Məhkəmə qərarları › İş №1(009)-189/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-189/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-189/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ramiz oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Yaşar oğlunun iştirakları ilə, Bakı şəhərində 06 oktyabr 2021-ci il tarixdə saat 12:30-da xx xxxx 1990-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" və «HR and X4» şirkətlərinin direktoru vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Yaşar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əsas fəaliyyət növü tikinti layihələndirilməsi və dizayn işləri olan "xxxx", əsas fəaliyyət növü kadr işinin təşkili və mühasibatlıq sahəsində tədris kursları təşkil etmək olan “HR and X4” Məhdud Məsuliyyətli Cəmiyyətlərin rəhbəri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələrindən ötrü qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə sair şəxsi niyyətlə gəlir əldə etmək məqsədilə elektron icazələri qanunsuz təşkil edərək heç bir yerdə işləməyən X3, Şahid2, Şahid1, Şahid3 və qeyrilərini, ümumilikdə "xxxx" MMC üzrə 20, “HR and X4” MMC üzrə isə 60 nəfər şəxsi direktoru olduğu şirkətlərdə “satıcı”, “sürücü”, “fəhlə”, “avtoxidmətçi” və digər uydurma vəzifələrə işə götürmə barədə “icazə.e-gov.az” portalına həmin ərəfədə Məhdud məsuliyyətli cəmiyyətlərin ofislərinin yerləşdiyi ünvan 2 ünvanında internet qlobal şəbəkəsi vasitəsi ilə “Acer” markalı netbukla həqiqətəuyğun olmayan məlumatlar daxil edib 16 dekabr 2020-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək olan müddət ərzində ümumilikdə 80 nəfərə elektron icazənin qanunsuz verilməsini təşkil etməklə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarına əsasən 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Koronavirus (COVİD-19)” infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən, yəni işə götürmək səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, bir azyaşlı uşağı vardır. Hazırda maddi vəziyyəti yaxşı olmadığına görə Neftçala şəhərində yaşayır, əvvəllər isə Bakı şəhərində kirayə ev tutub ailəsi ilə birlikdə yaşamışdır. Bakı Avrasiya Universitetində ingilis dili tərcüməsi fakültəsini bitirmişdir. 2020-ci ilin iyun ayında “HR and X4” MMC şirkətini təsis etmişdir. Şirkət əsasən kadr işinin təşkili və mühasibatlıq sahəsində tədris kursları təşkil etməklə məşğul olmuşdur. Belə ki, o, özü də əmək və vergi qanunvericiliyini yaxşı bildiyinə görə həm şirkətin rəhbəri olaraq, həm də təlimçi olaraq fəaliyyət göstərmişdir. Təlim kurslarının yerləşdiyi yer pandemiyadan əvvəl Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşirmiş. Pandemiya dövründə isə fəaliyyətləri zəifləmiş, kursa gələn şəxslərin sayı kəskin azalmışdır. Onlayn formada tədris həyata keçirməyə başlasa da dərslər gəlir gətirmirmiş. Gəlirləri kəskin şəkildə azalmış, ailəsini dolandırmağa, həmçinin şirkətin xırda xərclərini ödəməyə belə pulu çatmamışdır. Buna görə də məcbur olub ayrıayrı şəxsləri “icazə-e.gov.az” saytından qeydiyyatdan keçirib onlara icazə verməklə pul qazanmışdır. Hal-hazırda da ailəsini dolandırmaq üçün insan resursları, əmək haqqı hesablanması, 1C mühasibatlıq proqram təminatı mövzuları üzrə “Zoom” platforması üzərindən onlayn qaydada dərslər keçirmiş. "xxxx" şirkətini 21.12.2020-ci il tarixdə təsis etmişdir. Həmin şirkətin fəaliyyətinə tikinti layihələndirməsi və dizayn işləri aid olmuşdur. Hər iki şirkətin eyni asan imzası olmuşdur. Belə ki, yeni qanunvericiliyin tələblərinə əsasən şirkət təsis etdikdə Vergi xidməti tərəfindən asan imza setifikatı təqdim olunmuş, həmin asan imza sertifikatı ilə elektron hökumət portalına aid əməliyyatları elektron qaydada həyata keçirmək mümkün olmuşdur. Asan imzanın nömrəsi **********-dür. Qeyd olunan asan imza ilə “icazə-e.gov.az” portalına daxil olmuş, daxil olduqdan sonra həmin nömrəyə sistem tərəfindən təsdiqləyici şifrə gəlirmiş. Şifrəni daxil etdikdən sonra portala elektron icazələr verilməsi üçün ona müraciət edən şəxsin anket məlumatlarını daxil etmişdir. Bundan sonra çalışdığı vəzifə bölməsinə şirkətdə sürücü, fəhlə və ya digər vəzifədə çalışması ilə bağlı həqiqətəuyğun olmayan məlumatları daxil etmişdir. Şirkətdə icazələr verdiyi həddə ştat mövcud olmamışdır. Sürücü, fəhlə, usta, aşpaz, çilingər, elektrik, kuryer, avtoxidmətçi, taksi sürücüsü kimi vəzifələr əslində şirkətdə olmamışdır. Sadəcə elektron icazələr təşkil edən zaman sistemə bu sayaq qeydlər aparmışdır ki, guya pul müqabilində karantin dövründə sərbəst hərəkət etmək üçün icazələr verdiyi şəxslər həmin vəzifələrdə çalışırlar. Bundan sonra “təsdiq et” düyməsi ilə həmin məlumatları icazə sisteminə yerləşdirmişdir. Artıq “icazə-e.gov.az” icazə portalında həmin şəxsin barəsində ona məxsus olan şirkətlərdən birində çalışması ilə bağlı məlumat yaranırmış. Sistemdə məlumat mövcud olduğuna görə icazə alan şəxs yoxlama postlarından sərbəst şəkildə keçə bilirmiş. "xxxx" şirkəti üzrə 20 nəfərə, “HR and X4” MMC şirkəti üzrə 60 nəfərə “icazəe.gov.az” icazə portalında karantin dövründə sərbəst hərəkət etmələrinə icazə verilməsindən ötrü elekton icazələrin qanunsuz verilməsinə nail olmuşdur. İcazələrin qanunsuz yolla verilməsi müqabilində müxtəlif şəxslərdən 30 manatdan 80 manata kimi pul vəsaiti almışdır. Belə ki, “Whatsapp” proqramı vasitəsi ilə icazə almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin fotoşəklini, nəqliyyat vasitəsi olduqda isə dövlət nömrə nişanını yazıb ona göndərirmiş, bundan sonra o, Səbail rayonu, ünvan 3 ünvanında kirayədə yaşadığı və ofisin yerləşdiyi mənzildə internet vasitəsi ilə “Acer” markalı netbukdan istifadə etməklə “icazə-e.gov.az” saytına daxil olmuş və icazələrin verilməsini təmin etmişdir. Elektron icazələrin alınması üçün pulları əksər hallarda şəxslərin özlərindən nağd şəkildə almışdır. Ayrı-ayrı şəxslərə icazələri 16 dekabr 2020-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək olan müddət ərzində vermiş, bütün işləri tək görmüş, sistemə özü daxil olmaqla icazələr təşkil etmiş, bu məqsədlə pulu da ayrı-ayrı şəxslərdən özü qəbul etmişdir. Şirkətlərin təsisçisi olmaqla yanaşı təsisçi qərarı əsasında baş direktor təyin olunduğuna görə işə götürmək və işdən azad etmək səlahiyyəti olmuşdur. 13 yanvar 2021-ci il tarixdə ofisi əmlakın sahibinə təhvil vermiş, icazələr verdiyi şəxslərin hamısını üzdən tanımamış, şəxslərin çoxu ona ortaq tanışları vasitəsi ilə müraciət etmişlər. Maddi imkanı yaxşı olmadığına görə bu hərəkətlərə yol vermişdir. İcazə üçün müraciət edən şəxslərin virus daşıyıcı olub-olmamasını bilməmiş, bu heç ona maraqlı da olmamış, maddi maraq müqabilində həmin şəxslərə elektron icazələr vermiş, etdiyi hərəkətlərin mahiyyətini başa düşmüşdür. İlkin ifadəsində qanunsuz icazələr verdiyi şəxslərin sayını düzgün hesablamamış, qanunsuz icazələr verdiyi şəxslərin bir qismi barəsində formal olaraq işə qəbulla bağlı əmr qəbul etmiş, istintaqa təqdim etdiyi əmrlərin bir qismini rəsmi işçilərlə bağlı qəbul etmiş, bir qismi isə qanunsuz icazələr verdiyi şəxslərlə bağlı tərtib olunmuş əmrlərdir. “icazə-e.gov.az” portalından əldə olunmuş siyahıda olan şəxslərin hamısı barəsində işə qəbulla bağlı əmr tərtib etməmişdir. Ona görə də təqdim etdiyi əmrlərin sayı ilə siyahı arasında uyğunsuzluq vardır. İstintaq zamanı dəqiqləşdirmə aparılmış və qanunsuz icazələr verdiyi şəxslərin sayı "xxxx" şirkəti üzrə 16 deyil, 20 nəfər, “HR and X4” şirkəti üzrə 34 deyil, 60 nəfərdir. “HR and X4”» şirkəti kadr və mühasibatlıq sahələrində tədris kursları təşkil etməklə məşğul olmuş, sürücü, kuryer, çilingər, satıcı, mühafizəçi, avtoxidmətçi, fəhlə, usta, sahibkar kimi vəzifələr şirkətdə mövcud olmamışdır. Həmin uydurma vəzifələri o, özü yaradıb sistemə daxil etmişdir ki, elektron icazələr təşkil edə bilsin. Qeyd olunan ştat yerləri şirkətdə mövcud olmasa da belə bu xarakterli uydurma məlumatları sistemə daxil etmək mümkün olmuşdur. “icazə-e.gov.az” portalında olan texniki xətalardan biri də bu imiş. Yəni ştat mövcud olmasa da belə, uydurma ştat barədə məlumatları sistemə daxil edib hər hansı bir şəxsi şirkətin əməkdaşı kimi qeydiyyata almaq mümkün imiş. O, da həmin texniki boşluqdan istifadə edib ona müraciət edən müxtəlif şəxslərin barəsində uydurma vəzifələrdə çalışmaları ilə bağlı icazə portalına məlumatlar yerləşdirmişdir. Şirkətdə çalışmadıqları halda barələrində işə qəbulla bağlı əmr qəbul etdiyi şəxslərə maaş verməmişdir. Bu əmrləri qəbul etməkdə məqsədi gələcəkdə hər hansı dövlət qurumu tərəfindən yoxlama aparılsa özünü sığortalamaq olmuşdur. Şirkətin təyinatına uyğun olan vəzifələrdə çalışan şəxslər, yəni kargüzar, xadimə, audit, arxivçi, insan resursları üzrə mütəxəssis kimi vəzifələr real mövcud olan vəzifələrdir. Şirkətlərin təyinatına uyğun gəlməyən sürücü, çilingər, fəhlə və s. kimi vəzifələri isə özündən uydurub yaratmışdır ki, icazə sistemdə ona müraciət edən şəxslərə elektron icazələr ala bilsin. İstintaq zamanı şahid qismində dindirilmiş şəxslərin bəzilərini şəxsən hadisədən əvvəl, bəzilərini isə hadisə vaxtı, yəni qanunsuz elektron icazələr verməklə bağlı tanımışdır. İcazə təşkil etdiyi şəxslərin sayı çox olduğuna görə onların hər birini şəxsən tanıya bilməmiş. Bəzi şəxslər ona ortaq tanışları vasitəsi ilə müraciət etmişlər. Qanunsuz icazələr təşkil etdiyi şəxslərin heç biri rəsmi qaydada işə götürülməmişdir. Təqsirləndirilən şəxs, həmçinin son sözündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ona bəraət verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi özünü təqsirli bilərək, ilk dəfə az ağır cinayət törədilməsinin, əməlindən səmimi peşman olduğunun, himayəsində bir azyaşlı övladının olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Hyundaı” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. Təqsirləndirilən şəxs bir il olarki, tanıyırmış. Belə ki, Habil də əslən Neftçala rayonundandır. Koronavirus xəstəliyi ilə bağlı 2020-ci ilin dekabr ayında ölkədə sərtləşdirilmiş karantin rejimi tətbiq olunduqdan sonra işə gedib-gəlməkdə, pul qazanıb ailəsini dolandırmaqda çətinlikləri yaranmışdır. Başqa iş və gəlir yeri olmamışdır. Ailəsini dolandırmaq məcburiyyətində qalmışdır. Həmin ərəfədə isə Habil ona demişdir ki, tam qanuni əsaslarla direktoru olduğu şirkətin vasitəsi ilə icazə düzəldə bilər. Habil demişdir ki, “Neftçala construcsion” şirkətinin direktorudur. O, da Habilə inanmışdır ki, əgər şirkət direktorudursa qanunsuz icazə düzəltməz. Təqsirləndirilən şəxs karantin dövründə sərbəst hərəkət etmək üçün elektron icazə düzəltmək üçün 60 manat istəmişdir. Bu məqsədlə icazə üçün “Whatsapp” proqramı vasitəsi ilə şəxsiyyət vəsiqəsinin fotoşəklini və nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin fotoşəklini Təqsirləndirilən şəxs göndərmişdir. İcazəyə görə 2020-ci ilin dekabr ayının ortlarında işlədiyi dükanın yaxınlığında Habilə 60 manat ödəniş etmişdir. Pulu verdikdən bir gün sonra “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən elektron icazənin “PDF” formatında surəti göndərilmişdir. Növbəti günlərdə polis əməkdaşları onu postlarda yoxlayan zaman sistemdə icazənin olduğunu görüb sərbəst buraxırmışlar. Bundan sonra bir daha əmin olmuşdur ki, Habil tərəfindən ona verilmiş icazə tam qanunidir. O, adi bir satıcı olduğuna görə kompyüter və müasir texnologiya ilə bağlı biliklərə malik deyilmiş. Ümumiyyətlə karantin dövründə icazələrin verilməsini təmin edən “icazə-e.gov.az” icazə portalının hansı şəkildə çalışması, məlumatların ora necə daxil edilməsi barədə anlayışı olmamışdır. O, fikirləşmişdir ki, Habil tərəfindən verilmiş icazə qanunsuz olsaydı, sistemdə həmin icazənin aktiv olması göstərilməzmiş və ya polis əməkdaşları onu dayandırıb cərimə yazarmışlar. Təqsirləndirilən şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırma aparılan zaman məlum olmuşdur ki, Habilin hərəkətləri və verdiyi icazə qanunsuzdur. Habil tərəfindən təşkii olunmuş icazədə "xxxx" şirkətində çalışmağı qeyd olunsa da, həmin şirkətdə heç vaxt çalışmamış, işə qəbulla bağlı hər hansı müraciət etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və iş üzrə şahid qismində ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsinə oxşarməzmunlu ifadə verərək pul müqabilində Təqsirləndirilən şəxs vasitəsi ilə karantin dövründə sərbəst hərəkət etmələrindən ötrü elektron icazə əldə etdiklərini, icazənin qanunsuz əldə edilməsindən məlumatsız olduqlarını bildirmişlər. “icazə.e-gov.az” icazə portalına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs da daxil olmaqla 26 nəfər müxtəlif vəzifələrdə çalışan əməkdaş kimi (baş direktor, layihələr üzrə baş mühəndis, usta, sürücü, taksi sürücüsü, usta, fəhlə) qeydiyyatdan keçirilməklə onlara sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkətlərinə dair elektron icazələr verilmişdir. Elektron icazə ilə bağlı ilkin qeydiyyat 26 dekabr 2020-ci il tarixinə təsadüf edir. Şirkətin VÖEN nömrəsi kommersiya qurumlarının dövlət reyestri xidmətində mövcud olan məlumatlarla uyğunluq təşkil edir. Bundan əlavə “HR and X4” MMC üzrə Təqsirləndirilən şəxs da daxil olmaqla 75 nəfər ayrı-ayrı vəzifələr üzrə “icazə.e-gov.az” icazə portalında qeydiyyatdan keçirilməklə onlara elektron icazələr verilmişdir. Elektron icazə ilə bağlı ilkin qeydiyyat 16 dekabr 2020ci il tarixinə təsadüf edir. Şirkətin VÖEN nömrəsi kommersiya qurumlarının dövlət reyestri xidmətində mövcud olan məlumatlarla uyğunluq təşkil edir. İcazələrin bəziləri fərdi şəklində ayrı-ayrı şəxslərə, bəziləri isə şəxsin özü ilə yanaşı idarə etdiyi nəqliyyat vasitəsinə də verilmişdir. Sərtləşdirilmiş karantin dövründə sərbəst hərəkəti təmin etmək üçün "xxxx" MMC və “HR and X4” MMC üzrə verilmiş elektron icazələr siyahı şəklində A4 kağız formatında çap edilərək protokola əlavə edildi. Siyahı qrafalara bölünmüş şəkildə olub, özündə “sıra nömrəsi, icazə verən orqan, VÖEN, anket məlumatları, vəzifə, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, Pin” bölmələrini əks etdirir. Bundan əlavə Dövlət Vergi Xidmətinin nəznində olan taxes.gov.az saytında kommersiya qurumlarının dövlət reyestri xidmətinin təqdim etdiyi məlumatlara əsasən "xxxx" MMC və “HR and X4” MMC-nin Təqsirləndirilən şəxs adına qeydiyyata alınması müəyyən edilmişdir. Təsis sənədlərinin surətlərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC 21 dekabr 2020-ci il tarixdə 5 saylı ərazi Vergilər İdarəsində “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Neftçala şəhəri, M.Əsədov küçəsi 13, mənil 3 ünvanıdır. “HR and X4” MMC 19.06.2020-ci il tarixdə 5 saylı ərazi Vergilər İdarəsində “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 5in Nizamnamələrindən görünür ki hər iki şirkətin təsisçisi Təqsirləndirilən şəxsdur. Hər iki şirkətə aid Nizamnamənin 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, Cəmiyyətin Ümumi Yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir. 5.1-ci bəndə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktorun səlahiyyətlərinə bir çox hüquqlar o cümlədən, əməkdaşların əmək funksiyasının dairəsini müəyyən etmək, əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əməkdaşların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək daxildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş **********097000 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC (VÖEN:**********) və “HR and X4” MMC-nin (VÖEN: **********) direktorudur. “İfadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, cinayətin törədildiyi yer Təqsirləndirilən şəxs müqavilə bağlamadan icarəyə götürdüyü, təsisçisi olduğu "xxxx" MMC və “HR and X4” MMC-nin ofisinin yerləşdiyi ünvan 2 ünvanıdır. Təqsirləndirilən şəxs icarəyə götürdüyü ofisin yerləşdiyi ünvanda həm yaşadığını, həm də çalışdığını, “icazə.e-gov.az” icazə portalına internet vasitəsi ilə daxil olub şirkətlərin asan imza şifrələrini daxil etdikdən sonra uydurma məlumatlar əsasında elektron icazələri qanunsuz yolla təşkil etdiyini, qanunsuz elektron icazələr təşkil etməsi ilə əlaqədar “işə qəbul haqqında” əmrləri həmin ofisdə tərtib etdiyini bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 01 fevral 2021-ci il tarixli 75/KEŞ Ns-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdən 08 yanvar 2021 -ci il tarixədək “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar laborator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs virusa yoluxduğu halda sanitariya- gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 iyul 2020-ci il tarixli X5 adlı övladı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq orqanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının nədən ibarət olmasını verilmiş ittihamda açıq-aşkar göstərməmişdir. Yəni “konkret olaraq pozma nədən ibarətdir?” ittiham aktında göstərilməmişdir. İstintaq orqanı yalnız təqsirləndirilən şəxsin özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələrindən ötrü qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə sair şəxsi niyyətlə gəlir əldə etmək məqsədilə elektron icazələri qanunsuz təşkil edərək heç bir yerdə işləməyən X3, Şahid2, Şahid1, Şahid3 və qeyrilərininin ümumilikdə 80 nəfərə elektron icazənin qanunsuz verilməsini təşkil etməklə “Koronavirus (COVİD-19)” infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən, yəni işə götürmək səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurması göstərmişdir. Məhkəmə məhkəmə-tibbi ekspertizasının 01.02.2021 -ci il tarixli 75/KEŞ Ns-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdən 08 yanvar 2021 -ci il tarixədək “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar laborator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxubyoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Eyni zamanda iş materiallarında “icazə.e-gov.az” portalına həqiqətəuyğun olmayan məlumatlar daxil olunmuş X3, Şahid2, Şahid1, Şahid3 və qeyrilərini, ümumilikdə "xxxx" MMC üzrə 20, “HR and X4” MMC üzrə isə 60 nəfər şəxslərin “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar laborator müayinələrinin cavabları olmadığından, həmin şəxslərin virusa yoluxması barədə hallar öz təsdiqini tapmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə nəzərdə tutulmuş xəstəliklərin yayılmasına səbəb olmasını və ya buna real təhlükə yaratması müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. "Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inan-dı-rı-cılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə "Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, "Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, "Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, "Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə ona bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz qulluq səlahiyyətlərindən, yəni işə götürmək səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri, özünün etiraf edici ifadəsi, şahid ifadələri, “icazə.e-gov.az” icazə portalına baxış keçirilməsi haqqında protokolu, ifadənin yerində yoxlanılması protokolu və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla öz təsdiqini tapmışdır. Bu səbədən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilnməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlindən səmimi peşman olmasını, himayəsində bir az yaşlı uşağının olmasını və gənc olmasını nəzərə aralaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polis nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə hazırki cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək növündə əlavə cəza təyin olunmasını cəzanın məqəsdinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Yaşar oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Yaşar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yaşar oğlunun üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Neftçala rayonu ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Neftçala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Cəzasının əvvəli Neftçala Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Yaşar oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ramiz oğlu tərəfindən Təqsirləndirilən şəxs Yaşar oğlunun hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar