Məhkəmə qərarları › İş №1(009)-161/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-161/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-161/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuş, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 18 may 2022-ci il tarixdə saat 22:43 dəqiqədə tanışı Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında yerləşən “Şaurma №1” kafesində masalardan birində əyləşən zaman Zərərçəkmiş şəxs içərisində 513 manat nağd pul və 01 ədəd idman kartı olan özünə məxsus 3 manat dəyərində pul kisəsini masanın üzərinə qoyaraq sanitar qovşağına getdikdən sonra sonuncuya məxsus pul kisəsini gizli talayıb oğurluq etməklə Zərərçəkmiş şəxs ümumilikdə 516 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, toy və digər məclislərdə meyxana deyərək pul qazanıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə də təxminən 1 il əvvəl toy məclislərdən birində tanış olmuşdur. 18 may 2022-ci il tarixdə axşam saatlarında Tural ona zəng edərək dostunun ad günü məclisi ilə əlaqədar onunla görüşmək istədiyini bildirmiş və görüş üçün onu “Torqovaya” adlanan əraziyə dəvət etmişdir. Onlar həmin gün saat 23:30 radələrində həmin ərazidə yerləşən “Şhaurma № 1” adlı restoranda görüşmüşlər. Tural söhbət zamanı 21 may 2022-ci il tarixdə dostunun ad günü mərasimi olacağını və onun da həmin məclisdə iştirak etməyini istədiyini bildirmişdir. O, Turala heç bir etiraz etməyib onunla razılaşmışdır. Bundan sonra Tural özünə məxsus qara rəngli pul kisəsini masanın üzərinə qoyaraq sanitar qovşağına getmiş, o da Turalın sanitar qovşağına daxil olduğunu görüb onun pul kisəsini açaraq içərisinə baxmış və orada bir neçə ədəd 100 manatlıq pul əskinasının olduğunu görmüşdür. Maddi imkanı zəif olduğundan və pula ehtiyacı yarandığından həmin pul kisəsini oğurlamaq qərarına gəlmiş və ətrafdakı şəxslərin bunu başa düşməyəcəklərini görüb pul kisəsini əynindəki şalvarın cibinə qoyaraq restoranı tərk etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21:40 radələrində əvvəllər meyxanaçı kimi məclislərdən tanıdığı Sultanəliyə zəng edərək dostunun ad günü məclisi ilə əlaqədar həmin məclisdə meyxana deməsi üçün onunla görüşmək istədiyini bildirmiş və hazırda “Torqovaya” adlanan ərazidə olduğunu və vaxtının olduğu təqdirdə həmin ünvana gəlməsini xahiş etmişdir. Təxminən 1 saat sonra Sultanəli ilə həmin ərazidəki Rəsulzadə küçəsində yerləşən “Şaurma № 1” restoranının qarşısında görüşüb birlikdə içəri daxil olaraq masaların birində əyləşən zaman o, özünə məxsus içərisində 513 manat nağd pul və idman üçün nəzərdə tutulan giriş katı olan pul kisəsini masanın üzərinə qoymuş və Sultanəli ilə təxminən 5 dəqiqə söhbət etdikdən sonra həmin restoranının içərisində yerləşən sanitar qovşağına girmişdir. 5 dəqiqə sonra çölə çıxaraq masaya yaxınlaşan zaman masada nə pul kisəsini, nə də Sultanəlini görməmiş, onun mobil nömrəsinə zəng etdikdə mobil telefonun söndürülmüş halda olduğu üçün ona məxsus pul kisəsinin oğurlamasını başa düşmüşdür. Hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsiri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəlsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 18 may 2022-ci il il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Şaurma N1” kafesində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirən zamanı müəyyən edilmişdir ki, 18 may 2022-ci il tarixdə saat 23:37-də Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kafeyə daxil olurlar. Onlar kafedəki masalardan birinə keçib orada əyləşirlər. Əyləşdikdən sonra Zərərçəkmiş şəxs özünə məxsus pul kisəsini masanın üzərinə qoyur. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra saat 23:43-də Zərərçəkmiş şəxs masadan qalxaraq sanitar qovşağına gedir. Onun ardınca Təqsirləndirilən şəxs masanın üzərindəki pul kisəsini götürərək içərisinə baxır və bir neçə saniyə ərzində ətrafa boylanaraq heç kimin onun əməlindən xəbərdar olmadığından əmin olduqdan sonra pul kisəsini əynindki şalvarın cibinə qoyaraq adi qaydada yeriyərək kafeni tərk edir. İş materiallarında olan 20 iyun 2022-ci il il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək ona 09 ay, 09 gün müddətinə islah işləri təyin edilmişdir. AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilib. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3721 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olmuş, hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan qara rəngli üzərində Zilli” yazısı olan pul kisəsinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına orta bazar qiyməti təxminən 3,0 manat müəyyən olunur. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyun 2022-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(009)-161/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 28 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixində saxlanılaraq Səbail Rayon MSY-nə təhvil verilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını və onunla barışmasını, ziyanın tam olaraq ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar