Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-162/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs Arif oğlunun iştirakları ilə, xx xxx 1990-cı ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yerləşən peşə məktəbinin yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2023-cü il tarixdə saat 14.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Arif oğlu təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Arif oğlu satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik vasitə metadonun təsiredici maddəsi ümumi 0,08 qram təşkili edən, üzərində “Methadone 40” göstəriciləri olan blister kəsiyində 02 ədəd “F\M 40” göstəricili dərman həblərini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 13:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən tərkibində narkotik vasitə metadonun təsiredici maddəsi ümumi 0,08 qram təşkili edən, üzərində “Methadone 40” göstəriciləri olan blister kəsiyində 02 ədəd “F\M 40” göstəricili dərman həbləri Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Arif oğlu özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik maddələrin satışı ilə, yaxud ticarəti ilə məşğul olmamış, heç vaxt bu kimi maddələr satmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddə metadon həblərini isə çəkib qəbul etmək məqsədilə cibində saxlamışdır. Bir müddətdir ki, narkotik tərkibli «M40» adlı həblər qəbul edir, əvvəllər bir neçə dəfə heroindən istifadə etmiş, lakin son vaxtlarda əsasən «M40» həblərini qəbul edir. 30 noyabr 2022- ci il tarixdə saat 10:40 radələrində Ağcabədi rayonu Avşar kəndindən olan tanıdığı X18 ilə, həmçinin onun həmyerlisi və tanışları olan Murad və Qorxmaz adlı şəxslərlə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində olduqları zaman onlara tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamış, həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları olduğunu, əməliyyat-axtarış tədbiri keçirildiyini demişlər. Həmin vaxt üzərində qəbul etmək üçün alıb cibində saxladığı cəmi iki ədəd metadon «M40» həbləri olmuş, həbləri bir gün qabaq Bakı şəhəri, Nizami rayonu ərazisində, 8-ci kilometr bazarı adlanan yerdə tanımadığı bir nəfər şəxsdən 20 manata almışdır. Polis əməkdaşları onların hamısını Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmiş, şübhəli olduqları üçün üzərilərində şəxsi axtarış aparılmalı olduğunu bildirmişlər. Həmin idarəyə gələndən sonra onu, Yusifi, Muradı və Qorxmazı şübhəli şəxs kimi tutmuşlar, müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı gödəkçəsinin cibində saxladığı 2 ədəd narkotik vasitə olan «M40» həblərini çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş həmin həbləri götürüb qablaşdırmışlar. Həmçinin polis əməkdaşları digərlərinin də üzərində şəxsi axtarış aparmışlar. Adları çəkilən şəxslərdən yalnız Yusifi əvvəldən tanıyır, Muradı və Qorxmazı əvvəldən heç tanımamış, onlar Yusifin tanışlarıdır, Muradla və Qorxmazla Yusifin yanında bir gün əvvəl tanış olmuşdur. Qorxmazın üzərindən aşkar edilmiş narkotik vasitə heroini, Muradın üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini, Yusifin üzərindən aşkar edilmiş narkotik vasitə heroini onların kimlərdən necə əldə etdiklərini dəqiq bilmir. Həmin şəxslərin üzərində bu kimi maddələr olmasından xəbəri olmamışdır. Həbləri heç kimə nə satmaq, nə də vermək məqsədi olmamışdır. Qeyd olunanların nəzərə alınmasını, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, X15, X6 və X1 ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, eləcə də onların üzərilərində aparılmış şəxsi axtarış və götürmə prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. 30 noyabr 2022-ci il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs, X15, X6 və X10 bir-birilə qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, Bakı şəhəri Nəsimi rayonu ərazisində bu kimi maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu olaraq 30 noyabr 2022-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs, Yusif Nəsibova, Qorxmaz Quluzadəyə və Murad Əliyevə oxşar şəxsləri elə həmin gün saat 10:40-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət etdikləri zaman müəyyən edib onları dərhal saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs, Yusif Nəsibovdan, Qorxmaz Quluzadədən və Murad Əliyevdən üzərilərində bu kimi maddələrin olub-olmadığı soruşulduqda onların hər biri etiraf edərək öz üzərində bu kimi maddələr olduğunu bildirmiş və vaxt itirmədən həmin şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs, Yusif Nəsibov, Qorxmaz Quluzadə və Murad Əliyev şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan iki ədəd narkotik vasitə metadon həblərini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin həblər götürülüb qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələri tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid4, əməliyyat müvəkkili Şahid6 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Yusif Nəsibov, Qorxmaz Quluzadə və Murad Əliyev 30 noyabr 2022-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər maddə götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 30 noyabr 2022-ci il tarixli 6/6838 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş -üzərində "...X6 təqdim etdiyi..." sözləri olan 1 No-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 12,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində "... Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 2 №-li zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan blister kəsiyində 02 ədəd açıq qəhvəyi rəngli “F\M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. Metadon həblərinin sayı 02 ədəd həb, tədqiqata sərf edildi – 01 ədəd həb, qalıq 01 ədəd həb. -üzərində "...X15 təqdim etdiyi..." sözləri olan 3 Nº-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,944 qram olan qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində “...X10 təqdim etdiyi..." sözləri olan 4 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,596 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 1 və 3 №-li zərflərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin 1-ci siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81,0 (səksən bir) manatdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 204 №-li saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 01 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş ümumi miqdarı 0,08 qram metadon və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və DVD disk cinayət işi materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd həb saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmişdir. 01 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələrinin tərkibi olduğundan faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə, X15, X6 və X11 barələrində isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 mart 2023-cü il tarixli qərarla ********** saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxsinun satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. 30 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. 01 dekabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(05)-1296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-232/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ibtidai istintaq müddətinin sonunadək yəni 01 aprel 2023-cü il tarixədək uzadılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Şəki Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 62-ci maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il qərarı ilə 05 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 -cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətnə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasna məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin dəyişiklik tətbiq olunması ilə əlaqədar Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi hökmdən xaric olunmuş, cəzası 03 il 06 ay saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020ci il tarixd cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-297/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-63/2008 saylı, xx.xx.2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1266/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək Azərbaycan Respublikası CM nin 177.2.4-cü maddəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmünün məzmunundan xaric edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cazası dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kəndi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Cəfərov X2 qeydiyyatdadır. Nümayəndəlik ərazisində yaşamadığına görə onun barəsində xasiyyətnamə vermək mümkün deyil. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8-ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olmasına dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Əksinə məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 02 ədəd metadon həbləri əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilə bilməz. Həmin şəxsin əməli yalnız narkotik vasitə olan metadon «M40» həblərini üzərində saxlayaraq və 30 noyabr 2022- ci il tarixdə saat 10:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə baxış keçirilərkən istifadə etmək üçün alıb cibində saxladığı iki ədəd metadon «M40» həbləri aşkar edilərək götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan - narkotik vasitə olan 02 ədəd metadon həblərini satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X5 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məsəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər talama cinayətinə görə məhkum olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 30 noyabr 2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 204 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi mülicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra sonra qalıq çəkisi 0,04 qram olan 01 ədəd həb (ümumi miqdarı 0,08 qram olan 02 ədəd həb) çəkidə narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş videogörüntülər əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 30 noyabr 2022-ci il tarixli 6/338 saylı ekspert rəyi hazırki iş üzrə Təqsirləndirilən şəxs və ********* nömrəli cinayət iş üzrə təqsirləndirilən şəxslər X13, X18 və X14 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat təşkil edir. AR CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının 20 (iyirmi) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi mülicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,04 qram olan 01 ədəd həb (ümumi miqdarı 0,08 qram olan 02 ədəd həb) çəkidə narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş videogörüntülər əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası xərci – 20 (iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx ) manat tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-162/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-162/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver