Məhkəmə qərarları › İş №1(009)-161/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-161/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-161/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Saatlı rayonunun Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyul 2025-ci il tarixdə saat 12.30-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü səlahiyyətli vəzifəli şəxs olmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yüksək vəzifəli işçisi kimi təqdim edərək sonuncuya sosial evlərdən mənzil verilməsinə köməklik edəcəyi barədə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin avqust ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda ünvan 1 ünvanda yerləşən “Sahara” gözəllik salonunun qarşısında həmin dövrün məzənnəsi ilə 3.400 (üç min dörd yüz) manat təşkil edən 2.000 (iki min) ABŞ dolları və 2022-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda həmin mənzilin sənədləşdirilməsi adı ilə 200 manat məbləğində pulun həmin ünvandan özünə məxsus (kart nömrəsi və bankın adı) plastik kartın hesabına köçürüməsinə nail olmaqla verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 3.600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 pulu ona borc kimi verməsini, real maliyyə ehtiyatları olmadığı halda qısa müddət ərzində qaytaracağına dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda 300 manat, 200 manat, 200 manat və 100 manat məbləğində pulun özünə məxsus plastik kartın (hansı bank və hesab nömrəsi) hesabına köçürüməsinə nail olmaqla verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə pulunu ələ keçirib zərərçəkmiş səxs Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü səlahiyyətli vəzifəli şəxs olmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yüksək vəzifəli işçisi kimi təqdim edərək sonuncunun əri, birinci Qarabağ müharibəsi veteranı və 2-qrup əlil X3 əlillər üçün nəzərdə tutulan avtomobilin verilməsində kömək edəcəyi barədə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan,yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 24 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda 1.000 (bir min) manat məbləğində pulunu alıb ələ keçirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü səlahiyyətli vəzifəli şəxs olmadığı halda Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Nazim adlı əməkdaşı kimi təqdim edərək sonuncunun əri X3 İ Qarabağ Mühraibəsi veteranı və İİ qrup müharibə əlili olduğuna görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yeni inşa edilən hündür mərtəbli binadan 3-cü mərtəbədən 2 otaqlı sosial mənzil verdirəcəyi barədə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan,yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 27 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda 8.000 (səkkiz min) manat məbləğində pulunu alıb ələ keçirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü səlahiyyətli vəzifəli şəxs olmadığı halda Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Nazim adlı əməkdaşı kimi təqdim edərək sonuncunun əri Firudin Bədiyevin vəfat edənədək əlilliyə görə aldığı təqaüdünün 50 % miqdarında Zərərçəkmiş şəxs1 almasına köməklik edəcəyi barədə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan,yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin dekabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda ünvan 2 ünvanda 1.500 (min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü səlahiyyətli vəzifəli şəxs olmadığı halda Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Nazim adlı əməkdaşı kimi təqdim edərək sonuncunun oğluna sosial evlərdən mənzil verilməsində köməklik edəcəyi barədə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan,yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2023-cü ilin fevral ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda ünvan 3 ünvanda yerləşən “Nərimanov parkı”nda 4.000 manat və 3-4 gün sonra yenə də həmin ünvanda 2.700 manat məbləğində pulunu alıb ələ keçirərək vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 ümumilikdə 6.700 (altı min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 Şirəli qızına özünü Sosial Müdafiə Nazirliyinin yüksək vəzifəli işçisi kimi təqdim edərək sonuncuya təqaüd düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq 2023-cü ilin oktyabr ayının əvvəllərində onun göndərdiyi plastik kartın hesabına Ağcabədi rayonu Hacıbədəlli qəsəbəsində yerləşən “Yolüstü” marketdə quraşdırılmış terminal vasitəsilə 2.000 manat, bir həftədən sonra isə yenə də həmin ünvandan 3.500 manat, ümumilikdə 5.500 manat məbləğində pulun köçürülməsinə nail olmuş, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla pulunu ələ keçirib zərərçəkmiş səxs Zərərçəkmiş şəxs5 ümumilikdə 5.500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü “tik-tok” sosial şəbəkəsində profilində canlı yayım açaraq adını Sadiq kimi səsləndirməklə özünü xeyriyyəçi, dövlət qulluğunda çalışan, Neftçala və Sabirabad rayonlarında mal-qara fermaları olan, şəhid ailələrinə və qazilərə kömək edən şəxs kimi təqdim edərək ona müraciət etmiş Zərərçəkmiş şəxs6 Babali oğlunu Bakı şəhəri, Binəqədi rayonu, 300 nömrəli tam orta məktəbə riyaziyyat fənni üzrə müəllim işinə düzəldəcəyi barədə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan,yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 18 oktyabr 2023cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Bravo” marketin qarşısında 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş səxs Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 özünü Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edərək sonuncuya sosial müavinət-təqaüd düzəldilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq 2024-cü ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “İmperial” şadlıq evi ilə üzbə-üz avtobus dayanacağında 1.500 manat nağd pul almış, bir həftə sonra sonuncunun Biləsuvar rayonu Nur market adlı mağazanın qarşısında quraşdırılmış Milli.ön vasitəsilə palstik kartının hesabına 1.000 manat, bundan bir həftə sonra yenə də həmin ünvandan pastik kartının hesabına 500 manat məbləğində pulun köçürüməsinə nail olmuş, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla pulunu ələ keçirib zərərçəkmiş səxs Zərərçəkmiş şəxs4 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü Sosial Müdafiə Nazirliyinin yüksək vəzifəli işçisi kimi təqdim edərək sonuncunun qızına orta-ixtisat təhsil müəssisəsindən diplom alacağı barədə yalan vədlər verib inandıraraq 2024-ci ilin avqust ayının axırlarında sonuncunun ünvan 1 ünvanda yerləşən «Sahara» gözəllik salonunda olan zaman onun plastik kart hesabına köçürdüyü 2.000 (iki min) manat məbləğində pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş səxs Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 sonuncunu Kərbəla ziyarətinə göndərəciyinə köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq 2024-ci ilin sentyabr ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən «Sahara» gözəllik salonunun qarşısında milli valyuta məzənnəsi ilə 1.445 (min dörd yüz qırx beş) manat təşkil edən 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş səxs Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə Nərimanov rayonu ərazisində Keşlə bazarında tanış olmuş, münasibətləri yaranmış və özünü Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Nazirliyinin işçisi olan Nazim kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 həyat yoldaşının əlilliklə bağlı təqaüd almasına kömək etmək adı ilə 1000 manat pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs1 və qızı Zoyadan müxtəlif səbəblərə sosial ev almaq, təqaüdün artırılmasına görə 17700 manat pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs3 ilə “tiktok” sosial şəbəkəsində tanış olmuş, bir müddət aralarında şəxsi münasibət olmuş və eyni qayda ilə şəxsdən sosial ev almaq (2000 ABŞ dolları), diplom almaq(2000 manat), Kərbəla ziyarətinə (850 ABŞ) aparmaq adı ilə müxtəlif məbləğlərdə pul almışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə tiktokda canlı yayım açaraq özünü xeyriyyəçi kimi tanıtmışdır. Həmin tatından sonra özünü Zərərçəkmiş şəxs6 kimi təqdim edən şəxs ona zəng etmiş və işə düzəltməsi üçün xahiş etmişdir və bu məqsədlə şəxsdən 3000 manat pul almışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs5 oğlu ilə dost münasibətləri qurmuş və beləliklə, İradə və onun tanıdığı bir neçə nəfərdən pul vəsaitləri almışdır. Zərərçəkmiş şəxs5 xəstəlikdən əziyyət çəkdiyini eşidəndən sonra ona əlillik təqaüdü düzəldə biləcəyini deyərək razılıq əldə etmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən yerdə İradənin qardaşı Hafizlə görüşərək İradənin sənədləri ilə birlikdə 4000 manat pul almışdır.Bundan sonra sonuncuların qohumları üçün təqaüd düzəltmək məqsədilə Hafiz və İradədən ümumilikdə 18.000 manat pul məbləği almışdır. Zərərçəkmiş şəxs4 ilə Biləsuvar rayonunda tanış olmuş və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Nazirliyinin işçisi kimi təqdim etmişdir. Bu tanışlıqdan sonra Şəhriyar müraciət edərək ona sosial müavinət düzəltməsini xahiş etmişdir. 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs4 3000 manat pul almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nərimanovda bazarda təqsirləndirilən şəxslə tanış olmuş, Qərbi azərbaycanlı olduğunu demiş, o da Qərbi azərbaycanlı olduğunu, Sosial Müdafiə Nazirliyində işlədiyini pensiya düzəltdiyini, ev verilməsi işləri ilə məşğul olduğunu demişdir. Həyat yoldaşı Firudinin birinci Qarabağ veteranı və 2-ci qrup əlil olduğunu bildirdikdən sonra sonuncuya avtomobil verilməsinə köməklik göstərəcəyini demişdir və bu məqsədlə ona 1000 manat pul vermişlər. Bundan sonra qazilərə ev verildiyini bildirərək 8000 manat əlavə pul almışdır. Daha sonra Firudin rəhmətə getmiş və şəxs bildirmişdir ki, Firudinin təqaüdünün 50 faizini ona yönəltmək olar və buna görə 1500 manat vermişdir. Ümumi olaraq, Elməddinə 10500 manat pul vermişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “tiktok” sosial şəbəkəsindən tanış olmuşlar və özünü sosial fondda işləyən Mübariz kimi təqdim etmişdir. Mübariz sosial ev verilməsi ilə bağlı işlədiyi ünvan 1 ünvanda yerləşən Sahara gözəllik salonunun qarşısında 2000 ABŞ dolları məbləğində pul almışdır. Əlavə olaraq qızına diplom verilməsi, Kərbəla ziyarətinə görə ümumilikdə 8950 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi 3-cü dəfədir görür, bundan əvvəl 1 dəfə pulu alanda, 1 dəfə Nərimanov rayon Polis İdarəsində görmüşdür. Bununla yanaşı Sadiq adlı bir nəfər də olmuşdur. Sadiq adlı şəxsin “tiktok” sosial şəbəkəsində canlı yayımına qoşulmuş, həmin şəxs, özünü xeyriyyəçi, Sabirabad və Saatlı rayonlarında fermaları olan, şəhid ailələrinə kömək edən, dövlət işçisi kimi təqdim etmişdir. Həmin şəxsin mobil telefon nömrəsini götürüb ertəsi gün ona zəng vurub məsləhətli iş olarsa işləyə biləcəyini demişdir. Həmin şəxs birbaşa pulla olduğunu demiş və müəllim olduğunu öyrəndikdən sonra xalası oğlunun Təhsil Nazirliyində işlədiyini deyib ona, yəni Elməddinə yönəltmişdir. Təhsil nazirliyinin yanındakı “Bravo” marketin qarşısında ona 3000 manat pul vermişdir. Bakıda işə düzəlmək üçün yüksək bal lazım olmuş, bu balı toplaya bilməmişdir. Onlar vakansiya olduğunu, həmin vakant yerləri gizli saxladıqldarını, lazım olduqda sentyabr-oktyabr aylarında həmin yerlərə müəllim düzəltdiklərini demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə anası vasitəsilə tanış olmuşdur. Həmin şəxs “sosial evlər” ilə bağlı 4000 manat bir, 2700 manat da bir pul almışdır. Bundan sonra həmin şəxslə əlaqə saxladıqda anasının rəhmətə getdiyini demiş, sonra isə ona zəng çatmamışdır. Həmin təqsirləndirilən şəxs ona və anasına Bakı şəhərində Nərimanov və Yasamal rayonunda sosial ev veriləcəyini vəd etmişdir. Əvvəl anası həmin şəxsə “sosial ev” veriləcəyi vədi ilə pul vermiş, bundan sonra anasının deməsinə əsasən həmin şəxsə eyni məqsədlə pul vermiş, təqsirləndirlən şəxsi əvvəldən tanımamış, heç bir münasibəti olmamış, harada işlədiyini bilməmiş, heç bir sənəd görməmiş, sadəcə Sosial Müdafiə Nazirliyində işlədiyini demişdir. Ödənişi şəxsən onun özünə vermiş, şəxsən görüşüb sənədləri vermişdir. 4000 ödəniş müqabilində ona sosial ev veriləcəyi barədə Elməddin özü ona müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 Şirəli qızı ifadəsində göstərmişdir ki, Elməddin oğlu ilə internetdə tanış olub onlara qonaq gəlmiş, Sosial Müdafiə Nazirliyində işlədiyini bildirib xəstə olub-olmadığını soruşmuşdur. Sinə xəstəliyi olduğunu, “MRT” kağızı olduğunu bildirmişdir. Elməddin isə pensiya düşdüyünü işi düzüb-qoşub zəng edəcəyini demişdir. Elməddin 2 gün sonra zəng edərək atdığı karta pul atmalarını bildirmiş, onun və digər qohumlarının pensiya işlərinin həll olunması üçün Elməddinin (özünü Zaur kimi təqdim etmişdir) kartına cəmi 18000 manat pul köçürülmüşdür. Neçə ay gözləmiş lakin iş düzəlməmiş, sonra isə həmin şəxsə zəng çatmamışdır. Özünə 5500 manat, qohumları ilə birlikdə isə cəmi 18000 manat ziyan dəymişdir. Dəymiş 5500 manat ziyan bu günədək ödənilməmişdir. Həmin pulu 2000 manat bir, 2000 manat bir, 1500 manat da bir olmaqla təxminən 10 gün ərzində vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Elməddin özünü Nazirlik işçisi kimi təqdim edərək xəstəliyi ilə bağlı pensiya düzəldəcəyini bildirmişdir. Özü də adını Elməddin yox, Zaur müəllim demişdir. Guya ki, Biləsuvar rayonuna yoxlamaya gəlmişlər, 2 nəfər olmuşlar 90-AA seriyalı ağ rəngli bir maşında gəlmişlər. O, müraciət edərək onları apara bilib-bilməyəcəyini soruşmuş, qonaq kimi onlara hörmət edib 30 manata aparıb-gətirəcəyini demişdir. Yolda onun mobil telefon nömrəsini götürmüş, təxminən 6 aydan sonra zəng etmiş, 1400 manat pula pensiya işini həll edə biləcəyini demişdir. 1-2 gün keçmiş, sonra düşünüb həmin şəxsin Nazirlik işçisi olduğuna inanıb pulu vermək qərarına gəlmişdir. Həyat yoldaşının işlədiyi yerin müdirindən borc pul alıb 400 manat onun kartına pul atmışdır. Bundan sonra xalasının qızına pensiya düzəltməsi üçün 2500 manat Elməddinə pul vermişdir. Sonra Elməddin atasının rəhmətə getdiyini demiş, yerini deməsini gəlib iştirak edəcəyini bildirmiş, Elməddin lazım olmadığını demişdir. sonra Elməddinin telefonuna zəng çatmamış və buna görə də, polisə şikayət etmişdir. Ümumilikdə 3000 manat ziyan dəymiş, indiyədək heç bir ödəniş edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 30 yanvar 2025-ci il tarixli 5/33 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sensor ekran və “Andorid 10” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Samsung Galaxy A10s” markalı “SM- A107F/DS” modelli “**********16585, **********13244” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziuyyətdə olub və, istifadı üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy A10s” markalı “SM-A107F/DS” modelli mobil smartgonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-33” adl; qovluqda üç ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Zərərçəkmiş şəxs1 şikayəti əsasında 07 noyabr 2023-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs3 şıkayəti əsasında 28 dekabr 2024-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. 28 dekabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrə altında aparılmışdır. 25 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Nərimanov rayon prokurorou tərəfindən ləğv edilmiş və fakta görə ********* nömrəli cinayət işi başlanılmışdır. 28 dekabr 2024-cü il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********** nömrə altında istintaqı davam etdirilmişdir. 27 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 28 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. 28 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmışdır. 19 fevral 2025-ci il tarixli qərarla cinayət işi istintaq aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə göndərilmiş və cinayət işi icraata qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 mart 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Saatlı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə və 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 1(012)-15/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Saatlı Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 1 (055)-09/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o 3000 ( üç min) manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(012)-15/2017 hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə tamamilə toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat cərimə və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları saxlanılmışdır. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin arayışına əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzası yoxdur. Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var – xx.xx.2009-cu il təvəllüdlü X4. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarına əlavə edilmiş digər sübutlarla ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, həmçinin himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi və barışıq əldə olunmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 27 dekabr 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş 30 yanvar 2025-ci il tarixli, 5/33 saylı məhkəmə ekspertizası tədqiqatının xərci – 100 ( bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 474 (dörd yüz yetmiş dörd) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar