Məhkəmə qərarları › İş №1(009)-189/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-189/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-189/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, Xaçmaz rayonu, Arzu qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,165 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 18 yanvar 2023-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri Səbail rayonu H.Z.Tağıyev küçəsinin Ə.K.Əlizadə ilə kəsişməsində yerləşən “Jolly” gecə klubun qarşısında saxlanılarkən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanında yerləşən 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 04:40-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı kağız kəsiyindən olan bir ədəd bükümün içərisində təmiz çəkisi 0,165 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və kağız kəsiyindən olan digər bükümün içərisində çəkisi 2,861 qram təşkil edən şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolu, ekspertiza rəyləri, eləcə də digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci il oktyabr ayının 26-da Quba şəhərində olarkən üzərində narkotik vasitə olduğundan polis əməkdaşları tərəfindən tutulmuş və həbs olunduqdan sonra Məhkəmə ona azadlığın məhdudlaşdırması cəzasını təyin etmiş, lakin prokurorluğun protesti əsasında Sumqayıt Aplellyasiya Məhkəməsi ona 1 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. 2021-ci ildə Amnistiya aktına əsasən əsas cəzadan azad edilmiş, lakin ona məcburi müalicə təyin edildiyi üçün 6 ay o, həbsdə qalmışdır. Uşaqlıqdan marixuanadan çəkmə yolu ilə istifadə etməyə başlamışdır. Bir neçə ildir «patı» deyilən narkotik vasitədən də istifadə etməyə başlamışdır. Bu narkotik vasitələri Xaçmaz rayonunun ərazisində tanımadığı insanlardan alır. Ailə həyatı qurmamış, anası, qardaşı və nənəsiylə birlikdə yaşayır. Daimi iş yeri yoxdur, arabir meyvə tərəvəz satışı ilə məşğul olur. 17 yanvar 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz rayonunda olarkən tanımadığı şəxsdən 20 manat müqabilində 2-3 qram marixuana və bir dəfəlik çəkmək üçün «patı» adlı narkotik vasitələri almışdır. Narkotik vasitələri hərəsi bir kağız bükümdə olmuşdur. Həmin gün o, əylənmək üçün idarə etdiyi avtomobillə Bakı şəhərinə yollanmışdır. Kənddən çıxanda hava artıq qaranlıq olmuşdur. Bakı şəhərinə gəldikdən sonra şəhərin mərkəzinə gəlmiş və mərkəzi küçələrin birində maşınını saxlamışdır. Həmin vaxt saat 02 radələri olmuşdur. Küçədə dayanan zaman yanma iki nəfər polis formasında olan polis əməkdaşı yaxınlaşmış və kimliyini soruşmuşdular. Həmin vaxtı Xaçmaz rayonunda əldə etdiyi marixuana və «patı» üzərində olduğundan o, həyacanlanmış və polis əməkdaşları ondan şübhələnib onu yaxınlıqda olan 9-cu polis bölməsinə aparmışdılar. Orada onu otaqların birində əyləşdirmişdilər və sonra ona vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə o, sənədlər imzalamış və sonra da ona izah edilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Videoçəkilişə başlanılmış və ona təklif olunmuşdur ki, üzərində olanları təqdim etsin. O, əynindəki gödəkçənin sağ yan cibində saxladığı 2 büküm narkotik vasitələri polis əməkdaşlara təqdim etmişdir. Həmin bükümdə olan maddələrlə bağlı ona verilən sualları cavablandırdıqdan sonra həmin bükümlər boş zərfə qoyulmuşdur. Həmin zərf onun və digər orada olan şəxslər tərəfindən imzalanmış və çəkilişlər dayandırdıqdan sonra protokol tərtib edilmişdir. Baxışda iştirak edən şəxslər bu protokolu imzalamışdılar. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Təqsirləndirilən şəxs almış olduğu narkotik vasitədən və ya psixotrop maddədən kiməsə verib, salıb və ya təklif etmədiyini, onları satmış şəxslə bu vasitə və maddənin gələcəkdə digər şəxslərə yaymaq barədə hər hansı bir sövdələşmənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 bildirmişdir ki, xidmət etdiyi bölüyündə tərtib olunmuş qrafıkə əsasən xidməti gecə növbəsində, saat 20:00-dan saat 08:00-dək 9-cu Polis bölməsinin inzibati ərazisində 6664 çağırılışlı avtopatrulda aparır. 17 yanvar 2023-cü il tarixdə saat 20:00-də xidmətə başlamış və təlimatlandırmada iştirak edəndən sonra postdar yoldaşı polis nəfəri Şahid2la «Fiat Doblo» markalı xidməti avtomobilə əyləşib inzibati ərazilərdə patrul xidməti təşkil etməyə başlamışdılar. 18 yanvar 2023-cü il tarixə keçən gecə saat 03:30 radələrində onlar H.Z.Tağıyev və Ə.K.Əlizadə küçələrinin kəsişməsindən keçərkən orada yerləşən «Jolly» gecə klubun qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və sonuncuya yaxınlaşmışdılar. Onlar özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsi xahiş etmiş və sonuncunun onların suallarından yayınaraq oradan uzaqlaşmaq istədiyini, qeyri adekvat hərəkətləri etdiyini görüb həmin şəxsin narkotik tərkibli vasitələrin təsiri altında və üzərində də daşınması qadağan olunmuş əşyaların olmasından şübhələnmişdilər. Onlar həmin şəxsdən narkotik vasitələri qəbul edib-etmədiyini soruşduqda sonuncu müsbət cavab verərək hazırda da narkotik vasitələrin təsiri altında olduğunu bildirmişdir. Həmin şəxsə 9-cu polis bölməsinə getməli olduğunu söyləmiş və sonuncu etiraz bildirmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Onlar raportla bölmənin rəhbərliyinə müraciət edərək şübhəli şəxsi polis bölməsinə gətirdikləri barədə məlumat vermişdilər. Polis bölməsində həmin şəxsin adı Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məsələnin araşdırılması bölmənin təhqiqatçısına həvalə edildiyi üçün Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparılması tapşırılmış və bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ərazidə fəaliyyət göstərən vəkillər bürosunun vəkillərdən biri dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və sonuncuya üzərində şəxsi axtarış aparılacağı izah edilərək videoçəkilişlə vəkilin iştirakı ilə bu hərəkətin keçirilməsinə dair münasibəti öyrənilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirdikdə videoçəkilişlə üzərində olan əşyaları qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ kağızdan olan 2 ədəd bükümü çıxartmış və həmin bükümləri açıb masa üzərinə qoymuşdur. Bir bükümün içərisində tünd yaşıl rəngli ol kütləsinin, digərisində isə ağ rəngli kristallik maddə kütləsinin olduğunu görmüşdülər. Həmin maddənin nə olmasına dair suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrdən ağ rəngli olanın adını bilmədiyini, ot kütləsinin isə «nəyşə» adlandırdığı narkotik vasitənin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin hər hansı bir digər predmet aşkar olunmamışdır. Aşkar olunmuş maddə və kütlə boş zərfə qablaşdırılmış, onlar həmin zərfi imzalamış, zərf möhürlənəndən sonra çəkilişlər bitmişdir. Keçirilmiş şəxsi axtarışla bağla təhqiqatçı protokol tərtib etmiş, protokol ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2, Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində göstərdiyi xüsusalları təsdiq etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 18 yanvar 2023-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, həmin tarixdə 9-cu polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd ağ rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş bükümlər açılaraq birinin içərisində şəffaf rəngli, toz kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddənin olması, digərinin içərisində isə tünd yaşıl rəngli, ol şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlər barəsində soruşulduqda həmin maddələrin psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olduğunu, onları Xaçmaz rayonunda tapdığını və şəxsi istehlak üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülüb qablaşdırılmışdır. Məhkəmə iclasında şəxsi axtarış və götürülmənin aparıldığı videogörüntüyə baxış keçirlir və görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis kapitanı rütbəsini daşıyan, polis zabitin özünü Səbail RPİ-nin 9-cu polis bölməsinin baş təhqiqaçısı Şükür Həsənov kimi təqdim etməsindən başlanır. Baş təhqiqatçı 18 yanvar 2023-cü il tarixdə Səbail rayonu 9-cıı polis bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs, Şahid1 Kənan oğlunun və Şahid2, eləcə də 3 saylı vəkil bürosunun vəkili Səyyarə Əliyevanın iştirakları ilə şəxsi axtarış keçiriləcəyini elan edir. Bundan sonra otaqda sağ divar boyunca, polis əməkdaşlarının yanında dayanan, əynində qara rəngli qısa gödəkçə və göy rəngli cins şalvar geyinmiş arıq bədən quruluşlu, orta boy, 25-30 yaş arasında kişi cinsindən şəxsə özünü təqdim edilməsi təklif olunduqda həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək demoqrafik məlumatlarını söyləyir. Baş təhqiqatçının Təqsirləndirilən şəxs sonuncunun üzərində qanunsuz dövriyəsi qanunla qadağan edilmiş əşyaların olduğu halda bu əşyaları təqdim etməsi təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd ağ kağız kəsiyindən olan bükümləri çıxararaq açmış və masa üzərinə qoymuşdur. Həmin bükümlərdən birində tünd yaşıl rəngli bitki kütləsi, digərisində isə ağ rəngli xırda kristallardan ibarət maddə kütləsi aşkar edilmşidir. Həmin maddələrin nə olması və hansı məqsədlə əldə olunması barədə suala cavab olaraq Təqsirləndirilən şəxs kristallaşmış maddənin dəqiq adını bilmədiyini, bitki kütləsinin isə «nəyşə» adlandırdığı narkotik maddənin olduğunu bildirdi. Bundan sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarışını həyata keçirir, əlavə hər hansı predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin çəkisini və növünü müəyyən etmək üçün məhkəməekspertizasının təyin olunacağı elan etdikdən sonra baş təhqiqatçı əlavə sualların olubolmadığını öyrənir. Vəkil Səyyarə Əliyeva Təqsirləndirilən şəxs məhkumluğunun və ailəli olub-olmadığını soruşduqda sonuncu əvvəllər 234.1 -ci maddəsi ilə məhkum olunduğunu, subay olduğunu bildirir. Polis bölməsinə gətirilərkən zorakılığa məruz qalıb-qalmadığı suala cavab olaraq Təqsirləndirilən şəxs belə halların olmadığını bildirir. Baş təhqiqatçı təqdim olunan hər iki bükümü boş ağ zərfə yerləşdirdikdən sonra həmin zərfin üzərində əlyazısı ilə yazılar icra edir və zərfi möhür əksləri ilə möhürləyir. Prosesual hərəkətin iştirakçıları tərəfindən həmin zərf imzalanır. Yekunda baş təhqiqatçı keçirilmiş şəxsi axtarışla bağlı əlavə suallar daxil olmadığından çəkilişin sona çatmasını elan edir. 7-ci dəqiqənin 09-cu saniyəsində çəkilişlər bitir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli 6/310 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,165 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2023-cü il tarixli 7/63 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,861 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlnmış narkotik vasitə - qurudulmuş marixuanadır Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 18 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 2.861 qram qurudulmuş marixuana qəbul olunmuş, 0.02 qram nümunə götürülmüş və 2.841 qram geri qaytarılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 18 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 0.165 qram metamfetamin qəbul olunmuş, 0.050 qram nümunə götürülmüş və 0.115 qram geri qaytarılmışdır. Maddi sübut kimi tanınma və saxlama haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2.861 qram qurudulmuş marixuana və 0.165 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 2.841 qram qurudulmuş marixuana və 0.115 qram psixatrop maddə metamfetamin saxlanılması üçün Səbail RPİnin saxlanc yerinə təhvil verimişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş məhumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Quba Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 03 sentyabr 2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 19 mart 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4cü bəndinə əsasən cəzadan azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək, 01 (bir) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 08 fevral 2023-cü il tarixli, 706 N-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalıq qalan 2.841 qram qurudulmuş marixuana və 0.115 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək, 01 (bir) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonu ərazilsini tərk etməmək, Xaçmaz rayonu, Arzu qəsəbəsi ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalıq qalan 2.841 qram qurudulmuş marixuana və 0.115 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat, məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat pul tutulub, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar