Məhkəmə qərarları › İş №1(009)-187/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-187/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-187/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Həmidov X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, X4 küçəsi, ev 11, mənzil 10 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Həmidov X2 qızı Şahid1 Mənzil İnşaatı Dövlət Agentliyi-MİDA-dan sərfəli qiymətə güzəştli əsaslarla “güzəştli mənzil” verilməsini təmin edəcəyinə dair yalandan vəd verib inandıraraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsində yerləşən Səbail rayon Məhkəməsinin inzibati binasının qarşısında olan “Bayıl park”ında Həmidov X2 oğlu Şahid2 vasitəsilə 6000 manat pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Həmidov X3 ifadəsində göstərmişdir ki, uzun müddət keçməsinə baxmayaraq Vüsal nə işi görmüş, nə də ki, verilən pulu qaytarmamışdır. Bununla bağlı o, polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Şahid2 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Həmidov X3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 08 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində tutulması üçün axtarış elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Həmidov X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 29 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından X1 hesabına dəymiş zərərin 25 %-i olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Həmidov X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtı üçün 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut yoxdur. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun, "xxxx" ASC-nin Səbail rayon filialındakı bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar