Məhkəmə qərarları › İş №1(009)-167/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-167/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-167/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 07 sentyabr 2021-ci il tarixdə saat 10:00-da xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş ünvan 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, 02 fevral 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən “İmran” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,907 qram olan bitki mənşəli tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 70 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 03 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən “Belarusski” mağazasının qarşısında Bakı şəhəri Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən əvvəlcədən əldə olunmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində “Setareh Momtaz” sözləri yazılmış 01 ədəd kibrit qutusunda çəkisi 5,251 qram və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunun içərisində ağ rəngli kağız bükümdə çəkisi 0,656 qram olan narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq təxminən bir ilə yaxın olar ki, narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir, həmin marixuananı o, müxtəlif yerlərdə və müxtəlif şəxslərdən əldə etmişdir. Şahid1 oğunu da təxminən bir il olar ki, tanımış, belə ki, o onun yaşadığı evin qonşuluğunda yaşamış, daha sonra isə köçüb getmişdir. Vüsal da narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etdiyi üçün onlar bir-neçə dəfə birlikdə marixuana qəbul etmişlər. Sonuncu dəfə 02 fevral 2021-ci il tarixdə axşam saat 19 radələrində o Vüsal ilə əlaqə saxlayaraq ondan marixuana tapmasını xahiş etmiş və Vüsal bildirmişdir ki, 70 manata ona bir qutu marixuana tapa bilər. O, onunla razılaşdıqdan sonra axşam saat 20-21 radələrində onunla 20-ci sahə dairəsi yaxınlığında görüşüb ona 70 manat verərək bir qutu narkotik vasitə olan marixuana almış və evə gəlmişdir. Səhəri gün isə 03 fevral 2021-ci il tarixdə saat təxminən 15 radələrində o, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə evdən çıxmamışdan əvvəl kibrit qutusunun üstündən bir qədər götürüb kağız bükümə qoyaraq cibinə qoymuş və evdən çıxmışdır. O, evdən çıxıb 20-ci sahə dairəsi istiqamətində hərəkət edib “BELARUSSKİY” adlı mağazaya çatarkən orada ona iki nəfər yaxınlaşaraq özlərini Səbail rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim etmişlər və onlarla birlikdə Səbail rayon polis idarəsinə getməyini təklif etmişlər. O, onlara etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş, polis idarəsində isə onun hüquqları təmin edilərək müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş aparıla-aparıla üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl ona təklif ediləndə ki, üzərində olan dövriyyəsi qadağan edilmiş qeyri-qanıni əşyaları könüllü olaraq təqdim etsin, həmin vaxt o Vüsaldan aldığı və üzərində daşıdığı narkotik vasitələri yəni əynində olan gödəkçənin sağ yan cibindən kibrit qutusunuda olan və sol yan cibindən kağız parçasına bükmüş olduğu narkotik vasitə marixuannanı çıxardıb təqdim edərək bildirmişdir ki, kibrit qutusunda və kağız parçasında olan maddə narkotik maddə olan marixuanadır. Daha sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokol düzgün tərtib edildyi üçün ərizə və şikayət daxıl olmamış və iştirakçıların hamısı tərəfindən imzalanmışdır. Dahşa sonra isə ondan aşkar edilmiş 01 ədəd içində narkotik maddə olan marixuana olan kibrit qutusu və bir ədəd kağız bükülü qablaşdırılaraq möhürlənmiş və yenə də iştirakçıları tərəfindən imzalanmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitə olan marixuananı Şahid1 70 manata şəxsi istifadəsi üçün almış və həmin narkotik vasitədən heç kimə satmamış və ya verməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, əvvəllər məhkum olunmamasının, atasının bu yaxınlarda vəfat etməsinin və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər profesional futbol ilə məşğul olsa da artıq 2016-cı ildən etibarən profesional futboldan uzaqlaşaraq həmin vaxtdan etibarən uşaq futbol klubu açaraq işləyir. Şahid1 Firudin oğlu onun arvadının əmisi qızının əridir. Onunla daim münasibətləri yaxşı olmuş, istər ailə həyatında istərsə də şəxsi həyatında həmişə ona yardımçı olmuşdur. 2018-ci ildən etibarən o, hərdən narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmiş, lakin hər hansı bir asılılığı olmamışdır. Həmçinin Vüsalın da narkotik vasitə olan marixuanadan istifadə etməsini bilmiş, bir-neçə dəfə onunla birlikdə qəbul etmişlər. 02 fevral 2021-ci il tarixdə axşam saatlarında o, Yasamal rayonunda olarkən Vüsal onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə hazırda yadında qalmayan nömrədən zəng edərək bildirmişdir ki, onun əsgər yoldaşları onun yanına 20-ci sahəyə gəlmişlər və ona narkotik vasitə olan marixuanna lazımdır, bu səbəbdən də xahiş etmişdir ki, tünd göy rəngli “Azsamand” markalı maşını idarə edən onun tanışı ilə görüşsün və ondan marixuanna götürsün. O. Vüsala üstündə hazırda pulunun olmamasını bildirmiş, Vüsal isə bildirmişdir ki, o həmin pulu onun kartına vuracaq və o həmin pulu kartdan çıxarıb həmin adama verməklə onda olan marixuananı götürüb 20-ci sahəyə tərəf gələrkən ona versin. O Vüsala etiraz etməmiş və bir müddətdən sonra **********23980 nömrəli bank kartından onun istifadəsində olan **********753610 nömrəli bank kartına 80 manat pul yüklənmiş və o həmin Yasamal rayonunda bankomatdan çıxardıb Vüsalın ona verdiyi hazırda yadında qalmayan 070 perfiksli nömrəyə zəng edərək həmin şəxslə Musabəyov heykəlinin yanında görüşmüş və onun verdiyi i salofan bükümündə olan marixuananı ondan götürmüş və idarə etdiym gümüşü rəngli “Azsamand” markalı maşını ilə 20-ci sahəyə gələrək orada Vüsal ilə görüşüb həmin marixuananı olduğu kimi ona vermiş və yaşadığı “Qobu park” yaşayış massivinə getmişdir. İki gün keçdikdən sonra isə ona məlum olmuşdur ki, Vüsal onun tapşırığı ilə tanımadığı şəxsdən götürüb ona verdiyi narkotik vasitəni kiməsə vermiş və həmin şəxs tutulmuş, tutularkən isə Vüsalın adını vermiş və Vüsal da bildirmişdir ki, həmin narkotik vasitəni ona o vermişdir. 09 aprel 2021-ci il tarixdə isə günorta saatlarında o, Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yaxınlığında icarəyə götürdüyü təndir sexinin qarşısında olarkən polis əməkdaşları onu saxlayaraq Səbail rayon Polis İdarəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 fevral 2021-ci il tarixdə idarəyə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Səbail rayonu, Xanlar küçəsi ev 26-da qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuannadan istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə Səbail RPİ-nin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və bu barədə tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar İdarənin rəisi tərəfindən 03 fevral 2021-ci il tarixdə təsdiq edilmişdir. Ondan, Səbail RPİ-nin NMB-nin rəisi Çinar Nuriyevdən və polis baş leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvan ətrafında əməliyyat mövqeyi müəyyən edilmişdir. 03 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu 13 ünvanın yaxınığında “Belarusski” ərzaq mağazasının qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, ona Səbail RPİ-nin əməkdaşı olduqlarını bildirib özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqtətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsi məşğul olması barədə onlarda məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə ünvan 6 ünvanında yerləşən Səbail rayon Polis İdarəsinə getməli olduğunu izah edib onu avtomobillə həmin ünvanda yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün tərəflərindən raportla Səbail RPİ-nin rəisinə məruzə edilmiş, raport əsasında araşdırmanın aparılması İstintaq Şöbəsinin baş müstəntiqi Müslüm Quliyevə həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə müstəntiq tərəfindən müdafiəçi dəvət edilmiş, Fəridə Əliyevə üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “Setareh Momtaz” sözləri yazılmış kibrit qutusunu və sol yan cibində olan üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunu masanı üzərinə qoyaraq bildirmişdir ki, kibrit qutusunun içində və siqaret qutusunun içində dövriyyəsi qadağan edilmiş narkotik vasitə olan marixuana vardır. Daha sonra kibrit qutusunun içində baxdıqda içində yaşıl rəngli spesifik iyə malik qurudulmuş ot kütləsinin olması müəyyən olunmuşdur. Həmçinin siqaret qutusunun içinə baxdıqda siqaret qutusunun içində ağ rəngli kağız bükülü aşkar edilmişdir. Bükülünü açıb içinə baxdıqda bükülünün içində yaşıl rəngli spesifik iyə malik qurudulmuş ot kütləsinin olması müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni “Vüsal” adlı şəxsdən 70 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının arxa cibindən bir ədəd “Xiaomi-Redmi” markalı mobil telefon və 3 manat pulu masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış davam etdirilsə də onun üzərində heç nə aşkar edilməmiş və sonra kibrit qutusu və kağız bükülü zərfə qoyularaq qablaşdırılıb DİNnin “zərflər üçün” 51 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfə imza etmişər. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə bitdikdən sonra tərəflərindən keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs narkotik vasitə almış olduğu şəxs xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 1-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı Cənub qapısı 24 d, mənzil 27-də yaşayan Şahid1 saxlanılaraq Səbail RPİ-nə gətirilmişdir. Şahid1 idarəyə gətirildikdən sonra üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığından Şahid1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə müstəntiq tərəfindən müdafiəçi dəvət edilmiş, Şahid1 üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi Şahid1 və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmişdir. Bundan sonra Şahid1 üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Şahid1 şalvarının arxa cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoyaraq bildirmişdir ki, üzərində başqa heç bir əşya yoxdur. Daha sonra şəxsi axtarış davam etdirilsə də onun üzərində heç nə aşkar edilməmişdir. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarış nəticələri barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişlər. Bundan sonra isə müstəntiqin təxirə salınmaz axtarış və götürmə haqqında qərarı əsasında Şahid1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı Cənub qapısı 24 d, mənzil 27-də axtarış keçirilmiş lakin, axtarış zamanı qanunsuz maddə və hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonucunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o əvvəllər uzun müddət Səbail rayonu Xanlar küçəsində yaşadığı üçün Təqsirləndirilən şəxs tanımış və onunla münasibətləri yaranmışdır. Təxminən 5-6 ay olar ki, narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir. Əvvəllər də bir-neçə dəfə Fərid ilə birlikdə də marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Həmin vaxt o narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu əslən İrandan olan Əmir adlı şəxslə onun +**********70 nömrəsi ilə yazışaraq onun ona atdığı bank kartlarına pul köçürməklə həmin narkotik vasitəni onun dediyi yerdən götürüb istifadə etmişdir. Sonuncu dəfə 02 fevral 2021-ci il tarixdə axşam saatlarında Fərid onunla “Watsap” vasitəsilə yazışaraq narkotik vasitə olan marixuana tapmağını xahiş etmişdir. O, Fəridə özündə olmadığını bildirmiş və bir-neçə nəfərdən maraqlanacağına dair söz vermişdir. Daha sonra o İmran adlı şəxslə əlaqə saxlamış və İmran ona verdiyi nömrə ilə əlaqə saxlayaraq həmin şəxsə 80 manat pul verib bir kibrit qutusunda marixuana götürə biləcəyini demişdir. O, İmranın dediyi adamla görüşməyə ehtiyat etmiş, belə ki, əvvəllər o ancaq İmranın dediyi bank kartlarına pul yükləməklə onun dediyi yerlərdən narkotik vasitəni götürürdü, indi isə İmran ona bir nəfər şəxslə görüşüb əlbəəl pul verərək narkotik vasitəni götürməsini demişdir. Bu səbəbdən də o ehtiyat etdiyi üçün qohumu olan Şahid4 ilə əlaqə saxlayaraq onun harada olmasını öyrənmiş və sonuncu ona Yasamalda olduğunu dedikdən sonra o, ona bir nəfərlə görüşüb 80 manat verməklə həmin şəxsdə olan marixuananı götürüb evə gedərkən 20-ci sahədə ona verməsini xahiş etmişdir. Qohumu Elhad bildirdikdə ki, onun üstündə bu qədər pul yoxdur, o onun kartına 80 manat pul vuracağını bildirmişdir. Bundan sonra o dostu Fərid Canbaxışlının adına olan **********239801 nömrəli bank kartına 70 manat pul keçirtmiş və xahiş etmişdir ki, o da həmin pulun üstünə 10 manat gələrək qohumu Elhadın adına olan **********753610 nömrəli bank kartına 80 manat pul köçürsün. Belə ki, Fəridin ona borcu var idi və o özü üçün də narkotik vasitə almaq istəyirdi. Pul köçürüləndən sonra o, Elhadla əlaqə saxlayıb onunla 20-ci sahə dairəsi yaxınlığında görüşmək barədə razılaşmışlar. Daha sonra Elhad idarə etdiyi «Azsamand» markalı avtomaşınla 20-ci sahə dairəsi yaxınlığına gəlmiş və o, onunla görüşüb bir ədəd kibrit qutusunda içində narkotik vasitə marixuananı götürmüşdür. Daha sonra isə aldığı narkotik vasitənin üstündən 10 manatlıq yəni özü pul qoyduğu qədər götürüb qalan hissəsini Fəridlə görüşərək ona vermiş və Fəriddən 70 manatını götürmüşdür. Səhəri gün isə yaşadığı evin yaxınlığında marketdə olarkən ona 3-4 nəfər yaxınlaşaraq özlərini Səbail rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim etmişlər və onlarla birlikdə Səbail rayon polis idarəsinə getməyini təklif etmişlər və o, onlara etiraz etməyərək onlarla birlikdə icarəyə getmişdir. Polis idarəsində isə onun hüquqları təmin edilərək müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, lakin baxış zamanı onun üzərindən qeyriqanuni heç nə aşkar edilməmişdir. Daha sonra isə onun yaşadığı mənzildə təxirə-salınmaz baxış və axtarış keçirilmiş, həmin vaxt mənzildən də qeyri-qanuni heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında axtarış və götürmə aparılması barədə video görüntünün əks edildiyi video-diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 03.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə mobil telefondan istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində “Setareh Momtaz” sözləri yazılmış kibrit qutusunun və sol yan cibində olan üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusunun içində təmiz çəkisi 5,251 qram və 0,656 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunaraq elan olunmuş Məhkəmə-bioloji ekspertizasının 04 fevral 2021-ci il tarixli 7/147 nömrəli rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs» yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,251 qram və 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi-0,656 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-5,907 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatı zamanı marixuananın ümumi təmiz çəkisi 5,907 qram olmuş, tədqiqata cəmi 0.1 qram sərf edilmişdir və 5.807 qram qalıq qalmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında 03 fevral 2021-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru Natiq Əsədovun 05 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdəki ümumi təmiz çəkisi 5,907 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5,807 qram narkotik vəsitə olan marixuana saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini könüllü boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, cinayətin açılmasında fəal kömək etməsini, narkomaniyadan müalicəyə ehtiyacı olmamasını və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 03 fevral 2021-ci il tarixdən 05 fevral 2021-ci il tarixədək, 02 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunaraq elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2021-ci il tarixli 523 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatından sui-istifadə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əladəqar olaraq, narkomaniyadan məcburi müailicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbəddən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məqəsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5.807 qram narkotik vəsitə marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, iki ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X3 03 fevral 2021-ci il tarixdən 05 fevral 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonunun ərazisini tərk etməmək, ünvan 9 ünvanında yaşayış yerini hər gün saat 23:00-dən 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5,807 qram narkotik vəsitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar