Məhkəmə qərarları › İş №1(009)-17/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-17/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-17/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Xüsusi ittihamçı X2 nümayəndəsi vəkil X7, Müdafiəçi , Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 1 saylı şəhər Poliklinikasında Həkim-Cərrah vəzifəsində işləyir. 02 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində X11 Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan 2tmiş, böhtanla dolu məlumatları, rəhbərliyin, kolleqalarımın və ictimaiyyət arasında nüfuzuma xələl gətirən, şər və böhtan xarakterli məlumatlar yaymış o cümlədən ağır cinayət törətməkdə (Xüsusi ittihamçı 311.2-ci maddəsi, rüşvət almaq) ittiham edici ifadələr söyləmişdir. Belə ki, barəsində şikayət olunan şəxsin həmin ifadələri işlətməsi onun tərəfindən onun bu ifadələri işlədən zaman Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan 3 şəxsi mobil telefon vasitəsilə audioyazı aparılmaqla əldə edilmişdir. Qeyd edilən audio yazı 31 dəqiqə 07 saniyə olmaqla aparılmışdır. Həmin audioyazıda onu ifadələri aşağıdakı ardıcıllıqla öz əksini tapmışdır: 1) Səs yazmasının 05:45 qədiqəsində mənə böhtan ataraq “Siz mənim həyat yoldaşıma demisniz ki, gedin barmağını kəsdir” bundan əlavə həmin ifadələri audio yazının 06:00 və 06:38 daqəsindədə eyni ifadələri işlətmişdir (CM 147-ci maddəsi böhtan). 2) Daha sonra həmin səs yazmasının 06:56 qədiqəsində mənə böhtan ataraq “Sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib” kimi ifadələr işlətmişdir. (CM 147-ci maddəsi böhtan). 3) Daha sonra həmin səs yazmasının 07:24 qədiqəsində mənə böhtan ataraq yoldaçının xx.xx.2023-cü il tarixində mənim qəbulumda olması lakin mən onun qəbulunu qeydə almadığımı barədə təkrar böhtan ataraq məni səhlənkarlıqda ittiham etmişdir. 4) Daha sonra səs yazmasının 09:55 qədiqəsində mənə böhtan ataraq “bu həkim mənə dedi ki, günah İradə xanımdadır gedin barmağını kəsdirin” təkrar olaraq həmin ifadələri 10:40 ifadələri işlədərək mənə təkrar olaraq böhtan atmışdır. 5) Daha sonra Səs yazmasının 13:09 dəqisində “sən axırıncı dəfə mənim yoldaşımdan pul almısan”, 13:43 “sən ondan 30 manat pul almısan” kimi ifadələr işlətmişdir. 6) Daha sonra Səs yazmasının 14:10 dəqiqsində “sənin kimi savadız həkimlərdən” kimi ifadələr işlətmişdir. 7) Daha sonra Səs yazmasının 14:32 dəqiqəsində “kül sənin kimi həkimin başına” kimi ifadələr işlətmişdir. 8) Daha sonra Səs yazmasının 15:25 dəqiqəsində “Sən bu torpaqda cərrah vəzifəsinə layiq deyilsən” kimi ifadələr işlətmişdir. 9) Daha sonra Səs yazmasının 21:12 dəqiqəsində “Sən mənim yoldaşımın barmağını kəsmisən” kimi ifadələr işlətmişdir. 10) Daha sonra Səs yazmasının 20:44 dəqiqəsində “Pul alıb boynuna lamır ki pul almışam” kimi ifadələr işlətmişdir. 11) Daha sonra Səs yazmasının 23:49 dəqiqəsində “bu adam cərrah olmağa layiq deyil” kimi ifadələri mənim ünvanıma işlətmişdir. Bütün qeyd edilənlər tərəfimdən 02 fevral 2024-cü il tarixində saat 14:30 radələrində Bakı şəhəri Səbail rayonu Bül-Bül prospekti 16 ünvanında yerləşən ünvan 3 şəxsi mobil telefon vasitəsilə audioyazı ilə qeydə alınmışdır. Məlumdur ki, hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi- əxlaqi-sosial dəyərlər olduğuna görə, həm vətəndaşın mənsub olduğu dövlət, həm də beynəlxalq hüquqla müdafiə olunur. Belə ki, həm Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində; həm də 1948-ci il Ümumdünya insan hüquqları Bəyamnaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikasında cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prisiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində də təsbit olunmuşdur. Eyni zamanda, Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada Konstitusiyanın 47-ci maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirilərkən, bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, Konstitusiyanın 46-cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdaifəsi hüququna riayət olunmaqla hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 9-10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Belə məhdudiyyətlərin məqsədləri sırasına Konvensiya digər məqsədlərlə yanaşı mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil etmişdir. Göründüyü kimi, istər milli hüquq, istərsə də beynəlxalq hüquq fikir və ifadə azadlığını heç də məhdudiyyətsiz hüquq hesab etmir və bu hüququ məhdudlaşdıran şərtlər ehtiva edir. Bu gün demokratik dövlət quruculuğu yolunda inkişaf edən dövlətimiz də mənəviyyatın qorunması, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi məqsədilə demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə bu hüquqları qanunla məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasma görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiyav ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdn alçaltma təhqir cinayətinin tərkibini yaradır. Qeyd edilməsi zəruridir ki, qanunvericiliyin tələbinə əsasən təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Təhqiredici ifadələrin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə uyğun müəyyən edilir. Şərəf və ləyaqətin nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə ona əhatəsinin (iş yoldaşlarının, dostlarının tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Qanunvericiliyə görə şərəf və ləyaqətin nalayiq formada alçaldılması müxtəlif üsullarla, o cümlədən yazılı və şifahi, hərəkətlərlə, həmçinin məktubda, müraciətdə, ərizə, şikayət və ya təklifdə ifadə edilməklə də törədilə bilər. Bildirir ki, sözügedən cinayət hadisəsi Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan 5 rayon məhkəməsinin yurisdiksiyasındadır. Barəsində şikayət verilən şəxs X11 ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş, ünvan 6 ünvanında qeydiyyatda olan təqayütçü, X4 02 fevral 2024-cü il tarixində saat 14:30 radələrində Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 16 ünvanında yerləşən Bakı şəhəri 1 saylı şəhər Poliklinikanın Baş Həkimin otağında X2 ünvanına: “Siz mənim həyat yoldaşıma demisniz ki, gedin barmağını kəsdir”, “Sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib”, “mənim həyat yoldaşım xx.xx.2023-cü il tarixində sənin qəbulunda olub dəftərə niyə işləməmisiniz”, “bu həkim mənə dedi ki, günah İradə xanımdadır gedin barmağını kəsdirin”, “Sən mənim yoldaşımın barmağını kəsmisən”, “Sənin kimi savadız həkimlər şəkər xəstələrinin başına bu oyunu açır”, kimi ifadələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, “Pul alıb boynuna almır ki pul almışam”, “sən axırıncı dəfə mənim yoldaşımdan pul almısan”, “sən ondan 30 manat pul almısan” kimi ifadələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci (CM 311.2-ci maddəsinə əsasən) maddəsində nəzərdə tutulmuş cinayət əməlini, “Sənin kimi savadız həkimlər şəkər xəstələrinin başına bu oyunu açır”, “kül sənin kimi həkimin başına”, “Sən bu torpaqda cərrah vəzifəsinə layiq deyilsən”, “bu adam cərrah olmağa layiq deyil” kimi ifadələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edəsiniz və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair müvafiq hökm çıxarılmasını xahiş etmişdir. Bununla da onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsində nəzərədə tutuan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X11 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək; -"Siz mənim həyat yoldaşıma dəmisiz ki,gedin barmağını kəsdir","sənin ucbatından həyat yoldaşım barmağını kəsdirib” həyat yoldaşı xx.xx.2023- cü il tarixdə sənin qəbulunda olub dəftərə niyə işləməmisiniz",bu həkim mənə dedi ki,günah iradə xanımdadır, gedin barmağını kəsdirin", "sən mənim həyat yoldaşımın barmağını kəsmisən","sənin kimi savadsız həkimlər şəkər xəstələrinin başına bu oyunu açır",kimi ifadələri işlətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri, -"Pul alıb boynuna almır ki,pul almışam","sən axrıncı dəfə mənim yoldaşımdan pul almısan","sən ondan 30 manat pul almısan" kimi ifadələri işlətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri, -"sənin kimi savadsız həkimlər şəkər xəstələrinin başına oyun"açır","sən bu torpaqda cərrah vəzifəsinə layiq deyilsən " "bu adam cərrah olmağa layıq deyil" kimi ifadələri işlətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməlini törətdiyinə görə məhkəmədən məni həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində müvafiq hökm çıxartmağı xahiş edir. Barəsində qaldırılmış xüsusi ittihamı qəbul etmir və hesab edir ki,həmin ittiham aşağıda istinad edilmiş işin həqiqi halları və qanunvericiliyin tələblərinə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələblərinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma,həmin Məcəllənin 147.2-ci maddəyə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi hərəkərlər xüsusi icraat qaydasında cinayət məsuliyyətin yaradan hərəkətlər həsab olunur. İşin həqiqi halları ondan ibarətdir ki,həyat yoldaşı X9 şəkər xəstəsidir və bir müddət ayaq barmağında hiss etdiyi cüzi ağrılar və narahatçılıqlarla bağlı Bakı şəhəri 1 saylı şəhər Polikninikanın cərrah həkimi X3 müraciət etmiş, axırıncı həyat yoldaşını xeyli müddət barmağı sarğı etməklə müalicə etmiş, nəticədə də ayağın dördüncü barmağı tam qaralmış və barmaqda hissiyat müəyyən etmək mümkün olmadığını görüb həkim Günay İsmayılova artıq müalicə və sarğılar barmağa kömək etməyəcəyini bildirərək barmağın əməliyyat yolu ilə götürülməsi üçün xəstəxanaya müraciət etmək lazım olduğunu həyat yoldaşına bildirmişdir. Bununla əlaqədar xəstəxanaya müraciət etdiklərində artıq onlara həmin barmağın və yanındakı barmağın yarısını amputasiya etmək yolu ilə götürmək lazım olduğu bildirilmiş və onlar həmin əməliyyatı etdirmək məcburiyyətində qalmışlar. Məlum məsələdir ki, həkim Günay İsmaylova müayinə və müalicəni düzgün aparmış, vaxtında lazımı tibbi yardım göstərilmiş olsaydı əməliyyat yolu ilə həyat yoldaşım ayaq barmaqlarını itirməzdi. Bu əsasla da o, bununla əlaqədar iradını bildirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 1 saylı şəhər Polikninikanın Baş Həkimin qəbuluna gətdi. Baş Həkim qəbula gəlməyinin səbəbini bilmədən onu otağına dəvət etmiş, bu zaman otaqda iki nəfər əvvəllər görmədiyi və tanımadığı polikninikanın işçiləri var idi. Baş Həkimə həkim Günay İsmayılova ilə bağlı iradını bildirmək istədiyində, o Günay İsmaylovanı da otağa dəvət etdikdən sonra onu dinləmiş, iradı isə ondan ibarət idi ki, həkim Gürıay İsmaylova həyat yoldaşının ayaq barmağını xeyli müddət tam müayinə və müalicə etməməsi səbəbindən həyat yoldaşı ayağının iki bağmağını itirmiş, hətta Türkiyə Respublikasının ayağına sürtmək üçün bahalı krem sifariş etmək üçün ondan 30 manat pul aldığını, lakin kremi təqdim etmədiyini bildirmişdir. Baş Həkimin qəbulunda olarkən o Günay İsmaylovanın şərəf və layaqətini ləkələyən böhtan xarakterli və təhqiredici ifadələr işlətməyib. İşlətmiş olsaydımbelə həmin hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini o halda yarada bilər ki, həmin hərəkətlər kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdiririlmiş olsun. Şikayətçinin özünün də göstərdiyi ki, ona qarşı iradını o kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdiririlib. Sadəcə olaraq narazılığını həkim işlədiyi Tibb müəssisəsinin Baş Həkiminə bildirib. Bu isə birbaşa qanunla nəzərdə tutulmuş haldır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında “AR Ali Məhkəməsi Plenimunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarın 5-ci bəndinə deyilir’’ böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, ÇM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Belə olduğu halda hesab edir ki, Günay İsmaylovanın ona qarşı irəli sürdüyü heç bir hüquqi və həqiqi əsası olmayan şikayət əsassız və qanunsui hesab edilməklə rədd edilməlidir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 şikayət ərizəsinə uyğun izah verərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəlarində nəzərdə tutulmuş əməlini törətdiyimə görə məhkəmədən məni həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməklə X4 barəsində müvafiq hökm çıxartmağı və qanun çərçivəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, X1 Günay Vəlihəd qızına “savadız həkim”, “bu torpaqda cərrah vəzifəsinə layiq olmayan”, “kül sənin kimi həkimin başına”, “sənin ucbatından mənim yoldaşımın barmağı kəsilib”, “bu adam cərrah olmağa layiq deyil” ifadələri demiş və yoldaşına tətbiq etdiyi müalicədə səhlankarlıq etdiyində ittiham etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla və təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq belə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fİkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan işlərində böhtan atan şəxsin yalan yaydığını bildiyinin sübuta yetirilməməsi cinayət təqibini istisna edir. Böhtan əlamətlərini müəyyən etmək üçün zərərçəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur. Qanun müəyyən edir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və ittiham hökmü yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Deməli, məhkəmə böhtan məsələsinə hüquqi qiymət verərkən təkcə cinayət qanununa istinad edilməsini deyil, həm də onun əsaslandırılmasını nəzərdə tutur. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin niyyəti ilə bağlı düzgün nəticə çıxarmalıdır. Böhtan yalnız birbaşa qəsdən törədildiyi üçün hökmdə müttəhimin bilavasitə niyyəti olduğunu göstərən halların məcmusuna istinad etmək lazımdır. Başqa sözlə,niyyət cinayətin baş verməsi hallarının məcmusu ilə sübuta yetirilir. Bütövlükdə təqsirləndirilən şəxsin təqsiri və ya irəli sürülən ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin törədilməsində iştirak dərəcəsi və xarakteri, vicdanlı yanılma da daxil olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. kimi aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar müttəhimin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, toplanmış sübutların məcmusu barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X8 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması və ağır və kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma sübuta yetirilməmişdir. X4 əməlinin tərkibində subyektiv cəhətin mövcud olmaması onun cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X8 həmin maddə ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 39.1.2, 42.1.2, 42.2.2, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından ona həmin maddələr ilə bəraət verilsin. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar