Məhkəmə qərarları › İş №1(009)-176/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-176/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-176/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli hökmü ilə məhkum olunmuş məhkumluğu ödənilməmiş, “Bizim şəxsiyyət" qəzetinin baş redaktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında kirayə yaşamış, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirmiş, habelə tamah niyyətilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında tanışı Astara rayon sakini Zərərçəkmiş şəxs2 2.000,00 manat müqabilində çay fabrikinə fəhlə kimi işə düzəldə biləcəyinə dair yalan vədlər verib buna inandıraraq sonuncunun etibarından sui-istifadə etməklə və aldatmaqla Astara rayonu ərazisində 2.000,00 manat məbləğində pul vəsaitini əvəzsiz və qanunsuz olaraq almaqla ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında tanış olduğu Zərərçəkmiş şəxs1 sonuncunun Balakən rayonunda yaşayan qohumu Turanə Məmmədovanı kompüter mütəxəssisi kimi işə düzəldə biləcəyinə dair yalan vədlər verib buna inandıraraq etibarından sui-istifadə etməklə və aldatmaqla 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu ərazisində 3.300,00 manat məbləğində pul vəsaitini əvəzsiz və qanunsuz olaraq almaqla təkrar ələ keçirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında tanışı Zərərçəkmiş şəxs3 və sonuncunun 4 nəfər tanışının Qazaxıstan Respublikasına səfər etməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyən tanışı vasitəsilə 750,00 manat müqabilində icazə ala biləcəyinə dair yalan vədlər verib buna inandıraraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə və aldatmaqla 2020-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Tərlan” şadlıq sarayının yaxınlığında görüşərək sonuncudan 750,00 manat məbləğində pul vəsaitini əvəzsiz və qanunsuz olaraq almaqla təkrar ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “Bizim Şəxsiyyət" qəzetinin baş redaktoru olduğu zaman Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus (COVİD-19) epidemiyası ilə bağlı karantin rejimindən irəli gələn məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ilin müxtəlif dövrlərində tamah niyyətilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “X11 Mərkəzi” publik hüquqi şəxsinin www.icaze.e-gov.az internet portalına Bakı şəhəri ərazisində 2020-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində bilə-bilə 146 nəfər şəxsin həmin məhdudiyyətlərdən yayına bilmələri üçün onların bu qəzetin redaksiyasında müxtəlif vəzifələrdə işləməsi barədə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.2, 308.1 və 313-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1-ci Qarabağ müharibəsinn iştirakçısı olmuş, cinayət hadisəsi törətməmişdir. Dekabr 2020-ci ildə dostm Zərərçəkmiş şəxs2 şəxsi ehtiyacı və ofis üçün 2000 (iki min) manat almış və bir ay sonra bu məbləği qaytarmıdır. İşçisi Zərərçəkmiş şəxs1 3300 (üç min üç yüz) manat iş qurmaq üçün almışdır və bu məbləği 2021-ilin yanvar ayında qaytarmışdır. İşçisi Zərərçəkmiş şəxs3 750 (yeddi yüz əlli )manat almış və 2021-ilin mart-aprel aylarında qaytarmışdır. 2020-ci ilin mart ayında "COVİD-19” virusu yayıldıqdan sonra dövlət tərəfindən ölkə ərazisində gediş-gəlişdə və vətəndaşların normal həyat tərzində bir sıra məhdudiyyətlər qoyulmağa başlanmışdır, bu səbəbdən təsisçisi olduğu “Bizim Şəxsiyyət” qəzetində rəsmi işçilərini “www.icaze.e- gov.az” saytından qeydiyyatdan keçirməklə ölkə ərazisində gediş-gəlişlərinə icazə almışdır. Onun barəsində heç bir şikayət olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetində təhsil alarkən orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O vaxtdan münasibəti yaranmışdır. Təxminən dekabr 2020-ci ildə Təqsirləndirilən şəxs 2000 (iki min) manat şəxsi ehtiyacı üçün borc vermişdir. O, pulunu tam qaytarmışdır. Təqsirləndirilən şəxs heç bir şikayətimvə tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Bakıda təsadüf nəticəsində Təqsirləndirilən şəxsla tanış olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs tanışlarının çox olduğunu zənn edib Balakən rayonunda yaşayan tanışı X3 Turanə Arif qızını Balakən rayon Təhsil şöbəsində kompüter mütəxəssisi kimi işlə təmin etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Turanə Məmmədovanı işlə təmin edəcəyinə inandırmış və ondan ümumilikdə, 3.300 manat məbləğində pul vəsaiti istəmişdir. Təqsirləndirilən şəxs Turanə Məmmədovanı işə düzəldəcəyinə inanaraq 2020-ci ilin oktyabr ayının ortalarında əvvəlcə, 1.800 manat, 2 gün sonra isə 1.500 manat məbləğində pul vəsaiti vermişdir. Bu pul vəsaitlərini Qumru Məmmədovadan alıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 1-2 ay sonra qadının işə düzələcəyini ona bildirmişdir. Lakin bir müddət sonra işə düzəlmədiyini görmüş və Təqsirləndirilən şəxs zəng edərək pulunu geri qaytarmasını tələb etmiş, Qumru Məmmədovanın da artıq narazılıq etdiyini və pulu geri istədiyini bildirmişdir. Buna görə özü Qumru Məmmədovadan aldığı 3.000 manatı geri qaytarmışdır. Sonradan Təqsirləndirilən şəxs öz pulunu tələb etsə də, Təqsirləndirilən şəxs hər dəfə işin yubandığını bildirərək pulu geri qaytarmamışdır. İstintaqın gedişində ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bundan başqa 2020-ci ilin ayrı-ayrı dövrlərində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq SMS icazə ilə evdən çölə çıxmaq tələb olunurdu, habelə Bakı şəhərinə gəliş-gediş məhdudlaşdırılırdı. Bakıya gəlib-getməli olduğuna görə problem yaranmışdır. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxsla görüşü zamanı ona bildirmişdir ki, SMS icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə, habelə karantin postları ilə bağlı Bakıya giriş-çıxışa məhdudiyyət tətbiq olunduğu dövrlərdə onun adını öz işçisi kimi www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala bilər. O, şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs göndərmişdir ki, adını portala salsın. Təqsirləndirilən şəxs dost olduqlarına görə ondan pul almamışdır. Beləliklə, 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında Təqsirləndirilən şəxs onun adını www.icaze.egov.az saytına daxil etməklə sərbəst hərəkət etməyini təmin etmişdir. Lakin faktiki olaraq o, Təqsirləndirilən şəxs işçisi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadələrində göstərmişdir ki, 2006-cı ildən usta kimi havalandırma sistemlərinin qurulması işi ilə məşğul olur. 2020-ci ilin oktyabr ayında Qazaxıstan Respublikasının Aktau şəhərində əvvəlki müştərilərindən birindən havalandırma sistemlərinin qurulması ilə bağlı sifariş almışdır. Bu sifarişi aldıqdan sonra qərara gəlmişdir ki, bu işi görmək üçün özündən başqa ora usta kimi 4 nəfər tanışını da aparmalıdır. Pandemiya ilə əlaqədar Qazaxıstan ilə Azərbaycan arasında gediş-gəliş dayanmışdı. Bununla əlaqədar öyrənmişdir ki, Qazaxıstan yalnız Azərbaycandakı səfirliyinin icazə verdiyi şəxsləri ölkəsinə qəbul edir. Özünə və digər 4 nəfər tanışına Qazaxıstana getmək üçün icazə almaq üçün rəsmi qaydada Bakıdakı səfirliyə müraciət etmiş, tələb edilən sənədləri toplayıb səfirliyə təqdim etmişdir. Hətta Qazaxıstandakı sifarişçidən adlarına dəvət məktubu da göndərilmişdir. Lakin rəsmi olaraq səfirlikdən hər hansı cavab verməmişlər. Təqsirləndirilən şəxsla təxminən 2020-ci ilin sentyabr ayında tanış olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özünü jurnalist, “Heydər Əliyev adına Bizim Şəxsiyyət” adlı qəzetin redaktoru kimi təqdim etmişdi. Söhbətlərdən birində Təqsirləndirilən şəxs Qazaxıstana işləmək üçün getmək istədiyi barədə məlumat vermişdir, lakin icazə ala bilmədiyini demişdir. Təqsirləndirilən şəxs isə Xarici İşlər Nazirliyində işləyən Qazaxıstan səfirliyi ilə əlaqəli bir tanışı olduğunu, həmin şəxsin xahişi ilə bu işin həll oluna biləcəyini bildirmiş, amma həmin şəxsin kim olmasını deməmişdir. Bir neçə gün sonra təxminən 2020-ci ilin oktyabr ayının sonu, noyabrın əvvəllərində Təqsirləndirilən şəxs ona zəng vurmuş, onlar Binəqədi rayonu, 9-cu mikrorayonda “Tərlan” şadlıq sarayının yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, Qazaxıstana getmək işini XİN-də işləyən tanışı vasitəsilə, hər bir nəfərə 150 manat olmaqla, ümumilikdə 5 nəfərə 750 manata həll edə bilər. O, Təqsirləndirilən şəxsla razılaşaraq işi həll etməsini demişdir. Bundan bir neçə gün sonra 750 manat tapmışdır. Özü ilə birgə Qazaxıstana aparmaq istədiyi tanışlarından pul almamışdır. Ümumiyyətlə, onlara Təqsirləndirilən şəxsla olan söhbəti barədə deməmişdir. Təqsirləndirilən şəxs zəng etmiş və onlar 2020-ci ilin noyabr ayının əvvəlində “Tərlan” şadlıq sarayının yanında görüşmüşlər. 750 manatı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb bir neçə gün ərzində işi həll edəcəyini demişdir. Pulu Təqsirləndirilən şəxs verəndə yanında başqa kimsə olmamışdır. Bir neçə gün sonra Qazaxıstana getmək üçün icazənin nə yerdə qaldığı ilə maraqlanmış, Təqsirləndirilən şəxs hər dəfə bir neçə günə işi həll edəcəyini demiş və vaxtı uzatmışdır. Pulu verdikdən təxminən 1 ay sonra Təqsirləndirilən şəxs demişdir ki, iş alınmır. İstintaqın gedişində ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi də istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti, ona qarşı hər hansı bir iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildə təqaüdə çıxmışdır və bundan sonra heç bir əmək fəaliyyəti olmamışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhərində, “Leyla” şadlıq sarayının yaxınlığındakı çayxanada olarkən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs “Azərnəşr”də şöbə rəisi olduğunu demiş, karantin vaxtlarında onun adını www.icaze.gov.az portalına daxil edərək şəhər daxilində sərbəst hərəkət etmək üçün icazə alacağını və bununla da karantin postlarından sərbəst keçə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində 72 manat məbləğində pul istəyərək dövlət büdcəsinə köçürəcəyini bildirmişdir, o isə üzərində o qədər məbləğ olmadığını, 1-2 gün keçdikdən sonra verə biləcəyini söyləmişdir. Bundan 20-25 gün sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, aralarında əmək müqaviləsi imzalanmalıdır. Həmin gün eyni yerdə görüşərək əmək müqaviləsini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək bilmədiyi yerə hesabat vermək məqsədilə 72 manatı nə vaxt verəcəyini soruşmuş, o isə hesabatın sonra da verilə biləcəyini demiş və sonra görüşəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi kimi işləyir. 2020-ci ilin iyun ayında taksi işlədiyi “Daewo Nexia” markalı avtomobilə Təqsirləndirilən şəxs adlı sərnişin əyləşmişdi. Yolda söhbət zamanı Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs və sahibkar kimi təqdim edərək bildirmişdir ki, SMS icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə adını www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala bilir. Bunun qanuni olduğunu soruşduqda isə, Təqsirləndirilən şəxs heç bir problem olmayacağını bildirmişdir. Yalnız bunun müqabilində 32 manat rüsum ödəməli olduğunu qeyd etmişdir. Bu pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs güvənib əlavə sual soruşmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Beləliklə, 2020-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr və dekabr aylarında bir neçə dəfə Təqsirləndirilən şəxs onun adını www.icaze.e-gov.az saytına daxil etməklə sərbəst hərəkət etməyini təmin etmişdir. Təqsirləndirilən şəxs nəşriyyatda işləyirdi, möhürü də olmuşdur. Adını portalda öz işçisi kimi daxil etsə də, əslində Təqsirləndirilən şəxs işçisi olmamış, tapşırığı ilə hər hansı iş görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2020-ci ilin yay aylarında Bakı şəhərində Dənizkənarı parkda gəzərkən tanışı Ramin adlı şəxsin yanında olan Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs özünün nəşriyyatının olduğunu SMS icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə adını www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala biləcəyini bildirmişdi. Təqsirləndirilən şəxs bunun müqabilində ona bildirmişdi ki, nə vaxt zəng etsə, gedib onu istədiyi yerə pulsuz aparmalıdır. Beləliklə, 2020-ci ilin avqust, oktyabr, noyabr və dekabr aylarında bir neçə dəfə Təqsirləndirilən şəxs onun adını və avtomobilini www.icaze.egov.az saytına daxil etməklə sərbəst hərəkət etməyini təmin etmişdi. Bunun müqabilində isə Təqsirləndirilən şəxs bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərə aparıb-gətirmiş, əvəzində isə təxminən cəmi 50 manata yaxın almalı olduğu pulu almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, əvvəllər restoran və digər xidmət sahələrində işləmişdir, hazırda işsizdir. 2020-ci ildə şəkər xəstəliyi ilə əlaqədar olaraq həkim müayinəsində olduğu zaman verdiyi analizlərin nəticəsində hepatit “c” virusuna yoluxduğunu öyrənmişdir. 2020-ci ilin ayrı-ayrı dövrlərində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq SMS icazə ilə evdən çölə çıxmaq tələb olunurdu. Tez-tez həkim müayinəsinə getdiyi, bundan əlavə maddələr mübadiləsi düzgün getmədiyi üçün açıq havada gəzməli olduğu üçün SMS icazə kifayət etməmişdir. 2020-ci ilin dekabr ayında köhnə qonşusu Təqsirləndirilən şəxsla təsadüfən Bakı şəhəri, Yasamal rayonu ərazisində təsadüfən görüşü zamanı bildirmişdi ki, SMS icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə onun adını www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala bilər. Təqsirləndirilən şəxs jurnalist kimi tanımışdır. Şəxsiyyət vəsiqəsinin surətini “vatsap” vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs digər şəxslərin adını pulla portala saldığını desə də, köhnə qonşu kimi onu tanıdığına və maddi vəziyyətinin yaxşı olmadığına görə pul almamışdır. Beləliklə, 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs onun adını www.icaze.e- gov.az saytına daxil etməklə sərbəst hərəkət etməyini təmin etmişdir. Təqsirləndirilən şəxs işçisi olmamış, sadəcə adına icazə olması üçün ondan belə bir xahiş etmişdir. Təqsirləndirilən şəxs da onu guya öz nəşriyyatının işçisi kimi qeyd etmişdi. Nəşriyyatının harada olması, işləyib-işləməməsi, hansı fiziki yaxud hüquqi şəxsin işçisi kimi icazə alması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan qabaq Təqsirləndirilən şəxs şəxsi sürücüsü işləmişdir. 2012-ci ildə Təqsirləndirilən şəxs həbs olunandan sonra əlaqəsi kəsilmişdir. Bir neçə ıl bundan qabaq Təqsirləndirilən şəxs azadlığa çıxmışdır, bundan sonra arabir görüşüb söhbətləşmişlər. Təqsirləndirilən şəxs jurnalist kimi fəaliyyət göstərmişdir, “Bizim Şəxsiyyət” qəzetinin baş redaktoru olmuşdur. 2020-ci ilin ayrı-ayrı dövrlərində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq SMS icazə ilə evdən çölə çıxmaq tələb olunurdu. 2020ci ilin may ayında Təqsirləndirilən şəxsla söhbəti zamanı ona bildirmişdir ki, icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə adını www.icaze.e-gov.az saytına daxil etməklə icazə ala bilər. O, işə rahat getmək üçün buna razılıq verərək şəxsiyyət vəsiqəsinin surətini “vatsap” proqramı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Beləliklə, 2020-ci ilin may, iyun, iyul, avqust və dekabr aylarında Təqsirləndirilən şəxs onun adını www.icaze.e-gov.az saytına guya öz nəşriyyatının işçisi kimi daxil etməklə məhdudiyyətlərdən yayınaraq sərbəst hərəkət etməyini təmin etmişdi. O, Sədərək ticarət mərkəzində satıcı işləyir, Təqsirləndirilən şəxs işçisi olmamış, sadəcə adına icazə olması üçün belə bir addım atmışdır. Təqsirləndirilən şəxs nəşriyyatının olub-olmaması, onun üçün hansı fiziki yaxud hüquqi şəxsin işçisi kimi icazə alması barədə məlumatı yoxdur. Bunun müqabilində Təqsirləndirilən şəxs 120 manat pul vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun xahişi əsasında 2020-ci ilin iyul, avqust və dekabr aylarında dayısı İsa Abbasovun, 2020-ci ilin dekabr ayında isə dayısının həyat yoldaşı Kifayət Abbasovanın adını www.icaze.e-gov.az saytına guya öz işçisi kimi daxil etməklə sərbəst hərəkət etmələrini təmin etmişdi. Bu şəxslər Təqsirləndirilən şəxs ümumiyyətlə, tanımırlar, heç vaxt görüşməmişlər. Bu şəxslərin adlarına icazə alması üçün Təqsirləndirilən şəxs pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu ərazisində olarkən özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin vaxtdan sonra bir neçə dəfə görüşüb nahar etmişlər. Təqsirləndirilən şəxs nəşriyyatının olduğunu bildirmişdir. 2020-ci ilin ayrı-ayrı dövrlərində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq SMS icazə ilə evdən çölə çıxmaq tələb olunurdu. Həmin ilin yay aylarında Təqsirləndirilən şəxsla görüşü zamanı bildirmişdi ki, icazə ilə çölə çıxmaq tələb olunduğu dövrlərdə onun adını www.icaze.e-gov.az saytına guya öz işçisi kimi daxil etməklə icazə ala bilər. Təqsirləndirilən şəxs bunun müqabilində 35 manat pul istəmişdi, o isə vermişdir. Əslində ona belə icazə lazım olmamış, bunun qanuni olduğunu düşünüb etiraz etməmişdir. Söhbət zamanı şəxsiyyət vəsiqəsinin surətini “vatsap” proqramı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Beləliklə, 2020-ci ilin iyul və avqust aylarında Təqsirləndirilən şəxs onun adını www.icaze.e-gov.az saytına guya öz nəşriyyatının işçisi kimi daxil etməklə məhdudiyyətlərdən yayınaraq sərbəst hərəkət etməyini təmin etmişdir. Təqsirləndirilən şəxs işçisi olmamış, sadəcə adına icazə olması üçün bunu etmişdir. Təqsirləndirilən şəxs nəşriyyatının olubolmaması, onun üçün hansı fiziki yaxud hüquqi şəxsin işçisi kimi icazə alması barədə məlumatı yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs onun xahişi əsasında tanışları Elnur Səmədov və Elvira Mirzəyevanın da adını www.icaze.e-gov.az saytına guya öz işçisi kimi daxil etməklə sərbəst hərəkət etmələrini təmin etmişdi. Bu şəxslər Təqsirləndirilən şəxs ümumiyyətlə, tanımırlar, heç vaxt görüşməmişlər. Bu şəxslərin adına icazə alması üçün Elnur Səmədovdan aldığı 35 manatı, habelə Elvira Mirzəyevadan aldığı 35 manatı Təqsirləndirilən şəxs o vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 göstərmişdir ki, "Veysəloğlu group” MMC-də daxili auditor vəzifəsində işləyir. Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsindəki ünvanda kirayə yaşayır. 20 oktyabr 2020-ci ildə İsmayıllıdan olan tələbəlik yoldaşı X2 Müharibəsində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olmuşdur. O və digər tələbəlik yoldaşları Osman Əskərov, Zahid Şəfizadə və İlyas Qurbanlı qərara gəlmişlər ki, İsmayıllı rayonuna gedərək dostları Aqil Mirzəliyevin dəfn mərasimində iştirak etsinlər. Lakin həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhərinə giriş-çıxış məhdudlaşdırılmışdı. İlyas Qurbanlı bildirmişdir ki, hansısa tanışı onların adlarını www.icaze.e-gov.az saytına guya öz işçiləri kimi daxil etməklə icazə ala bilər. Dəfn mərasimində iştirak etmək üçün buna razılıq verərək şəxsiyyət vəsiqələrinin surətini İlyas Qurbanlıya vermişlər. İlyas Qurbanlının bu icazə üçün müraciət etdiyi şəxsi tanımır, görməmişdir, telefon nömrəsini də bilmir. Bunun müqabilində İlyas Qurbanlıya pul və sair nəsə verməmişdir ki, həmin şəxsə çatdırsın. Beləliklə, 24 oktyabr 2020-ci il tarixdə İlyas Qurbanlının tanışı onların adını www.icaze.e-gov.az saytına öz işçisi kimi daxil etdikdən sonra İsmayıllıya gedib dəfn mərasimində iştirak etmiş və Bakıya geri qayıtmışlar. 26 oktyabr 2020-ci il tarixdə isə portaldan həmin şəxsin işçisi kimi qeyd olunması ilə bağlı məlumatın silinməsini xahiş etmişdir. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli cinayət işin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında qərardan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli “baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs adına verilmiş AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, “**********” saylı VÖEN (X9 Nömrəsi) şəhadətnaməsi, “Bizim Şəxsiyyət” qəzeti redaksiyasının vəsiqəsi və “Müharibə veteranı” vəsiqəsi aşkar edilərək götürülmüşdür. İş materiallarında 13 yanvar 2021-ci il tarixli “tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən olunduğu üçün 13 yanvar 2021-ci il tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli “Cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 4(009)-20/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu andan, yəni 13 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 16 yanvar 2021-ci il tarixli “əşya və sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanına baxış keçirilməsi zamanı götürülmüş Təqsirləndirilən şəxs adına verilmiş AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, “**********” saylı VÖEN (X9 Nömrəsi) şəhadətnaməsi, “Bizim Şəxsiyyət” qəzeti redaksiyasının vəsiqəsi və “Müharibə veteram” vəsiqəsinə baxış keçirilmiş, qeyd edilən sənədlərin surəti protokola əlavə edilmişdir. Həmçinin baxış zamanı, Təqsirləndirilən şəxs aid olan 2 (iki) ədəd mobil telefona baxış keçirilməsinə dair 16 yanvar 2021-ci il tarixli protokola əsasən, sonuncuya məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefonda ***-***-**-** saylı və 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefonda isə ***-***-**-** və ***-***-**-** saylı SİM kartların istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 yanvar 2021- ci il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 yanvar 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə apardığı telefon danışıqları yazılmış ***-**** nömrəli CD-yə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Tofiq Əhmədov, Şahid3 və Alidə adlı şəxslə aralarında olan telefon danışıqları əks olunmuşdur. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli ibtidai istintaqın davam etdirilməsini həvalə edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş 19 yanvar 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. Nərimanov rayon məhkəməsinin 26 aprel 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2, 127.2.3 və 221.3-cü maddələrilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 25.08.2016-cı il tarixli qərarı ilə CM 178.3.2-ci maddəsi CM 178.2.1, 178.2.4-cü maddəsinə tövsif edilmiş, AR CM-in 66.3-cü maddəsi ilə 08 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 07.03.2017-ci il tarixli qərarı ilə cəzası 6 ilə endirilimişdir. Salyan rayon məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 il cəza müddəti 05 (beş) ilə endirilmiş, CM-in 66.3-cü maddəsi ilə 6 il qəti cəza təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 05 mart 2018-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 22 oktyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “X11 Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 7- 102 saylı məktuba əlavə edilmiş cədvələ baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus ********** saylı VÖEN üzrə www.icaze.e-gov.az portalında 2020-ci ilin ayrı-ayrı tarixlərində işçi kimi qeydiyyatdan keçirilmiş 146 nəfər barədə məlumatlar cəmi 324 dəfə həmin portala daxil edilməklə müvafiq icazələr alınması müəyyən edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Güzdək qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da həmin ünvanda yaşamır. İş materiallarında olan Abşeron rayonu, Güzdək qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Güzdək qəsəbəsi İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 10 fevral 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserə müraciət etməmiş və dispanser müşahidəsi aparılmamışdır. İş materiallarında olan 12 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən İstintaq baş idarəsinə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə və X6 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə telefon danışıqları aparılmışdır. İş materiallarında olan 15 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən İstintaq baş idarəsinə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, habelə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***- **-** saylı nömrə ilə telefon danışıqları aparılmışdır. İş materiallarında olan 30 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "Azerfon” MMC-dən İstintaq baş idarəsinə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə, habelə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***- **-** saylı nömrə ilə telefon danışıqları aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2021-ci il tarixli 4/158 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim" markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Tədqiqatın dəyəri 200 (iki yüz) manatdır. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 4(009)-212/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə, yəni 13 iyun 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 15 yanvar 2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 19 yanvar 2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 iyun 2010-cu il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 18.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin Təcridxanasından "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüş, o, labarator və imstrumental müayinələrdən keçirildikdən sonra “Hipertoniya xəstəliyi İİ dərəcə. Qarışıq nevrotik reaksiya. Ürəyin İşemik xəstəliyi” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs mühairbə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 13 aprel 2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 yanvar 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun apardığı telefon danışıqları yazılmış və cinayət işinin materiallarına əlavə edilmiş ***-**** nömrəli CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 03 may 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini bildirsə də özünün istintaqa verdiyi əvvəlki ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmamış övladının olmasını, 1-ci Qarabağ müharibəsinin veteranı olmasını, zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, onların heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2, 127.2.3 və 221.3-cü maddələrilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 25.08.2016-cı il tarixli qərarı ilə CM 178.3.2-ci maddəsi CM 178.2.1, 178.2.4-cü maddəsinə tövsif edilmiş, AR CM-in 66.3-cü maddəsi ilə 08 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 18.02.2017-ci il tarixli qərarı ilə cəzası 6 ilə endirilimiş və Salyan rayon məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 6 il cəza müddəti 05 (beş) ilə endirilmiş, 22 oktyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin Təqsirləndirilən şəxs 2 (iki) il keçmədən 2020-ci ilin may ayında yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətini tamah məqsədilə, o cümlədən, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı cinayətlərini təkrar törətməsini cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308ci maddəsində nəzərdə tutulmasa belə Təqsirləndirilən şəxs mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təyin olunacaq əlavə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin olunacaq müəyyən müddətə mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası qismən toplanmaqla ona əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 06 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti 2 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti 2 (iki) il 08 (səkkiz) ay müddətinə mətbuat sahəsində müəyyən olunmuş fəaliyyətlə və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE**********00********) hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan 06 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 384 (üç yüz səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar