Məhkəmə qərarları › İş №1(009)-181/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-181/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-181/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1972-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Milabad qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış qəhvəyi rəngli, təmiz çəkisi 0,162 qram olan narkotik vasitə heroini bənövşəyi rəngli kağıza bükülmüş vəziyyətdə bir ədəd bükümdə əldə edib üzərində saxlayaraq daşımış, 13 yanvar 2023-cü il tarixdə gecə saat 00:15 radələrində Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu Yeni ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş boz rəngli cins şalvarının sağ yan cibindən bənövşəyi rəngli kağıza bükülmüş vəziyyətdə bir ədəd bükümdə təmiz çəkisi 0,162 qram olan narkotik vasitə herion aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 yanvar 2023-ci il tarixdə gecə saatlarında işdən çıxıb evə gedərkən, “Ramin” adlı keçmiş iş yoldaşı ilə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanovun heykəli yaxınlığında rastlaşmış və Ramin ona “pay” kimi bir ədəd bənövşəyi rəngli bükümdə narkotik vasitə olan heroin hədiyyə etmişdir. O, Ramindən ayrılıb yaşadığı ünvan 4 ünvana tərəf gedərkən, Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Yeni Salyan şossesində yerləşən Səbail rayon Polis İdarəsi Dövəlt X4 inzibati binasının yaxınlığında dayanacaqda dayandığı vaxt ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərini təqdim edərək, ona narkotik vasitələrin qanunsuz istifadədə şübhəli olduğunu bildirərək, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. O, razılaşaraq polis əməkaşları ilə birlikdə 8-ci Polis bölməsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd, içərisində “kola” kimi tanıdığı narkotik vasitə olan heroinin olan bənövşəyi rəngli kağıza bükülmüş bükümü, şalvarının sol yan cibindən özünə məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefonunu və ümumilikdə 54 manat məbləğdə pulu çıxarıb masanın üzərinə qoymuşdur. O, təqdim etdiyi maddə ilə bağlı polis əməkdaşları tərəfindən sorğu-sual edildikdə, həmin narkotik vasitə heroini 12 yanvar 2023-cü il tarixdə gecə saatlarında, yəni tutulmamışdan təxminən 2-3 saat əvvəl Bakı şəhəri Yasamal rayonu “Nəriman Nərimanov” heykəlinin yaxınlığında keçmiş iş yoldaşı “Ramin” adlı şəxsdən heç bir məbləğdə pul vermədən, yəni “pay” kimi alaraq, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Onun təqdim etdiyi narkotik vasitə heroin polis əməkdaşları tərəfindən boş zərfə qoyularaq qablaşdırılmışdır. O, heç vaxt psixotrop maddə metamfetamindən istifadə etməmişdir, təhqiqat araşdırması vaxtı səhvən metamfetaminin adını çəkmişdir.O, narkotik vasitə heroindən istifadə etməkdən başqa, heç bir başqa cinayət əməli törətməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı Şahid1 Bəhrəm oğlu ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Bakı şəhəri Səbail rayonu 20-ci Sahə ərazisində “Mübariz” adlı şəxsin narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında yaradılmış əməliyyat qrupunun tərkibində o da iştirak etmişdir. 13 yanvar 2023- cü il tarixdə saat 00:15 radələrində «Mübariz» adlı şəxsə bənzər şəxsin Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Yeni Salyan şossesində olması müəyyən edilmiş, əməliyyat qrupu ilə Səbail rayonu Yeni ünvan 6 ünvanın qarşısında zahiri əlamətlərinə görə “Mübariz” adlı şəxsə oxşar şəxs saxlanılmış və Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati binasına getməsi təklif edilmiş, həmin şəxs heç bir etirazı etməyərək onlarla birlikdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati binasına getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olub-olmaması sorğu-sual edildikdə Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bənövşəyi rəngli kağıza bükülmüş bükümü, şalvarının sol yan cibindən isə, bir ədəd “Xiaomi” markalı mobil telefon aparatını və ümumilikdə 54 manat məbləğdə pul vəsaitini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd büküm açılmış və içərisində tünd qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kola” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, “Ramin” adlı keçmiş iş yoldaşından tutulmamışdan təxminən 2-3 saat əvvəl “pay” kimi aldığını bildirmişdir. Bundan sonra həmin büküm X2 tərəfindən boş zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 da Şahid1 Bəhrəm oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə, saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparmadan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bənövşəyi rəngli kağıza bükülmüş bükümü, şalvarının sol yan cibindən isə, 01 (bir) ədəd “Xiaomi” markalı mobil telefonu və 54 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kola” kimi adlandırdığı narkotik vasitə olan heroin olduğunu, həmin maddənin keçmiş iş yoldaşı “Ramin” adlı şəxs tərəfindən, həmin gecə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” heykəlinin yaxınlığında ona “pay” kimi verildiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bənövşəyi rəngli kağıza bükülmüş, içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğuna görə, təhqiqatçı tərəfindən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd “Xiaomi” markalı mobil telefonla 54 manat məbləğdə nağd pulu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu disk tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 yanvar 2023-cü il tarixli 6/205 №-li Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfləki bir ədəd bükümdə təmiz çəkisi 0,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 13 yanvar 2023-cü il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0,162 qram qəhvəyi kütlə təqdim edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,112 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 14 yanvar 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ağ rəngli diskdə bir ədəd fayl yerləşir, həmin fayl “VİD_20230113_022820” adlı 897.505 KВ yaddaşlı “.mp4 Video” formatlı videofayldır. Videofayl 0:09:36 dəqiqə müddətdə davam edir. Video görüntedə özünü Səbail RPİ-nin 8-ci Polis Bölməsinə ezam olunmuş təhqiqatçı polis kapitanı Məhəmməd Gülmalıyev olaraq təqdim edən təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bənövşəyi rəngli bükümü, şalvarının sol yan cibindən 01 ədəd 20 manatlıq, 02 ədəd 5 manatlıq və 24 ədəd 1 manatlıq əskinazlardan ibarət olan cəmi 54 (əlli dörd) manat məbləğdə pul vəsaiti və 01 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən həmin büküm açılır, içərisində tünd qəhvəyi rəngli kütlə olduğu müəyyən olunur. X2 tərəfindən sorğu-sual edilən Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümün içərisində “kola” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gecə Yasamal rayonu “Nəriman Nərimanov” heykəlinin yaxınlığında keçmiş iş yoldaşı “Ramin” adlı şəxsdən “pay” kimi alıb özü qəbul etmək üçün üzərində gəzdirdiyini bildirir. Daha sonra həmin büküm X2 tərəfindən boş zərfdə qablaşdırılır, DİN-in 52 saylı möhürü ilə möhürlənir, zərfin üzərində bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Sonda bu barədə protokol tərtib edilir və protokol da iştirakçılar tərəfindən imza edilir. Videogörüntü həmin anda başa çatır. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin DVD iş üzrə maddi sübut kimi tanınmasından ötrü cinayət işinin materillarına əlavə olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Ədalət Aslanovun 14 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Səbail RPİ-nin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 26 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 31 yanvar 2023-cü il tarixli 504 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,162 qram heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,112 qram heroin saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə hərəkətlərinin əks olunduğu diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadəsi, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən saat 00:15-dən 14 yanvar 2023-cü il tarixədək saat 15:45-dək tutulduğu müddət 01 (bir) gün hesab edilməklə, 02 (iki) gün təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,112 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə prosessual hərəkətini əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 13 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək tutulduğu cəmi 01(bir) gün müddət, bir günə iki gün hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan -Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,112 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar