Məhkəmə qərarları › İş №1(009)-186/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-186/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-186/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və hazırda barəsində “polisin nəzarət altına vermə” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixortop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.052 qram və 0.251 qram olmaqla ümumi çəkisi 0.303 qram təşkil edən narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,819 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 10 iyun 2022-ci il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında keçirilən “Formula 1” Azərbaycan Qran Prisi tədbiri ilə əlaqədar qurulmuş 2 saylı piyada postundan keçən zaman Daxili İşlər Nazirliyinin X11 Xüsusi Təyinatlı 3-cü Taborunun 1-ci Bölüyünün polis nəfəri, Şahid1 tərəfindən ona üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edildikdə, o, əynindəki şalvarın sağ yan cibindən 1 manatlıq kağız əskinasa bükülmüş 3 ədəd bükümü təqdim etmiş, həmin bükümlərin narkotik vasitələr və psixotrop maddələr olmasına əsaslı şübhələr olduğundan, dəvət edilmiş Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat qrupunda olan təhqiqatçı tərəfindən həmin bükümlər protokolla götürüldükdən sonra o, PB-yə gətirilmiş, orada Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında qurulmuş 2 saylı piyada postunda əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd bükümdə olmaqla ümumi çəkisi 0,303 qram təşkil edən narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,819 qram psixotrop maddə metamfetamin ona təqdim edilərkən, o, bir daha qeyd edilən narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını təsdiq etdikdən sonra həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, təxminən 4 (dörd) ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri əsasən Bakı şəhərində «Sovetski» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən almış və narkotik vasitələrdən əsasən yaşadığı evdə özü tək olanda və ya heç bir şəxs olmayan kənar bir ərazidə istifadə etmişdir. 01 iyun 2022-ci il tarixdə yenə də Bakı şəhərində «Sovetski» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 30 (otuz) manat pulun müqabilində 2 (iki) büküm narkotik vasitə heroin və 01 (bir) büküm psixotrop maddə metamfetamin əldə edərək özünə məxsus 1 (bir) manatlıq kağız əskinazın içinə büküb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. 10 iyun 2022-ci il tarixdə, saat 19:50-də o, tək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində Dənizkənarı Milli Park ərazisində «Formula 1» yarışları ilə əlaqədar olan 2 nömrəli piyada postundan keçən zaman tanımadığı polis əməkdaşı özünü ona təqdim edərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş qeyri-qanuni əşya, predmet və ya maddə vardırsa könüllü şəkildə masanın üzərinə qoymağını təklif etmiş, bu təklifdən sonra o, əynində olan şalvarın sağ cibində saxladığı, özünə məxsus 1 (bir) manatlıq kağız əskinazın içində saxladığı 03 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və qeyd olunan bükümlərdən iki ədədinin içərisində narkotik vasitə heroin, digər bir ədədinin içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşının dəvəti ilə həmin yerə gələn polis əməkdaşları müvafiq sənədləşmə apardıqdan sonra onu Səbail RPİ-nin 39cu Polis Bölməsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə 39-cu Polis Bölməsinə gəlmiş, orada dəvət olunaraq vəkilin iştirakı ilə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif olunmuş, bu təklifdən sonra o, üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar olmadığını bildirmişdir. Lakin o, bir müddət əvvəl Dənizkənarı Milli Park ərazisində «Formula 1» yarışları ilə əlaqədar olan 2 nömrəli piyada postundan keçən zaman polis əməkdaşının təklifi ilə şalvarının cibindən çıxardaraq təqdim etdiyi 1 manatlıq kağız əskinazın içərisində olan 3 ədəd bükümdəki narkotik vasitələri özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ÇPA-nın Xüsusi təyinatlı 3-cü taborunun 1-ci Bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə, saat 19:50-də o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında keçirilən «Formula 1 Azərbaycan Qran Prisi» tədbiri ilə əlaqədar Dənizkənarı Milli Parkda olan 2 saylı postda xidmət aparan zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb, ona üzərində qeyriqanuni əşya vasa masanın üzərinə qoymaqla təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də etiraz etməyərək əynində olan şalvarın sağ yan cibindən 1 (bir) manatlıq kağız əskinazı içərisinə qoyduğu 3 ədəd bükümlə könüllü şəkildə masanın üzərinə qoyaraq həmin bükümlərdən 2-nin içərisində narkotik vasitə heroin və 1-nin içərisində isə psixotrop maddə metemfetamin olmasını bildirmişdir. Bundan sonra o, dərhal manqa komandiri Azər Həsənova bu barədə məlumat vermiş və Azər Həsənov da efir vasitəsilə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat qrupunu hadisə yerinə çağırmışdır. Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları həmin yerə gəlib Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-də əməliyyat qrupunda olarkən saat 19 radələrində DİN-in Əlahiyyə X11 3-cü taborunun 1-ci Bölüyünün komandiri Azər Həsənov efir vasitəsilə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat qrupunu hadisə yerinə çağırmışdır. Bundan sonra o, təhqiqatçı, X6 ilə birlikdə hadisə yerinə getmişlər. Orada olan polis nəfəri Şahid1 bildirmişdir ki, postu keçən zaman Təqsirləndirilən şəxs adlı şəxsdən şübhələnmiş və onun üzərində nə olmasını soruşarkən, həmin şəxs üzərindən 3 büküm çıxardıb təqdim edərək həmin bükümlərdən 2-də narkotik vasitə heroin,1də isə psixotrop maddə metamfetam olduğunu dedikdən sonra həmin bükümlər Şahid1 tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət etmişlər və sonuncu etiraz etməyərək onunla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra dəvət olunmuş müdafəçinin iştirakı ilə saat 22:00-dan etibarən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmiş, lakin 10 iyun 2022-ci il tarixdə, saat 19:50-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında keçirilən «Formula 1 Azərbaycan Qran Prisi» tədbiri ilə əlaqədar Dənizkənarın Milli Parkda olan 2 saylı postdan keçən zaman özünü şübhəli apardığı üçün polis əməkdaşının ona yaxınlaşıb özünü təqdim etməklə üzərində qanunsuz əşya və ya predmet varsa təklif etdiklərini, həmin vaxt o, üzərində olan (bir) manatlıq kağız əskinazı içərisinə qoyduğu 3 ədəd bükümlərlə birlikdə könüllü şəkildə masanın üzərinə qoymaqla həmin bükümlərdən 2-də narkotik vasitə heroin, digər 1-də isə psixotrop maddə metamfetamin olduğunu qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni 01 iyun 2022-ci il tarixdə Bakı şəhərində «Sovetski» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 30 (otuz) manat pulun müqabilində aldığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində 02 bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olan 03 (üç) ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan götürülərək içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzəri bütün iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfimdən imzalanmışdır. Bundan sonra «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol tərtib olunaraq imzalarla təsdiqlənmişir. İş materiallarında olan cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan “təqdim edilən əşyanın götürülməsi barədə” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 10 iyun 2022-ci il tarixdə, Dənizkənarı Milli Park ərazisində yerləşən 2-ci piyada postunda xidmət aparan ÇPA-nın Xüsusi Təyinatlı 3-cü Taborunun 1-ci bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid1 raport ilə müraciət edərək qeyd edilən tarixdə saat 19:50 radələrində xidməti postda olan zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman üzərində içərisində narkotik vasitəyə bənzər kütlələr olan 03 ədəd büküm aşkar etməsini və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmiş, baş vermiş hadisə ilə əlaqədar hadisə yerinə gedərək ÇPA-nın Xüsusi Təyinatlı 3-cü Taborun 1-ci bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid1 içərisində 03 ədəd büküm olan 01 AZN pul əskinazı tərəfindən təhvil alınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə, saat 19:50 radələrində saxlanılaraq, üzərində olan 02 (iki) bükümdə narkotik maddəyə bənzər maddəni və 01 (bir) ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni təqdim edərkən o, həmin 02 (iki) ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddənin heroin və 01 (bir) ədəd psixotrop maddəyə bənzər maddənin metamfetamin olduğunu bildirərək həmin maddələrin ona məxsus olmasını bildirdikdən sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “saxlanılan şəxs Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,052 qram; 0,251 qram; ümumi təmiz çəkisi 0,303 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 2 bükümdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdəki təmiz çəkisi 0, 819 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 1 manatlıq əskinazın (1 AZN) üzərində nəzərdə olan maddələrə məxsus əlamətlər müəyyən edilmədi. Heroin Azərbaycan Respublikasının 2005-ci 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 11 iyun 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 39-cu Polis Bölməsi tərəfindən 02 ədəd bükümdə 0.052 və 0.251 qram, cəmi 0.303 qram qəhvəyi rəngli maddə və 01 ədəd bükümdə 0.819 qram ağ kristal kütlə və 01 ədəd 1 manatlıq əskinas qəbul edilmiş, 0.303 qram kütlədən 0,1 qram nümunə götürülmüş, 0.203 qram maddə geri qaytarılmış, 0.819 qram kütlədən 0.1 qram nümunə götürülmüş, 0.719 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nə ezam olnmuş təhqiqatçı polis kapitanı Elmar Məmmədov tərəfindən Səbail RPİ-nin 39- cu PB-nə gətirilmiş Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə, saat 19:50 radələrində Dənizkənarı Milli Park ərazisində yerləşən 2-ci piyada postunda saxlanılarkən üzərində olan 02 (iki) bükümdə narkotik maddəyə bənzər maddəni və 01 (bir) ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni təqdim edərək 02 (iki) ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddənin heroin, 01 (bir) ədəd bükümdəki psixotrop maddəyə bənzər maddənin metamfetamin olduğunu, həmin maddələrin ona məxsus olmasını bildirdikdən sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi məsələsi həll edilmişdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSYdən azad edilməsi haqqında” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 26 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 10 aprel 2010-cu il təvəllüdlü X7 və 16 may 2014-cü il təvəllüdlü X8 atası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator X1 14 iyun 2022-ci il tarixli 3241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.303 qram narkotik vasitə heroin və 0.819 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.203 qram heroin və 0.719 qram metamfetamin saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını və himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət bir günə iki gün hesablanaraq 02 (iki) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0.203 qram heroin və 0.719 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət bir günə iki gün hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan - 01 (bir) ədəd DVD disk və şəkil cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0.203 qram heroin və 0.719 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar