Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-155/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 03 iyun 2021-ci il tarixdə saat 10:00-da xx xxxxxxx 1995-ci ildə Rusiya Federasiyası Dərbənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Sapfir” restoranında aşbaz işləyən, Bakı şəhəri, Səbail rayonu, ünvan 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti” altına vermə növündə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Mortaza” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,341 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuannanı 80 manata əldə edib üzərində saxlamaqla daşımış, 27 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanın yaxınlığında yerləşən 20-ci sahə dairəsi adlanan ərazidə avtobus dayanacağında olarkən Bakı şəhər Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən əvvəlcədən əldə olunmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan zoğalı rəngli gödəkçənin sağ qolunun bilək hissəsindən üzərində “Viktory” yazısı olan 01 ədəd kibrit qutusunda yuxarıda qeyd edilən çəkidə narkotik vasitə-qurudulmuş marixuanna aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il olar ki, hərdən narkotik vasitə olan marixuannadan çəkmək yolu ilə istifadə edir. 27 yanvar 2021-ci il tarixdə o, tanışı Kamil ilə zəngləşib danışaraq ondan özü üçün narkotik vasitə olan marixuanna tapmasını xahiş etmiş, belə ki, əvvəllər dəfələrlə onunla birlikdə marixuanna alıb istifadə etmişlər. Lakin bu dəfə Kamil ona bildirmişdir ki, onun özündə narkotik vasitə olan marixuanna yoxdu, lakin Zaur adlı tanışlarına deyə bilər, onun vasitəsi ilə tapa bilərlər, çünki onun özü də çəkmək üçün özünə almaq istəyirdi. Daha sonra o Kamil ilə 20-ci sahə dairəsi yaxınlığında görüşmüşlər və bir müddətdən sonra Zaur adlı tanışları da ora gəlmişdir. Zaur gəldikdən sonra onlar Kamilin idarə etdiyi avtomaşınla Yasamal rayonuna getmişlər. Orada Zaur bir nəfərlə telefonla danışmış və sonra bildirmişdir ki, o, hündürmərtəbəli binanın birinci blokuna gedib giriş qapısının arxasında olan daşın altından bir kibrit qutusunda marixuannanı və bir ədəd siqaretə doldurulmuş götürüb 80 manat pulu daşın altına qoysun. O, Zaurun dediyi kimi onun göstərdiyi binaya gedib orada daşın altından bir ədəd kibrit qutusunu götürüb yerinə 80 manat pulu qoymuş və sonra gəlib maşına oturmuşdur. Daha sonra onlar 20-ci sahəyə qayıtmışlar və orada o maşından düşüb piyada evə getmək məqsədi ilə 20-ci sahə dairəsi yaxınlığında dayanacaqda dayanarkən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq özlərini və xidməti vəsiqələrini təqdim edib, Azərbaycan Respublikası DİN-nin Səbail RPİ-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün onu Səbail RPİ-nə dəvət etmişlər. O, onlara etiraz etməyərək onlarla birlikdə Səbail RPİ-nə gəlmiş və orada idarənin inzibati otaqlarının birində üzərinə axtarış aparılacağını bildirib hüquq və vəzifələrini ona izah etdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və daha sonra onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış aparılmasına başlamadan əvvəl ona üzərində qeyri-qanuni əşya və ya narkotik vasitə olduğu halda könüllü olaraq təqdim etməyi təklif etmişlər, o da artıq ifşa olunduğunu başa düşərək əynindəki zoğalı rəngli gödəkçənin sağ qolunun bilək hissəsində saxladığı, Zaurun vasitəsi ilə aldığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra onun üzərinə axtarış aparılmış, lakin başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmiş və polis əməkdaşları keçirilmiş axtarışla əlaqədar protokol tərtib edərək ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən və onun tərəfindən hər hansı bir etiraz bildirilmədən protokolu imzalamışlar və ondan aşkar edilmiş narkotik vasitə olan marixuananı polis əməkdaşları qablaşdıraraq götürmüşlər. O, həmin narkotik vasitə olan marixuannadan heç kimə verməmiş və ya satmamış, onu şəxsi istifadəsi üçün almışdı. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, yaşayış yeri üzrə və iş yeri üzrə müsbət xarakterizə olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, hər iki valideynlərinin rəhmətə getməsinin nəzərə alınmasını xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə evdə olma müddətini gecə saat 00:00dan səhər saat 07:00-dək təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə Səbail RPİ-nin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və bu barədə tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar İdarənin rəisi tərəfindən 27 yanvar 2021-ci il tarixdə təsdiq edilmişdir. Ondan, X1 əməliyyat müvəkkilləri polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi 20-ci sahə dairəsi ərazisində əməliyyat mövqeyimiz müəyyən edilmişdir. 27 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu 13 ünvanın yaxınığında 20-ci sahə dairəsi adlanan ərazinin yanında avtobus dayanacağında olan zaman zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, ona Səbail RPİ-nin əməkdaşı olduğuqlarını bildirib özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi məşğul olması barədə bizdə məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə ünvan 5 ünvanında yerləşən Səbail rayon Polis İdarəsinə getməli olduğunu izah edib onu avtomobillə həmin ünvanda yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün tərəflərindən raportla Səbail RPİ-nin rəisinə raportla məruzə edilmiş, raport əsasında araşdırmanın aparılması İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Əli İsmayılova həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs əynində olan zoğalı rəngli gödəkçənin içəri yan cibindən 01 ədəd qara rəngli pul kisəsi, sağ yan cibindən 01 ədəd «Winston» siqaret qutusu, gödəkçəninsini sol yan cibindən 01 ədəd ağ rəngli təsbeh və açar, əynində olan gödəkçənin sağ qolunun billək hissəsindən 01 ədəd üəzrində “Victory” yazısı olan kibrit qutusunu masanın üzərinə qoymuşdur. Ondan kibrit qutusunda nə olduğunu soruşduqda o kibrit qutusunu açaraq içərisində şəxsi istifadəsi üçün 27.01.2021-ci il tarixdə 20-ci sahə dairəsi adlanan ərazidən adını Kamil bildiyi şəxsdən 80 manata aldığı marixuanadır və gələcəkdə istifadə etmək məqsədi ilə üstündə daşıyıb. Daha sonra şəxsi axtarış davam etdirilsə də onun üzərində heç nə aşkar edilməmiş, bundan sonra kibrit qutusu zərfə qoyularaq qablaşdırılıb DİN-nin “zərflər üçün” 51 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfə imza etmişlər. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində ifadəsi elan olunmuş Səbail Rayon Polis İdarəsinin əməkdaşı Şahid4 ifadələrində Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, təxminən bir-iki il olar ki, hərdən narkotik vasitə olan marixuannadan çəkmək yolu ilə istifadə edir, narkotik vasitə olan marixuannanı o müxtəlif şəxslərdən almış, hərdən isə Zaur adlı şəxsin vasitəsi ilə almışdır. 27 yanvar 2021-ci il tarixdə saat təxminən 21:00 radələrində yaşadığı ərazidən təxminən 3-4 ay bundan əvvəl tanış olduğu Nəbi adlı şəxs onunla əlaqə saxlayaraq narkotik vasitə olan marixuanna istəmiş, lakin o ona onda olmadığını bildirmişdir, belə ki, onlar əvvəllər də Nəbi ilə birlikdə marixuanna istifadə etmişlər, kimdə olubsa digərini qonaq edib. Onda marixuanna olmadığından Nəbiyə demişdir ki, Zaur adlı tanışlarını vasitəsi ilə alsın. Nəbinin Zaura pul borcu olduğu üçün ondan xahiş etmişdir ki, o ona bu barədə desin və o da ona etiraz etməyərək Zaura zəng edib məlumat vermiş və 20-ci sahədə dairəsi yaxınlığında görüşməyi qərarlaşdırmışlar. Bir müddətdən sonra Nəbi gəlmiş, ondan sonra isə Zaur gəlmişdir. Onlar onun idarə etdiyi avtomaşına oturduqdan sonra Zaurun göstərdiyi istiqamətdə Yasamal rayonuna getmişlər və orada Zaur bir nəfər tanımadığı şəxslə telefonla danışdıqdan sonra Nəbiyə demişdir ki, maşını saxladıqları binanın 1-ci blokuna daxil olub giriş qapısının arxasında olan daşın altından kibrit qutusunu götürsün və 80 manat pulu ora qoysun. Nəbi maşından düşərək getmiş və təxminən 5-7 dəqiqədən sonra gələrək bildirmişdir ki, o pulu daşın altına qoyaraq orada olan bir kibrit qutusunda narkotik vasitə olan marixuannanı götürmüşdür. Daha sonra onlar 20-ci sahəyə qayıtmışlar və o, oradan çıxıb evinə getmişdir. O özü üçün əvvəllər Zaurla birlikdə narkotik vasitə alsa da sonuncu dəfə o heç nə almamış, sadəcə Nəbi ilə yoldaşlıq etdikləri üçün ona köməklik etmiş, onun heç bir qazancı və ya faydası olmayıb, həmçinin Nəbi aldığı narkotik vasitədən ona heç nə verməyib. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün müxtəlif yerlərdə fəhləlik etməklə məşğul olur və hərdən olandan olana narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir. Şahid1 və Təqsirləndirilən şəxs yaşadığı 20-ci sahə ərazisindən tanımış, belə ki, ayrı-ayrı vaxtlarda bir məktəbdə oxumuşlar. 27 yanvar 2021-ci il tarixdə saat təxminən 20 və ya 21 radələrində Kamil ona zəng edərək bildirmişdir ki, narkotik vasitə olan marixuanna istəyir. O, onun özündə olmadığı üçün lakin tanışların ona vermiş olduğu İran İslam Respublikasına aid mobil nömrə ilə yazışaraq həmin nömrənin sahibindən narkotik vasitə almaq mümkün olubolmadığını soruşmuş və həmin şəxs bildirmişdir ki, 80 manata təşkil edə bilər, yəni onlar onun dediyi ünvana gedərək onun dediyi yerə pulu qoyub həmin narkotik maddəni götürməlidirlər. Daha sonra danışdıqları kimi o, Kamil və Nəbi ilə 20-ci sahədə görüşmüşlər və Kamilin idarə etdiyi maşınla Yasamal rayonu istiqamətində maşını sürdürmüşdür. Onlar ünvana çatdıqdan sonra o, Nəbiyə binanın 1-ci blokunu göstərərək başa salmışdır ki, o ora daxil olub qapının arxasında olan daşın altından içində narkotik vasitə olan marixuananı götürsün və pulu onun altına qoysun. Nəbi onun dediyi kimi maşından düşüb göstərdiyi bloka tərəf gedib təxminən 3-4 dəqiqədən sonra qayıdaraq bildirmişdir ki, o pulu daşın altına qoyaraq narkotik vasitə olan marixuannanı oradan götürmüşdür. Daha sonra onlar 20-ci sahəyə qayıtmışlar və o oradan çıxıb evinə getsin, sonra nə baş verməsini isə bilmir. O, Nəbiyə narkotik vasitə satmamış və verməmiş, həmçinin Nəbi narkotik vasitəyə görə ona pul verməmiş, o, sadəcə olaraq ona istiqamət vermişdir ki, özü gedib pulu qoyub narkotik vasitəni götürsün. Məhkəmə iclasında 27 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərinə bıxış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan zoğalı rəngli gödəkçənin sağ qolunun billək hissəsindən 01 ədəd üzərində “Victory” yazısı olan kibrit qutusunda təmiz çəkisi 5,341 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyü müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş məhkəmə-bioloji ekspertizasının 28 yanvar 2021-ci il tarixli 7/117 nömrəli rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,341 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatı zamanı marixuananın təmiz çəkisi 5,341 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmişdir və 5,291 qram qalıq qalmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2021-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanovun 29 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində polisin nəzarəti altına vermə növündə iltizam qətimkan tədbiri seçilərək dərhal azad edilmişdir. 149 saylı MKİS-dən və Sapphire Group-dan verilmiş xasiyyətnamələrdən və qonşuların aktından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, təqsirləndirilən şəxsin hər iki valideyni vəfat etmişdir. Maddi sübut kimi tanınma haqqında 17 aprel 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5, 341 olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış, 5,291 qram marixuana saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayətin törədilməsini, yaşayış iş yeri üzrə müsbət xarakterizə olmasını, hər iki valideynin rəhmətə getməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2021-ci il tarixli 1092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitki preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5,291 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd DVD diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X4 27 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, ünvan 9 ünvanındakı yaşayış yerini hər gün saat 00-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5,291 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 402 (dörd yüz iki) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-155/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-155/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver