Məhkəmə qərarları › İş №1(009)-17/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-17/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-17/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X12 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan, barəsində şikayət verilən şəxs X6 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məhsuliyyətinə cəlb edilməsi və barəsində ittihamedici hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Təzə Alvadı kəndində həyat yoldaşı X10 və yetkinlik yaşına çatmamış 2 uşağı ilə birlikdə yaşayır və yaşadığı kənddə orta məktəbdə müəllimə işləyir. Demək olar ki, bütün kənd əhalisi onu tanıyır. 10 oktyabr 1967-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan X9 mənim həyat yoldaşı X10 ilə avqust 2014-cü il tarixdən qeyri-rəsmi həyat tərzi yaşayırlar və bunların bu cür yaşamasını bilir. Həyat yoldaşı demək olar ki, mütəmadi olaraq X9 ilə əlaqə saxlayır. O, heç vaxt onların bu hərəkətinə baş qoşmamışdır. X8 adına saxta profil açmış və mənim xəbərim olmadan “odnaklasnik” sosial şəbəkəsində 2018-ci il tarixindən mənim foto şəkillərimi həyat yoldaşımın yaxın dostları ilə paylaşıb və onlara dostluq ataraq mənim şərəf və ləyaqətini alçaldaraq mənə mənəvi əzab verir, işgüzar nüfuzuma xələl gətirir. Sonra həyat yoldaşım X7 məxsus olan mobil telefon nömrəsini özününküləşdirərək “WhatsApp” hesabı açaraq yenə də kəndimizdə olan həyat yoldaşının yaxınları, dostları ilə onun adından ağzına gələni söyləmiş və şəkilləri, videoları paylaşaraq onu camaatın gözündən salaraq şantaj etmişdir. İşlədiyi məktəbdə pedaqoji kollektivdə və şagirdlərin arasında işgüzar nüfuzuna xələl gətirmişdir. Eyni zamanda həyat yoldaşının “WhatsApp” hesabının kodunu öz adına keçirməklə onun ünvanına müxtəlif təxribat edir, paylaşımlar etmişdir. Demək olar ki, 2014cü il tarixdən X9 tərəfindən onun şəxsi həyatıma aid olan anlarını müxtəlif statuslarda yayımlayır. O, Xalidə xanımla ümumiyyətlə üzləşməmiş və onun ünvanına heç bir hərəkət etməmişdir. Eyni zamanda yoldaşı içkili olarkən evdə ona görə söz-söhbət yaradır və qohum qonşu arasında onun söz-söhbətləri yaranır. Masallı rayonu, Təzə Alvadı kəndində onun adına və işgüzar nüfuzuna xələl gətirir. Nəticədə onun şərəf və ləyaqətini alçaldaraq, ona mənəvi əzab verir, işgüzar nüfuzuna xələl gətirir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 383-401-ci maddələrini rəhbər tutaraq, məhkəmədən, ünvan 1 ünvanında yaşayan, barəsində şikayət verilən şəxs X6 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məhsuliyyətinə cəlb edilməsi və barəsində ittihamedici hökm çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 və müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.3.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə, hərəkətlərindən şikayət edilən X6 əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət X4 barəsində yayılan məlumatların bilavasitə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayıldığını sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçı X1 Xalidə Adil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizəsində onun məhz hansı hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Beləliklə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar