Məhkəmə qərarları › İş №1(009)-181/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-181/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-181/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Yardımlı rayonu, Avaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Avaş kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıavtomat yolu, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 sentyabr 2022-ci il tarixdə saat 12.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə saat 15:30 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi arvadı Şahid2 Mamedali qızına məxsus “VAZ- 21074” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsinin sonu istiqamətində 80 km/saat sürətlə hərəkət edərkən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, maksimum sürət həddi 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km\saat sürətlə idarə edilməli məhdudiyyət qoyulduğu olduğu, halda həmin hərəkətləri etməmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin, 64-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək həmin vaxt avtomobil yolunu qaçaraq keçən yetkinlik yaşına çatmayan piyada xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ qanadı ilə vurub Zərərçəkmiş şəxs açıq, ağır kəllə-beyin travması, baş-beyin əzilməsi və diffuz ödemi, işemiyası, soldan gicgah sümüyünün kəllə əsasına keçən sınığı, əsas sümüyün sınığı, sol tərəfli otolikvoreya, hər iki ağciyərin, solda daha çox olmaqla əzilməsi, solda İV,V, Vİ, Vİİ qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfi hemotoraks, baş-beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltında qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol İV, V, Vİ, Vİİ qabırğaların ortaqolduqaltı xətt üzrə yerini dəyişmiş qapalı sınıqları və sol döş boşluğuna qanaxma (150 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması, sol xarici qulaq seyvanının, hər iki əlin arxa səthlərinin, sol bel nahiyəsinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ diz oynağı nahiyəsinin iç səthinin, sağ sağrının aşağı bayır kvadratının sıyrıqları ilə müşayiət olunan, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib, sol gicgah sümüyünün kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan beyin toxumasına, onun mədəciklərinə və qişaları altında qansızmalarla nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “VAZ-21074” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil bir neçə ildir ki, etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə, “VAZ- 21074” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Şahid2 Mamedali qızı, bacanağı Şahid3 və baldızı Şahid1 və onların azyaşlı uşağı ilə birlikdə yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsindən çıxıb Şirvan şəhərinə yola düşmüşlər. O, avtomobili Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi ilə 70-80 km/saat sürətlə idarə etmiş, qarşıda avtomobil yolu ilə bir uşağın topun arxası ilə yolun sağ tərəfindən sol tərəfinə qaçdığı görmüşdür. Uşağın arxası ilə qaçdığı top onun avtomobilin qarşısına çatmış, bu zaman uşaq onun idarə etdiyi avtomobilin sağ qanadına dəymişdir. O, avtomobili saxlamış və özünü itirmişdir. Buna görə də bacanağı Şahid3 uşağı yerdən götürüb avtomobilə qoymuş və avtomobilin sükanına oturmuşdur. O, arvadı Arzu, baldızı Ülviyyə və onun azyaşlı uşağı orada qalmışlar. Elman həmin uşağı yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə aparmışdır. Onlarda orada olan avtomobillərdən birinə minib təcili tibbi yardım məntəqəsinə getmişlər. Oradan da uşağı X9 aparmışlar. Lakin aparılmış tədbirlərə baxmayaraq Zərərçəkmiş şəxs xəstəxanada xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobilin sürəti azaltmışdır. Törətdiyi əmələ görə səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ev 54-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022 ci il tarixdə saat 15:30 radələrində onlar ailəliklə evdə olan zaman oğlu Zərərçəkmiş şəxs Bayıl qəsəbəsində uşaqlarla futbol oynamağa getmək istədiyini bildirmişdir. Onlar ona havanın soyuq olduğunu evdə oturmasını bildirmişlər. Lakin Oruc futbol oynamaq istədiyini deyib evdən çıxıb getmişdir. Təxminən 20 dəqiqə keçmiş Orucun sinif rəhbəri arvadı X5 zəng vurub Orucu Bayılda maşın vurduğunu demişdir. Onlar tez avtomobilə oturub Bayıl qəsəbəsinə getmiş, ora gedən zaman, Orucun sinif rəhbəri Leylaya təkrar zəng vurub Orucu X14 apardıqlarını demişdir. X14 çatan zaman Oruc reanimasiya yerləşdirilmişdir. Onlar həkimdən Oruca nə olduğunu soruşmuş, həkim isə bildirmişdir ki, Oruc başından xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Oruc aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur, gələcəkdə də olmayacaq, dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında Şahid2 Mamedali qızı ifadəsində göstərmişdir ki, “VAZ-21074” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında əri Təqsirləndirilən şəxs idarə edir. xx.xx.2022-ci il tarixdə həmin avtomobillə bacısının əri Şahid3, bacısı Şahid1 və onların azyaşlı uşaqları ilə birlikdə yaşadıqları Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsindən çıxıb Şirvan şəhərinə yola düşmüşlər. Avtomobili əri Təqsirləndirilən şəxs idarə etmiş, qabaq sərnişin oturacağında Elman, arxa sol tərəfdə o, arxa sağ tərəfdə isə bacısı Ülviyyə oturmuşdur. Onların azyaşlı oğluda arxa oturacaqda onların ortalarında oturmuşdur. Onlar avtomobillə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkın kənarı ilə gedən zaman o, ətrafda siqnal səslərinin eşitmişdir. Bu zaman onların avtomobil qəflətən dayanmışdır. Avtomobil dayandıqdan sonra o, avtomobildən aşağı düşmüş və avtomobili sağ tərəfində asfaltın üzərində uşağın uzandığını görmüşdür. Elnur özünü itirmişdir. Buna görə də Elman uşağı yerdən götürüb avtomobilə qoymuş və avtomobilin sükanına oturmuşdur. Onlar isə orada qalmışlar. Elman həmin uşağı yaxınlıqda təcili tibbi yardım məntəqəsinə aparmışdır. Onlar da orada olan avtomobillərdən birinə minib təcili tibbi yardım məntəqəsinə getmişlər. O, hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onlar Elnura məxsus “VAZ-21074” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə əri Şahid3, bacısı Şahid2 Mamedali qızı və azyaşlı uşağı ilə birlikdə yaşadıqları Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsindən çıxıb Şirvan şəhərinə yola düşmüşlər. Avtomobili bacısının əri Təqsirləndirilən şəxs idarə etmiş, qabaq sərnişin ouracağında əri Elman, arxa sol tərəfdə bacısı Arzu, arxa sağ tərəfdə isə o oturmuşdur. Onun azyaşlı oğlu da arxa oturacaqda onların arasında oturmuşdur. Onlar avtomobillə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkın kənarı ilə gedən zaman qəflətən avtomobilin qabaq şüşəsinə nəyinsə dəyməsini hiss etmişdir. Avtomobil dayandıqdan sonra avtomobildən aşağı düşmüş və avtomobilin sağ tərəfində asfaltın üzərində uşağın uzandığını görmüşlər. Elnur özünü itirmişdir. Elman tez uşağı yerdən götürüb avtomobilə qoymuş və avtomobillə uşağı yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə aparmış, onlar da orada olan avtomobillərdən birinə minib təcili tibbi yardım məntəqəsinə getmişlər. O, hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onlar Elnura məxsus “VAZ-21074” markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə baldızı Şahid2 Mamedali qızı, arvadı Şahid1 və azyaşlı oğlu ilə birlikdə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən çıxıb Şirvan şəhərinə yola düşmüşlər. Avtomobili bacanağı Təqsirləndirilən şəxs idarə etmiş, qabaq sərnişin oturacağında o, arxa sol tərəfdə Şahid2, arxa sağ tərəfdə isə arvadı Şahid1 oturmuşdur. Oğlu da arxa oturacaqda oturmuşdur. Onlar avtomobillə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkın kənarı ilə gedən zaman qabaqda sağ tərəfdə yerləşən parkda bir neçə uşağın asfalt yola tərəf getdiklərini görmüşdür. O, Elnurla söhbət etmişdir. Həmin vaxt onlarla eyni istiqamətdə qarşıda avtomobil hərəkət etmişdir. Qəflətən həmin avtomobilin arxa tərəfində bir uşaq qaçaraq onların avtomobilinin sağ tərəfindən dəymiş və yerə yıxılmışdır. Elnur avtomobili dayandırmışdır. Avtomobil dayandıqdan sonra onlar düşmüş və avtomobilin sağ tərəfində asfaltın üzərində uşağın uzandığını görmüşlər. Elnur özünü itirmişdir. Buna görə də o, uşağı yerdən götürüb avtomobilə qoyub avtomobilə oturub yaxınlıqda yerləşən təcili tibbi yardım məntəqəsinə aparmışdır. Bir müddətdən sonra Elnur, Arzu və Ülviyyədə ora gəlmişlər. Ordan da uşağı X14 aparmışlar. Hadisə qəflətən və ani baş vermişdir. Belə ki, onlar Bibiheybət istiqamətində gedən zaman yolu qaçaraq keçmək istəyən uşaq qarşıda gedən avtomobilin arxasından çıxmış və onların avtomobilinin sağ tərtəfınə dəymişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin “X2 Mərkəzi”ndən əldə edilmiş yol nəqliyyat hadisəsinin videogörüntüyə baxış keçirilərkən Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi ilə avtomobillərin hərəkət etdiyi, həmin videoğörüntünün 14-cü dəqiqə 18-ci saniyədə avtomobil yolunun sonu istiqamətində sağ tərəfdən bir şəxsin avtomobil yolunun kənarına çıxaraq bir qədər gözlədikdən sonra avtomobil yolunu sağdan sola qaçaraq keçməyə başladığı, 14-cü dəqiqə 22-ci saniyədə həmin avtomobil yolu ilə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi qaçaraq avtomobil yolunu keçmək istəyən piyadanı vurduğunu, avtomobil piyadanı vurduqdan sonra saxladığını, avtomobildə olan şəxslər aşağı düşdüklərini, bir neçə dəqiqədən sonra hadisə yerinə dövlət yol polisi xidmətinin avtomobili yaxınlaşdığını, piyada hadisəni törətmiş avtomobilə qoyularaq hadisə yerindən aparılması müəyyən olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 24 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs adına X10 tərtib etdiyi 3218 saylı xəstəlik tarixinin əslində görünür ki, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya ağır vəziyyətdə gətirilmiş aparılmış reanimasion tədbirlərə baxmayaraq xx.xx.2022-ci il tarixdə saat 04:40 radələrində ölüm baş vermişdir. Son klinik diaqnoz: Açıq ağır kəllə-beyin travması. Baş-beyin əzilməsi və diffuz ödemi, işemiyası. Solda gicgah sümüyünün kəllə əsasına keçmə sınığı, əsas sümüyün sınığı. Sol tərəfli otolikvoreya. Hər iki ağciyərin, solda daha çox olmaqla əzilməsi. Solda İV, V, Vİ, Vİİ qabırğaların yerdəyişmiş sınıqları. Sol tərəfli hemotoraks”. Zərərçəkmiş şəxs meyitində aşağıda xəsarətlər aşkar edildi: baş-beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltma qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol İV, V, Vİ, Vİİ qabırğaların orta qoltuqaltı xətt üzrə yerini dəyişmiş qapalı sınıqları və sol döş boğluğuna qanaxma (150 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması; sol xarici qulaq süyvanmm, hər iki əlin arxa səthlərinin, sol bel nahiyəsinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ diz oynağı nahiyəsinin iç səthinin, sağ sağrının aşağı bayır kvadratının sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixndə, yol-nəqliyyat hadisəsi, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə ağır zərərvurmanın əlamətlərinə aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş sol gicgah sümüyünün kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan beyin toxumasına, onun mədəciklərinə və qişaları altında qansızmalar olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 8/1146 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyinə əsasən “Vaz-21074” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərinə “Yol hərəkəri haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşıdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 2/9856 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyun 2022-ci il tarixli 016-69128-122 nömrəli məktubuna əsasən xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) AB 512337 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən Təqsirləndirilən şəxs Şahid2 tərəfindən “VAZ- 21074” markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək etibarlıdır. 26 mart 2022-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 28 mart 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsindən 263.2-ci maddəsinə tövsif edilmişdir. 05 aprel 2022-ci il tarixdə cinayət işi üzrə X7 zərərçəkmiş şəxs (mərhumun atası) Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. 08 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. 08 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 16 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilmsi barədə qərarla Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdi “VAZ-21074” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: - Yardımlı RPŞ-də CM-nin 93-7-ci maddəsinin 3-cü hissəsi ilə istintaq olunan 51256 nömrəli cinayət işi üzrə xx.xx.1999-ci il tarixli qərarla CPM-nin 96-cı maddəsinə əsasən şəxsi zaminlik iltizamı əsasında azad edilmişdir. - Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə şərti sınaq müddəti təyin edilməklə 01 il 07 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Şəxsiyyət vəsiqələrindən surətindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı vardır – xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2007- ci il tarixdə anadan olmuş X6. İş materiallarına əlavə edilmiş Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısının Avaş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini və dəymiş ziyanı ödənilməsini, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “VAZ- 21074” markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X3, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar