Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-182/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, ali təhsilli, İdman Sağlamlıq Kompleksində kassir işləyən, məhkumluğu olmayan, ünvan 1 üvanında qeydiyyatda olan və yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30000 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(009)-2672/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 15 avqust 2018-ci il və 15 avqust 2019cu il tarixlərdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək hər iki halda inzibati qaydada 500 manat məbləgində cərimə olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 17 oktyabr 2018-ci il, 08 iyun 2020-ci il və 17 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da "xxxx" MMC-yə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC ilə 2009-cu ildən işləməklə tikinti materiallarının alveri ilə məşğul olmuşdur. Həmin cəmiyyətin Dərnəgül şossesində Z.Bünyadov prospektində yerləşən bazası olduğu üçün müxtəlif tikinti materiallarını topdan və nisyə olaraq bazadan götürmüş və satdıqdan sonra pulu cəmiyyətin işçisi olan Vüsala ödəmişdir. 2013-cü ilə kimi bu qaydada işləmiş, lakin həmin ildə cəmiyyətin direktoru cəmiyyətə olan borcunu tam ödəməyi tələb etdiyinə görə qarşılıqlı hesablamalar aparılmış və cəmiyyətə 64000 borcunun olduğu müəyyən olmuşdur. Göstərilən borcundan 34000 manat məbləğini ödəyərək qalan borcunu ödəməsi üçün cəmiyyətin direktorundan möhlət verilməsini xahiş etsə də, ona möhlət verilməmişdir. Bundan sonra "xxxx" MMC onun borcu ilə bağlı polis şöbəsinə, daha sonra isə mülki qaydada iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə bununla bağlı 22 iyun 2017ci il tarixdə 30000 manat pulun ondan alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsini qət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən narazı olduğuna görə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya və daha sonra Ali Məhkəməyə kassasıya şikayətləri verməsinə baxmayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(009)-2672/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Səbail rayon icra şöbəsinin icra məmuru onu icra şöbəsinə dəvət edərək icra tələbinin onun tərəfindən icra olunması üçün bildiriş təqdim etmişdir. Dəfələrlə icra məmuru tərəfindən rəsmi xəbərdarlıq olunmasına və inzibati məsuliyyətə cəlb olunaraq inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 manat məbləgində inzibati qaydada tənbeh olunmasına baxmayaraq həmin borcdan tələbkara cəmi 1200 manat və 300 manat məhkəmə tərəfindən müəyyən edilmiş cərimənin ödənilməsi üçün ödəniş etmişdir. Hazırda qalan borcu birdəfəlik ödəməyə imkanı olmasa da, hissə-hissə ödəməyə hazırdır. Məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2009-cu ildən Z.Bünyadov prospektində yerləşən Dərnəgül tikinti materialları satış bazarında alver ilə məşğul olduğu üçün satdığı müxtəlif növ tikinti materiallarını Z.Bünyadov prospektində yerləşən "xxxx" MMC-nin tikinti materialları mağazasından mütəmadi götürmüşdür. Lakin götürdüyü malların bir hissəsinin dəyərini ödəsə də, qalan hissəsinin dəyərini ödəmədiyindən Cəmiyyətə 30000 manat məbləğində borcu qalmışdır. Buna görə də "xxxx" MMC-nin mülki iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilərək icraya yönəldilmiş, lakin Təqsirləndirilən şəxs apelyasiya və kassasiya şikayətləri versədə həmin instansiyalarda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs qanuni quvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırdığına və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə məhkəmə tərəfindən iki dəfə inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat miqdarında inzibati qaydada cərimə tənbehi verilmiş, buna baxmayaraq görülən tədbirlər heç bir nəticə verməmişdir. Belə ki, hazıra kimi Təqsirləndirilən şəxs MMC-nin xeyrinə cəmi 1200 manat ödəməklə qalıq borcu 28800 manat təşkil edir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satıcı işlədiyi üçün 2012-ci ildən Təqsirləndirilən şəxs Z.Bünyadov prospektində yerləşən mağazanın müştərisi kimi tanımış, Çingiz əvvəldən həmin magazanın müştərisi oldugu üçün eyni qayda ilə tikinti materiallarını nisyə olaraq götürüb satdıqdan sonra magaza ilə hesablaşırdı. 2013-cü ilədək normal şəkildə işləməyə davam etmişlər, lakin 2013-cü ilin bir neçə ayı ərzində Təqsirləndirilən şəxs MMC-yə 64000 manat məbləğində borcu yarandığı üçün materialların ona nisyə verilməsini dayandıraraq yaranmış borcun ödənməsi tələb olunduğundan Təqsirləndirilən şəxs həmin borcdan 34000 manat məbləğini ödəmiş, qalan borcu isə ödəməmişdir. Ona görə də, "xxxx" MMC mülki qaydada 30000 manat borcun alınıb verilməsi üçün qətnamə qəbul olunmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qətnamədən narazı qaldığı üçün yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməməyə görə inzibati qaydada cərimə edilməsinə baxmayaraq hazıra kimi 30000 manat borcundan cəmi 1200.00 manat ödəmişdir. Məhkəmə iclasında şahid Səbail rayon icra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinn 22 iyun 2017-ci il tarixli, 2(009)- 2672/2017 nömrəli qətnaməsi üzrə verilmış icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərilmiş, Səbail rayon icra və probasiya şöbəsi tərəfindən 15 may 2018-ci il tarixdə icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 3(009)-1094/2018 nömrəli və 15 avqust 2019-cu il tarixli, 3(009)-1176/2019 nömrəli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ayrı-ayrılıqda iki dəfə inzibati qaydada 500 manat cərimə edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(009)-2672/2017 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilmiş, Təqsirləndirilən şəxs 30000 (otuz min) manat məbləgində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(009)-2672/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2018-ci il tarixli, 2(102)-2199/18 saylı qərarı ilə Təqsirləndirilən şəxs kassasiya şikayətinin təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14 may 2018-ci il tarixdə verilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(009)-2672/2017 saylı icra vərəqəsi Səbail rayon icra şöbəsi tərəfindən 15 may 2018-ci il tarixdə icraata qəbul edilərək könüllü olaraq icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 3(009)-1094/2018 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 3(009)-1176/2019 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 8(009)-917/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(009)-2672/2017 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 8(009)-917/2018 saylı qərardadından şikayət vermiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 8(009)-130/2019 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(009)-2672/2017 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin 08 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində iş axtaran vətəndaş kimi qeydiyyatdan keçməmiş və işsizlikdən sığorta ödənişi almamışdır. 17 oktyabr 2018-ci il, 08 iyun 2020-ci il və 17 yanvar 2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir. Təqsirləndirilən şəxs 06 iyun 2018-ci il tarixdə tərəfindən icra məmuruna verdiyi izahatından görünür ki, sonuncu həmin tarixdən etibarən mövcud borcundan hər ay 200 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Səbail rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni 01 mart 2021-ci il tarixə kimi cəmi 1200 manat ödəniş etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli, 1(005)-244/2011 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs İdman Sağlamlıq Kompleksində kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) vəzifəsində işləyir. İdman Sağlamlıq Kompleksi tərəfindən verilmiş 28 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2019-cu il tarixdən İdman Sağlamlıq Kompleksində kassir vəzifəsini tutur, aylıq əmək haqqı 300 (üç yüz) manatdır. 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, zərəri qismən aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-182/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-182/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver