Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-178/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, rus milliyətli, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 71 nömrəli inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 17 dekabr 2022-ci il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Səbail rayonu,Azərbaycan prospekti 5 ünvanda yerləşən X2 yerləşən qızıl-zinət əşyalarının satışı şöbəsinə alıcı qisminə gəlib, həmin şöbədə satış üçün sərgilənən qızıl-zinət əşyalarına baxarkən, satıcının başının qarışmasından istifadə edərək, həmin şöbədə qızıl-zinət əşyalarının satışını həyata keçirən Zərərçəkmiş şəxs məxsus dəyəri 720 manat olan bir ədəd “buğa bürcü” formasında olan qızıl kulonunu-özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində, o, qızı ilə birlikdə “X3”na gəlmiş, həmin mağazanın qızıl şöbəsində qızı üçün qızıl kulona baxdıqda satıcı qadının başının bir anlıq qarışmasından istifadə edib vitrində “buğa” formasında olan bir ədəd qızıl kulonu gizlincə götürüb cibinə qoymuşdur. Bunu satıcı və yanında olan qızı görməmiş və bilməmişlər. Sonra o, qızı ilə birlikdə həmin Universal Mağazasını tərk etmişdir. Yol üstündə yerləşən qızıl-zinət əşyalarının qəbulu köşkünə girmiş, orada olan tanımadığı bir nəfər kişi zərgərə bir neçə dəqiqə əvvəl oğurladığı qızıl kulonu göstərək özünə məxsus olduğunu və pula ehtiyacı olduğunu bildirərək kulonu ona 395 manata satmışdır. Sonra o, əldə etdiyi pulu dərmanlara xərcləmişdir. Ziyanı ödəyib, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olur, “X3”-nın birinci mərtəbəsində icərəyə götürdüyü şöbədə qızıl-zinət əşyaların satışı ilə məşğul olur. 26 dekabr 2022-ci il tarixdə iş yerində olduğu zaman oraya “MUM” yaxınlığında yerləşən qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Əliş adlı zərgər gələrək özü ilə gətirdiyi “buğa bürcü” qızıl kulonu göstərmişdir. Kulon ona tanış gəlmiş, lakin özünə məxsus “buğa bürcü” kulonu vitrində aşkar etmədiyi üçün o satıcı Şahid1 kulonu satıb-satmadığını soruşmuşdur. Satıcı kulonu satmadığını, lakin bir neçə gün öncə həmin qızıl-zinət əşyası ilə bir nəfər sarışın qadının maraqlanıb baxdığını bildirmişdir. Sonra o, İradə və Əlişin iştirakı ilə şöbədə olan müşahidə kameranın görüntülərinə baxmış və 17 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində, bir nəfər orta yaşlı sarı saçlı qadının həmin qızıl əşyanı İradədən istəyib baxmasını, sonra isə İradənin başının digər müştəriyə qarışmasından istifadə edib, “buğa bürcü” qızıl kulonu cibinə qoyub oğurlamağını görmüşdür. Sonra Əliş həmin qızıl kulonu bir neçə gün öncə 400 manata sarışın qadından aldığını bildirmiş və kulonu aldığı qadının şəxsiyyətini təsdiq edən sənədinin surətini ona göstərmişdi. Bundan sonra o, Səbail RPl-nin 9-cu PB-nə gedib oğurluq barədə şikayət ərizəsi yazmışdır. Ona 720 ziyan vurulmuşdur. Ziyanı ödənilib şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, “X6”-nın birinci mərtəbəsindəki qohumu Zərərçəkmiş şəxs icərəyə götürdüyü qızıl-zinət əşyaların satışı şöbəsində satıcı işləyir. 26 dekabr 2022-ci il tarixdə o, Elşadla birlikdə iş yerində olduğu zaman oraya “MUM” yaxınlığında yerləşən qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Əliş adlı zərgər gələrək özü ilə gətirdiyi “buğa bürcü” qızıl kulonu göstərmişdir. Elşad həmin kulonu görən kimi şöbədə satışda olan qızıl “buğa bürclü” kulona oxşatmış, lakin vitrində onu aşkar etməmişdir. Bu barədə ondan soruşmuş, bu zaman o bir neçə gün öncə həmin qızıl-zinət əşyası ilə bir nəfər sarışın qadının maraqlanıb baxdığını bildirmişdir. Sonra Elşad, onun və Əlişin iştirakı ilə şöbədə olan müşahidə kameranın görüntülərinə baxmış və 17 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində, bir nəfər orta yaşlı sarı saçlı qadının həmin qızıl əşyanı ondan istəyib baxmasını, sonra isə onun başının digər müştəriyə qarışmasından istifadə edib, “buğa bürcü” qızıl kulonu cibinə qoyub oğurlamağını görmüşdür. Bundan sonra Əliş həmin qızıl kulonu bir neçə gün öncə 400 manata sarışın qadından almasını bildirmiş və kulonu aldığı qadının şəxsiyyətini təsdiq edən sənədinin surətini Elşada göstərmişdi. Elşad 9-cu PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən zərgərlik sexini işlədir. 17 dekabr 2022-ci il tarixdə saat 16 radələrində işlədiyi sexə bir nəfər orta yaşlarında sarışın bir qadın yanında yeniyetmə qız ilə gəlmiş və bir ədəd “buğa bürcü” kulonu göstərərək özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. O, qadından şəxsiyyət vəsiqəsini istəyib alaraq vəsiqə əsasında alış aktını tərtib etmiş, həmin akta qadının vəsiqəsi əsasında anket məlumatlarını,vəsiqənin nömrəsini,ünvanını,həmin əşyanın qızıl olmasını, qızılın əyyarını, qramını və dəyərini yazmış, eyni zamanda alış aktında həmin əşyanın oğurluq olmaması barədə qeyd hissəsində qadın imza etmişdir. Sonra o, qadına 395 manat nağd pul ödəmiş və sonuncu yanındakı yeniyetmə qızla çıxıb getmişdir. Bundan bir neçə gün keçdikdən sonra, yaxınlığındakı “MUM” qızıl şöbəsindən “buğa bürclü” kulonun Zərərçəkmiş şəxs göstərmiş, sonuncu onun təqdim etdiyi kulonun özündən oğurlanmasını və video görüntü olmasını bildirmişdir. O, qızıl kulonun alış aktının surətini polisə təqdim etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 5 ünvanda yerləşən “X5”-nın 1-ci mərtəbəsinin olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 5 ünvanda yerləşən “X5”nın 1-ci mərtəbəsində, qızıl-zinət əşyaların satışı şöbəsində vitrin üzərində quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair video görüntü köçürülmüş bir ədəd “DVD-R” formatlı “CD” diskə baxış keçirilmiş, video görüntüdə, 17 dekabr 2022-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 5 ünvanda yerləşən “X5”-nın 1-ci mərtəbəsində, qızıl-zinət əşyaların satışı şöbəsində vitrin piştaxta üzərinə satıcı tərəfindən sərgilənən lövhə üzərində qoyulmuş bir ədəd qızıl kulon Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq oğurlayıb oradan uzaqlaşması müşahidə edilmişdir. Götürülmüş bir ədəd “DVD-R” formatlı “CD” disk cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli alış aktından görünür ki, 395 manat dəyərində 1 ədəd, 750 əyar, 5,82 qram, sirkon klon Təqsirləndirilən şəxs tərəfindən Şahid2 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 07 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3, 234.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə tövsif edilərək, cəzası 7 ilə endirilmişdir. İş materiallarında olan “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, 01 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan və Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 22:40-da yaşadığı ünvanda saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdi. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qərar ona 19 mart 2023-cü il tarixdə saat 15:00-da elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 5 ünvanda “MUM”-un 1-ci mərtəbəsindəki qızıl şöbəsinin piştaxta üzərində quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş bir ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında Elektron Məhkəmə çıxarışından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 anası Təqsirləndirilən şəxsdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdən, saat 22:40-dan 19 mart 2023-cü il tarixə, saat 15:00-dək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 17 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-178/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-178/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver