Məhkəmə qərarları › İş №1(009)-155/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-155/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-155/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X4 hüquqi varisi və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Lənkəran rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozunda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvuran xəsarət yetirmiş və digər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 02 noyabr 2025-ci il tarixdə, saat 18:40 radələrində idarə etdiyi “Kia- Sorento” minik markalı, 99-ЕС-107 dövlət qeydiyyat nişanlı avtomobillə qaranlıq hava şəraitində gecə işıqları ilə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə Bakı şəhərinin mərkəzinə doğru 70 km/saat sürətlə hərəkətdə olarkən Yeni Salyan yolu 22 ünvanında yerləşən “Jurnalistlər binası”nın qarşısında avtomobil yolu üzərində olan piyada hərəkət zolağı ilə hərəkət istiqamətində sağdan sola adi yerişlə hərəkət edən və yolu artıq keçməkdə olan piyadalara kimi nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək idarə etdiyi avtomaşının qabaq sol hissəsi ilə piyadalar Zərərçəkmiş şəxs və X5 ehtiyatsızlıqdan vurub piyada 24 iyul 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sol dirsək, sol qamış və incik sümüklərinin mülayim hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan sınığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarət almasına və piyada X2 qapağı və əsası sümüklərinin qəlpəli yerdəyişmiş sınıqları, beyinin yumşaq qişasına və beyin toxumasına total qansızmalar, beyin toxumasının əzilib-dağılması, hissəvi olaraq bayıra evakuasiyası (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması, ənsə-təpə nahiyəsinin geniş ölçülü əzilmiş yaraları, hər iki ağ ciyərin kontuziyası, sol böyrəyin əzilməsi, böyrəkətrafı və peritonarxas sahəyə geniş ölçülü qansızmalar, sifətin, gövdənin və ətrafların çoxsaylı sıyrıqları, bədənin küt travması kimi həyati, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər yetirilməsinə və həmin xəsarətlərdən kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları, beyinin yumşaq qişasına və beyin toxumasına total qansızmalar, beyin toxumasının əzilibdağılması, hissəvi olaraq bayıra evakuasiyası ilə müşayiət olunan açıq kəllə-beyin travması ilə nəticələnmiş xəsarətlər X3 hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, saat 18:40 radələri idi. Tıxacda qalıb. Oradan çıxandan sonra işıqforun yaşıl işığı olub və davam edib. Sürəti çox deyildi. Təxminən 65-70 km/saat. Oradan keçəndə qarşıdan işıq gözünə düşüb. Piyadanı görməyib. Sürücü kimi 20 ildən çox təcrübəsi var. Sakit həyat tərzi yaşayan insanlardır. O sadəcə bir qismət idi. Orada heç bir maneə yox idi deyə işıq gözünə düşüb. Sonra maşına nəsə dəydiyini hiss edib. Maşından düşüb və qadının yerdə uzandığını görüb. Tez bir zamanda 103 xidmətinə məlumat verib. Mərhum orada keçinib. 103 Xidmətindən gəlib qızı götürüblər. Maşının sol hissəsi onlara dəyib. O zaman hava tez qaraldığı üçün həmin saatda qaranlıq olub. Maşından düşəndən sonra görüb ki, oraya yığışıblar. Yeznəsi maşında yatmışdı. Səs olandan sonra oyanıb və ona bildirib ki, nəyəsə dəyiblər. Təcili yardım 7-8 dəqiqəyə gəlib. O gələnə qədər qadın keçinmişdi. Onlarda uşağı götürüb gediblər. Zərərçəkmişlər barəsində onu bilib ki, onlar ora qonaq gəlibmiş. Dörd uşağı var. Çox sakit həyat tərzi yaşayan adamlardır. Onlar üçün çox pis olub. Ona çox təsir edib. Onlara çox dua edib. Onlara böyük zərər dəyib ancaq onlar onu bağışlayıblar. Onların yas mərasimlərində də iştirak edib. Əməlindən çox peşmandır. Məhkəmə istintaqında X4 hüquqi varisi və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X9 bildirmişdir ki, böyük oğlu xəstaxanada yatırdı. Yoldaşı ilə qızını yolda düşürüb balaca oğlu ilə gedib. Qızı ilə yoldaşı bacısının qızıgilə gedirmişlər. Yolda zəng gəlib ki, maşın vurub. Geri qayıdıb və görüb ki, vəziyyət belədir. Təqsirləndirilən şəxslə barışıb və şikayəti yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəni təsdiq etmiş və şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, evdən şəhər tərəfə gedirmişlər. Anası ilə bacısı Kristal Abşeron kompleksində düşüblər. Bayraq Meydanı tərəfdə ona zəng gəlib. Oraya çatanda hadisəni görüblər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə olan zaman yatırdı. Səs gəlib və oyanıb. Düşüblər və gedib hadisəni görüblər. Sonra 103 xidmətinə zəng ediblər. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (c.i.v. 1). İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Salyan yolu ikitərəfli asfalt örtüklü yoludur. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (c.i.v.5-14). İş materiallarında olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi BC kateqoriyalıdır, hadisə baş verən vaxt sürücülük vəsiqəsi qüvvədə olmuşdur (c.i.v.15). İş materiallarında olan 02 noyabr 2024-cü il tarixli, 2/60945 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (c.i.v.14). İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, X9 ********* nömrəli iş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir (c.i.v.36-37). İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.39-40). İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (c.i.v.47). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X21 03 noyabr 2024-cü il tarixli 56 saylı rəyindən görünür ki, X1ın meyitində aşağıdakı xəsarətlər aşkar edildi: kəllə qapağı və əsası sümüklərinin qəlpəli yerdəyişmiş sınıqları, beynin yumşaq qişasına və beyin toxumasına total qansızmalar, beyin toxumasının əzilib-dağılması, hissəvi olaraq bayıra evakuasiyası (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması, ənsə-təpə nahiyəsinin geniş ölçülü əzilmiş yaraları, hər iki ağciyərin kontuziyası, sol böyrəyin əzilməsi, böyrəkətrafı və peritonarxası sahəyə geniş ölçülü qansızmalar, sifətin, gövdənin və ətrafların çoxsaylı sıyrıqları, bədənin küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 02 noyabr 2024-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları, beynin yumşaq qişasına və beyin toxumasına total qansızmalar, beyin toxumasının əzilib-dağılması, hissəvi olaraq bayıra evakuasiyası (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (c.i.v.61-66). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X21 28 dekabr 2024-cü il tarixli 647 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol dirsək, sol qamış və incik sümüklərinin mülayim hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər (c.i.v.88- 92). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 10 fevral 2025ci il tarixli “8/3650” saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Kia Sorento” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (c.i.v.84-86). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 22 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.94-95). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir (c.i.v.117-118). İş materiallarında olan X4 hüquqi varisi və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi iddia tələbi və şikayəti yoxdur. Barışmışdır (c.i.v.93). İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi iddia tələbi və şikayəti yoxdur. Barışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c.i.v.87). İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (c.i.v. 55-56). İş materiallarında olan Boladi kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 296482 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və həmin nikah 03 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir (c.i.v.58). İş materiallarında olan Boladi kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 273355 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X19 Bakı şəhərində anadan olmuş, ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X10” qeyd edilmişdir (c.i.v.59). İş materiallarında olan Boladi kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 273356 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X13 Bakı şəhərində anadan olmuş, ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X10” qeyd edilmişdir (c.i.v.59). İş materiallarında olan Boladi kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 930033 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X11 Bakı şəhərində anadan olmuş, ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X10” qeyd edilmişdir (c.i.v.59). İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 483200 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X14 Bakı şəhərində anadan olmuş, ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X10” qeyd edilmişdir (c.i.v.59). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılanittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, X4 hüquqi varisi və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6, (Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadə) və şahidlərin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş X4 hüquqi varisi və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 330 manat pul ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X7 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Mülki iddia yoxdur. Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar