Məhkəmə qərarları › İş №1(009)-172/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-172/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-172/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 aprel 2025-ci il tarixdə saat 12.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən saxlanc yeri hesab edilən metal qəbulu yerinə qanunsuz daxil olub oradan 110 kiloqram hər bir kiloqramının qiyməti 13 manat olmaqla ümumilikdə 1430 manat dəyərində mis məftilləri və mis metalları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobilin arxa faralarında nasazlıq olduğundan 23 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə gəlmiş, avtomobilin arxa faralarını təmir etdirdikdən və bir gün Bakı şəhərində qaldıqdan sonra 24 dekabr 2024-cü il tarixdə gecə saatlarında geri Füzüli rayonuna qayıtmağa başlamış, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi küçəsi ilə hərəkət edən zaman yolun kənarında metal qəbulu yeri görüb avtomobili saxlamışdır. Avtomobildən düşüb metal qəbulu yerinin həyətində olan torbalara baxmış, daha sonra orada olan tikiliyə daxil olmuş, orada kiminsə olub-olmadığını dəqiqləşdirmək üçün “kim baxır bura” sözləri ilə çağırmış, lakin heç kim cavab verməmişdir. Həmin yerdə torbalara baxmış və torbanın içərisində mis məftil və mis əşyaların olduğunu görmüşdür. Həyətə çıxmış, bir neçə saniyə fikirləşib heç kimin olmadığından istifadə edərək oğurluq etmək qərarına gəlmiş və təkrar həmin tikilyə daxil olub orada 4 ədəd torbada olan misləri götürüb avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmışdır. Sonra Balaxanı yolu deyilən əraziyə getmişdir ki, orada metal qəbulu yeri tapıb oğurladığı mis metalı satsın. Lakin metal qəbulu yeri tapa bilmədiyinə görə yolun kənarında dəmir yığanlardan metal qəbulu yeri soruşmuş, sonunculardan biri bildirmişdir ki, gecə vaxtı dəmir qəbul yeri açıq olmaz. Həmin şəxsə mis metalının olduğunu demişdir. Həmin şəxs mislərə baxmaq istədiyini bildirmiş, göstərmişdir. Sonuncu üzərində 38 manat pulunun olduğunu bildirmiş, oğurladığı 4 ədəd içərisində mis metal olan torbalardan 2 ədədini həmin şəxsə verib 38 manat pul almışdır. Oradan avtomobilinə minib yanacaq doldurma məntəqəsinə sürüb avtomobilə yanacaq doldurub yaşadığı Füzuli rayonuna getmiş, səhər saatlarında Füzuli rayonuna çatmış, rayonun Daşburun qəsəbəsindən Füzüli şəhəri istiqamətində gedən yolun kənarında yerləşən metal qəbulu yerinə qalan 2 torbadakı mis metalları verib, 28 manat pul alıb yaşadığı evə getmişdi. Bir neçə gündən sonra polis əməkdaşları yaşadığı evə gəlib onu Bakı şəhəri, Səbail rayon polis bölməsinin 8-ci polis bölməsinə aparmışlar. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən metal qəbulu məntəqəsini işlədir. 25 dekabr 2024cü il tarixdə saat 21.00 radələrində iş yerində olduğu zaman orada olan 1500 manat dəyərində mis naqillərinin qoyduğu yerdə olmadığını, yəni digər şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ona görə də, baş vermiş oğurluq hadisəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin oğurluq hadisəsini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Oğurlanmış mis naqillərinin dəyəri 1430 manat təşkil etdiyindən ona həmin məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tamamilə ödənmişdir, barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən saxlanc yeri hesab edilən metal qəbulu yerindən 4 ədəd içərisində mis metal olan torbaları götürərək avtomobilin arxa hissəsinə qoymuş və oradan uzaqlaşmışdır. 27 dekabr 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 28 dekabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 29 dekabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 29 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 29 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən dərhal azad edilmişdir. 15 fevral 2025-ci il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. 11 mart 2025-ci il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 177.2.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 yanvar 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 27 dekabr 2024-cü il tarixdən 29 dekabr 2024-cü il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə dəymiş ziyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 dekabr 2024-cü il tarixdən 29 dekabr 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar