Məhkəmə qərarları › İş №1(009)-184/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-184/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-184/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:50 radələrində Bakı şəhəri Səbail rayonu M.Muxtarov küçəsi ilə Ə.Kərimov küçələrinin kəsişməsində yerləşən «Səadət» sarayının yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla sifət nahiyəsinə vuraraq və saçından tutub yerə yıxaraq sürüyüb başını yol kənarındakı məhdudiyyət dəmirinə vuraraq qəsdən ona baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ gicgah-çənə oynağının travmatik artriti ilə müşayiət olunan çənə sümüyünün sağ şaxəsi proyeksiyasının və boyunun sağ yan səthinin yuxarı 1/3-nin qançırları, alt dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs on il tanımış onunla sevgi münasibəti yaşamışdır. Lakin bir müddət əvvəl onların münasibətləri kəsilmişdir. 16 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs rəfiqəsi ilə “İçərişəhərdə” restoranının həyətində oturan zaman o, onların yanından keçib salam vermişdir.Təxminən yarım saat sonra Zərərçəkmiş şəxs rəfiqəsi masadan qalxıb getdikdə o, Zərərçəkmiş şəxs yaxınlaşıb onunla danışmaq istədiyini demiş, Esmira isə onunla razılaşmamışdır. Həmin günü o, “Səadət” sarayının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus avtomobilinin üstünə barışmaq üçün gül dəstəsi alıb qoymuşdur. Zərərçəkmiş şəxs avtomobilin yanına gəldikdə gülü götürməmiş, sürücü tərəfindən avtomobilə əyləşərək qapını örtmək istəyən zaman o, avtomobilə yaxınlaşıb Esmira ilə söhbət etmək istəydiyini ona demişdir. Zərərçəkmiş şəxs isə onunla danışmaq istəmədiyini və onun ünvanına nalaiq ifadələr demişdir. Bu zaman o, Esmiranın nalaiq ifadələrin onun ünvanına deməməsi üçün əli ilə Zərərçəkmiş şəxs ağzını tutmuşdur. 16 sentyabr 2023-cü il tarixdə və ya başqa vaxtı Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, tanımış. 2018-ci ildən o, Təqsirləndirilən şəxs ilə sevgi münasibəti yaşamağa başlamışdır. 2020-ci ildə o, Təqsirləndirilən şəxs ilə münasibətləri kəsmişdir. Lakin Təqsirləndirilən şəxs ondan əl çəkməmiş, dəfələrlə onu narahat etmişdir. 16 sentyabr 2023-cü il tarixdə o, rəfiqəsi Şahid ilə “İçərişəhərdə” yerləşən “Pendir çörək” restoranının həyətində oturan zaman Təqsirləndirilən şəxs onların yanından keçmiş və ona salam vermişdir. Təxminən yarım saat sonra rəfiqəsi əllərini yumaq üçün masadan qalxıb getmiş, bu zaman Təqsirləndirilən şəxs qəflətən ona yaxınlaşıb telefonunu ondan istəyərək, telefona baxacağını demişdir. O, buna etiraz etmişdir. Həmin vaxt ətrafda insanlar olduğu üçün Təqsirləndirilən şəxs oradan uzaqlaşıb getmişdir. O, da rəfiqəsi ilə birlikdə müəyyən müddət sonra oradan çıxmış və ona məxsus olan avtomobilini saxladığı “Səadət sarayının” qarşısına gəlmişlər. Bu zaman avtomobilinin üzərində gül dəstəsinin oluğunu görmüş, Təqsirləndirilən şəxs tərəfindən qoyulduğunu başa düşmüş və gülü götürməyərək rəfiqəsi ilə avtomobilə əyləşmişdir. O, sürücü tərəfindən əyləşib qapını örtmək istəyən zaman Təqsirləndirilən şəxs gülü avtomobilin üzərindən götürmüş, onlara yaxınlaşmış və avtomobilin qapısını əli ilə tutaraq, onunla danışmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxsla danışmaq istəmədiyini demiş, lakin Təqsirləndirilən şəxs ona yenidın danışmaq təklif etmiş o, isə təkrar imtina etmişdir. Bu zaman Təqsirləndirilən şəxs sol əli ilə onun oturduğu avtomobilin qapısını tutaraq, sağ əli ilə onun sağ yanağına və dodaq nahiyəsinə yumruq zərbəsi vurmuş, sonra isə əli ilə onun saçından tutub avtomobildən çölə çıxarmış sürükləyərək başını yol kənarındakı məhdudiyyət dəmirlərinə vurmuşdur. Rəfiqəsi və bunu görən ətrafda olan şəxslər onu Təqsirləndirilən şəxs əlindən almışlar. O, özünə gəldikdən sonra polisə zəng vurmuş, sonra isə rəfiqəsi ilə polis bölməsinə getmiş və orada hadisə barədə izahat vermişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs onu döyməsi nəticəsində o dodağından, çənəsindən və başından xəsarət almışdır. Habelə bu hadisədən sonra Təqsirləndirilən şəxs onu dəfələrlə narahat etmiş, hətda ona qarşı xuliqanlıq törətmiş və buna görə məhkəmə Təqsirləndirilən şəxs barəsində beş gün inzibati həbs qərarı çıxarmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə narahat edildiyindən onunla barışmaq fikiri yoxdur. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə o, rəfıqəsi Zərərçəkmiş şəxs ilə “İçərişəhərdə” yerləşən “Pendir çörək” restoranının həyətində oturan zaman Təqsirləndirilən şəxs onların yanlarından keçmiş və Esmiraya salam vermişdir. Onlar orada müəyyən müddət oturduqdan sonra oradan çıxmış və Esmiraya məxsus avtomobilini saxladığı “Səadət sarayının” qarşısına birlikdə gəlmişlər. Esmira avtomobilinin üzərində gül dəstəsini görmüş, Təqsirləndirilən şəxs tərəfindən qoyulduğunu başa düşmüş, bu barədə ona demişdir. Esmira gülü götürməmiş və onlar avtomobilə əyləşmişlər. Esmira sürücü tərəfindən əyləşib qapını örtmək istəyən zaman Təqsirləndirilən şəxs avtomobilin qapısını əli ilə tutaraq, Esmira ilə söhbət etmək istədiyini demiş, Esmira onunla danışmaq istəmədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenə də Esmira ilə danışmaq istədiyini bildirmiş Esmira yenə onun təkifindən imtina etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Esmiranın oturduğu avtomobilin qapısını tutaraq, sağ əli ilə Esmiranın yanağına və dodaq nahiyyəsinə yumruq vurmuş, sonra isə Esmiranın saçından tutub avtomobildən çölə çıxardıb sürükləyərək başını yol kənarındakı məhdudiyyət dəmirlərinə vurmuşdur. Bu zərbələdən sonra Esmira demək olar ki, huşunu itirmiş, ona görə Təqsirləndirilən şəxs müqavimət göstərə bilməmiş. Bunu görən ətrafda olan şəxslər və o Esmiranı Təqsirləndirilən şəxs əlindən almışlar. Bir müddət sonra Esmira özünə gəlmiş və polisə zəng vuraraq məlumat vermişdir. Sonra isə onlar birlikdə pois bölməsinə getmiş və baş verənlər barədə izahat vermişlər. İş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə yeri olan Bakı şəhəri Səbail rayonu M.Muxtarov və Ə.Kərimov küçələrinin kəsişməsində yerləşən “Nikah evinin” qarşısıdır. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İş materiallarına elavə edilmiş 17 sentyabr 2023-cü il saat 00:19-da Zərərçəkmiş şəxs məxsus mobil telefonun vasitəsi ilə çəkilən foto-şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs üz nahiyəsində xəsarətlər mövcüddur. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli canlı şəxsin ekspertizasının 524 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapah kəllə beyin travması, sağ gicgah-çənə oynağının travmatik artriti ilə müşayiət olunan çənə sümüyünün sağ şaxəsi proyeksiyasının və boyunun sağ yan səthinin yuxarı 1/3-nin qançırları, eləcə də alt dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* № cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarına olan 02 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* № cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 02 dekabr 2023-cü il tarixli 3(009)-2563/2024 saylı Bakı şəhər Səbail rayon məhkəməsinin qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında inzibati xəta hadisəsi haqqında işə baxılmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının iş materialları üzrə T-48/2024 №-li təkrar ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ gicgah-çənə oynağının travmatik artriti, çənə sümüyünün sağ çıxıntısı, boyunun sağ yan səthinin qançırı, alt dodağın yumşaq toxumalarının əziyi və qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Fizuli RPŞ tərəfindən Təqsirləndirilən şəxs barəsində ABC TLCM MMC-yə 1572 manat məbləğində borcu olduğundan axtarış elan edilmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli 3(009)-151/2024 saylı Bakı şəhər Səbail rayon məhkəməsinin qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında inzibati xəta hadisəsi haqqında işə baxılmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmək” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 17 fevral 2024-cü il “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə” dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. İş materiallarında olan Məhkəmə Elektron Sistemini çıxarışından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs oğunun əvvəllər məhkum olunmamasını və öhdəsində iki yetkinlik yaşına çatmayan övladın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.3.4-cü maddəsinə əsasən Məhkəmə məhkumun islah olunmasına kömək edən əlavə digər vəzifələr müəyyən edə bilər Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas vəzifələrdən savayı onun üzərinə islah olunmasına kömək edən əlavə vəzifə qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, təyin edilən cəza müddətində Zərərçəkmiş şəxs narahat edən hərəkətlər etməməklə ona 100 metrdən yaxın olan məsafəyə yaxınlaşmamaq, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, təyin edilən cəza müddətində Zərərçəkmiş şəxs narahat edən hərəkətlər etməməklə ona 100 metrdən yaxın olan məsafəyə yaxınlaşmamaq, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar