Məhkəmə qərarları › İş №1(009)-182/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-182/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-182/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsindəki inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibiheybət döngəsi ünvansız fərdi yaşayış evində kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün 8-ci PB-nin inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkisi 0,347 qram olan qəhvəyi rəngli küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs İsrafıl oğlu həmin hərəkəti ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxın müddətdir narkotik vasitələrdən istifadə edir, bir neçə dəfə narkoloji dispanserdə müalicə almış, lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində “Sovetski” adlanan ərazidə təsadüfən xarici görünüşündən narkotik maddə qəbulu etdiyini düşündüyü şəxsə yaxınlaşıb bu barədə soruşmuş və həmin şəxsə 10 (on) manat ödəməklə “Kokos” adlanan narkotik maddə almışdır. Səbail rayonu, F.Qurbanov küçəsində olan zaman iki nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda səmimi etiraf etmiş və etiraz etməyərək onlarla PB-yə getmişdir. Orada üzərinə baxış keçirilərkən üzərində hər hansı bir qanunsuz yolla əldə edilmiş maddə və ya sair əşya olub-olmamasını soruşduqda 24 fevral 2023-cü ildə səhər vaxtı Sovetski deyilən yerdən 10 manata aldığı və özü qəbul etmək üçün üzərində saxladığı içərisində "Kokos” adlandırdığı heroini təqdim etmişdir. Həmin narkotik maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 8-ci PBnin cinayət axtarışı üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 24 fevral 2023-cü ildə, saat 11:30 radələrində cinayət axtarışı üzrə əməliyyat müvəkkili Rasim Əliyevlə birlikdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında görüb onun narkotik maddənin qanunsuz olaraq əldə edilməsi və daşınmasında şübhəli bilib saxlanılaraq 8-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Orada vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 əsəs parıltılı kağızı masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik maddə olan heroin olmasını bildirmişdi. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni 24 fevral 2023-cu ildə səhər saatlarında Bakı şəhərində “Sovetski” deyilən ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdi. Götürülmüş həmin narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 8-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkili Şahid2 və Səbail rayon Polis İdarəsinin 8-ci PB-nin əməliyyat müvəkili Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan cinayət işinin başlanması, icraata qəbul olunması və aidiyyəti üzrə göndərilməsi haqqında 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilmiş və aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə, saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə təhqiqatçı Mahir Feyzullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd parıltılı kağıza bükülmüş narkotik vasitə heroinə oxşar maddə çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, "Kokos” adlandırdığı həmin narkotik vasitəni 24 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərindən “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu disk tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2023-cü il tarixli 6/1129 №-li Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,347 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 24 fevral 2023-cü il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən 0,347 qram heroinə oxşar maddə təqdim edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,297 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 25 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Səbail RPİ-nin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, qərar ona 25 fevral 2023-cü il tarixdə, saat 15:15-də elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 16 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 25 fevral 2023-cü il tarixli 1104 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və “maddi sübut kimi tanınma haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,347 qram heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,297 qram heroin saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 09 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təhqiqatçı Mahir Feyzullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd parıltılı kağıza bükjülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni 24 fevral 2023-cü ildə səhər saatlarında Bakı şəhərində “Sovetski” adlanan ərazidə 10 manat pula aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənir. Sonra bu barədə protokol tərtib edilir və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanır.Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə hərəkətlərinin əks olunduğu diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidin ifadəsi, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdən saat 11:30-dan 25 fevral 2023-cü il tarixədək saat 15:15-dək tutulduğu müddət 01 (bir) gün hesab edilməklə, 02 (iki) gün təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,297 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə prosessual hərəkətini əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 24 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək tutulduğu cəmi 01(bir) gün müddət, bir günə iki gün hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Sabail rayonu 2-ci Bibiheybət dönqəsində yerləşən fərdi yaşayış evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan -Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,297 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar