Məhkəmə qərarları › İş №1(009)-188/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-188/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-188/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran rayonunda anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, işləməyən, məkunluğu olmayan, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən 12 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Səbail rayon polis idarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olmuş boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ümumi təmiz çəkisi 0,258 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik istifadəçisidir. Amma tutulan vaxt üzərində narkotik vasitə olmamışdır. Narkotiki polis işçiləri onun cibinə qoymuşlar. 9-cu PB-nin əməkdaşı Rais Məmmədov onu döymüşdür. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Səbail rayon polis idarəsinin 9cu PB-nin sahə inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs onların xidmət etdiyi ərazidə dəfələrlə xırda oğurluqları olub, axtarışı var idi. Əməliyyatda o özü iştirak etmişdir. Teymuru 9-cu bölməyə dəvət etmişlər, o da etiraz etmədən onlarla bölməyə getmişdir. Axtarış zamanı üzərindən narkotikə bənzər maddə çıxmışdır. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, iş yoldaşı Muradla xidmətdə olan zaman Təqsirləndirilən şəxs bölməyə gətirmişlər. Hadisə çoxdan olduğu üçün dəqiq xatırlamır, amma ibtidai istintaqdakı ifadəsini təsdiqləyir. Dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş X7 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılanda orda olmamışdır, o, bölmədə olmuşdur. O, Teymuru döyməmişdir. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 6/2847 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 166» möhür əksi «Təqsirləndirilən şəxs” və s. sözləri, soyad və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,258 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxildir. (tədqiqatın dəyəri 110 manat) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8286 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 16:30-da qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 12 sentyabr 2023-cü il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Səbail rayon Polis idarəsinə gətirilmiş və hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis idarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olmuş boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər toz aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin bükümlər qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı mobil telefon vasitəsilə video çəkiliş aparılmşdır. Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı X8 tərəfindən Səbail RPİ-nin 9-ci PB-nin əməliyyat müvəkkili Şahid2, Səbail RPİ-nin 9-cu PBnin sahə inspektoru Şahid1, Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi X4, müdafiəçi X1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə olan bükümləri təqdim edir, aşkar olunmuş narkotik vasitə cinayət təqibi orqanı tərəfindən 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Məhkəmə iclasında video diskə baxış zamanı, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, narkotik vasitə ona məxsus deyil. Video diskdə qeyd edilənlər məhkəmə iclasında öz təsdiqini tapdığından məhkəmə video diski mötəbər sübut kimi qəbul edir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon X5 14 sentyabr 2023cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 23 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmuşdur. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin Səbail rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı polis əməkdaşlarının Təqsirləndirilən şəxs fiziki zor tətbiq etmələri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, bölmədə döyülməsi ilə bağlı verdiyi ifadələr şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs verdiyi ifadələri məhkəmə doğru olmayan, digər iş materialları ilə uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. Bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 14 sentyabr 2023-cü il tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixindən 14 sentyabr 2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 9 (doqquz) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini –Lənkəran rayonu, Girdəmi kəndinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 240 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,258 qram heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,208 qram çəkidə narkotik maddə olan heroin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzəinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixindən 14 sentyabr 2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) 9 (doqquz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini –Lənkəran rayonu, Girdəmi kəndini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Lənkəran rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 230020456 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,208 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsn hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı bank hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar