Məhkəmə qərarları › İş №1(009)-188/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-188/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-188/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, dörd yetkinlik yaşına çatmayan övladı olan, məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 14 qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamışdır. Belə ki, o, Yasamal rayon məhkəməsinin 19.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından az miqdarda narkotik maddə olan heroini əldə edib üzərində saxlamış, 12 mart 2021-ci il tarixdə saat 20:50 radələrində Səbail RPİ- nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi “Axundov bağının yaxınlığında “Barber Shop” adlı obyektin qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-in inzibati binasına gətirilib xidməti otaqda üzərinə baxış keçirilən zaman əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd “Arqo” markalı siqaret qutusunun içərisindən 01 ədəd siqaretin qırmızı rəngli kağızma bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,559 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd 1 ml-lik şpirisdə 0,2 ml həcmində tünd qəhvəyi rəngli məhlul quru maddəsinin təmiz çəkisi 0,139 qram olan narkotik vasitə olan heroin məhlulu aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 aydır, narkotik vasitələrdən istifadə edir. 12.03.2021-ci il tarixində saat təxminən 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsində “Axundov” bağının qarşısında yerləşən “Barber Shop” adlı bərbərxanada 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək sənədlərini təqdim etməsini bildirdikdə əynindəki gödəkçəsinin cibindən 01 ədəd içərisinə narkotik vasitə doldurduğu şpris yerə düşmüşdür. Bu zaman orada bərbər Azər və Elçin də olmuşdur. Polis əməkdaşları onu polis Bölməsinə dəvət edərək 9-cu PB-yə gətirdilər. Baxış keçirilən zamanı üzərindən 01 ədəd şpris, 01 ədəd büküm və 01 ədəd bıçaq aşkarlanmışdır. Şprisdə olan maddə heroin olmuşdur. Heroini “Sovetski” adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən özü istifadə etmək üçün almış, bükümdə olan isə limon turşusu olmuşdur. Həmin maddənin metamfetamin olması ilə bağlı ekspert rəyi ilə razı deyil. Heroin istifadəçisi olduğunu etiraf edir və müalicə olunmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 mart 2021 -ci il tarixdə Şahid4 ilə birlikdə saat 20:00 radələrində Səbail rayonu Səid Rüstəmov küçəsində xidmətdə olarkən həmin küçədə yerləşən “Barber Shop” adlanan bağlı vəziyyətdə olan obyektin içərisində işıq yandığı gördüklərindən həmin obyektə daxil olub içəridə 3 nəfər şəxsin olduğunu görmüşdürlər. Onlar həmin şəxslərin şəxsiyyətini öyrənmək üçün sənədlərini istədikdə sonradan adını öyrəndikləri Təqsirləndirilən şəxs cibindən maye dolu olan bir ədəd şprisin yerə düşdüyünü görmüşdürlər. Onlar həmin şprisin içərisində olan mayenin narkotik maddə olmasından şübhələndiklərindən onları 9-cu polis bölməsinə dəvət edib bu barədə raport yazaraq 9-cu polis bölməsinin növbətçi hissəsinə təhvil vermişdirlər. Onlara məlum olmuşdur ki, həmin şəxslərin biri bərbər işləyən Azər, digərləri isə bərbərxanaya gələn Elçin Əsgərov və Təqsirləndirilən şəxs olmuşdur. Daha sonra polis bölməsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən 01 ədəd şpirsdə olan məhlul, 01 ədəd qırmızı rəngli büküm və 01 ədəd bıçaq aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsində “Axundov” bağının qarşısında yerləşən “Barber Shop” adlı bərbərxanada saçlarını kəsdirmək üçün getmişdir. Bu zaman Ramin adlı şəxs bərbərxanaya daxil olmuş və onun arxasınca 2 nəfər polis əməkdaşı içəri daxil olub onlara yaxınlaşaraq özlərini təqdim edib pandemiya ilə əlaqədar onlardan sənədlərini soruşmuşdur. Bu zaman Ramin əlini cibinə salıb sənədini çıxarmaq istəyən anda cibindən bir ədəd şpiris yerə düşmüşdür. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından şübhələnib onu ərazi üzrə 9-cu PB-nə aparmışdırlar. Həmin zaman o və Azər orada olduqları üçün 9-cu PB-nə dəvət edilmiş və bu barədə izahatları alınaraq evə buraxılmışdırlar. İş materiallarında olan 13 mart 2021-ci il tarixli cinayət işin başlanması, icraata qəbul edilməsi və isitntaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq olunması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 12 mart 2021-ci il tarixdə saat 21:09-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan “heroin” olduğunu bildirdi. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun əynindəki qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Arqo” siqaret qutusu aşkar edildi, həmin siqaret qutusu açıldıqda içərisində 1 ədəd siqaretin qırmızı rəngli iç kağızına bükülmüş ağ rəngli krisal toz halında maddə, 01 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maye halında kütlə olan xırda şpiris aşkar edilərək götürüldü. Baxış zamanı vətəndaş imanov Ramın Əlizadə oğlu aşkarlanan kütlələrin narkotik vasitə olan “heroin” olmasını bildirərək həmin narkotik vasitəni özünün istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən əldə edib üzərində saxlayaraq daşıdığını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin iç sol yan cibindən bir ədəd kustar üsulla hazırlanmış 1 ədəd bıçağı çıxararaq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin bıçağı 12.03.2021-ci il tarixdə səhər vaxtı Yasamal rayonunun ərazisində İ.Qutqaşınlı küçəsində söküntü aparılan ərazidən tapdığını və həmin bıçaqla heç bir hadisə törətmədiyini söylədi. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd kustar üsulla hazırlanmış bıçaq ayrı-ayrılıqda qablaşdırılaraq Məhkəmə Ekspetizasına təqdim edilməsi üçün 166 saylı möhürlə möhürləndi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12.03.2021-ci il tarixli 6/1025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №-166” möhür əksi “Saxlanılan şəxs....Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,559 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixtrop maddə - metamfetamindir, 01 ədəd 1 ml-lik şprisdə 0,2 ml həcmində tünd qəhvəyi rəngli məhlul quru maddəsinin təmiz çəkisi 0,139 qram olan narkotik vasitə-heroinin məhluludur. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı 1), Metmafetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixtrop maddələr” in siyahısına (Siyahı 1) daxildir. Tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 13 mart 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən bir ədəd şprisdə 0.2 ml həcmində məhlul təqdim edilmiş, 0,1 ml nümunə götürülmüş, 0,1 ml geri qaytarılmış, 01 ədəd bükümdə 0,559 qram ağ rəngli kristal maddə təqdim edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,509 qram geri qaytarılmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 14 mart 2021-ci il tarixdə saat 10:00-da elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 14 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs oğlu dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Arqo” siqaret qutusu aşkar edilir, həmin siqaret qutusu açıldıqda içərisində 1 ədəd siqaretin qırmızı rəngli iç kağızına bükülmüş ağ rəngli kristal toz halında maddə, 01 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maye halında kütlə olan xırda şpiris aşkar edilərək götürüldüyü müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkarlanan kütlələrin narkotik vasitə olan “heroin” olmasını bildirərək həmin narkotik vasitəni özünün istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən əldə edib üzərində saxlayaraq daşıdığını bildirir, həmçinin Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin iç sol yan cibindən bir ədəd 01 ədəd bıçağı çıxararaq masanın üzərinə qoyur və həmin bıçağı 12.03.2021-ci il tarixdə səhər vaxtı Yasamal rayonunun ərazisində İ.Qutqaşmlı küçəsində söküntü aparılan ərazidən tapdığını və həmin bıçaqla heç bir hadisə törətmədiyini söylədiyi görünür. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd kustar üsulla hazırlanmış bıçaq ayrı-ayrılıqda qablaşdırılaraq ekspetizaya təqdim edilməsi üçün möhürləndiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 aprel 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu 30.07.2020-ci il tarixdə Yasamal RPİ İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 03.12.2020-ci il tarixdə iş məhkəməyə göndərilmişdir. İş materiallarında olan Yasamal rayon məhkəməsinin 19.02.2021-ci il tarixli 1(004)-74/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2021-ci il tarixli 3/537 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd predmet-kustar üsulla ov bıçağı formasında hazırlanmışdır, lakin ov bıçaqlarına məxsus əlamətlər məcmusuna malik olmadığından soyuq silah hesab edilmir. Tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01.06.2021-ci il tarixli 1675 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,559 qram metamfetamin və 0,139 qram heroin məhlulu maddi sübut hesab edilərək, tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,509 qram psixotrop maddə metamfetaminin və 0,1 ml heroin məhlulu maddi sübut kimi tanınaraq saxlanılması üçün Səbai RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 13 oktyabr 2021-ci il tarixli 21-1/3-8590 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 4 yetkinlik yaşına çatmamış övladı var. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi iş materialları, şahid ifadələri, həmçinin ekspertizaların rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun 4 yetkinlik yaşına çatmamış övladı olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran halları müəyyən edilmir. Müəyyən edilmişdir ki, Yasamal rayon məhkəməsinin 19.02.2021-ci il tarixli 1(004)-74/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (Cinayət Məcəllənin 67.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(004)-74/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,1 ml çəkidə narkotik vasitə olan heroin və 0,509 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 173 (bir yüz yetmiş üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(004)-74/2021 saylı hökmü ilə təyin edilmiş, çəkilməmiş 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 08 (səkkiz) ay, 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 01(bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək tutulduğu, cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01(bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,1 ml çəkidə narkotik vasitə olan heroin və 0,509 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –173 (bir yüz yetmiş üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 450 (dörd yüz əllii) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar