Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-173/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Anamın əlindən” mağazasının sahibi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, “Rose Villa” mənzil kompleksində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 15:45 radələrində bacısı Şahid3 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96B saylı, evin 17-ci mənzilinin giriş qapısının qarşısında, şəxsi münasibətlərin kəskinləşməsi zəminində, Şahid3 əri Zərərçəkmiş şəxs başından yumruqla və əli ilə vuraraq ona alın nahiyyəsinin sol yarısının sıyrığı və sıyrığın aşağı kənarının qançırı, sol qaş qövsünün bayır qurtaracağı üstünün qançırı, sol gözün bayır bucağı və sol gicgah nahiyyəsinin sıyrığı, sağ gözaltı nahiyyənin qançırı və gözün qişasının iç yarısına qansızına, sol kürəküstü nahiyyənin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Aynanın həyat yoldaşıdır. Orxanla Ayna təxminən yeddi ildir ki, evlidirlər. 30 aprel 2021-ci il tarixdə bacısı Ayna uşaqlarının oyuncaqlarını onun Rəşid Behbudov küçəsi 50 ünvanında yerləşən “Anamın əlindən” mağazasına gətirib qoymuşdur. Aynagil yaşadıqları evdən Mərdəkan qəsəbəsinə köçdükləri üçün bacısı uşaq oyuncaqlarını gətirib ona vermişdir ki, onları yeni evə aparmasınlar. Təxminən yarım saat sonra mağazanın qarşısında yük maşınının dayandığını görmüşdür. Sürücü demişdir ki, Orxanla Namiq onu göndəriblər. Həmin yükləri aparıb mağazanın yük yerinə yığmışlar. Təxminən 15 dəqiqə sonra bacısı Ayna onun yanına gəlmiş və yüklərin gəlməsindən təəcüblənmiş, evə getməli olduğunu demişdir. Bacısı hamilə olduğu üçün o da qoşulub birgə Aynanın yaşadığı mənzilə getmişdir. Liftdən düşən zaman Orxan yanındakı iki nəfərlə birlikdə orada qapının kilidini dəyişirmişlər. O, liftin yanında dayanmışdır, Ayna qapıdan içəri keçmək istəyəndə Orxan demişdir ki, “Çıx get, yüklərini də göndərmişəm”. Ayna da hamilə olduğu üçün o, oraya yaxınlaşıb narazılığını bildirmək istəyirmiş. Bu zaman Orxan qəflətən onu vurmuş və əlbəyaxa olmuşlar. O, da yumruqla Orxanın baş nahiyyəsinə bir neçə dəfə zərbə endirmişdir. Dava-dalaş vaxtı bacısı Ayna artıq içəri keçmişdir ki, uşaqları götürsün. Onların yanında Orxanın iki nəfər, hər ikisinin adı Namiq olan tanışları olmuşlar. Bu şəxslər onları aralamışlar. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. O, Orxanı onu vurduğu üçün vurmuşdur. Hadisə 30 aprel 2021-ci il tarixdə saat 15:41-də ünvan 3 ünvanda, 17-ci mənzilin girişinin qarşısında baş vermiş, münaqişə bir neçə dəqiqə davam etmişdir. Dava dalaşa səbəb Orxanın onun bacısı Aynanı yaşadığı ünvana buraxmaması olmuşdur. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, özünü təqsirli bildiyini nəzərə alaraq bəraətverici əsaslar olmadan işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Aynanın balaca qardaşıdır. Ayna ilə o, yeddi ildir evlidirlər. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etmişdir ki, onun yaşadığı ünvana gəlməsin. Səbəb isə Nizaminin mütəmadi olaraq onun yaşadığı evə gəlib- getməsi, onun əşyalarından istifadə etməsi və ondan pul istəməsidir. Nizaminin özünə də dəfələrlə bu barədə xəbərdarlıq etmişdir. 30 aprel 2021-ci il tarixdə təxminən saat 15:45 radələrində Təqsirləndirilən şəxs yenidən yaşadıqları ünvana gələrək evə daxil olmaq istəmiş, o, icazə verməmişdir. Həmin vaxt mənzilin kilidin dəyişirdi. Yanında tanışları Şahid1 və Namiq Quliyev olmuşlar. Bu şəxslər ona kömək edirmişlər. Bu zaman həyat yoldaşı Ayna və qardaşı Nizami liftdən çıxıb ona tərəf gəlmişlər. Yoldaşı içəri keçdikdən sonra o, Nizamini içəri keçməyə qoymamışdır. Nizamiyə demişdir ki, “Mənim evimə girmə, xahiş edirəm”. Bu zaman Nizami onu itələmişdir ki, içəriyə keçsin. O, Nizamiyə bir də mane olmaq istəyəndə Nizami yumruqla onu vurmuşdur. Əlbəyaxa olmuşlar. Ordakı şəxslər onları ayırmağa çalışırmışlar. Hadisə zamanı Nizami onu yumruq zərbəsi ilə baş nahiyyəsinin sol tərəfinə vuraraq xəsarət yetirmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı o, da Nizaminin baş nahiyyəsinə zərbə endirmişdir. Hadisə vaxtı yanlarında Namiq Quliyev və Şahid1 olmuşdur. Qaynı Təqsirləndirilən şəxs onun tərəfindən evə buraxmadığı üçün onu vurmuşdur. Hadisə 30 aprel 2021-ci il tarixdə saat 15:45 radələrində, onun ailəsilə yaşadığı ünvan 3 ünvanda, 17-ci mənzilin girişinin qarşısında baş vermiş, münaqişə bir neçə dəqiqə davam etmişdir. Dava dalaşa səbəb qaynı Təqsirləndirilən şəxs yaşadığı ünvana buraxmaması olmuşdur. O, həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onun həyat yoldaşı Şahid3 qardaşı olduğunu və yeni dünyaya gəlmiş övladını nəzərə alaraq Təqsirləndirilən şəxs bağışlayır və cinayət təqibi icraatına xitam verilməsini xahiş etdi. 01 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük içtimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 01 may 2021-ci il tarixli 227 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - alın nahiyyəsinin sol yarısının sıyrığı və sıyrığn aşağı kənarının qançırı, sol qaş qövsünün bayır qurtaracağı üstünün qançırı, sol gözün bayır bucağı və sol gicgah nahiyyəsinin sıyrığı, sağ göz nahiyyənin qançırı və gözün ağlı qişasının iç yarısına qansızma, sol kürəküstü nahiyyənin qan küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə müayinə olunanın göstərdiyi şəraitdə, yəni 30.04.2021-ci il tarixdə qeyd olunan nahiyyələrə kənar şəxs tərəfindən əl və yumruqla vurma və sonrakı etapda yerə yıxma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onun həyat yoldaşı Şahid3 qardaşı olduğunu və yeni dünyaya gəlmiş övladını nəzərə alaraq Təqsirləndirilən şəxs bağışlayır və cinayət təqibi icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, özünü təqsirli bildiyini nəzərə alaraq bəraətverici əsaslar olmadan işə xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və təhiqiqat zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-173/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-173/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver