Məhkəmə qərarları › İş №1(009)-18/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-18/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-18/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: X7, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi Nazim-Hikmət oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Quba rayonu, Bağbanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs barəsində Xaçmaz Rayon Polis Şöbəsində icraatda olan cinayət işi üzrə köməklik edəcəyinə yalandan vəd verib, bu adla 05 noyabr 2021-ci il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs məxsus 2.500 (iki min beş yüz) manat məbləğdə nağd pulu sonuncunun yanında olan qohumu Şahid qəbul edib ələ keçirdikdən sonra, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır, onunla tanışlıqları Quba rayonunda olmuşdur, Mehman Zərdabi qəsəbəsində, o isə Bağbanlı qəsəbəsində yaşayır. Mehmanla 2021-ci ilin oktyabr ayının sonlarında Quba rayonunda yerləşən bazarda təsadüfən rastlaşmış, həmin vaxt Mehman neçə vaxtdır onu axtardığını bildirmiş, bunun səbəbini soruşduqda Mehman Quba və Xaçmaz rayonunda meyvə bağlarından alma oğurladığı üçün Xaçmaz Rayon Polis Şöbəsində barəsində cinayət işi olduğunu və bu səbəbdən həmin cinayət işini bağlamağa köməklik göstərməsini bildirmişdir. O, Mehmana narahat olmamağı köməklik göstərəcəyini bildirmiş, həmin gün Mehmanla sağollaşıb ayrılmışlar. Səhərisi gün Mehman zəng edib oğurlamış olduğu almaları satdığını və həmin pulların özündə olduğunu bildirmiş, Xaçmaz Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işini bağlamağa tanışının olub-olmadığını, pul vermək istədiyini bildirmidir. Mehman 2500 manat pulu olduğunu və həmin məbləğ qarşısında bu işi yoluna qoya bilib-bilməyəcəyimi soruşmuş, Mehmana pulu gətirməsini və işi yoluna qoyacağını bildirmiş və Bakı şəhərində görüşüb pulu alacağını demişdir. 2021-ci ilin noyabr ayında saat 11:00 radələrində Mehmanla Bakı şəhəri, Səbail rayonu, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısında görüşmüş, Mehmanla görüş zamanı yanında əvvəllər tanımadığı daha sonra Mehmanın yeznesi kimi tanıdığı Elçin adlı şəxs olmuş, Mehmandan 2500 manat nağd pulu alıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin ön qapısından içəri girmişdir. Qapıda oturan şəxslərə ayaqyolundan istifadə etmək istədiyini bildirib tualetə getmiş, təxminən 10 dəqiqə sonra isə geri qayıdıb Mehmana “narahat olma işin alındı” demişdir. Bundan sonra Mehmanın yanında gələn şəxs onlarla sağollaşıb getmiş, Mehmanla o, Bakı şəhəri, Nəsimi rayonu 20 yanvar metro-stansiyası yaxınlığına gedib yemək yemişlər, daha sonra Mehmanla sağollaşmış və o, Quba rayonuna geri qayıtmışdır. Mehmanı aldadıb aldığı 2500 nağd pulun 1700 manatını alliment borcuna ödəmiş, qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Mehman ona hadisədən sonra dəfələrlə zəng etsə də müxtəlif bahənələrlə onu aldadıb işinin düzələcəyinə söz verirmiş, lakin Mehmanın barəsində aparılan cinayət işi ilə əlaqədar ona kömək etməklə bağlı heç kimə heçnə deməmiş, məqsədi 2500 manat nağd pulu Mehmanı aldatmaqla ələ keçirib daha sonra pulu olacağı təqdirdə geri qaytarmaq olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasının, dəymiş ziyanın bir qismini ödəmək üçün zərərçəkmiş şəxsə bir neçə dəfə müraciət etməsinin, lakin zərərçəkmiş şəxsin bunu qəbul etməməsinin və ziyanı tam olaraq tələb etməsinin, hazırki cinayət əməlini ehtiyacdan yəni aliment borcu olduğundan məcburiyyət qarşısında törətməsini, himayəsində bir azyaşlı uşağının olmasının, ikinci evliliyindən olan həyat yoldaşının hal-hazırda hamilə olmasının, ailədə yeganə qazanc gətirən şəxs olmasının, azadlıqda qalacağı təqdirdə zərərçəkmiş şəxsə vurduğu ziyanı hissə-hissə ödəməyə hazır olduğunun, həmçinin səhhətində bəzi problemlərin olmasının nəzərə alınmasını və barəsində həbslə əlaqədar olmayan cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkən şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlama protokolları, digər prosessual sənədlər və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, X3 təxminən 10 ildir ki, tanıyır. Savalan qonşu kənddə yaşadığı üçün onunla münasibətləri olmuşdur. 2021-ci ilin oktyabr ayının sonlarında bir neçə gün fərqlə Quba və Xaçmaz rayonlarında oğurluq hadisəsi törətmişdir. Sonuncu hadisə Xaçmaz rayonunda olduğu üçün 2021-ci ilin oktyabr ayının sonlarında Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Savalan Məmmədov ilə Quba Rayon Polis Şöbəsində təsadüfən 2021-ci ilin noyabr ayının əvvəllərində rastlaşmış və onun buraya niyə gəldiyini soruşmuş, o isə cinayət hadisəsi törətdiyini məhz bu səbəbdən tutulacağını bildirmişdir. Savalan ona hal-hazırda polisə dəstək kimi Baş narkotiklərlə Mübarizə İdarəsində işlədiyini və Quba və Xaçmaz Rayon Polis Şöbəsində olan işlərini də bağlayacağını bildirmişdir. 2 noyabr 2021-ci il tarixdə Savalan onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, həmin gün onlar Quba rayonunda yerləşən “Badə” kafesində görüşmüşlər. Savalan ona işini danışdığını və həll olunması üçün 3500 manat pul lazım olduğunu bildirmiş, o isə 2500 manat pulu olduğunu bildirmişdir. Savalan razılaşmış, 03 noyabr 2021 -ci il tarixdə o, yeznəsi Şahid ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakıda olan zaman Savalanla telefon əlaqəsi saxlamış və o, bizi Baş narkotiklərlə Mübarizə İdarəsinin qarşısına çağırmış, həmin gün saat 12:00 radələrində Savalan ilə qeyd etdiyi ünvanda görüşmüşlər. Pulu əvvəlcədən saxlaması üçün yeznəsi Elçinə vermiş, Elçin 2500 manat nağd pulu onun yanında sayıb vermiş, Savalan 2500 manat pulu götürüb Baş narkotiklərlə Mübarizə İdarəsinin qapısından içəri girmiş, təxminən 15-20 dəqiqə sonra Savalan yanında əvvəllər tanımadığı şəxslə birlikdə bayıra çıxmışdır. Bu zaman Savalan uzaqdan həmin şəxsə onu göstərib nə isə izah edirmiş, təxminən 5-10 dəqiqə onlar söhbət etdikdən sonra Savalan həmin adamla sağollaşıb onların yanma gəlmiş və ona “səni təbrik edirəm işin həll oldu” demişdir. Daha sonra Savalanla sağollaşıb ayrılmışlar, təxminən bir həftə sonra ona zəng edib işinin həll olub-olmamasını soruşmaq istəmiş, lakin Savalanın telefonuna zəng çatmamışdır. Bir neçə dəfə yığsa da, onunla əlaqə saxlaya bilməmişdir. 10-15 gün sonra Xaçmaz Rayon Polis Şöbəsindən zəng gələrək onu oraya dəvət etmişlər, o isə işinin həll olunduğunu desə də, polis işçiləri aldadıldığını bildirmişdir. Bundan sonra artıq əmin olmuşdur ki, Savalan dələduzluq yolu ilə ona məxsus 2500 manat nağd pulu ələ keçirmişdir. Zərərçəkmiş şəxs X9, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, halhazırda barəsində digər rayon məhkəməsinin qərarına əsasən məhkəmənin təyin ediyi ərazi hüdüdlarını tərk edə bilmədiyindən məhkəmə iclasında iştirak edə bilmir və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X10 Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilməmişdir və həmin şəxsə qarşı şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2021ci ilin oktyabr ayında qohumu Mehman Quba və Xaçmaz rayonları ərazisində oğurluq hadisəsi törətmiş, Mehman qohumu olduğu üçün ona köməklik etmək istəyirmiş, Mehman 2021-ci ilin oktyabr aylarının sonlarında ona zəng edərək bildirdi ki, Quba Rayon Polis Şöbəsindən çıxan zaman əvvəllər tanıdığı Savalan adlı şəxs onu polis şöbəsinin qarşısında görmüş və nəyə görə bura gəldiyini soruşmuş, Mehman isə alma oğurladığını və bu səbəbdən cinayət məsuliyyətinə cəlb olunduğunu bildirmişdir. Daha sonra həmin şəxs Mehmana Baş Narkotiklərlə Mübarizə İdarəsində tanışı olduğunu və Mehmanın işinin “bağlanmasına” köməklik edə biləcəyini bildirmişdir. Mehman həmin Savalan adlı şəxsi tanıdığını, kəndlisi olduğunu və həmin şəxsə inandığını bildirmiş, o da elədisə heç bir etiraz etmədiyini demişdir. Mehman onunla telefonla danışan zaman Savalanın onun işini “bağlamasına” 2500 manat pul işdəyini bildirmiş, 03 noyabr 2021-ci il tarixdə Mehman yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilə gəlmiş, həmin vaxt o evdə olmamış, saat 20:00 radələrində evə gəlmişdir. Mehmanla bu iş barəsində bir qədər söhbət etmişlər, Mehman həmin şəxsə inandığını bir daha ona demişdir. O da Mehmana belədisə heç bir problem olmadığını səhəri gün Savalanla görüşüb pulu verərcəklərini bildirmişdir. 04 noyabr 2021-ci il tarixdə saat 10:00 radələrində Savalanla 20 yanvar dairəsi yaxınlığında görüşmüşlər, təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra taksiyə əyləşib Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısına getmişlər. Mehman özündə olan 2500 manat pulu saxlamağı üçün ona vermiş, həmin gün saat 11:00 radələrində Narkotiklərlə Mübarizə İdarəsinin qarşısında olan zaman 2500 manat nağd pulu Savalana vermiş, Savalan həmin pulu götürmüş və Narkotiklərlə Mübarizə İdarəsinin giriş qapısından içəriyə girmiş, təxminən 10 dəqiqə sonra Savalan İdarədən bayıra çıxmış və qapıda əvvəllər tanımadığı şəxslə görüşmüş, onunla da 5-10 dəqiqə söhbət etdikdən sonra onlara tərəf gəlmiş və “təbrik edirəm işiniz həll oldu, lakin bu barədə heç kimə heçnə deməməyi bildirmişdir. Daha sonra bu barədə Mehmanın atasına zəng edib məlumat vermiş, Bundan sonra Mehmanla və Savalanla sağollaşıb oradan uzaqlaşmış, bir müddət sonra isə Mehman ona zəng edərək Xaçmaz Rayon Polis Şöbəsindən çağırdıqlarını və Savalana vermiş olduğu pulu isə sonuncunun onları aldadaraq ələ keçirdiyini və onun işini həll etmədiyini öyrənmişlər. Bundan sonra Savalanla dəfələrlə telefon əlaqəsi saxlayıb pulu qaytarmasını istəsələr də o, müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan imtina etmiş, buna görə də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş və qohumu Mehmana məxsus 2500 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə saat 22:10 radələrində yaxalanaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Quba rayon qeydiyyat şöbəsindən verilmiş doğum haqqında arayışdan görünür ki, 20 avqust 2009-cu ildə Xaçmaz şəhərində anadan olmuş X1 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələrini, məhkəmə istintaqı zamanı elan olunmuş zərərçəkmiş şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 sentyabr 2015ci ildə cəza müddətinin başa çatması ilə azad edilmiş, Quba Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən olunmaqla şərti təyin edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ziyanı ödəməyə hazır olmasını, törətmiş olduğu əməlin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, ikinci evliliyindən olan həyat yoldaşının hal-hazırda hamilə olmasını və gənc olduğunu nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablandığı nəzərə alınaraq, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək ünvan 4 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dən 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nazim-Hikmət oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 306 (üç yüz altı) manat dövlət büdcəsindən pul tutulub, “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar