Məhkəmə qərarları › İş №1(009)-169/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-169/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-169/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ayıq sürücü işləmiş. ünvan 1 ünvanında qeydiyyatda olan. ünvan 2nda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə 26 mart 2022-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanın qarşısında olan Zərərçəkmiş şəxs məxsus ağ rəngli Niva markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının şüşəsini üzərində gəzdirdiyi bıçaqla sındıraraq avtomobilə daxil olub avtomobildə quraşdırılmış “Pioner” markalı maqnitafonu talamaq məqsədi ilə sökən zaman avtomobilin sahibi Zərərçəkmiş şəxs yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini görərək əmlakının talanmasının qarşısını almaq məqsədi ilə qışqıraraq sonuncudan əməlini dayandırmasını tələb etmiş, lakin o, gizli başladığı talama cinayətinin aşkar xarakter almasını dərk etdikdən sonra Zərərçəkmiş şəxs tələblərinə məhəl qoymayaraq ələ keçirdiyi bir ədəd “Pioner” markalı maqintafonu özündə saxlamaq məqsədi ilə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs əmlakını açıq talayaraq 450 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin hərəkətlərilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələr və psixotrop maddələri qəbul edir. 26 mart 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri 8-ci km qəsəbəsində olarkən, Nizami rayonu Çobanzadə küçəsində yerləşən “Opera" adlı şadlıq sarayının qarşısından ayıq sürücü kimi sifariş əsasında müştərini öz avtomaşını ilə Səbail rayonu Badamdar qəsəbəsinə “Gəlin Qayası”restoranının yaxınlığına gətirmiş, saat 02 radələrində müştəridən ayrılıb evə qayıtmaq üçün ara küçələrlə gedərkən binanın qarşısında dayanmış ağ rəngli, “Niva” markalı avtomobili görüb ora yaxınlaşmışdır. Avtomobilin içərisində “Pioneer” markalı maqnitofonu görüb, maqintafonu oğurlamaq qərarına gəlmiş, üzərində daşıdığı açılıb bağlanan cib bıçağını çıxararaq avtomaşının sağ qapının pəncərəsinə yuxarı hissədən salıb aşağı tərəfə çəkən zaman pəncərə sınmışdır. O, qapını içəri hissədən açaraq maşına oturmuş, “pioner" markalı maqintafonu əli ilə tutaraq özünə tərəf çəkib çıxarmışdır. O, maqintafonu götürüb maşından düşmək istəyəndə həmin vaxt binanın yuxarıdan 4-cü mərtəbəsindən bir nələr kişi onu görüb qışqıraraq «daayan-dayan» demiş, o, maqintafonu götürərək qaçıb oradan uzaqlaşmışdır. Ona məxsus bıçaq və vintaçan orada düşüb qalmışdır. Oğurladığı “Pioner" markalı maqintafonu “Koroğlu" metrostansiyası yaxınlığında tanımadığı taksi sürücüsinə həmin maqintafonu 70 manata satmışdır. Uzun müddət narkotik vasitələr qəbul etdiyi üçün əldə etdiyi pulun 30 manatına tanımadığı şəxsdən narkotik tərkibli M 40 dərmanı alıb qəbul etmiş, qalan 40 manatını öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 25 mart 2022-ci il il tarixdə günorta saatlarında özünə məxsus “Niva” markalı **-NZ-*** qeydiyyat nişanlı avtomobilini həyətdə saxlayıb evə getmişdir. 26 mart 2022-ci il il tarixdə gecə saat 02:10 radələrində evin balkonuna çıxıb siqaret çəkirmiş, həmin vaxt bir nəfər naməlum şəxsin avtomobilinin yanında alışqanın işığı ilə avtomobilə baxdığını və avtomobilin içərisinə əlini saldığnı görmüşdür. O, balkondan qışqırıb nə etdiyini soruşmuş, həmin şəxsin oğurluq eldiyini görərək dalınca aşağı düşüb qaçmışdır. O,pilləkənlərlə aşağı düşənə qədər həmin şəxs oradan qaçmış, o, bu şəxsin dalınca qaçsa da, lakin çata bilməmişdir. Qayıdıb avtomobilə baxarkən avtomobilinin sağ yan şüşəsinin sındırıldığını görmüş və avtomobilin içərisinə baxarkən içərisindən “Pioner” markalı maqnitofonun oğrulandığını aşkar etmişdir. O, həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək polis çağırmışdır. Ona ümumilikdə 450 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci il tarixdə saat 02:13-də ünvan 4 ünvanda yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edib məlumat verərək, eləcə də Səbail RPİ-nin 41-ci PB-nə ərizə ilə müraciət edərək yaşadığı binanın balkonundan baxan zaman binanın həyətində saxladığı özünə məxsus olan ağ rəngli, “Niva” markalı, 99MZ041 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sağ qapısının şüşəsinin sındırılaraq avtomobilinin salonundan oğurluq edən şəxsə qışqıraraq dayanmasını tələb eldiyini, lakin naməlum şəxsin qaçdığını, sonradan avtomobilinə baxan zaman naməlum şəxsin avtomobilin salonundan «Pioner» markalı maqnitofonu oğurlamasını aşkar etdiyini bildirmişdir. Məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin baş verdiyi təxmini saatlarda həmin ərazidən bir nəfər şəxsi sifariş əsasında aparmış «Tovota Prius markalı 77DZ435 dövlət qeydiyyat nişanlı taksi müəyyən edilmiş, həmin taksinin sürücüsü bildirmişdir ki, sifariş əsasında bir nəfər şəxsi Badamdar qəsəbəsindən G.Qarayev küçəsində yerləşən «Bizim market»in yaxınlığından götürmüş, həmin şəxs əlində olan sellofan torbanı arxaya qoyaraq taksiyə qarşı oturacaqdan olurmuş, həmin şəxsi NZS deyilən yerə aparmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmin şəxs təhqiqata verdiyi izahatında etdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi 06 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 26 mart 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin ünvan 4 ünvanın qarşısı olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı 1 ədəd cib bıçağı və 1 ədəd ucu əyri formada olan vintaçan aşkar edilib götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən 1 ədəd çəkilmiş vəziyyətdə oan siqaret kötüyü və avtomobilin qapısından 01 ədəd əl-barmaq izi götürülmüşdür. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-107/2022 saylı 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 06 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir.

2. Suraxanı RPİ tərəfindən 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2019-cu il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4 maddəsinə əsasən dayandırılmışıdr.

3. Binəqədi RPİ tərəfindən 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, 25 noyabr 2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-95/2022 saylı 27 yanvar 2022ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olarq 2 il 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2021-ci il tarixli, 3/499 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaqlarından qalmamışdır.Tədqiqatın dəyəri 53.70 (əlli üç manat yetmiş qəpik) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 16 may 2022-ci il tarixli 2538 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2022-ci il tarixli, 3/542 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, uc hissəsi sınmış, bir tərəfi kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı turist bıçağıdır. Soyuq silah hesab edilmir. Üzərində təyinatı dəyişən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Səbail RPİ-nin inzibati binasından cinayət əməlini törətdiyi yerə müşaiyət edildiyi zaman yolu özü göstərmiş və onu müşaiyət edən heyəti hadisə yerinə gətirərək, cinayət əməlini törətdiyi ərazini yerində göstərmişdir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınması üçün dörd nəfər şəxs arasından Şahid1 Əkbər oğluna təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs həmin şəxslərin arasından tanıyaraq 26 mart 2022-ci il tarixdə saat 02:05 radələrində sifariş əsasında apardığı şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, sonuncu ifadəsində Təqsirləndirilən şəxs sifariş əsasında 26 mart 2022-ci il tarixdə saat 02:05 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsindən götürüb NZS deyilən yerə apardığını göstərmiş, Təqsirləndirilən şəxs üzləşdirmədə dindirmə zamanı bu xüsusatı təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 3/734 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, daktilolentin səthindəki əl-barmaq izi X1 əlinin orta barmağından qalmışdır. Tədqiqatın dəyəri 161.11 (bir yüz altmış bir manat on bir qəpik) manatdır. İş materiallarında olan 12 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd açılıb bağlanan, tiyəsinin ucu qırılmış vəziyyətdə, qara, qəhvəyi rəngdə saplağı olan bıçaq və 1 ədəd saplağı plastik şüşədən olan, sındırılmış vəziyyətdə, tiyəsi əyri formada olan vintaçan maddi sübut hesab edilərək, saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. İş materiallarında olan Suraxanı RPİ-dən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Suraxanı RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs Səməd oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4 maddəsinə əsasən dayandırılmışıdr. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(001)-92/2022 saylı cinayət işi olmuşdur. Həmin cinayət işi üzrə 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarılmışdır. Hökm 16 fevral 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-92/2022 saylı 27 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 07 sentyabr 2022-ci il tarixli 21-1/3- 15088 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-92/2022 saylı 27 yanvar 2022-ci il tarixli hökmü və onun icrası barədə 16 fevral 2022-ci il tarixli göstəriş 11 mart 2022-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs idarəyə gələrək qeydiyyatdan keçməmişdir və cəzanın heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin şikayəti və tələbi olmadığını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-92/2022 saylı 27 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm və onun icrası barədə 16 fevral 2022-ci il tarixli göstəriş 11 mart 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsi tərəfindən icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs idarəyə gələrək qeydiyyatdan keçməmişdir və cəzanın heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-92/2022 saylı 27 yanvar 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə yaranmış məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır və Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (Cinayət Məcəllənin 67.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəllənin 68.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-92/2022 saylı 27 yanvar 2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 (iki) il 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il 3 (üç) gün gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut -Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 1 ədəd açılıb bağlanan, tiyəsinin ucu qırılmış vəziyyətdə, qara, qəhvəyi rəngdə saplağı olan bıçaq və 1 ədəd saplağı plastik şüşədən olan, sındırılmış vəziyyətdə, tiyəsi əyri formada olan vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 278.81 (iki yüz yetmiş səkkiz manat səksən bir qəpik) manat pul vəsairi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(001)-95/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut -Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 1 ədəd açılıb bağlanan, tiyəsinin ucu qırılmış vəziyyətdə, qara, qəhvəyi rəngdə saplağı olan bıçaq və 1 ədəd saplağı plastik şüşədən olan, sındırılmış vəziyyətdə, tiyəsi əyri formada olan vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –278.81 (iki yüz yetmiş səkkiz manat səksən bir qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 534 (beş yüz otuz dörd) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar