Məhkəmə qərarları › İş №1(009)-19/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-19/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-19/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X3, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52, inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 may 2024-cü il tarixdə saat 12.40-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə saat 17 radələrində sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-ə məxsus “Dacia Logan” markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi ilə Salyan şosesinin kəsişməsindən dörd zolaqlı yolun dördüncü zolağı ilə geriyə saatda 20/30 km sürətlə əks istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasınını Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmamaq, lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir kimi tələblərinə əməl etməmiş və həmin tələblərə əməl etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə buna əməl etməyərək, Səbail rayonu Salyan şosesi ilə 20-ci sahə istiqamətində dördüncü zolaqla Zərərçəkmiş şəxs istifadəsində olan “Tufan” markalı M50 moped ilə toqquşaraq sonuncuya sol təpə nahiyəsinin əzilmiş yarası, sağ said , sağbud və çənə sümüyündən soldan yerini dəyişmiş qapalı sınıqları, sol baldırın yuxarı 1/3-nin, sağ diz oynağı nahiyələrinin ön səthlərinin, sağ ayaq pəncəsinin ayaq arxası səthinin sıyrıqları və sol təpə və orta kəllə çuxurunun kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmaları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, «Dacia-Logan» markalı **-PU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 07 mart 2023-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsindən müştəri götürərək 20-ci sahə adlanan yerin yaxınlığına aparmışdır. Həmin müştərini aparıb 20-ci sahəyə yaxın yerdə düşürdükdən sonra yenidən öz dayandığı Z.Tağıyev küçəsinə qayıtmalı olmuşdur. Həmin vaxt Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsindən üzü Salyan şossesinə çıxmış, əks istiqamətdə avtomobillərin çoxluğundan sıxlıq olduğuna görə idarə etdiyi avtomobili dörd zolaqlı yolun dördüncü hərəkət zolağı ilə arxaya yəni “Dünya Göz” xəstəxanası istiqamətində saatda təxminən 20/30 km sürətlə arxaya hərəkət etdirməyə başlamışdır. Həmin zaman avtomobilin salonunda olan güzgüsündən arxaya baxdıqda bir anda arxadan surətlə avtomobilinin hərəkətdə olduğu zolaq üzrə mopedin sürətlə gəldiyini görmüşdür.Bu zaman avtomobillə moped arasındakı məsafə təxminən 70-80 metr olmuşdur. Həmin zaman o, əyləci basıb avtomobili saxlamışdır. Avtomobili dayandıqdan təxminən 10 saniyə sonra moped onun avtomobilinin arxa hissəsisə çırpılmışdır. Bu zaman o, dərhal avtomobildən düşmüş və avtomobilin arxa hissəsinə keçərək mopedin sürücüsünə yaxınlaşaraq ona köməklik göstərib təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə təcili tibbi yardım gəlmiş və həmin şəxsi xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ifadəsində göstərmişdir ki, mopedin sürətlə gəldiyini gördükdə, aralarındakı məsafə təxminən 100-150 metr olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ifadəsində göstərmişdir ki, mopedin sürətlə gəldiyini gördükdə, aralarındakı məsafə təxminən 100-150 metr olmuşdur. Avtomobili dayandıqdan təxminən 7-8 saniyə sonra moped onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Qardaşı ilə birlikdə “Bolt” şirkətində kuryer kimi mopedlə işləyir. Onun işlədiyi moped özünə məxsusdur qardaşı Məzahir isə X4 icarəyə götürüb işlətmişdir. Toplanma məntəqələri Bakı şəhəri Səbail rayonu Dəniz kənarı parkda yerləşən “Dəniz Mall” ticarət mərkəzidir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qardaşı Məzahir növbəti sifariş qəbul etmiş və sifarişi çatdırmaq üçün getmişdir. Sifarişi aldıqdan təxminən 15 dəqiqə sonra Bakı şəhəri Səbail rayonu Salyan yolunda bir maşına arxadan çırpılmışdır. Bu barədə ona qohumları zəng vuraraq məlumat vermişdir. O, təxminən 5-6 dəqiqəyə hadisə yerinə çatmışdır. Oraya çatdıqda həqiqətəndə qardaşı Məzahirin arxadan avtomobil ilə toqquşduğunu və yerdə uzanmış vəziyyətdə olduğunu, burnundan və qulağından qan gəldiyini görmüşdür. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və qardaşı Məzahiri 1 saylı KTM aparmışlar. Baş vermiş hadisədən 5 gün sonra yəni xx.xx.2023-cü il tarixdə qardaşı Məzahir almış olduğu xəsarətlərdən xəsarətxanada vəfat etmişdir. O, vermiş olduğu ifadəsində baş vermiş hadisənin səbəbkarının cinayət məsuliyyətinə cəlb edilməsini, mərhum qardaşının bir azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Şahid ifadəsində göstərmişdir ki, iş materiallarında olan diski əldə etdikdən sonra görüntülərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili arxa-arxaya idarə etmiş və idarə etdiyi vaxtda arxadan gələn moped ona çırpılmışdır. Təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələr özünü müdafiə xarakterlidir. Belə ki, onun qeyd etdiyi avtomobil dayandıqdan 10 saniyə sonra mopedin arxadan çırpılması ifadəsi yanlışdır. Həmçinin iş üzrə ekspert rəyi ilə hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən olunmuşdur. Hadisənin bütün xüsusatları cinayət işində qeyd olunub və bunu təsdiq edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ekspert İntiqam Babayev rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən etibarən Məhkəmə Ekspertizası Mərkəzində ekspert olaraq işləyir. Bir istiqamətli yolda geriyə hərəkətə o zaman icazə verilir ki, arxadan nəqliyyat vasitəsi gəlməsin və sürücü buna əmin olsun. Bununla da Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasınını Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuşdur. Rəyi yazarkən ona təqdim edilmiş qərar, baxış haqqında protokol və hadisə yerinin fotoşəkilləri əsas götürülmüş və xəsarətlərin dərəcəsindən, nəqliyyat vasitələrinin vəziyyətindən müəyyən edilir ki, hadisənin hər iki nəqliyyat vasitəsinin hərəkətdə olduğu zaman baş verməsi daha yüksək ehtimaldır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-126.2 nömrəli videomüşahidə qurğusunun görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində «Dacia-Logan» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi ilə Salyan şosesinin kəsişməsindən dörd zolaqlı yolun dördüncü zolağı ilə geriyə istiqamətdə hərəkət etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 18 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarət aşkar edilmişdir:

1. Müştərək ağır açıq kəllə beyin travması. Baş beynin, hər iki alın, hər iki gicgah bazal hissəsinin hemoragik əzilməsi. Sol təpə-ənsə nahiyəsinin işemiyası. Orta kəllə çuxurunun hər iki tərəfdə sınığı. Sağ tərəfli kəskin subdiral hematoma. Sağ said, sağ bud sümüyünün qapalı yerdəyişmiş sınıqları. İki tərəfli otohemolikvoriya. Sol təpə nahiyəsinin əzilmiş yarası. Çənə sümüyünün soldan təpə sümüyünün kəllə əsasına keçən sınıqları.

2. Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi- baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, sol təpə və orta kəllə çuxurunun kəllə əsasına keçən sınıqları, sol təpə nahiyəsinin əzilmiş yarası, sağ said, sağ bud və çənə sümüyünün soldan yerini dəyişmiş qapalı sınıqları, sol baldırın yuxarı1/3-nün, sağ diz oynağı nahiyələrinin ön səthlərinin, sağ ayaq pəncəsinin ayaq arxası səthinin sıyrıqları.

3. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 07 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi, o cümlədən, dərəcəsinə görə ümumilikdə ağır zərərvurmanın əlamətlərinə malikdirlər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır.

4. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol təpə və orta kəllə çuxurunun kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 8/1467 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyinə əsasən “Dacia Logan” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/7184 saylı protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AD 180757 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş “Dacia Logan” markalı **-PU-*** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən qeyd edilən avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən şirkətə məxsus “Dacia Logan minik” markalı, boz göy metallik rəngli, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. 12 mart 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 23 mart 2023-cü il tarixdə cinayət işi üzrə X5 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. 16 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, 10 iyun 2023-cü il tarixdə icraat təzələnmişdir. 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin xx.xx.2023cü il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında qərarı əsasında keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1467 nömrəli ekspert rəyində göstərilmişdir ki, qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Dacia Logan” markalı avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkət təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtomobili arxaya manevr etdirməməli idi. Lazım gəldikdə, sürücü Təqsirləndirilən şəxs avtomobili arxaya doğru hərəkət etdirərkən digər şəxslərin köməyindən istifadə etməli idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi Təqsirləndirilən şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Dacia Logan” markalı avtomobili arxaya doğru hərəkət etdirərkən onunla eyni istiqamətdə ondan arxada hərəkətdə olan mopedlə toqquşması faktları onu izah edir ki, mövcud vəziyyətdə sürücü Təqsirləndirilən şəxs arxaya doğru etdiyi manevr hərəkətin təhlükəszliyini təmin etməmişdir. Odur ki, qeyd olunan vəziyyətdə “Dacia Logan” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin xüsusatları ilə bağlı məhkəmə aşağıdakı halları nəzərə almağı zəruri hesab edir; Hadisədən dərhal sonra Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixli ilkin izahatında göstərmişdir ki, hadisədən əvvəl idarə etdiyi avtomobillə 20-30 km/saat sürətlə arxaya doğru hərəkət edərkən arxa güzgüdən təxminən 30 metr məsafədə yüksək sürətlə eyni istiqamətdə arxadan mopedin gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs izahatda mopedin yüksək sürətlə gəlməsini vurğulamışdır. Lakin bundan sonra o, 10 saniyə ərzində avtomobilin sürətini azaltmış və həmin moped gələrək ona çırpılmışdır. Məhkəmə hesab edir ki, xüsusi bilik tələb etməyən yolla aşkar görünür ki, ifadə ziddiyətlidir. Belə ki, nəqliyyat vasitələri bir birinə doğru hərəkət edərkən sürətlər toplanır. Nəzərə alsaq ki, avtomobilin sürəti 20 km/saat, mopedinsə sürəti 50 km/saat olmuşdur, bu avtomobillərin ümumi sürətini 70 km/saat olmasını göstərir. 70 km/saat sürətlə gedən nəqliyyat vasitəsi isə 01 saniyədə 19,44 metr məsafə qət edir (70.000/3600). Deməli arxa-arxaya gedən avtomobillə mopedin 01 saniyədə bir-birinə yaxınlaşması 19,44 metr edir. Əgər təqsirləndirilən şəxs izahatında təhlükəni 30 metrdən gördüyünü göstərirsə, deməli həmin məsafəni 70 km/saat sürətlə hərəkət edən avtomobil 1,54 saniyə ərzində qət edir (30/19,44). İşin faktiki halları ilə bağlı izahat verərkən hadisədən dərhal sonra Təqsirləndirilən şəxs faktiki etiraf etmişdir ki, özü təxminən 20 km/saat sürətlə, moped isə 50 km/saat sürətlə bir-birinə yaxınlaşmışdır, 30 metr məsafədən görmüşdür, 30 metr məsafəni isə bu nəqliyyat vasitələri arasında artıq 1,54 saniyə sonra toqquşma baş vermişdir. Belə olan halda, həmin avtomobilin dayanması və yaxud 10 saniyə dayanma prosesinə sərf edilməsi texniki cəhətdən qeyri-mümkündür. Lakin istintaqın sonrakı gedişində məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ifadəsində ilkin izahatında göstərdiyi 30 metr məsafəni uzadaraq 70-80 metr, məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarında isə 100- 150 metr kimi göstərmişdir. Beləliklə Təqsirləndirilən şəxs ifadələrində məqsədyönlü şəkildə avtomobilinin dayanması ilə mopedin arasındakı məsafənin istiqamətini dəfələrlə dəyişmişdir ki, bu iki hadisəni yəni avtomobilinin dayanmasını və mopedin ara məsafəsini qət etməsini birbirindən ayırsın. Təqsirləndirilən şəxs avtomobili saxlayıb, 10 saniyə hərəkətsiz dayanıb və faktiki olaraq guya moped dayanmış avtomobilə çırpılmışdır. Hansı ki, bu hərəkətin məqsədyönlü şəkildə həyata keçirilməsi ilkin izahatında 30 metrdən sonra 70-80 və 100-150 metrə çatdırılması əvvəl dayanma prosesinə 10 saniyə sərf etdiyi göstərdiyi halda sonralar isə ifadələrinə daha dəqiq dayandığını, ondan sonra “çırpıldı” deməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadələr olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Halbuki videogörüntüdən görünür ki, həmin avtomobil geriyə doğru hərəkət prosesindədir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilini 20-30 km/saat sürətlə arxaya doğru hərəkət etdirməsini məhkəmə kifayət qədər əsassız yüksək sürətlə arxaya doğru idarə etmə kimi qiymətləndirir. Belə ki, 30 km/saat sürətlə hərəkət edən avtomobil 8,33 metr/saniyə (30000/ 3600) məsafə qət edir, arxanı tam aydın görmədiyi halda belə bir yüksək sürətlə Bakı şəhərinin hərəkətin gərgin olduğu hissəsində avtomobilin arxaya baxmadan saniyədə 8,33 metr/saniyə sürətlə idarə etməsini lüzumsuz riskli hərəkət və sürücü üçün məsuliyyətsizlik kimi qiymətləndirir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs təhlükə yarandığı anda yüksək sürətlə hərəkətdə olan mopedin və özünün arxaya doğru hərəkət etməsi və mopedin də eyni hərəkət istiqamətində olmasını, sürücünün 30 metr məsafədən güzgüdən onun diqqətini cəlb etməsini işin obyektiv cəhətdən reallığa uyğun hal kimi qiymətləndirir və bundan sonra verilən ifadələri isə iş materiallarında olan sənədlər, videogörüntü, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid və ekspert ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar