Məhkəmə qərarları › İş №1(009)-180/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-180/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-180/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, Naxçıvan MR Şərur rayonu, Mahmud kəndində qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu, Lomonosov küçəsi ev ö/t 13-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi-2 ünvanında yerləşən “Nilay” kafesində olan zaman şəxsi münasibətlər zəminində, tanışı Zərərçəkmiş şəxs başından şüşə pivə bokalı ilə vurub ona - sol qaş nahiyəsinin əzilmiş yarası və sol gözaltı nahiyənin sıyrığı -kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində 20-ci sahədə yerləşən “Nilay” kafesinə getmiş, kafenin həyətində yerləşən masada əyləşərək spirtli içki pivə sifariş vermişdir. Kafedə olan müddət ərzində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs kafenin qarşısında taksidən enməsini görmüş və onu səsləyərək öz masasına dəvət etmişdir. Rafiq masanın arxasına keçdikdə o,onun sərxoş olmasını hiss etmişdir. Onlar bir qədər söhbət etdikdən sonra Rafiq atasının vaxtı ilə ondan almış olduğu ətin pulunu nə üçün verməməsi barəsində sual vermiş və onunla alçaldıcı formada danışaraq onu və atasını nalayiq ifadələr ilə təhqir etmişdir. O masadan duraraq Rafiqə kafeni tərk etməsini xahiş etmiş, Rafiq kafeni tərk edən zaman barəsində nalayiq ifadə işlətmişdir. O, Rafiqin bu hərəkətlərindən bərk əsəbləşmiş və masanın üzərində olan şüşə pivə bokalım əlinə alaraq Rafiqin baş nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində Səbail rayonu, 20-ci sahədə yerləşən “Nilay” kafesinə daxil olan zaman tanışı Təqsirləndirilən şəxs kafenin girişində olan masada əyləşdiyini görmüş, Təqsirləndirilən şəxs onu əyləşdiyi masaya dəvət etmiş, onlar bir qədər oturduqdan sonra aralarında yaranmış söhbət əsnasında Əliyə müraciət edərək atası İbrahimin ondan vaxtı ilə almış olduğu ətin pulunu verməsini xahiş etmişdir. Onun kafedə Əlidən atasının ətin pulunu verməsini xahiş etməsi Əlinin xoşuna gəlməmişdir. Bu səbəbdən də əsəbləşərək onunla mübahisə etmiş və mübahisə zəminində masanın üzərində olan şüşə pivə bokalını götürərək bir dəfə onun başına vuraraq xəsarət yetirmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlərini nəzərə alaraq onun barəsində şikayətçi olmaq istəməmiş, lakin Əlinin onu döyərək xəsarət yetirməsinə baxmayaraq onun yaşadığı evə gəlib ondan üzrxahlıq etməməsi və ona yardım göstərməməsi səbəbindən polisə zəng edərək şikayət etmişdir. İndi də şikayətçidir, Əli ilə barışmamışdır. Təqsirləndirilən şəxs təqsiri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəlsi, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 20 iyun 2022-ci il tarixli 416 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol qaş nahiyəsinin əzilmiş yarası və sol gözaltı nahiyənin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyyələrə şüşə bokalla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 iyun 2022-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxsböyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 iyun 2022-ci il il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə Azərbaycan Respublikasının DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törtməyən cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar