Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-156/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 28 avqust 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Paşa Bank ASCdə kiçik mütəxəssis vəzifəsində işləmiş, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid tamah niyyətilə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdən etibarən 1193 nömrəli əmək müqaviləsi ilə Zərərçəkmiş şəxs ASC-nin Əməliyyat və Nəzarət departamentinin Bank Kartları şöbəsinin Elektron Bankçılıq qrupunun kiçik mütəxəssisi vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixli vəzifə təlimatına əsasən kart hesabı və müştərinin sifarişi üzrə müvafiq kartların yaradılması (əmək haqqı kartları, individual müştərilər üçün debet kartlar, hüquqi müştərilər üçün korporativ kartlar, Miles and Smiles kartları, PLİ kartları, adsız kartlar və digər), kartların dəyişdirilməsi və vaxtının uzadılması, sifarişdə müştəri tərəfindən qeyd olunan əlavə xidmətlərə qoşulması, məlumatların dəyişdirilməsi və ya xidmətlərin dayandırılması (kartın növündən asılı olmayaraq) üzrə əməliyyatlarının yoxlanılması və təsdiqi, kartlar və kart üzrə əməliyyatlar, internet bankçılığı və ya POS terminallar üzrə bankda mövcud olan bütün kanallardan daxil olan sorğuların icrası, kart məhsullarının sistemdə yaradılması, kartlar üzrə limitlərin təyin edilməsi və dəyişdirilməsi, işləməyən kartların yoxlanılması və tələb olunduqda dəyişdirilməsi, kartların və kart hesablarının bağlanılması, kart tariflərinin dəyişdirilməsi, kodların yaradılması və ya dəyişdirilməsinə dair əməliyyatlarının yoxlanılması və təsdiqi, monitorinq və kartların sifarişi, “internet banking”də (bankçılıqda) müştərilərin sorğularının icrasının (istifadəçiliyin açılması, hüquqların verilməsi, dəyişdirilməsi və ya dayandırılması, texniki sorğular, ümumi dəstək) yoxlanılması, müştərilərin sorğularının icrası üçün "xxxx" MMC, "xxxx" MMC və "xxxx" ASC ilə əlaqə, monitorinq və hesabatlarının hazırlanması, müştərilərin terminallar ilə bağlı bütün daxil olan sorğularının icrası və ya tələb olunduqda sorğuların vendor şirkətinə yönləndirilməsi, Zərərçəkmiş şəxs ASC kartları ilə Zərərçəkmiş şəxs terminallarında, “PAŞA Bank Mobil” əlavəsində və “MilliÖn” terminalları ilə keçirilmiş mübahisəli əməliyyatların aydınlaşdırılması, müştərinin müraciətinə əsasən Zərərçəkmiş şəxs terminal üzərindən keçirilən əməliyyatın qaytarılması, tələb olunduqda aydınlaşdırmaların aparılması, Zərərçəkmiş şəxs ASC kartlarında məbləğlərin blokdan azad edilməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədi ilə istifadə müddəti bitmiş plastik bank kartlarının yenisinin hazırlanması prosesində müştərilərə məxsus bütün məlumatları xidməti fəaliyyəti ilə əlaqədar görmək imkanından istifadə edərək Zərərçəkmiş şəxs ASC-də hesabları olan ayrı-ayrı müştərilərin çapdan çıxan bank kartlarını xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə bankın ünvan 2 ünvanında yerləşən baş ofisindəki ATM-ə daxil edərək 4 rəqəmli təhlükəsizlik kodunu özü təyin etməklə müştərilərin adına olmasına baxmayaraq, faktiki olaraq onlara təhvil verilmədiyi üçün banka aid olmaqla özünə etibar edilmiş, içərisində pul vəsaiti olan plastik kartlardan müxtəlif məbləğdə, o cümlədən, xx.xx.2021-ci il tarixdə X4 adına çap edilmiş 5103********6752 nömrəli kart vasitəsi ilə 564 (beş yüz altmış dörd) manat, xx.xx.2021-ci il tarixdə X3 adına çap edilmiş 4182********0486 nömrəli kart vasitəsi ilə 981 (doqquz yüz səksən bir) manat, xx.xx.2021-ci il tarixdə X29 adına çap edilmiş 5103********5202 nömrəli kart vasitəsi ilə 450 (dörd yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə X34 adına çap edilmiş 4182********4842 nömrəli kart vasitəsi ilə 350 (üç yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə X66 adına çap edilmiş 5402********7617 nömrəli kart vasitəsi ilə 2.000 (iki min) manat, xx.xx.2021-ci il tarixdə X12 adına çap edilmiş 5103********7869 nömrəli kart vasitəsi ilə 620 (altı yüz iyirmi) manat, xx.xx.2021-ci il tarixdə X43 adına çap edilmiş 5103********6510 nömrəli kart vasitəsi ilə 832 (səkkiz yüz otuz iki) manat, xx.xx.2021-ci il tarixdə X5 adına çap edilmiş 4182********9899 nömrəli kart vasitəsi ilə 2.787 (iki min yeddi yüz səksən yeddi) manat, xx.xx.2021-ci il tarixdə X17 adına çap edilmiş 4182********1657 nömrəli kart vasitəsi ilə 451 (dörd yüz əlli bir) manat, xx.xx.2021-ci il tarixdə X30 adına çap edilmiş 5103********3253 nömrəli kart vasitəsi ilə 3.140 (üç min bir yüz qırx) manat, xx.xx.2021-ci il tarixdə X35 adına çap edilmiş 5103********8216 nömrəli kart vasitəsi ilə 584 (beş yüz səksən dörd) manat, xx.xx.2021-ci il tarixdə X23 adına çap edilmiş 5103********5908 nömrəli kart vasitəsi ilə 4.533 (dörd min beş yüz otuz üç) manat, xx.xx.2021-ci il tarixdə X31 adına çap edilmiş 5103********7933 nömrəli kart vasitəsi ilə 1.251 (bir min iki yüz əlli bir) manat, xx.xx.2021-ci il tarixdə X18 adına çap edilmiş 5103********5651 nömrəli kart vasitəsi ilə 900 (doqquz yüz) manat, xx.xx.2021-ci il tarixdə X13 adına çap edilmiş 4182********6532 nömrəli kart vasitəsi ilə 2.230 (iki min iki yüz otuz) manat, xx.xx.2021-ci il tarixdə X44 adına çap edilmiş 5103********1648 nömrəli kart vasitəsi ilə 1.190 (bir min bir yüz doxsan) manat, xx.xx.2021-ci il tarixdə X36 adına çap edilmiş 5103********8518 nömrəli kart vasitəsi ilə 1.142 (bir min bir yüz qırx iki) manat, xx.xx.2021-ci il tarixdə X19 adına çap edilmiş 5402********5497 nömrəli kart vasitəsi ilə 1.132 (bir min bir yüz otuz iki) manat, xx.xx.2021-ci il tarixdə Şahid1 adına çap edilmiş 5402********7141 nömrəli kart vasitəsi ilə 901 (doqquz yüz bir) manat, xx.xx.2021-ci il tarixdə X9 adına çap edilmiş 5402********0929 nömrəli kart vasitəsi ilə 2.000 (iki min) manat, xx.xx.2021-ci il tarixdə X45 adına çap edilmiş 4182********9283 nömrəli kart vasitəsi ilə 1.000 (bir min) manat, xx.xx.2021-ci il tarixdə X37 adına çap edilmiş 5402********6507 nömrəli kart vasitəsi ilə 1.170 (bir min bir yüz yetmiş) manat, xx.xx.2021-ci il tarixdə X1 adına çap edilmiş 4182********2351 nömrəli kart vasitəsi ilə 515 (beş yüz on beş) manat, xx.xx.2021-ci il tarixdə X38 adına çap edilmiş 5402********4047 nömrəli kart vasitəsi ilə 400 (dörd yüz) manat, xx.xx.2021-ci il tarixdə X10 adına çap edilmiş 5402********1941 nömrəli kart vasitəsi ilə 2.990 (iki min doqquz yüz doxsan) manat olmaqla, ümumilikdə 25 ədəd kartdan istifadə etməklə cəmi 34.113 (otuz dörd min bir yüz on üç) manat məbləğində pul vəsaitini nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs ASC-yə məxsus olmaqla ona etibar edilmiş 34.113 (otuz dörd min bir yüz on üç) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə qeyd edilən vəsaitlər üzərində bankın sahiblik, istifadə və sərəncam vermə hüquqlarının pozulması, obyektiv fəaliyyətinin təmini üzrə Zərərçəkmiş şəxs ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid tamah niyyətilə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Qeyd edilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmış və vətəndaşlara məxsus kartlardan müxtəlif məbləğlərdə pul vəsaitləri çıxarsa da mənimsəmək niyyətinin olmamasını qeyd edərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayından 2021-ci ilin avqust ayının 13-dək Paşa Bank ASC-nin Baş Ofisinin Bank kartları şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləmiş, onun əmək fəaliyyəti bank kartlarının hazırlanması və onların çap edilməsindən ibarət olmuş, işçi çatışmazlığı olduğuna görə, eyni zamanda şöbənin əməkdaşları bütün işlərdən məlumatlı olsun deyə, kartların sistemdə hazırlanması, pin fayllarının yaradılması işlərini də görmüş, yəni aparılan bütün əməliyyatlara dair sistemə daxil olmaq icazəsi olmuşdur. Kartların çapını isə ancaq o həyata keçirmişdir. Belə ki, kartların hazırlanması ilə bağlı sifariş banka daxil olduqdan sonra əməliyyat şöbəsində hazırlanmalı kartla bağlı bütün məlumatlar tərtib edilməklə hazır siyahı formasında onun işlədiyi şöbəyə elektron şəkildə, həmçinin üzərində Zərərçəkmiş şəxs ASC-nin “logo” yaxud şəkilləri olan kartlar hazır formada göndərilmiş, həmin kartları “embosser” adlanan qurğuya daxil edərək çap funksiyasını işə salmaqla bir dəfəyə həmin aparata 250-300 kart olmaqla gündəlik ***-**** ədəd kart çap etmişdir. Çap prosesində kartın üzərinə ad, soyad və müvafiq rəqəmlər, həmçinin kartın elektron daşıyıcısına isə müştəriyə dair məlumatlar yazılmışdır. Bəzi hallarda təcili kart sifarişləri olduğuna görə əvvəlcədən tərtib edilmiş siyahılarda adları olan şəxslərə dair kartların çapını tezləşdirmək üçün siyahıda, yəni “log”-larda onun özü tərəfindən dəyişiklik edilmiş, təcili kartların çapı zamanı bəzi hallarda səhv etdiyinə görə müştərilərin kartlarının elektron daşıyıcılarında yazılan məlumatlar dəyişik düşərək, kartın üzərində olan məlumatlar başqa şəxsə, elektron daşıyıcısında olan məlumatlar isə qeyrisinə aid olmuşdur. Baş verən texniki xəta ilə bağlı işlədiyi qurğunun ekranında olan xəbərdarlığa əsasən səhv çap edilən kartları dərhal müəyyən etmək imkanı olmuşdur. Lakin yol verdiyi səhvin aradan qaldırılması, yeni kartın çap edilməsi üçün işlədiyi şöbənin müdirinə daha sonra departament rəhbərinə məlumat veriləcəyindən qorxduğu üçün çap zamanı səhvə yol verdiyi kartları Zərərçəkmiş şəxs ASC-nin müştərilərə təqdim etdiyi kartlara pin set funksiyası ilə müştərilərin pin kodlarını özlərinin təyin edərək istifadə etmək imkanından yararlanaraq bankın baş ofisində yerləşən ATM-ə daxil edib kartdakı pul vəsaitlərini çıxararaq müştərilərə şəxsən aparıb çatdırmaq, sonradan bankın sisteminə girib adları səhv düşən müştərilərin kodlarını dəyişərək xətasını düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə də bankın xidməti istifadə üçün ona təqdim etdiyi ********** mobil nömrəsi ilə müştərilərin bankın sistemindən tapdığı nömrələrinə zəng edərək bankın sistemində xəta baş verdiyini, hesabların sıfırlandığını, həmin şəxslərin əmək haqqı kartlarına kənar mənbələrdən 500 manatdan artıq vəsaitin mədaxil edilməsinə icazə verilməməsi səbəbindən kartların özü tərəfindən şəxsən təhvil verilməsini təklif etmiş və həmin müştərilərin iş yerinə yaxud yaşayış yerinə yaxınlaşıb kartı və pulu şəxsən özlərinə, bəzi hallarda isə mühasibatlığa təhvil vermişdir. Əmək haqqı kartlarına 500 manatdan artıq vəsait mədaxil etməyə icazə verilmədiyi üçün o çıxardığı pulları “cash inn” aparatı vasitəsi ilə müştərilərin hesabına mədaxil edə bilməmişdir. 14 aprel 2021-ci il tarixdən başlayaraq 2021-ci ilin iyul ayının əvvəllərinədək olan müddətdə X8 məxsus 564 manat, X6 məxsus 981 manat, X39 məxsus 450 manat, X46 məxsus 350 manat, X52 məxsus 1.190 manat, X53 məxsus 1.000 manat, X2 məxsus 515 manat, X14 məxsus 2.000 manat, X24 məxsus 900 manat, X25 məxsus 1.251 manat, X26 məxsus 1.132 manat, Şahid1 901 manat, X15 məxsus 2.990 manat, X27 məxsus 451 manat, X20 məxsus 2.230 manat, X47 məxsus 1.142 manat, X48 məxsus 584 manat, X69 məxsus 2.000 manat, X16 2.787 məxsus manat, X21 məxsus 620 manat, X54 məxsus 832 manat məbləğində pulları nağdlaşdırıb yeni kart və vəsaitləri sahiblərinə təqdim etmiş, 21.429 manat pulu 21 nəfərə müxtəlif vaxtlarda qaytarmış, eyni zamanda həmin şəxslərə yeni bank kartlarını təqdim etmişdir. Kartları çap etdiyi gün hesabda olan pulu tam çıxarıb müştəriyə ya həmin gün ya da növbəti gün zəng edib təqdim etmişdir. Bundan əlavə 2021-ci ilin 14 aprel tarixindən həmin ilin iyul ayının əvvəllərinədək olan müddətdə X32 məxsus 4.533 manat, X58ma məxsus 3.140 manat, X49 məxsus 400 manat, X50 məxsus 1.170 manat məbləğində pulu nağdlaşdırsa da, həmin şəxslərin barəsində bankın sistemindəki məlumatlar düzgün olmadığına görə həmin vəsaitləri müştəridən məlumat əldə olunana kimi otağında dolabda saxlamışdır. Sadalanan hallar bankın rəhbərliyinə məlum olduğunda və izahat vermək üçün dəvət edildiyinə görə dərhal telefonla atası Şahid4 məlumat vermiş, onu banka çağırmış, dolabda saxladığı 12.684 manat məbləğində pul vəsaitini atasına vermiş, növbəti gün 7.300 manat atası Şahid4 adından müvafiq hesaba mədaxil edilmiş, sonradan əlavə 223 manat, araşdırma başa çatandan sonra isə 5.384 manat məbləğində pul vəsaitini bankda açılan hesaba özü mədaxil etmiş, sonradan həmin vəsait bank tərəfindən müştərilərin hesablarına köçürülmüşdür. İstintaq zamanı Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə müəyyən edilmiş yazışmalarına münasibətdə ifadə verərkən şəxsi ehtiyaclarına görə müxtəlif tanışlarından borc aldığını, lakin kartlardan çıxardığı vəsaiti borclarının ödənilməsinə sərf etmədiyini göstərmişdir. Bundan başqa təqsirləndirilən şəxs kartlardan vəsaitin məxaric edilməsi zamanı ATM vasitəsi ilə qeydə alınan fotoşəkillərin ona məxsus olmasını təsdiq etmişdir. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs ASC-nin Hüquqi məsələlər şöbəsinin böyük hüquq məsləhətçisi Nümayəndə1 ifadəsində göstərmişdir ki, kiçik mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs əsas əmək funksiyası Paşa Bank ASC-nin müştəriləri üçün əvvəlcədən bankın digər əməliyyat şöbələri tərəfindən hazırlanmış siyahı üzrə plastik kartların çapından ibarət olmuş, bank kartları hazır formada gətirilərək embosser adlanan qurğuda onun üzərinə müştərilərin ad, soyad, iş yerləri, kart hesablarının nömrələri yaxud mümkün digər yazı qeydləri aparılmış, həmçinin kartların ATM, posterminalda istifadəsi və təmassız (NFC) ödənişləri aparmaq üçün elektron daşıyıcısına müvafiq məlumatlar yazılmışdır. Çap prosesi əsasən avtomatlaşdırılsa da, yarana biləcək texniki çətinliklərin qısa zamanda aradan qaldırılması üçün bankın əməliyyat işçilərinə, o cümlədən Təqsirləndirilən şəxs bankın əməliyyat sisteminə daxil olmaq, müştərilərə dair anket məlumatlarına daxil olmaqla hesabların vəziyyəti və hesab qalıqlarına dair informasiyaları görmək imkanı verilmişdir. Bundan başqa yeni çap edilən bank kartlarından istifadəni asanlaşdırmaq məqsədi ilə bankın “pin set” funksiyası müştərilərin istifadəsinə verilmişdir ki, həmin funksiyadan istifadə edən müştəri kartı ATM-ə daxil etdikdən sonra 3 dəfə təkrar yığılmaqla yeni təhlükəsizlik kodu yarada bilir. Bankda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çap etdiyi kartlardan bir neçəsi üzrə ATM vasitəsilə müştərinin razılığı olmadan qanunsuz yolla pul vəsaiti nağdlaşdırmışdır. Bununla bağlı 28 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs izahatı alınmış və o, bankın bir neçə müştərisinin hesablarından vəsaitləri qanunsuz olaraq məxaric etdiyini etiraf etmişdir. Qeyd olunanlarla bağlı 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmiş, həmçinin onun əməllərinə qiymət verilməsi üçün 16 avqust 2021-ci il tarixdə aidiyyəti üzrə hüquqmühafizə orqanlarına müraciət ünvanlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən banka məlum olan cəmi 25 nəfər müxtəlif müştərinin bank kartlarına qanunsuz müdaxilə edilmiş, hesablardan vəsait çıxarıldıqdan sonra kartları blok edilmiş, sonradan həmin müştərilər üçün Təqsirləndirilən şəxs tərəfindən yeni kart çap edilmişdir. Araşdırma zamanı hesabından qanunsuz olaraq vəsaitlər məxaric edilmiş 25 nəfər şəxsdən altı nəfərin hesabına vəsaitlər bank tərəfindən bərpa edilmiş, digər 19 nəfər şəxsin hesabından çıxarılmış vəsait isə Təqsirləndirilən şəxs tərəfindən həmin şəxslərə qaytarılmışdır. Təqsirləndirilən şəxs ona verilmiş texniki imkanlardan istifadə edərək etdiyi qanunsuz hərəkətləri nəticəsində bankın işgüzar nüfuzuna xələl gəlmiş, müştərilərin banka etibar edilmiş vəsaitlərinin təhlükəsizliyi sahəsində banka olan etimad sarsılmışdır. Ümumilikdə müəyyən edilən 25 hal üzrə hesablardan çıxarılmış vəsaitin həcmi 34.113 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ASC-nin Müştəri sorğularının icrası şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Şahid2 ifadəsində 2021-ci ilin yanvar-oktyabr aylarında müştəri sorğularının icrası qrupunun qrup rəhbəri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs isə həmin qrupda kiçik mütəxəssis vəzifəsində işlədiyini, onunla bağlı aparılan araşdırmada iştirak etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs vəzifə funksiyaları geniş olsa da, o əsasən bankda sifariş verilən bank kartlarının çapı, qablaşdırılması, sorğular üzrə bölünüb və təhvil verilməsi ilə məşğul olmuş, hazır kartları ya filiallara göndərmiş, ya da sifariş üzrə ünvana göndərilməsi üçün şöbənin digər əməkdaşlarına təhvil vermiş, boş vaxtlarında isə digər işçilərə kart yaradılması ilə bağlı köməklik etmişdir. Kartlar müştəri tərəfindən sifariş edildikdən sonra bankın əməliyyat sistemində avtomatik olaraq yaranaraq növbəti gün çap edilməsi üçün yüklənilmiş, “embosser” adlı qurğuda çap edilmişdir. Kartlar çap edilən zaman bəzi kartlarda çap xətası baş versə də, faiz nisbətində bu çox aşağı göstərici olmuş, bəzi hallarda həftə ərzində belə hal olmasa da, bəzi hallarda 400-800 karta nisbətdə orta hesabla üç yaxud beşində xəta olmuşdur. Təqsirləndirilən şəxs ATM-ə daxil etməklə pul çıxardığı kartların hamısında yeni kart yaradılması halı qeydə alınmışdır. Belə ki, “embosser” aparatında texniki səhv olanda çapdan çıxmış kartdan istifadə etmək mümkün olmur. Təqsirləndirilən şəxs tərəfindən ATM-ə daxil edilən və pul çıxarılan kartların hamısı istifadəyə yararlı olmuş, həmin kartlarda texniki səhv olmamış, pul çıxarılan 25 kartın hər biri kartdan pul çıxarıldıqdan sonra o, ona verilmiş imkandan istifadə etməklə kartları qeyri aktiv edib, bundan sonra yeni kart yaratmışdır. Covid-19 pandemiyası dövründə bir çox işçilər ev şəraitində işlədiyinə görə yeni kart yaradılması zamanı təsdiq etmək səlahiyyəti olan qrup rəhbəri kimi o və həmin şöbədə işləyən mütəxəssis Şahid5 yeni kart yaradılması ilə bağlı icazəni məsafədən vermək məcburiyyətində olmuşdur. Belə ki, kartlardan pul çıxardıqdan sonra Təqsirləndirilən şəxs ona verilən texniki imkanla həmin kartları qeyri aktiv etməsi səbəbindən onları aldada bilmiş, əlavə suallar yaranmamış, həmçinin say etibarı ilə 4 ay ərzində 25 kartda texniki səhv olması bəhanəsi də inandırıcı görünmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs pul çıxardığı kartların hamısı əmək haqqı kartları olmuşdur. Belə ki, müştəri fərdi qaydada kart sifariş verəndə narahat olduğu üçün daha sıx şəkildə kartını izləyərək nə vaxt hazır olması və haradan götürəcəyi ilə maraqlansa da, əmək haqqı kartları isə adətən iş yerlərinə göndərildiyinə görə orada olan gecikmələri kart sahibləri hiss edə bilməmiş, bir neçə gün gecikmə o qədər də diqqət cəlb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş cinayətin baş verdiyi dövrdə Zərərçəkmiş şəxs ASC-nin müştəri sorğularının icrası qrupunun mütəxəssisi vəzifəsində işləmiş Qədirov X40 Nigar İlqar qızı ilə oxşar məzmunda ifadə vermiş, əlavə olaraq Təqsirləndirilən şəxs bir neçə dəfə ondan 40-50 manat, 150 ABŞ dolları məbləğində borc alıb qaytarsa da, borc istəmə halları təkrarlandığına görə sonralar borc verməmiş, onun bankın digər əməkdaşlarından da borc pul alması barədə eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid4 ifadəsində göstərmişdir ki, oğlu ona 28 iyul 2021-ci il tarixdə işlədiyi Zərərçəkmiş şəxs ASC-də problemləri olmasını, iş yerində plastik kartları çap edən zaman texniki səhv baş verməsi səbəbindən müştərilərin pullarını kartdan çıxarıb onlara təhvil versə də, 4 nəfərin nömrələrinə zəng çatmadığı üçün həmin şəxsləri tapmadığını bildirmişdir. Təqsirləndirilən şəxs iş yerində saxladığı 7.300 manat pulu ona təhvil vermiş, o da 7.300 manat pulu xx.xx.2021-ci il tarixdə bankda açılmış xüsusi hesaba ödəmişdir. Bundan başqa oğlunun 2019-2020-ci illərdə müxtəlif şəxslərə, o cümlədən qonşuları Elçin və Zaura müxtəlif məbləğlərdə borcu olmuş, təqribən 10-12 min manat borc onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ASC-nin kart sistemləri mütəxəssisi Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bankda işlədiyi dövrdə dəfələrlə ondan və bankda işləyən digər əməkdaşlardan atasının xəstə olması və digər adlarla 20, 50, 100 manat məbləğində mütəmadi olaraq borc istəmişdir. Hər dəfə bu hal təkrar olduğuna görə bəzən borcla bağlı xahişlərinə məhəl qoymamış, 2021-ci ilin aprel ayında olan mesajları da onun borc pul istəyi ilə bağlı olmuşdur. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli cinayət işin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanmışdır. İş materiallarında olan 18 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Paşa Bank” ASC-dən götürülmüş 1 ədəd disk, X4 adına çap edilmiş 5103********6752 nömrəli kart, X3 adına çap edilmiş 4182********0486 nömrəli kart, X29 adına çap edilmiş 5103********5202 nömrəli kart, X34 adına çap edilmiş 4182********4842 nömrəli kart, X66 adına çap edilmiş 5402********7617 nömrəli kart, X12 adına çap edilmiş 5103********7869 nömrəli kart, X43 adına çap edilmiş 5103********6510 nömrəli kart, X5 adına çap edilmiş 4182********9899 nömrəli kart, X17 adına çap edilmiş 4182********1657 nömrəli kart, X30 adına çap edilmiş 5103********3253 nömrəli kart, X35 adına çap edilmiş 5103********8216 nömrəli kart, X23 adına çap edilmiş 5103********5908 nömrəli kart, X31 adına çap edilmiş 5103********7933 nömrəli kart, X18 adına çap edilmiş 5103********5651 nömrəli kart, X13 adına çap edilmiş 4182********6532 nömrəli kart, X44 adına çap edilmiş 5103********1648 nömrəli kart, X36 adına çap edilmiş 5103********8518 nömrəli kart, X19 adına çap edilmiş 5402********5497 nömrəli kart, Şahid1 adına çap edilmiş 5402********7141 nömrəli kart, X9 adına çap edilmiş 5402********0929 nömrəli kart, X45 adına çap edilmiş 4182********9283 nömrəli kart, X37 adına çap edilmiş 5402********6507 nömrəli kart, X1 adına çap edilmiş 4182********2351 nömrəli kart, X38 adına çap edilmiş 5402********4047 nömrəli kart, və X10 adına çap edilmiş 5402********1941 nömrəli kartdan pulun bankomatdan nağdlaşdırılması zamanı qeydə alınmış görüntülərdə Təqsirləndirilən şəxs qeydə alınması müəyyən edilmişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi rayon məhkəməsinin qərarı əsasında "xxxx" MMC tərəfindən göndərilmiş 01 ədəd “CD” diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan, cinayət hadisəsi törədilən dövrdə ciddi maddi çətinliklərinin olması, yaxınları və tanışlarından borc pul istəməsi, həmçinin müştərilərin kart hesablarından pul çıxararaq şəxsi ehtiyaclarına sərf etməsi halları müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs X51 ilə apardığı yazışmalar zamanı “Cimi ayin 8 i opwi puluvu verecem 1 gun oyan buyan olan deil”, “150 man vermisen”, 1100 qalb”, “Mene bele 2500 gotursem aya 200 versem bes elir? Minumum yeni”, Qardaw cani pul axtaram icin ****** o pulu goturmelieme sbh kiwie yalan dedimki iwcilerde iwe cixir sbh pul vuatacalar karta. Varyoxuna kenet bezmiwem uje”, “Qardaw cani pul vermeliydim kiwie”, “Pul axtaram bawiva donum”, Daniwammiram cimi. Pul dilenirem gorum nenirem dimek isdiremki o pulu tapmaliam. Umudum sbh o 2400 m goturmekdi”, “3-4 un yarisina kimi hell ele senol 1170 opwi vermeliem muwterilere. 1 in yola vere bilem uzadiram vaxtiki bankindi zad problem. 1 i ****** diribki zeng v uram melumat merkezine demiwem buhun oturacaq 4 e kimi kartiva 570 vermeliem sen cani gor nenirsen”, “Daniwdim dedim 5 de kartinfa olacaq dedim uzagi 15deq oyan buyan olar iwden cixdin pramoy taxia min gel pulu goturek rawoy elierik”, “İcin ***** cvb verde bezdim axi. Men sene defimki bu menim axirimdida sende gua men nece olmuwwm ele elirsen mene”, “Dedimki 5e 6 nin yarisina kimi vacub lazimdi pul sen bawa duwmursen ama bu ele bele taniw borcu deilki firradim. Pox qoydun menim heyatima senol”, “Elcin bawiva donum gel 400 m al bawiva donum uje ***** men, İcin ***** cvb verde bezdim axi. Men sene defimki bu menim axirimdida sende gua men nece olmuwwm ele elirsen mene”, “Hecne senin taniwindi o. Hell elie bilersen meni kankret *****t gunde qoydun senol.”, “ Soxum pulada her weyede men iwden ****** konkret”, “O ******* deki ******* onun cinsin ona gore men camaatin kartinnan pul ogramiwam indi nenim. Camaatnan mirtdawirammi bazar gunudu yuklenmir maaw kartina pul sbh tezden yuklenecek”, “Vermesem day ***** men onsuz ***** buda uje kankret poxdu”, “O varyoxsizdan xeber var? Men erize yazacam bugun bele getse iwden çıxmağa.” məzmununda ismarıclar aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs X28 ilə “Xaiw edirem 1 gun sebr ele Valla tapa bilmirem hec hardan. Sbh 2 tamamda pul sendedir”, “Ele deirsenki ele bil mewognan pul kesirem. Gorsenki mende taniw olsada faize alib veremde sene mende isdiremki sen rahat olasan. Birdefelik elinde olmur” məzmununda ismarıclar aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 aprel 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ASC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 6 saylı MKS-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ASC-nin 17 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ASC-yə vurulmuş zərər ödənilmişdir, hazırda ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ASC-nin böyük hüquq məsləhətçisi Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC mobil rabitə operatorundan götürülmüş 1 ədəd disk, Zərərçəkmiş şəxs ASC-nin təqdim etdiyi hesablar üzrə çıxarışlar, ATM vasitəsi ilə qeydə alınmış foto görüntülərin olduğu disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Kapital Bank“ ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından X11 hesabına dəymiş zərərin 25 %-i olan 8529 (səkkiz min beş yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. İş materialları ilə müəyyən olunur ki, cinayət nəticəsində dəymiş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbləri yoxdur, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə dəymiş ziyanı tamamilə ödəməsini, ondan şikayət və tələbin olmamasını, polikistik böyrək xəstəsi olmasını və atasınin 1-ci Qarabağ müharibəsi veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd disk və Zərərçəkmiş şəxs ASC-nin təqdim etdiyi hesablar üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 73-1.2, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd disk və Zərərçəkmiş şəxs ASC-nin təqdim etdiyi hesablar üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-156/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-156/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver