Məhkəmə qərarları › İş №1(009)-18/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-18/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-18/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən,əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2920L ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 mart 2022-ci il tarixdə saat 12:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əri X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 10 fevral 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 3/5 ünvanda yerləşən “X16” klubunda müştəri qismində olarkən klubun “Real Madrid” adlanan oyun otağında quraşdırılmış, klubu icarə əsasında işlədən Zərərçəkmiş şəxs oğluna məxsus 1 ədəd 400 manat dəyərində “Playstation 4 pro” oyun aparatını gizli yolla talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Talib Ağalarov onun əridir. Talib Ağalarov əvvəllər hərbiçi kimi xidmət etmiş, təxminən 2-3 il olar ki, xəstəliyi ilə əlaqədar tərxis olunmuşdur. Bundan başqa Həsən adlı tanışının işlətdiyi “Rent-car” şirkətinin avtomobillərinin təmiri ilə məşğul olmuşdur. Belə ki, 10 fevral 2021-ci il tarixdə saat 21 radələrində birinci nikahından olan 2004-cü il təvəllüdlü qızı Fatimə və Taliblə birlikdə, onun Həsəndən təmir üçün müvəqqəti götürdüyü qara rəngli “Land Cruiser” markalı avtomobillə Bakı şəhəri ərazisində gəzmiş, həmin vaxt Fatimə “İnstaqram” sosial şəbəkəsində ünvan 4 ünvanda yerləşən “X16” klubda “playstation” oyunlarına yemək seti daxil edilmiş endirim olmasına dair reklamı görmüş, bu barədə onlara deyərək həmin kluba oyun oynamağa getməyi, həm də oyunla bərabər yemək yeməyi təklif etmişdir. Talib də Fatimə ilə razılaşmış, bundan sonra Talib həmin reklamda olan telefon nömrəsinə zəng edib bir saatlıq klubda “Barselona” otağında 29 manatlıq üç nəfərlik oyun və yemək setini sifariş vermişdir. Sonra reklam səhifəsində qeyd edilən xəritə üzrə klubun qarşısına gəlmişlər və Talib avtomobili “X16” klubun qarşısında saxlamışdır. Fatimə və Taliblə birlikdə kluba daxil olub klubun “Barcelona” adlı otağında oturmuş, təxminən bir saat ərzində Talib və Fatimə oyun oynamış və yemək yemişlər. Orada olarkən Fatimə ilə sanitar qovşağına gedib-gəlmiş, eyni zamanda Fatimə ilə qonşu - “Real Madrid” adlanan otağın boş olduğuna görə həmin otağa da keçib baxmışlar. Həmin otaqda da “playstation” aparatı olmasını görmüş, əyləşdikləri otaqda oyun oynadıqlarına görə səs olduğundan Fatimə “Real Madrid” otağında mobil telefonla danışmışdır. Klubda başqa müştərilər olsa da, onlar digər otaqlarda olmuşdur. Sonra oyun sifarişinin müddəti tamam olmuş, Taliblə Fatimənin oyunu yarımçıq qalmışdır. Talib ona təklikdə demişdir ki, həmin oyun aparatını götürsün, evdə oynayıb səhəri günü qaytaracaqdır. O elə zənn etmişdir ki, Talib klubun sahibi ilə danışmış və klub sahib tərəfindən “Playstation 4pro” aparatının verilməsinə razılıq verilmişdir. Talib əyləşdikləri “Barcelona” adlı otaqdan çıxıb hesabı ödəmək üçün kassaya getmiş, Fatimə ilə birlikdə onun arxasınca otaqdan çıxmışlar. Fatimə irəlidə çıxışa tərəf gedərkən, qonşu “Real Madrid” otağına keçib “Playstation 4pro” aparatını şəbəkədən ayırıb özü ilə götürdüyü üzərində “McDonalds” yazısı olan kağız torbaya qoyub Talib və Fatimənin arxasınca klubdan çıxmışdır. 12 fevral 2021-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları Talibı polisə çağırıldıqda ona məlum olmuşdur ki, “Playstation 4pro” aparatının oğurlanması barədə klubun sahibi polisə şikayət etmiş, ona görə də Talib həmin aparatı könüllü olaraq polisə təqdim etmişdir. Özünü ona görə təqsirli bilmir ki, Talib klubun sahibi ilə danışdığını və klubun sahibi tərəfindən “Playstation 4pro” aparatının verilməsinə razılıq aldığını zənn etmişdir. Təqsirləndirilən şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən “Playrooms Gameclub” klubunu İlqar Məcidov adlı şəxsdən icarəyə götürüb işlədir. Həmin klubda gündəlik vətəndaşlara qulluq edən işçi Nihal Musayev müştərilərə yüngül buterbrod, şirə və çay verməklə, “playstation” oyunları qoşur, sonda isə hesabı alır. Həmin klub hər gün səhər saat 12:00-da açılır və axşam saat 23:45-də bağlanır. 11 fevral 2021-ci il tarixdə saat 20 radələrində klubda olan “playstation” oyunlarının pultların təmirə verdiyi ustadan götürüb obyektə gəlmiş, otaqlara pultları qoymaq istəyən zaman “Real Madrid” otağında “Playstation 4pro” markalı oyun aparatının yerində olmadığını görmüşdür. Klubda işləyən Nihaldan bu barədə soruşduqda sonuncu bundan məlumatının olmadığını bildirmişdir. Klubun dəhlizində, resepşnda və küçədə quraşdırılmış müşahidə kameralarının görüntülərini geri çəkib baxdıqda 10 fevral 2021-ci il tarixdə saat 21 radələrində obyektə tanımadığı 3 nəfər şəxsin, bir kişi və iki nəfər qadının müştəri kimi daxil olmalarını görmüşdür. Həmin şəxsləri kamera vasitəsilə izləməyə başladıqda görmüşdür ki, onlar əllərində kağız torba ilə kluba daxil olub “Barcelona” otağında əyləşərək, iki saatlıq yemək də daxil olmaqla oyun setini sifariş verib otaqda əylənirlər, bu arada iki nəfər qadın otaqdan çıxıb sanitar qovşağına gedib qayıdarkən, onlardan biri sarı saçlı qadın “Real Madrid” otağına daxil olur, orada təxminən 1-2 dəqiqə qaldıqdan sonra otaqdan çıxır, hər iki qadın “Barcelona” otağına geri qayıdır. Daha sonra onlarla gəlmiş kişi “Barcelona” otağından çıxıb hesabı ödəmək üçün kassaya yaxınlaşır, onun arxasında iki qadın çıxışa tərəf gedərkən, sarı saçlı qadın təkrar “Real Madrid” otağına daxil olub bir-iki dəqiqədən sonra əlində torba ilə çıxışa tərəf gedərək klubu tərk edir. Bu zaman başa düşmüşdür ki, klubun “Real Madrid” otağında quraşdırılmış “Sony” markalı “Playstation 4 pro” oyun aparatını həmin sarı saçlı qadın oğurlamışdır. Bundan sonra Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gedib oğurluq hadisəsi barədə şikayət ərizəsi vermişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın qaytarıldığını, Təqsirləndirilən şəxs şkikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda anası Aygün və atalığı Talib Ağalarovla birlikdə, atalığı Talibin valideyinlərinin evində, onlarla birlikdə yaşamışdır. Bakı Avrasiya kollecində təhsil alır. 10 fevral 2021-ci il tarixdə, saat 21 radələrində anası Aygün və atalığı Taliblə birlikdə, Talibin idarə etdiyi qara rəngli “Land Cruiser” cip markalı avtomobillə Bakı şəhərini gəzirmişlər. Həmin vaxt “İnstaqram” sosial şəbəkəsində ünvan 6 ünvanda yerləşən “Playrooms Gameclub” oyun salonunda “playstation” oyunlarına yemək seti daxil edilmiş endirim olmasına dair reklam görmüş, bu barədə anasına və atalığına deyərək həmin kluba oyun oynamağa getməyi, həm də oyunla bərabər yemək yeməyi təklif etmişdir. Razılaşdıqdan sonra atalığı Talib həmin reklamda olan telefon nömrəsinə zəng edib bir saatlıq klubun “Barselona” adlı otağında 29 manatlıq üç nəfərlik oyun və yemək setini sifariş vermişdir. Sonra birlikdə klubun qarşısına gəlmiş və atalığı Talib avtomobili “Playrooms Gameclub” oyun salonun qarşısında saxlamışdır. Birlikdə kluba daxil olub klubun “Barcelona” adlı otağında əyləşmiş, təxminən bir saat ərzində atalığı ilə oyun oynamış, setə daxil sendviç və şirniyyat yeyib, şirə içmişlər. Orada olarkən anası ilə sanitar qovşağına gedib-gəlmiş, eyni zamanda anası ilə qonşu “Real Madrid” adlanan otağın boş olduğuna görə həmin otağa da keçib baxmışlar. Həmin otaqda da “playstation” aparatını görmüş, eyni zamanda əyləşdikləri otaqda oyunun səsi ucadan gəldiyindən, “Real Madrid” adlı otaqda mobil telefonla rəfiqəsi ilə danışmışdır. Sonra oyun sifarişin müddəti bitmiş , atalığı Talibin oyunu yarımçıq qalsa da klubu tərk edib getmişdir. Sonra evə gəldikdə məlum olmuşdur ki, anası Aygün oyunun yarımçıq qalması səbəbindən “Real Madrid” adlı otaqda olan “Playstation 4pro” aparatını götürüb evə gətirmişdir. Anasının həmin aparatı götürməsindən xəbəri olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 mart 2021ci il tarixli 9/880 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və kompyutor avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd əvvəllər istismarda olmuş, üstündə birləşdirici kabelləri və digər ləvazimatları olmayan “Playstation 4pro" oyun aparatının hazırkı vəziyyətdə, 10 fevral 2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti 400,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 75,00 (yetmiş beş) manat müəyyən edilmişdir. 12 fevral 2021-ci il tarixli qərarla X4 təqdim etdiyi 01 ədəd “Playstation 4pro” markalı oyun konsulu götürülmüş, eyni tarixli protokolla əsasən oyun aparatına Zərərçəkmiş şəxs tərəfindən baxış keçirilərkən eynilik müəyyən edilmişdir. 13 fevral 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə, axşam saat 23:30 radələrində, ünvan 7 ünvanında yerləşən “Playrooms Gameclub” oyun salonunun “Barcelona” adlanan oyun otağında müştəri qismində olaraq oyun oynaması və həmin salonu tərk edərkən digər “Real Madrid” adlanan oyun otağında quraşdırılmış Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində bir ədəd “Playstation 4pro” oyun aparatını gizli olaraq talamaqla oğurluq etməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işi başlanılmışdır. 14 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 14 fevral 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 11 mart 2021-ci il tarixli qərarla “Playstation 4 pro” markalı oyun aparatı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tarixli qəbzə əsasən Zərərçəkmiş şəxs “Sony” markalı “Playstation 4 pro” oyun aparatını təhvil almışdır. 10 aprel 2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. Həmin qərarla X8 və Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 26 aprel 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokola əsasən “DVD” diskdə 07 ədəd whatsapp video 2021-04-07 adlı mp4 videoformatlı fayl var. Videofayllara baxdıqda görünür ki, Talib Ağalarov, Aygün Məmmədova və Fatimə Mustafazadə 10 fevral 2021-ci il tarixdə saat 21:19-da Talib Ağalarovun idarə etdiyi **- LA-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 8 ünvanda yerləşən “Playrooms Gameclub” oyun salonunun qarşısına gəlib avtomobildən düşürlər. Saat 21:22-də həmin salona daxil olurlar, 21:24-də əyləşdikləri “Barcelona” otağına daxil olurlar. Bir müddət oturduqdan sonra Fatima Mustafazadə otağı tərk edərək dəhlizdə telefonla danışır və “Real Madrid” otağının önündə dayanır, həmin vaxtı artıq 22:40 radələrində Aygün Məmmədova da “Barcelona” otağını tərk edir, “Real Madrid” otağı istiqamətinə hərəkət edir və kameranın görüntüsündən itir. Bir müddət sonra əlində heç bir əşya olmadan Aygün Məmmədova və Fatimə Mustafazdə “Real Madrid” otağına geri qayıdırlar. Saat 23:02-də ilkin olaraq Talib Ağalarov kassaya tərəf çıxışa doğru hərəkət edir, ardı ilə isə X15 Madrid otağına daxil olur, əlində “Mcdonalds” paketi ilə otağı tərk edir, çıxışa doğru hərəkət edir, onun ardı ilə isə qızı Fatimə hərəkət edir. Həmçinin qeyd edilən protokoldan görünür ki, təqsirləndirilən şəxs Talib Ağalarov videogörüntülərdəki şəxsin özü olduğunu bildirərək həmin gün Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olaraq oğurluq etdiyini etiraf etmişdir. Bunun üçün qabaqcadan Aygün ilə razılaşmış, Aygün “Real Madrid” oyun otağından “Playstation 4 pro” oyun aparatını götürüb özü ilə gətirdiyi qəhvəyi rəngli paketə qoymuşdur. Fatimə oğurluq etmələri barədə xəbərsiz olmuşdur. 26 aprel 2021-ci il tarixdə X8 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Eyni tarixli qərarla X8 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-155/2021 saylı, 11 aprel 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. 27 aprel 2021-ci il tarixli qərarla X5 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun barəsində Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Bakı şəhər prokurorluğu vasitəsi ilə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Mahmud Mirzəyev tərəfindən qəbul edilmiş 13 may 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi icraatında olan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və istintaqı ********* nömrə altında davam etdirilmişdir. Həmin qərarla X4 əməli CM-nin 177.2.1, 177.2.2-ci maddələrinə tövsif edilmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Mahmud Mirzəyev tərəfindən qəbul edilmiş 12 iyun 2021-ci il tarixli qərarla Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Mahmud Mirzəyev tərəfindən qəbul edilmiş 07 iyul 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 216-cı maddəsinə əsasən istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğu vasitəsi ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. 27 iyul 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Azər Aslanlı tərəfindən icraata qəbul edilmişdir. 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 19 avqust 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:15də saxlanılmışdır. Eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 19 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. 19 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 fevral 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1077/2016 saylı 23.09.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il müddətinə sınaq müddəti təyin edilməklə 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1077/2016 saylı 23.09.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 maddələri ilə 8 il müddətinə, CM 144-3.4-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il müddətinə sınaq müddəti təyin edilməklə 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-18/2022 saylı 23.02.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 07.03.2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladı var– 28.11.2008-ci il təvəllüdlü X6. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 29.03.2022-ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 2920L ünvanında qeydiyyatdadır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, oğurluq nəticəsində ona dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Sözügedən iş üzrə verilmiş ittihamın nəticəvi hissəsinə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X8 ilə qabaqcadan əlbir olan şəxs halında oğurluq etməsi ittihamı irəli sürülmüş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-21/2022 saylı 15 mart 2022-ci il tarixli hökmü ilə X8 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-21/2022 saylı 15 mart 2022-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 07.03.2021-ci il tarixdən 09.03.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, X7 hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası ilə qismən toplanılmış və onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Talıb Ağalarovun klubun sahibi ilə danışdığını və klubun sahibi tərəfindən “Playstation 4 pro” aparatının verilməsinə razılıq aldığını zənn etməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlar, məhkəmə, iş materiallarında mövcud obyektiv sübutların məcmusu ilə təkzib edildiyi səbəbindən həqiqətə uyğun olmadığı qənaətinə gəlir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul etsə də, həmin dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, şahid ifadəsi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ziyanı aradan qaldırmasını, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə, eləcə də 07 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixədək, yəni 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) ay 18 (on səkkiz) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Playstation 4pro” oyun aparatının zərərçəkmiş şəxs (sahibi) Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-21/2022 saylı 15 mart 2022-ci il tarixli hökmü ilə 05 mart 2021-ci il tarixli, 9/880 saylı materialların məhkəmə ekspertizasının tədqiqatının xərci 75 (yetmiş beş) manat X2 tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, 05 mart 2021-ci il tarixli, 9/880 saylı materialların məhkəmə ekspertizasının tədqiqatının xərci 75 (yetmiş beş) manat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə X2 tutulduğundan, hazırki iş üzrə Təqsirləndirilən şəxs ekspertiza xərclərindən azad edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə, eləcə də 07 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixədək, yəni 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) ay 18 (on səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 12 (on ikiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2920L ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Playstation 4pro” oyun aparatının zərərçəkmiş şəxs (sahibi) Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar