Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-185/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Ağsu rayonunda anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşadığı Göyçay rayonu, Cəyirli kəndində mürəbbə sexinin olmasını, mürəbbə işində yaxşı qazanc olduğunu, həmin sexi daha da genişləndirib biznes fəaliyyətlərini böyüdərək ortaq iş qurub yaxşı mənfəət əldə edəcəklərinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verib inandıraraq, sonuncunun ona qarşı yaranmış etibarından suiistifadə edərək, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 yaşadığı Göyçay rayonu, Cəyirli kəndindəki evində 2021-ci ilin noyabr-dekabr aylarında ümumilikdə 15500 (on beş min beş yüz) manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 15500 (on beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə eyni üsulla, Zərərçəkmiş şəxs2 yalan vəd verib inandıraraq, sonuncunun ona qarşı yaranmış etibarından sui-istifadə edərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 yaşadığı Göyçay rayonu, Cəyirli kəndindəki evində xx.xx.2022-ci il tarixdə 6000 (altı min) manat, xx.xx.2022-ci il tarixdə isə ünvan 1 ünvanında 10000 (on min) manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 16000 (on altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, həqiqətən Zəka və Zərərçəkmiş şəxs1 qardaşlarından 15500 (on beş min beş yüz) manat, digər Zərərçəkmiş şəxs2 isə 16000 (on altı min) manat pul almışdır, indi də həmin şəxslərə borcu olduğunu etiraf edir, lakin həmin şəxslərdən pulları alarkən məqsədi həmin pulları ələ keçirmək olmamışdır. Göyçay rayonu Cəyirli kəndindəki evində mürəbbə, kompot və sair bişirib satmaqla məşğul olur. Həmin şəxslərə də bu işdə yaxşı qazanc oduğunu deyib birgə iş qurmağı təklif etmiş, onlar da buna razılaşmışlar. Lakin bişirdiyi mürəbbə və digər məhsulları əslən Ağcabədili olan Ukrayna Respublikasının Xarkov vilayətində yaşayan Samir adlı şəxsə göndərmiş, lakin Samir göndərdiyi malların pulunu ona vermədiyindən o, da zərəçəkmişlərin pulunu qaytara bilməmişdir. Hazırda Göyçay rayonunda meyvə mövsümü olduğundan meyvələri satıb zərərçəkmişlərin puluna qaytaracağına söz verir. Bütün bunları məhkəmənin nəzərə almasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, işlədiyi şirkətin rəhbəri ilə bərabər Göyçay rayonunda təşkil olunmuş tədbirdə Təqsirləndirilən şəxs ilə tanış olmuş və tədbirdən qayıdarkən Svetlana onları evinə dəvət etmişdir. Yolüstü onlar Təqsirləndirilən şəxs evində olmuş söhbət əsnasında Svetlana ona mürəbbə işi ilə məşğul olduğunu, bu işdə yaxşı pul olduğunu, yaxşı qazanc götürmək imkanı olduğunu bildirərək bu işə imkanı varsa pul qoymağını təklif etmişdir. Qayıtdıqdan sonra o, Svetlana xanımın telefon nömrəsini qohumu Günay adlı xanıma vermiş və Svetlana xanımla əlaqə saxlamağını demişdir. Günay Svetlana ilə bir neçə dəfə əlaqə saxlamış, əlaqə saxladıqdan sonra ona bildirmişdir ki, Svetlanaya pul lazım olduğunu və təxminən bu pul veriləndən sonra iki aya yaxşı qazanc gətirəcəyini və həmin qazancıda böləcəklərini bildirmişdir. Bundan sonra o, özü Svetlana ilə əlaqə saxlamış və onlar Svetlana ilə görüşüb razılaşmışlar. İlk dəfə Svetlanaya 2022-ci ilin iyun ayında 6000 (altı min) manat pul vermişdir. Bir müddət keçdikdən sonra Svetlana ona zəng edərək yeni iş götürdüyünü və əlavə olaraq 10000 (on min) manat pul lazım olduğunu bildirmiş, o, artıq Svetlanaya inandığından həmin 10000 (on min) manat pulu 2022-ci ilin iyun ayının sonunda Bakı şəhərində Səbail rayonunun ərazisindəki evində Təqsirləndirilən şəxs vermişdir. Üstündən 10-15 gün keçəndən sonra Svetlanaya zəng edərək Qəbələdə olduğunu və qayıdarkən ona baş çəkmək istədiyini bildirmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən yayınmışdır. Dəfələrdə ona zəng vurmuş, Svetlana müxtəlif bəhanələr gətirmiş, daha sonra isə ümumiyətlə onun zənglərinə cavab verməmişdir. O, aldadıldığını başa düşmüş, Svetlananın digər şəxsləri də aldatdığını öyrənmiş, bundan sonra şikayət ərizəsi ilə polis orqanlarına şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs hansı cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Göyçay rayon icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyir. 2021-ci ilin yay aylarında qardaşı Şahid1 Bakıdan Göyçay şəhərinə gələndə Svetlana xanımla tanış olmuş, söz əsnasında Svetlana mürəbbə işi ilə məşğul olduğunu və ona sərmayə lazım olduğunu bildirmişdir. Zəka bu barədə ona danışmış onun da həyətində çoxlu meyvəsi olduğundan Təqsirləndirilən şəxs ilə görüşüb tanış olmuşlar. Svetlana ona mürəbbə işində yaxşı pul olduğunu vəsait qoyularsa yaxşı qazanc əldə edə biləcəklərini bildirmiş və bir yerdə iş qurmağı təklif etmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə inanmış və 2021-ci ilin noyabr ayı ərzində Təqsirləndirilən şəxs 13.000 (on üç min) manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan yenə də əlavə pul istəmiş və o, 2021-ci ilin dekabr ayının 17-də Birkartdan 2500 (iki min beş yüz) manat pulu çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs zəng edərək gəlib işin nə yerdə olmasına baxmaq istədiyini dedikdə, Təqsirləndirilən şəxs ona gəlməməsini hər şeyin yaxşı olacağı barədə vədlər vermişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş, evinə getmiş, evdə olmamış və müxtəlif bəhanələr gətirmiş və o, aldanıldığını başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bu qayda ilə digər şəxsləri də aldatdığını öyrənmiş və polis orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona qarşı şikayətçidir. Məhkəmədən mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs2 «ERSAX» şirkətində işləyir. İşlədiyi şirkətin rəhbəri ilə bərabər Göyçay rayonunda təşkil olunan tədbirə getmiş və Təqsirləndirilən şəxs ilə orada tanış olmuşdur. Sonra Təqsirləndirilən şəxs yoldaşı Zərərçəkmiş şəxs2 mürəbbə işi ilə məşğul olduğunu və onunla bərabər iş qurmağı təklif etmişdir. O, arvadı Sevil ilə Göyçaya gedib Svetlananın evindəki şəraitə baxmışlar. Svetlana onlara mürəbbə bişirib Rusiyaya göndərdiyini və gələn gəlirin iki yerə bölünəcəyini bildirmiş və onlar Təqsirləndirilən şəxs inanıb razılaşmışlar. O, hətta gələcəkdə görülən işi inkişaf etdirib birazda böyütməyi təklif etmişdir. Həmin vaxt yoldaşı Sevil Agəliyeva 6000 (altı min) manatı çıxarıb Svetlana xanıma vermişdir. Svetlana bir neçə dəfə S.Agəliyevadan yenə pul istəmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra yenə iş olduğunu, pul lazım olduğunu və şəhərə gəldiyini bildirmiş və onların evinə gəlmişdir. Yoldaşı evlərində Təqsirləndirilən şəxs 10000 (on min) manat pul vermişdir. On gün keçdikdən sonra yoldaşı Zərərçəkmiş şəxs2 Svetlanaya zəng vurmuş, Qəbələdə olduqlarını və onlara gəlmək istədiklərini bildirmişlər. O gündən Svetlana onları yaxına buraxmamış və müxtəlif bəhanələr etmişdir. Onlar bir neçə dəfə Göyçaya getmiş, lakin Təqsirləndirilən şəxs tapa bilməmişlər. Dəfələrlə görüşmək istədiklərini bildirsələr də onlarla görüşməmişdir. Məcburiyyət qarşısında qalıb polis orqanlarına şikayət etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin yay ayında yol maşını ilə Göyçay şəhərinə getdiyi zaman həmin maşında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında xanım Göycay şəhərində tanınmış biri olduğunu, mürəbbə işi ilə məşğul olduğunu bildirmiş, yaxşı alıcıları olduğunu əgər bu işə vəsait qoyularsa yaxşı gəlir götürəcəklərini demişdir. O, Təqsirləndirilən şəxs dedikləri barədə qardaşı Xəyala danışmış və bundan sonra onlar görüşmüşlər. Təqsirləndirilən şəxs ona dediklərini qardaşı Xəyalada demiş, oğlanlarının yaxşı vəzifələrdə işlədiyini onlara bidirmişdir. Xəyalda Svetlananın dediklərinə inanmış və 2021-ci ilin noyabr-dekabr aylarında ümumilikdə Təqsirləndirilən şəxs 15500 (on beş min beş yüz) manat pul vermişdir. Svetlana pulu alandan sonra yoxa çıxmış, əvvəllər müxtəlif bəhanələr gətirib hər şeyin yaxşı olacağını desə də sonra ümumiyətlə onların telefon zənglərinə cavab verməmişdir. Bu xanımın məqsədi elə əvvəlcədən onları aldatmaq olmuşdur. 28 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, şahid qismində dindirilmiş Şahid1 içərisində Təqsirləndirilən şəxs ilə «WhatsApp» səs və danışıq qeydləri olan 01 ədəd USB fləş kartı təqdim edir və həmin kart ondan götürülür. 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Səbail Rayon Polis idarəsinin xx.xx.2023-cü il tarixli №220020424 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayonunda saxlanılaraq Səbail RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. 26 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. 26 yanvar 2023-cü il tarixdə Səbail rayon prokuroru tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində 26 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində yenidən ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. 21 fevral 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tapılana kimi cinayət işinin icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis idarəsinin xx.xx.2023-cü il tarixli № 47/2-7869/2023 saylı məktubundan görünür ki, 20797/23 saylı axtarış işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsinə əsasən mülki iddiaçı Zərərçəkmiş şəxs2 ona dəymiş 16000 (on altı min) manat maddi ziyanın və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 15.500 (on beş min beş yüz) manat məbləğində maddi ziyanın, əsas borca görə ilə 5% hesablanmaqla 775 manatın, 1500 (min beş yüz) manat əldən çıxmış faydanın, 145 (bir yüz qırx beş) manat dövlət rüsumunun, 500 (beş yüz) manat mənəvi zərərin cəmi 18.420 (on səkkiz min dörd yüz iyirmi) manat məbləğində pulun mulki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və digər subutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldatmaqla etibarından sui-istifadə edib onların əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir, Təqsirləndirilən şəxs niyəti əvvəlcədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək olmuşdur. Məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab verərkən etiraf etmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 pul alarkən artıq onun vəziyyəti maddi cəhətdən çox ağır olmuş, o, Zərərçəkmiş şəxs2 aldığı pulların bir qismini digər borclulara vermiş, bir qisminə isə mal material alıb (şəkər tozu, meyvə və s.) onlardan mürəbbə hazırlamaqla satıb vəziyyətini yaxşılaşdırmaq istəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 15.500 (on beş min beş yüz) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 16000 (on altı min) manat pul aldığını, onlara borclu olduğunu və yaxın zamanlarda həyətində olan meyvəni satıb zərərçəkmişlərin pulunu ödəyəcəyinə söz verir. Məhkəmə Təqsirləndirilən şəxs məqsədinin zərərçəkmiş şəxslərin pullarını dələduzluq edərək ələ keçirmək olmaması, zərərçəkmiş şəxslərlə birgə iş qurub qazanc əldə etmək istəmələri, lakin xarici ölkəyə Samir adlı şəxsə göndərdiyi malların dəyərinin onun tərəfindən ödənilməməsinə görə ziyana düşməsi səbəbindən zərərçəkmiş şəxslərin pulunu ödəyə bilməməsi ilə bağlı verdiyi ifadələrə məhkəmə tənqidi yanaşır, hesab edir ki, həmin ifadələr təqsirləndirilən şəxsin özünü müdafiə, məsuliyyətdən yaxa qurtarmaq üçün verilən doğru olmayan ifadələrdir. Belə ki, məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs dəfələrlə təklif edildi ki, əgər onun Rusiyaya, Ukraynaya və yaxud hansısa başqa ölkəyə göndərdiyi mallarla əlaqədar hər hansı bir rəsmi və yaxud qeyri rəsmi sənədi varsa təqdim etsin, yaxud da göndərdiyi malları hansı nəqliyyat vasitəsi ilə göndəribsə həmin nəqliyyat vasitələrinin nömrələrini təqdim etsin, lakin Təqsirləndirilən şəxs bununla əlaqədar məhkəməyə hər hansı rəsmi və qeyri rəsmi sənəd təqdim edə bilməmiş, eyni zamanda hər hansı nəqliyyat maşınının nömrəsini verə bilməmişdir. Məhkəmə baxışının gedişində tərəflərin vəsatətlərinə əsasən Təqsirləndirilən şəxs xarici ölkə ilə danışıqlar aparmasını bildirdiyi telefon nömərləri ilə əlaqədar "xxxx" mobil tefon operatoru şirkətinə sorğu verilmiş cavablar alınmışdır. Məhkəmə iclası zamanı "xxxx" Telecom MMC tərəfindən təqdim edilmiş məlumatlar tədqiq edilmiş, lakin Təqsirləndirilən şəxs təqdim etdyi nömrələr arasında hər hansı danışıqların aparılması müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs xarici ölkədə yaşayan Samir adlı şəxslə «WhatsApp» proqramı vasitəsi ilə danışıqlar aparmasını bildirmiş, həmin yazışmaları təqdim etmək üçün məhkəmədən vaxt istəmiş, lakin növbəti məhkəmə iclasında həmin yazışmaları və ona dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs özünün iş fəaliyyəti ilə bağlı məhkəməyə bir dəftər, kiçik dəftərçənin qeydlər aparılmış vərəqlərini təqdim etmiş, həmin dəftər və vərəqlər məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və həmin dəftər və vərəqlərdə də Təqsirləndirilən şəxs hər hansı xarici ölkəyə mal göndərməsini təsdiq edən rəsmi və qeyri-rəsmi əlyazma formasında sənəd aşkar edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs bununla əlaqədar verdiyi ifadələri məhkəmə doğru olmayan, digər iş materialları ilə uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir, lakin məhkəmə onun ilk dəfə məhkum olunmasını, qadınlığını, səhhətində problemlər olmasını və zərərçəkmişlərə vurulmuş ziyanı ödəyəcəyinə söz verməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası zamanı müəyyən vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yeri Göyçay rayonu, Cəyirli kəndi ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə kömək edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs öz yaşadığı Göyçay rayonu, Cəyirli kəndindəki evində ortaq iş qurub yaxşı mənfəət götürəcəyini vəd edərək 6000 (altı min) manat, daha sonra isə xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı ünvan 2 ünvanda ondan 10.000 (on min) manat, ümumi 16.000 (on altı min) manat pulu dələduzluq yolu ilə əldə etmişdir. Bununla da onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini edə bilər. Məhkəmədə cavabdeh Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində iddiaçı Zərərçəkmiş şəxs2 16.000 (on altı min) manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən həmin pulun tutulması barədə iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Rəhimova X2 Xəyal Xələf oğlunun 15.500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmiş, bununla da onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, cavabdeh Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində iddiaçı Zərərçəkmiş şəxs1 15.500 (on beş min beş yüz) manat məbləğində maddi ziyanın dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən həmin pulun tutulması hissəsində iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əsas borcun hər il üçün 5% hesablanmaqla 775 (yeddi yüz yetmiş beş) manat məbləğində və əldən çıxmış faydaya görə 1.500 (min beş yüz) manat məbləğində pulun cavabdehdən tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı pul vəsaitini saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, təmin edilmiş tələbə uyğun məhkəmə xərci – iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 138 manat cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddia tələbləri əssaslı olduğundan və məhkəmə araşdırılması zamanı sübuta yetirildiyindən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 140 (bir yüz qırx) manat dövlət rüsumu əvəzi tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınan içərisində «WhatsApp» səs və qeyd olan 01 ədəd USB fləş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 192 (bir yüz doxsan iki) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi3 ödənilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialılındaki hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz ) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yeri Göyçay rayonu, Cəyirli kəndini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 16000 (on altı min) manat vurulmuş maddi ziyan və 140 (bir yüz qırx) manat dövlət rüsumunun əvəzi tutulub iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 15500 (on beş min beş yüz) manat vurulmuş maddi ziyan, 500 (beş yüz) manat mənəvi ziyan və 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu ümümilikdə 16.138 (on altı min yüz otuz səkkiz) manat tutulub iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınan içərisində «WhatsApp» səs və qeyd olan 01 ədəd USB fləş kartı cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 192 (bir yüz doxsan iki) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi3 ödənilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialılındaki hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonraki gün qanuni qüvvəyə minir. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-185/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-185/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver