Məhkəmə qərarları › İş №1(009)-175/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-175/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-175/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmədova Nərmin Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə4, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Ağdam rayonu, Sarıcalı ərazi dairəsi, Qullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 avqust 2023-cü il tarixdə saat 11.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, 16 dekabr 2022-ci il tarixdə saat 18-19 radələrində ünvan 4 ünvanında yerləşən «Boranı» restoranının qarşısında olarkən oradan təsədüfən keçən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yanına çağırıb sonuncunun guya onu sosial şəbəkələrin birində təhqir etməsini cüzi səbəb kimi bəhanə gətirib əsassız qəsdən münaqişəli vəziyyət yaratmaqla həmin vaxtı yanında olmuş tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgə yaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, ətrafında olan çoxsaylı digər şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmağı demiş, Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki dəfə yumruqla zərbə vurub sonuncuya sol gözaltı nahiyənin qançırı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan xəsarət olduqlarından dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs1 xuliqanlıq hərəkətlərinin davamı olaraq Sübhan Fərzəliyevin sağ qolundan təpiklə bir zərbə vurmaqla şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə bir qrup şəxslə xuliqanlıq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 16 dekabr 2022-ci il tarixdə saat 18-19 radələrində ünvan 5 ünvanında yerləşən «Borani» restoranının qarşısında olarkən həmin zaman yanında olan tanışı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 yanlarından təsədüfən keçən yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs yanına çağırıb guya sonuncu tərəfindən sosial şəbəkələrinn birində təhqir edilməsini cüzi səbəb kimi bəhanə gətirib əsassız qəsdən münaqişəli vəziyyət yaratdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgə yaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, ətrafında olan çoxsaylı digər şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs2 münaqişəyə Təqsirləndirilən şəxs1 mövqeyindən müdaxilə etmiş, sonuncu ona Zərərçəkmiş şəxs vurmağı bildirdikdə o, zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki dəfə yumruqla zərbə vurub sonuncuya sol gözaltı nahiyənin qançırı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan xəsarət olduqlarından dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs1 xuliqanlıq hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs sağ qolundan təpiklə bir zərbə vurub şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə bir qrup şəxslə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə ifadə verərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 16 dekabr 2022-ci il tarixdə saat 18 radələrində o, gəzişmək üçün şəhərin mərkəzinə gəlmişdir. Nizami küçəsində bir qədər tək gəzəndən sonra Fəvvarələr Meydanında əvvəldən tanıdığı Nahidi görmüşdür. Nahidi o, təxminən 2 il olar ki, tanıyır, Yasamal rayonunun ərazisində yerləşən restoranların birində birlikdə paketçi işləyirdilər. Sonra Nahid dostunun saatını götürüb qaytarmadığı üçün ona qarşı münasibəti pisləşmiş, Nahidlə mübahisə etmişdir. Bundan sonra Nahid restorandan işdən çıxmış və uzun müddət o, Nahidi görməmişdir. Təxminən bir ay əvvəl Nahidi o, Memar Əcəmi metrostansiyasının yanında görmüş Nahid ona sataşmaq üçün nəsə deyib idarə etdiyi motosikleti sürüb getmişdir. 16 dekabr 2022-ci il tarixdə Nahidi görəndən sonra ona yaxınlaşıb salamlaşmış və yaxınlıqda olan «Soyuq əllər - İsti ürəklər» yarmarkasının yanında olan fəvvarənin yanına keçib söhbət etməyə başlamışlar. Nahidin yanında iki nəfər oğlan olmuş, onlardan birini Yasamal rayonunda yaşayan Nihat adlı oğlan kimi tanıyır. Üçüncü oğlanı isə tanımır. O, Nahidin tanışlarının yanında Nahidə onunla problemin olmadığını, boş yerə Nahidlə düşmənçilik etmək istəmədiyini demişdir. Nahid onu başa düşdüyünü demiş və onlar əl sıxıb ayrılmışlar. Oradan o, getmək istəyərkən tanışı Sübhanın Nahidlə mübahisə yarandığını görmüşdür. Sübhanın yanında digər üzdən tanıdığı oğlanlar olmuşdur. Onlardan yalnız birinin adını «Qara» olduğunu bilir. Digərləri isə yalnız üzdən tanıyır. O, Sübhanı şəhərin mərkəzində görüb tanımışdır. Sübhanla Nahid tutaşmış və Sübhan Nahidi yumruqla sifətindən vurmuşdur. O, ətrafda olan oğlanlarla onları ayırmışdır. Nahid telefonun yerə düşdüyünü bildirib telefonun kimin götürdüyünü soruşmuşdur. Heç kəs Nahidin telefonunu götürdüyünü boynuna almamışdır. Nahid telefonu götürənə qarşı söyüş söymüş və onu da daxil olmaqla orada olanların üstünü yoxlamağa başlamışdır. Heç kəsdən telefon çıxmamış və o, «Qara» adlı və daha bir nəfər adını bilmədiyi oğlanla «Sahil» metrostansiyasına tərəf yollanmışdılar. Səhərisi günü o, yenə də şəhərin mərkəzinə getmiş və axşam saatlarında «Soyuq əllər - İsti ürəklər» yarmarkasında olan zaman mülki geyimli polis əməkdaşları yaxınlaşıb onu 9-cu Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmadığını, Nahdlə Sübhanı aralamaq istədiyi üçün müdaxilə etdiyini bildirərək zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə ifadə verərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 16 dekabr 2022-ci il tarixdə məktəbdən çıxandan sonra onunla bir məhəllədə yaşayan İlkin adlı tanışı ilə saat 16 radələrində məhəllədə görüşüb əylənmək üçün şəhərin mərkəzinə gəlmiş və Fəvvarələr Meydanında açılmış «Soyuq əllər isti ürəklər» yarmarkasına yollanmışlar. Orada bir qədər gəzəndən sonra İlkinin tanışları Ədalət və «Qara» ləqəbli, eləcə də onların yanında olan, adlarını bilmədiyi digər oğlanlarla görüşmüşlər. Onlar Ədalət və yanındakı oğlanlarla görüşüb söhbət etdikdən sonra İlkinlə onlardan ayrılıb Fəvvarələr Meydanında quraşdırılmış yeni il küknarına tərəf getmişlər. Kofe içə-içə bir qədər fırlanıb yenidən Ədaləti və yanındakı uşaqları yarmarkada görmüşlər. Oradan onlar birlikdə yenidən küknara tərəf gələrkən Ədalət Nahidi işarə edib həmin oğlanın Ədaləti «Tik-tok» və ya «İnstaqram» səhifələrində təhqir etdiyini deyib həmin oğlanı yanına çağırmışdır. Həmin vaxtı orada o, İlkin, «Qara» ləqəbli oğlan və adlarını bilmədiyi oğlanlar olmuşlar. Nahidin yanında iki nəfər oğlan olmuşdur. Nahid Ədalətə yaxınlaşmışdır. Ədalət Nahidə onun tərəfindən sosial şəbəkədə təhqir olunması ilə bağlı iradını bildirəndə Nahid Ədaləti tanımadığını, onun barəsində heçnə yazmadığını bildirmişdir. Bundan sonra «Qara» ləqəbli oğlan Nahidi bir neçə metr kənara çəkmiş və söhbət etmişdir. Nə söhbət etdiklərini bilmir. Bir neçə saniyə sonra Nahidlə «Qara» ləqəbli olan yenidən onların yanına qayıtmış və sosial şəbəkədən söhbət düşdükdə Nahid kobud cavab verdiyindən o, bu cavabın ona aid edildiyini düşündüyü üçün Nahidlə mübahisə etmişdir. Həmin vaxtı Ədalət ona Nahidi vurmağını söyləmiş və o, bir neçə saniyə aralığı ilə 2 dəfə yumruqla Nahidin sifətindən zərbə vurmuşdur, ikinci zərbəni vuranda Ədalət təpiklə Nahidin qolundan vurmuş və Nahidin əlindəki telefon yerə düşmüşdür. Telefon Nahidin əlindən salınandan sonra telefon skamyada oturan uşaqlara tərəf sürüşmüşdür. Həmin anda skamyada oturan bir oğlan durmuş və Nahidi onlardan kənarlaşdırmışdır. Onda o, həmin oğlanın Nahidi əvvəldən tanıdığını bilmişdir. Nahid həmin oğlana döyüldüyünü deyib telefonunu axtarmağa başlamış, lakin telefonu tapa bilməmişdir. O, özü də telefonu sonradan görməmişdir. Sonra həmin oğlan onun üstünü yoxlamış, telefon ondan çıxmamış və onlar Nahiddən uzaqlaşdıqdan sonra Ədalət yenidən Nahidin yanına qayıdıb Nahidlə söhbət etmişdir. Təxminən yarım saatdan sonra mülki geyimli şəxslər onları saxlamışlar və 9-cu Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə ifadə verərkən göstərmişdir ki, 16 dekabr 2022-ci il tarixdə saat 17- 18 radələrində Fəvvarələr Meydanına gəlmiş və orada Toğrul adlı tanışı ilə rastlaşmışdır. Sonra şəhərin mərkəzindən tanıdığı Nihat adlı oğlan da onlara qoşulmuşdur. Onlar «Soyuq əllər-İsti ürəklər» yarmarkasında gəzişən zaman Nihat onlardan uzaqlaşmış və kənarda dayanan bir neçə nəfər onların yaşlarında olan oğlanlardan biri ilə görüşüb salamlaşmış və sonra da onların yanına qayıtmışdır. Həmin anda Nihatın görüşdüyü oğlanın yaxınlığında dayanan bir qrup şəxslərdən biri olan, adını sonradan 9-cu polis bölməsində Ədalət bildiyi oğlan onu işarə edərək «Qara bala bura gəl» demişdir. Toğrul Nihatla dayandıqları yerdə qalmış o, isə Ədalətin yanına yaxınlaşmışdır. Həmin vaxtı Ədalətin yanında daha bir neçə nəfər, təxminən beş nəfər oğlan dayanmışdır. Onlardan birinin də adını 9-cu polis bölməsində Sübhan olduğunu bilmişdir. Ədalət onunla söhbətin olduğunu deyib onu oradan kənara çəkmişdir. Eyni zamanda arxasınca Sübhan və daha dörd nəfər tanımadığı oğlanlar yaxınlaşmışdılar. Ədalət ona «Sosial şəbəkədə məni niyə söymüsən» deyə soruşmuş, o isə onu ümumiyyətilə tanımadığını bildirib həmin şəxlərin davranışından onların bilə-bilə söz mübahisəsini yaratmaq istədiklərini başa düşmüşdür. Bu zaman onların yanında olan və skamyada oturan «Qara» kimi çağırdıqları oğlan onun əlindəki “Xiaomi Mİ12LT” markalı mobil telefonu görüb həmin telefonun «İphone» markalı olub-olmadığını soruşmuşdur. O, «İphone» deyil «Xiaomi» olduğunu söyləyəndə «Qara» ləqəbli oğlan telefonu baxmaq üçün verməyini təkid etmişdir. O, münaqişənin olmaması üçün telefonu həmin oğlana vermişdir. Sonuncu telefonu əlində çevirib üzərinə baxmış və ona qaytardıqdan sonra qoluna girib kənarda onunla söhbət etmək istədiyini bildirmişdir. O, «Qara» ləqəbli oğlanla getmək istəmədiyini deyib, nə söhbəti varsa həmin oğlanların yanında etməyi xahiş etmiş və həmin oğlanların ona qarşı olan niyyətlərin yaxşı olmadığı dərk edib uzaqlaşmaq istəyərkən Ədalət buna imkan verməyərək «getmə səninlə söhbətimiz var» deyə söyləmişdir. Bu zaman Sübhan Ədalətdən «bunu vurum?» deyə soruşmuşdur. Ədalət vurmağına icazə verəndən sonra Sübhan sağ əlinin yumruğu ilə onun sol gözünün altına zərbə vurmuşdur. Sübhan arıq bədən quruluşlu olduğundan zərbəsi ona təsir etməmiş, ağrı da yetirməmişdir. O, hərəkətlərinə son qoymalarını demiş, elə bunu deyəndən sonra Sübhan təkrar ona həmin nahiyədən bir zərbə vurmuşdur. Sübhan ona ikinci zərbə vuranda Ədalət də təpiklə onun telefonunu saxladığı sağ əlindən zərbə vurmuş və zərbədən telefon yerə düşmüşdür. Həyacanlı olduğundan telefonun hara düşdüyənə baxmamış, fikri həmin oğlanların üzərində olmuşdur. Bu zaman təsadüfən oradan keçən dostu Natiq yaxınlaşmış və həmin oğlanların onu təklədiyini görüb onları ondan kənarlaşdırmış və nə baş verməsini soruşmuşdur. Natiq orada olanlardan Ədaləti və daha bir neçəsini əvvəldən tanıyırmış. O, Ədalətlə Sübhanın onu vurduğunu deyib telefonunu yerdə axtarmağa başlamış və tapa bilmədikdə həmin oğlanlardan kiminsə onun telefonunu götürdüyünü demişdir. Həmin vaxtı görmüşdür ki, Nihat və Toğrul da onlardan bir qədər aralı dayanmış, lakin onlar qorxudan yaxınlaşmamışlar. Natiq həmin şəxslərə onun telefonunu qaytarmalarını demişdir. Oğlanlardan heç kəs telefonunu götürməyi boynuna almadığı üçün Natiq Sübhanın və daha bir-iki nəfərin üstünə baxıb telefonu aşkar etməyəndən sonra telefon götürənə qarşı söyüş söymüş, lakin yenə də heç kəs boynuna almamışdır. Həmin oğlanlar ondan uzaqlaşıb gedərkən o, Natiqə telefonunu götürəni görmədiyini, lakin həmin oğlanlardan olduğunu bildirmişdir. Oğlanlardan kimsə bu sözləri deməyi eşitmiş və onlar onun yanına qayıdandan sonra oğlanlardan biri «bizə qarşı şübhən var?» deyərək yenidən münaqişə yaratmağa çalışmış, lakin Natiq buna imkan verməmişdir. Sonra həmin oğlanlar çıxıb getmiş, Natiq də onlara qoşulub onlarla uzaqlışmışdır. O, kənarda dayanan Toğrulla Nihata yaxınlaşmış və onlara telefonunun götürülməsini demişdir. Sonra o, yoldan keçən adamın telefonundan polisin 102 nömrəsinə zəng vurub hadisə barədə məlumat vermişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid göstərmişdir ki, 2022-ci il dekabr ayının ortalarında Fəvvarrələr Meydanında «Soyuq əllər İsti ürəklər» yarmarkasında dostu Təqsirləndirilən şəxs1, bundan başqa yaxın münasibəti olmayan, adını Sübhan bildiyi və adlarını bilmədiyi, lakin şəhərin mərkəzindən üzdən tanıdığı həmyaşlıları ilə birlikdə olarkən Ağa kimi tanıdığı Zərərçəkmiş şəxs iki dostu ilə yeni il üçün bəzədilmiş küknar ağacının yanında şəkil çəkdirirdilər. Zərərçəkmiş şəxs o, Nərimanov rayonundan tanıyır, o, tez-tez Nərimanov metrostansiyasının yanında yerləşən parka gəlib-gedirdi. Onun özünü isə uşaqlar «Qara» ləqəbi ilə tanıyırlar. Onlar rastlaşıb görüşmüş və Nahidin yanında olan dostlarından biri harasa çıxıb getmişdir. Bir qədər söhbət edəndən sonra Ağanın Sübhanla sözlə mübahisəsi düşmüş və onlar yarmarkadan bir qədər kənara, park kimi yerə keçmişlər. Onların hamısı Sübhanla Nahidin arxasınca getmişlər. Sübhanla mübahisə zamanı orada olan kimsə Nahidə mübahisəyə son qoyub çıxıb getməsini demişdir. O və orada olanlardan biri, kimsə 3-4 metrə aralıda yerləşən skamyaya keçib orada oturmuşlar. Sübhanla Nahid təxminən 5 dəqiqə mübahisə edəndən sonra aranı qarışdığını görüb onların dava etməsini başa düşmüş və mübahisəyə yığılmış digər oğlanlarla birlikdə Sübhangilə yaxınlaşarkən bilmişdir ki, Sübhan Nahidi vurmuş və vurandan sonra Sübhanın əlindəki telefon yerə düşmüşdür. Şahid Sübhanla Zərərçəkmiş şəxs arasında mübahisənin yaranmasına səbəbin nə olduğunu bilmir, hansısa söz üstündə olmuşdur, mübahisənin təxminən 5 dəqiqə davam etmişdir, Sübhanın Nahidi vurmağı isə ani olaraq olmuşdur. Ədalət və Sübhanla Zərərçəkmiş şəxs qarşı zorakılıq edib ona məxsus telefonu ələ keçirməyə dair əvvəlcədən razılıq olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2022-ci il tarixli 897 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 16 dekabr 2022- ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-psixoloji ekspertizasının 02 mart 2023-cü il tarixli 568 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 intellektual imkanları, əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilindədir. Əqli və psixi inkişafına görə etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs2 sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyilillik əlamətləri müşahidə edilmədi. 17 dekabr 2022-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmışdır. 24 yanvar 2023-cü il tarixdə ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. 08 fevral 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. 08 fevral 2023-cü il tarixdə ********** nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 08 fevral 2023-cü il tarixdə Qanuni nümayəndə1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. 10 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 10 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə şəxs Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş 09 mart 2023-cü il tarixdə Qanuni nümayəndə2 ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır. 09 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, yəni Zərərçəkmiş şəxsla mübahisə olarkən onun onları ayırmağa getməsini ifadəsində göstərməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Təqsirləndirilən şəxs1 belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və bununla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 221.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2023cü il tarixli qərarına əsasən 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 29 iyun 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 4(008)-502/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırlıq iclasında məhkəmə Təqsirləndirilən şəxs1 haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini nəzərə alaraq ibtidai istintaq zamanı seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirini ləğv etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 350-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 4(008)-502/2023 saylı qərarı ilə uzadılmış həbs qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 390 (üç yüz doxsan) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 390 (üç yüz doxsan) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar