Məhkəmə qərarları › İş №1(009)-163/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-163/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-163/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, müharibədə iştirak etmiş, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi M.İbrahimov küçəsində kirayədə yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxx 2001-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Qazaxrayonu, Aslanbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində kirayədə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bələ ki, o, qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə 25 dekabr 2024-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 15 ünvanda yerləşən “X3” kompleksinin futbol meydançasında olarkən, həmin meydançada futbol oyunu zamanı Zərərçəkmiş şəxs meydançadan kənara çıxan toplara meydançanın kənarında dayanmış və futbol oynamayan Təqsirləndirilən şəxs2 meydançaya daxil olub zərbələr vuraraq oyuna yersiz müdaxilə etməsi barədə irad bildirməsini, sonuncu özü üçün qəbul ediİməz hal hesab edib, bunu cüzi səbəb kimi bəhanə edərək, əsassız mübahisə yaradıb öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla ictimai yerdə vətəndaşların narahatçılığına, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs əl zərbərləri ilə fiziki zor tətbiq edərkən, o, qohumu Təqsirləndirilən şəxs2lə həmrəylik nümayiş etdirib, bir qrup şəxs halında birləşərək, eyni qaydaları pozmaqla, üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək, həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən sağ kürək nahiyyəsindən bir dəfə vurub sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz etməyən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş bədən xəsarəti yetirib, bu hərəkətləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə 25 dekabr 2024-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 15 ünvanda yerləşən “X3” kompleksinin futbol meydançasında olarkən, həmin meydançada futbol oyunu zamanı Zərərçəkmiş şəxs ona meydançadan kənara çıxan toplara meydançanın kənarında dayanmasına və futbol oynamamasına baxmayaraq meydançaya daxil olub zərbələr vuraraq oyuna yersiz müdaxilə etməsi barədə irad bildirməsini, o, özü üçün qəbul edilməz hal hesab edib, bunu cüzi səbəb kimi bəhanə edərək, əsassız mübahisə yaradıb öz şəxsiyyətini başqalrının fövqündə qoymaqla ictimai yerdə vətəndaşların narahatçılığına, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs əl zərbərləri ilə fiziki zor tətbiq etmiş, həmin vaxt qohumu Təqsirləndirilən şəxs1 də onunla həmrəylik nümayiş etdirib, bir qrup şəxs halında birləşərək, eyni qaydaları pozmaqla, üzərində gəzdirdiyi bicaqdan silah qismində istifadə edərək həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən sağ kürək nahiyyəsindən bir dəfə vurub sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz etməyən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş bədən xəsarəti yetirmuş, bu hərəkətləri ilə o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, özünü təqsirli bilir. Futbol oynayan zaman hadisə olub. Kənarda durmuşdular. Top ona dəyib və onunla mübahisə olub. Döyüşüblər və hadisə olub. Üzərində bıçaq gəzdirmir. Həmin günü bıçaq götürüb. Balaca qatlanan bıçaq idi. Onlar futbol oynamağa getmirdilər. Çörək yeyirdilər. Dayısı oğlu deyib ki, gedək futbol oynayaq. Zərərçəkmişi əvvəlcədən tanımırdı. Top üstündə mübahisə düşdü. Dayısı oğlu kənarda durmuşdu. Topu atanda ona dəydi. Onların arasında mübahisə düşdü. İçki içməmişdilər. Üstünə gəlib o da vurub. Bir bıçaq zərbəsi vurub. Sonra bıçağı tullayıb. Birinci aralamağa gəlib sonra vurub. Bıçaqla davamlı vurmaq fikri olmayıb. Mübahisə zamanı ətrafda futbol oynayanlar var idi. Oyun bitib. Sonra mübahisə olub. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, özünü təqsirli bilir. Futbol oynayırdılar. O xətdən kənarda dayanmışdı. Natiq topu vuranda ona dəyib. Natiq deyib ki, niyə orada durmusan kənara çəkil. İçkili imiş. Zərərçəkmişin üstünə gedib deyib ki, nə məsələdi kənardayam. Ondan sonra söhbət bağlandı. Setkanın içində amma xətdən kənarda idi. Onlar çöldə gözləyib. Natiq deyib ki, içkilisən sabah söhbət edərik. Ona yumruq atıb. Uşaqlar onları aralayıblar. Bıçaq görməyib. Hirsi soyumamışdı. Uşaqlar deyib ki, bıçaqlayıblar gedək. Mübahisəsi yalnız zərərçəkənlə olub. Əməlindən peşmandır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs bildirmişdir ki, tez-tez ora futbol oynamaq üçün gedirlər. Həmin günü 40 dəqiqə gec gedib. Oyun davam edirdi. Onların ikisini tanıyır amma birini tanımır. Qapıya zərbə vuranda qapının dirəyinin yanında dayanmışdı. Ona dəyib. Ona deyib ki, çıx biraz kənara, içkilisən. İçkili olduğu üçün sözünü daha sərt qəbul edib. Üstünə gəlib. Mübahisə ediblər. Sonra onlar çıxdı. Əynini dəyişib çıxanda görüb ki, bunlar ordadı. Gözləyirlər. Onun da yanında bir iş yoldaşı var idi. Taksi vurmuşdu. Orada sözləşiblər və əlbəyaxa olublar. O ərəfədə bıçaq çəkiləndə görüb. Üstündə çanta var imiş. Çantanı sol tərəfə çəkmək istəyib ki, çantaya dəysin. Amma kürəyini tutub. Ondan sonra dəqiq yadında qalmayıb. Çölə çıxanda onlar söz atırmışlar. Onlara deyib ki, içkilisiz, sonra aydınlaşdıraq. Məhkəmə istintaqında Şahid1 bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. İbtidai istintaqda bildirmişdir ki, 2024-cü ilin dekabr ayının 24-dən 25-nə keçən gecə saat 01-də yaxınlıqda yerləşən “X3” kompleksinin futbol meydançasında həmyaşıdları ilə birlikdə futbol oynamağı razılaşdığından oraya getmiş və özü ilə qohumu Nicatı komanda tam olması üçün aparmışdır. Təxminən bir saat sonra o, uşaqlarla meydançada futbol oynayan zamanı qardaşı Məmməd oraya gəlmiş, oyun zamanı Məmməd Nicatın yerinə oyuna girib bir az oynamış, sonra çıxıb kənarda qapının yanında dayanmış, həmin vaxt o, qapıda dayandığından Məmməd meydança xəttinin kənarda dayanıb onunla söhbət etmişdir. Oyunun bir anında onun qoruduğu qapı istiqamətində rəqib komandanın oyunçusu top vurmuş,həmin top meydançadan kənarda dayanan Məmmədə dəyib kənara getmişdir. Bu zaman komandanın digər oyunçusu Natiq Məmmədin üstünə qışqıraraq kənarda durmasını, guya top Məmmədə dəyib istiqamətini dəyişməsini bildirmiş, Məmməd isə meydançadan kənarda dayanmasını və top onsuzda kənara getdiyini demiş,bunun üstündə aralarında sözlə bir neçə dəqiqə mübahisələri yaranmış və həmin mübahisə dayanmış və oyun davam etmişdir. Sonra gecə saat təxminən 03 radələrində oyun bitmiş, komanda yoldaşları ilə paltarlarını dəyişib yuyunaraq meydançadan çıxmışlar.Həmin vaxt Məmməd və qaynı Nicat elə üstlərində olan paltarlarla,o,və digər uşaqlar idman geyimində oynamışlar. O, komanda yoldaşları ilə meydançadan çıxışında,bayırda oyun zamanı topa görə Məmmədin üstünə qışqırmış Natiqlə qardaşının arasında mübahisə yenilənmiş, qarşılıqlı tutaşıb əlbəyağa olarkən o və orada olan uşaqlar Məmmədlə Natiqi ayırıb hər birini bir kənara çəkərək sakitləşdirərkən, Məmməd içkili olduğundan geri dönərək Natiqlə məsələni aydınlaşdırmaq istədikdə, Nicat əlində dəqiq görmədiyi predmeti qaranlıq kolluq torpaq istəqəmə- tə tərəfə ataraq “ayda onu bıçaqla vurdum” demişdir. O, bu zaman tam dəqiq nə baş verdiyi anlamamışdır. Sonra o,Məmməd və Nicat evlərinə getmək üçün yol kənarı ilə irəliləmiş, qarşıda şosse yolun kənarına,hadisə baş verdiyi yerdən təxminən yüz metr irəlidə çıxdıqları zamanı, avtopatrul avtomobili ilə gəlmiş polis əməkdaşları, onu, Məmmədi və Nicatı dava iştirakçıları olmalarını bilkdirərək 8-ci PB-nə apararkən, həmin avtomobilində Natiqi qan içində gördükdə o, Nicatın Natiqi bıçaqla vurmasını başa düşmüşdür. Hadisə zamanı o, Nicatın Natiqi bıçaqla hansı an və neçə vurmasını görməmişdir. Həmin hadisə zamanı o, heç kəsi vurmamış, həmçinin onu da heç kəs vurmamış və xəsarət almamış, həmin vaxt dalaşan qardaşı Məmmədlə Natiq olmuş, Natiq Məmmədlə dalaşdığı üçün Nicat Natiqi bıçaqla vurmuş,Nicatın Natiqi vurduğu bıçağı o, görməmiş, hadisə baş verən ərazidə hava qaranlıq olsa da,kənardan düşən fənər işıqları ilə işıqlanmış, həmin dava təxminən 1-2 dəqiqə davam etmiş, o, komanda yoldaşları ilə dərhal davanı ayırmış, həmin vaxt gec olduğundan orada ətrafda heç kəs olmamış, yəni davaya kənardan gələn olmamışdır. Məhkəmə istintaqında Şahid2 bildirmişdir ki, sadəcə onları ayırıb. İbtidai istintaqda veridiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında Şahid3 bildirmişdir ki, qaranlıq idi çox şey görməyib. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında Şahid4 bildirmişdir ki, futbola baxmağa gediblər. Orada dava düşüb, onlar ayırıblar. Paltardəyişmə otağına gediblər. Çıxanda görüblər ki, söz-söhbət düşüb. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında Şahid5 bildirmişdir ki, üstündən uzun müddət keçib deyə tam xatırlaya bilmir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanması, və icraata qəbul edilməsi” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v. 1). İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli 09 №-li məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs adına KTM-in tərtib etdiyi ******* saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətində qeyd olunanlardan görünür ki, o, xx.xx.2024-cü il tarixində həmin xəstəxanaya gətirilmiş, müayinə zamanı döş qəfəsinin arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmiş, müayinə məqsəd ilə (diaqnostik) torakotomiya icra edilmiş və xəstə xx.xx.2024-cü il tarixində evə ambulator müalicəyə yazılmışdır. Zərərçəkmiş şəxs almış olduğu xəsarət döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs tərəfindən sol kürək nahiyəsinə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (c.i.v.127-130). İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli 645 №-li məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi (c.i.v.124-126). İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli 644 №-li məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi (c.i.v.121-123). İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 15 yanvar 2025-ci il tarixli 3/37 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd gödəkcənin arxa hissəsinin sol tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Həmin zədə kəsici-deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş gödəkçənin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sol istiqamətdə olmaqla yetirilmişdir Aparılmış təhqiqatın dəyəri 66 manatdır (c.i.v. 132-134). İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli, 2/72112 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs2 orta sərxoşluq müəyyən edilmişdir (c.i.v.9). İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli, 2/72114 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs1 sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs1 sərxoşluq müəyyən edilməmişdir (c.i.v.13). İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.56). İş materiallarında olan «tutma haqqında» tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 dekabr 2024-cü il tarixdə saat 10:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (c.i.v.30). İş materiallarında olan «tutma haqqında» tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 dekabr 2024-cü il tarixdə saat 12:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (c.i.v.47). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.66-67). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-675/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (c.i.v.78-79). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-65/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 25 mart 2025-ci il tarixədək uzadılmışdır (c.i.v.149-150). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (c.i.v.151-157). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.81). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanovun 27 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.89-90). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v. 91). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (c.i.v.167-168). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (c.i.v.175-176). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (c.i.v.109). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (c.i.v.110). İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışıb. Ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur (c.i.v.120). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışıb. Ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və tələbi olmayacaq. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xulqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri onların özlərinin ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşman olması, zərərçəkmiş şəxs ilə barışması, müharibə iştirakçısı olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən peşman olması, zərərçəkmiş şəxs ilə barışması, himayəsində bir azyaşlı uşağı olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzlarını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışlarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün 8-ci Polis Bölməsi əməkdaşının vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışlarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 25 dekabr 2024-cü il tarixdə tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 27 dekabr 2024-cü il tarixdə Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 25 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına hər birinə 550 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün 8-ci Polis Bölməsi əməkdaşının vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 25 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – Qazax rayonu, Aslanbəyli kəndini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini Qazax rayonu, Aslanbəyli kəndini dəyişməmək, cəzanı icra edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi 66 (altmış altı) manat məbləğində pul vəsaitinin 33 (otuz üç) manatı Təqsirləndirilən şəxs2 və 33 (otuz üç) manatı Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1, Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 550 (beş yüz əlli) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1, Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 550 (beş yüz əlli) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhər 12 saylı Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar