin artıq «Covid-19» xəstəliyini keçirdiyindən təkrar yoluxma ehtimalının olmamasını fikriləşərək ondan onu klinikaya aparmasını xahiş etmişdir. 23 dekabr 2020-ci il tarixdə saat 14:20 radələrində tanışı Hüseynin idarə etdiyi «KİA» markalı, AZ **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X6» klinikasına gedərkən saat 14:47 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində quraşdırılmış yoxlama postunda xidmət aparat polis əməkdaşları onun şəxsiyyət vəsiqəsini yoxlayarkən «Covid-19» xəstəliyinə yoluxduğunu aşkar etmişdir. Bundan sonra həmin ünvana başqa polis əməkdaşları yaxınlaşıb onları Səbail RPİ-nin 39-cu polsi bölməsinə aparmış orada onun və tanışı Hüseynin izahatlarını alıb yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 dekabr 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs özünü narahat hiss etdiyindən onu həkimə aparmağını ondan xahiş etmişdir. O, qeyd olunan tarixdə Səbinəni ünvan 1 ünvanda yerləşən «Lor Hospitalı»na müayinə olunması üçün aparmış, Səbinə müayinə olunaraq test vermişdir. Səbinə 23 dekabr 2020-ci il tarixdə saat 14:02-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə verdiyi testin nəticəsinin «pozitiv» olması və 14 gün ərzində yaşayış yerini tərk etməməli olduğu barədə mesaj gəldiyini ona bildirmişdir. 23 dekabr 2020-ci il tarixdə Səbinə həkiminin məsləhəti ilə «KT» müayinəsindən keçməsi üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «X6» klinikasına aparmasını ondan xahiş etmişdir. O, artıq «Covid-19» xəstəliyini keçirdiyindən təkrar yoluxma ehtimalının olmamasını fikriləşərək razılaşmışdır. 23 dekabr 2020-ci il tarixdə onlar «X6» klinikasına gedərkən saat 14:47 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində quraşdırılmış yoxlama postunda onların şəxsiyyət vəsiqəsini yoxlayarkən Səbinənin «Covid-19» xəstəliyinə yoluxduğu aşkar edilmişdir. Bundan sonra onları Səbail RPİ-nin 39-cu polsi bölməsinə aparmış orada onların izahatlarını aldıqdan sonra buraxmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən 003-653-1221 saylı 18 yanvar 2021-ci il tarixli məktubla daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 1-018 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerasının 23 dekabr 2020-ci il tarixli saat 14:47-dən 14:50-dək və 4-cü kamerasınm həmin tarixli saat 14:50-dən 15:15-dək qeydə alınmış 4 ədəd «ZYKLEN» markalı, DVD-R disklərinə baxış keçirilməsi haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin çəkilişlər 23 dekabr 2020-ci il tarixdə saat 14:46:59-dan, saat 14:49:59-dək davam edir, ümumilikdə 3 dəqiqə çəkiliş davam edir. Video müşahidə qurğusunun çəkilişində əks etdirilən görüntüyə baxılan zaman Şahid1 bildirmişdir ki, görüntüdə əks olan 23 dekabr 2021-ci il tarixdə saat 14:48 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində quraşdırılmış 3 saylı stasionar karantin postunda saxlanılan «KİA» markalı AZ **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun özüdür. Həmin vaxt stasionar postunda saxlanılan zaman onun idarə etdiyi avtomobildə tanışı Təqsirləndirilən şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin baş İnformasiya və Kommunikasiya idarəsindən daxil olmuş anten dairəsinin izahlı qaiməsi yazılmış bir ədəd CD-R diskdə yazılmış “Zənglərin_Detallaşması”_**********0753… adlı fayla baxış keçirmə haqqında 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, 23 dekabr 2020-ci il tarixdə saat 02:15:10-dan 04 yanvar 2021-ci il tarixdə saat 19:18:58-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, həmçinin, həmin nömrənin anten dairəsi göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 23 dekabr 2020-ci il tarixdə saat 02:15:10-dan başlayaraq 23 dekabr 2020-ci il tarixdə saat 14:10:49-za qədər olan müddət ərzində ünvan 4 ünvanda, saat 14:30:43-dən saat 14:55:46-ya qədər olan müddət ərzində ünvan 5 ünvanda, saat 14:55:47-dən saat 15:16:19-za qədər olan müddət ərzində ünvan 6 ünvanda, saat 15:23:11-də ünvan 7t 15:39:24-də Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 63 saylı ünvanda, saat 15:39:41-də ünvan 9vanda, saat 16:00:34-dən saat 16:05:35-dək ünvan 10 ünvanda, saat 16:10:20-də ünvan 11ə digər anten dairələrində, həmin tarixdə saat 16:16:11-dən başlayaraq Bakı şəhəri, Səbail rayonunda, Nərimanov rayonunda, Xətai rayonunda, Nəsimi rayonunda yerləşən müxtəlif ünvanlarda olan anten dairələrində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan (055) ***-**-** nömrəsi ilə işləyən telefonuna «Covid-19» ilə bağlı daxil olmuş sms mətnindən görünür ki, «Cağrı mərkəzi *0033» ünvanından «Hörmətli, Təqsirləndirilən şəxs Musa, Sizin 21.12.2020 tarixində COVİD-19 ilə bağli verdiyiniz analiz neticeniz. SARS-COV2 (COVİD -2019) PCR: POZİTİV» «SMS» mətni daxil olmuşdur. İş materiallarına əlavə edilmiş “Lor Hospital”-ın 09 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə “Lor Hospital” klinikasına müraciət etmiş, SARS-CoV2 (Covid-2019) analizi götürülmüşdür. Məktuba əlavə edilmiş analizin nəticəsindən görünür ki, xəstənin analiz nəticəsi pozitiv çıxmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 02 mart 2021-ci il tarixli 291/KEŞ nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinəsi zamanı Təqsirləndirilən şəxs müayinəni nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.Tərdtib edilmiş tibbi sənədlərdən göstərilənlərə əsasən 09 yanvar 2021-ci il tarixdə aparılmış təkrar labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinəni nəticəsinin neqativ olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin X3 Hospitalının Təqsirləndirilən şəxs adına tərtib olunmuş Xəstəlik tarixindən görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2021-ci il tarixdən 10 yanvar 2021-ci il tarixədək Covid 19 diaqnozu ilə stasionar şəraitdə müalicə almışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında” 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazzirliyi Tibbi-Ekspert Komissiyasının sonuncu müalicə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs birinci dərəcəli müddətsiz gözdən əlildir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2010-cu il təvəllüdlü X2 adlı bir oğlu var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materialları, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, 1 ci qrup əlil olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 384 (üç yüz səksən dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar