Məhkəmə qərarları › İş №1(009)-179/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-179/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-179/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 may 2024-cü il tarixdə saat 11:45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Belə ki, 06 dekabr 2023-cü il tarixdə, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 17 ünvanında, “Qız Qalası” abidəsinin qarşısında Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş olmasından istifadə edib, sonuncuya guya tanıdığı şəxs olduğunu nümayiş etdiməklə yaxınlaşıb qucaqlayarkən Zərərçəkmiş şəxs əynindəki gödəkçəsinin sol yan cibində saxladığı özünəməxsus hər birinin qiyməti 04 (dörd) manat olan cəmi 08 (səkkiz) manat dəyərindəki ***-***-**-** və ***-***-**-** saylı GSM danışıq kartı ilə istifadə etdiyi dəyəri 150 (bir yüz əlli) manat olan bir ədəd Çin istehsalı “Redmi” markalı mobil telefonunu gizli şəkildə götürmüş, Zərərçəkmiş şəxs cibindəki mobil telefonun onun tərəfindən gizli götürülməsini anlayıb mobil telefonunu geri qaytarmasını tələb etdikdə, Təqsirləndirilən şəxs özgənin əmlakını əldə saxlamaq məqsədi ilə oradan qaçıb uzaqlaşaraq özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə gecə saat 03:00 radələrində “Qız Qalası” abidəsi qarşısında Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə görmüş və ona kömək etmək məqsədilə həmin yerdə olan skamyada oturtmuşdur. Daha sonra Zərərçəkmiş şəxs gedərkən özünəməxsus bir ədəd “Redmi” markalı mobil telefonunu orada unutmuş, o da telefonu geri qaytarmaq məqsədilə götürmüşdür. Həmin gün səhər saat 06:00 radələrində mobil telefona zəng gəlmiş və açarkən bir qadın İlqarın bacısı olduğunu bildirmişdir. Qadın ona Bayılda yaşamasını, səhər saat 08:00 radələrində Bakı şəhərinin Nizami küçəsində ərazisində işdə olacağını, elə həmin gün ərazidə görüşməyi və telefonu qaytarmasını demişdir. Sonra səhər saat 08:00 radələrində o, həmin qadınla təkrar əlaqə saxlayıb Səbail rayonu, “Fəvvarələr” meydanında yerləşən “KFC” kafesinin qarşısında Sevda adlı qadına bir ədəd “Redmi” markalı mobil telefonu qaytarmışdır. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hadisədən əvvəl dostu ilə birlikdə restoranda olmuş və orada spirtli içki qəbul etmişdir. Bu səbəbdən orta dərəcəli sərxoş vəziyyətdə idi. Daha sonra sərxoş vəziyyətdə avtomobil idarə etmək istəmədiyindən evə piyada qayıtmaq istəmişdir. Bu zaman gecə 03-04 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşıb qucaqlayaraq döyüş yoldaşı olduğunu demiş, o da əvvəlcə buna inanmış, lakin daha sonra diqqətlə baxdıqda şəxsi tanımadığından əmin olmuşdur. Təqsirləndirilən şəxs oradan uzaqlaşdıqdan sonra cibindən mobil telefonunu götürmək istəyərkən orada olmadığını görmüş və Təqsirləndirilən şəxs arxasınca səslənmişdir. Bu barədə yaxınlıqdakı mühafizəyə məlumat vermiş və o da polisə zəng etmişdir. Səhər saatlarında Təqsirləndirilən şəxs bir ədəd “Redmi” markalı mobil telefonu bacısı Sevdaya qaytarmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin olmadığını və barışdığını bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 9/124 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi qeyd edilmişdir: təqdim edilmiş 01 ədəd Çin istehsalı, “Redmi” markalı, “23021RAA2Y” mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla hazırki vəziyyətdə (ekranı zədəli vəziyyətdə) qiyməti 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 28 dekabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 28 dekabr 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. 30 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 30 dekabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 26 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə tövsif edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 27 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmişdir. 04 mart 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Səbail RPİ-nin MSY-ə təhvil verilmişdir. 06 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan yeni ittiham elan edilmişdir. 06 mart 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 22 (iyirmi iki) gün müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 yanvar 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilərək 03 (üç) il müddətə azadlıqdan məhrum edilmişdir. - Astara Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 7(002)-988/2017 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtındn əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək cəzadan şərti olaraq 11 (on bir) ay 19 (on doqquz) gün vaxtından əvvəl azad edilmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 2/50241 nömrəli protokolundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə orta dərəcədə sərxoş vəziyyətdə olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. – xx.xx.2012-ci il təvəllüdlü X3. İş materiallarına əlavə edilmiş diplomlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs müxtəlif idman növlərində Azərbaycan və Avropa çempionu olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsindən və ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tamamilə ödənmişdir və barışmışlar. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansısa cəza növünün seçilməsinə dair tələbinin olmadığını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək və 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək 04 (dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək, 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək, yəni 04 (dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar