Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-190/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu Ö.F.Nemanzadə küçəsində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 04 mart 2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci sahə dairəsi, Ö.F.Nemanzadə küçəsində yerləşən sərnişin avtobusu dayanacağında dayanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 6 nömrəli sərnişin daşıyan avtobusa minib avtobus sürücüsü Zərərçəkmiş şəxs avtobusu tez hərəkətə gətirməsini tələb etmiş, sürücü Zərərçəkmiş şəxs "xxxx" MMC-nin rəhbərliyi tərəfindən müəyyən edilmiş vaxt cədvəlinə uyğun hərəkət edəcəyini bildirdikdə, o, heç bir səbəb olmadan əsassız mübahisə yaradaraq, ictimai nəqliyyat vasitəsi olan avtobusda digər sərnişinlərin də narahatıçılığına səbəb olan cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlərlə əvvəlcə ucadan qışqıraraq sürücü Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, daha sonra, öz şəxsini başqalarının fövqündə qoymaqla, ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan, ümumi qəbul olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan, sərnişin avtobusunun qrafik üzrə iş rejimini pozmaqla avtobusun içində əlindəki selofan torbanın içərisindəki «qoz çəkən» qurğudan silah qismində istifadə edib, həmin əşya ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sağ təpə gicgah nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Səbail rayonu Ö.F.Nemanzadə küçəsində yaşayır. Koroğlu metrostansiyasının yaxınlığında olan kafedə xadiməçi işlədiyinə görə hər gün səhər saat 09 radələrində yaşadığı Ö.F.Nemanzadə küçəsində yerləşən avtobus dayanacağından 6 saylı sərnişin daşıyan avtobusla işə gedir, axşam da saat 23 radələrində isə evə qayıdır. 04 mart 2022-ci ildə həmişə olduğu kimi saat 09:30 radələrində yaşadığı Ö.F.Nemanzadə küçəsində olan dayanacaqda 6 saylı sərnişin daşıyan avtobusla işə getmək üçün həmin avtobusa minmiş və avtobusun sürücüsü sonradan adının bildiyi Elmirə avtobusların gec-gec gəldiyini və bu səbəbdən də işə gecikdiyini deyərək iradını bildirdiyindən aralarında sözlə mübahisə olmuş, o əsəbləşdiyi üçün içərisində qozçəkən alət olan sumka ilə Elmirin başına bir dəfə zərbə vurmuşdur. Çantasında qoz çəkmək üçün qurğu dəmirdən olduğu üçün Elmirin başı qanamışdır. Sonra sürücü avtobusun qapısını bağlamış, polisə zəng etmiş, polislər ora gəlib onu Polis Bölməsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, "xxxx" şirkətinə məxsus 6 saylı sərnişin daşıyan avtobusda sürücü işləyir. 04 mart 2022-ci ildə saat 09:20 radələrində idarə etdiyi 6 saylı sərnişin daşıyan avtobusla Ö.F.Nemanzadə küçəsində olan dayanacağa gəlib, orada dayanaraq yenidən sərnişin daşımağı ilə bağlı xəttə çıxmaq üçün müəyyən olunmuş qrafik əsasında vaxtını gözləyən zaman digər sərnişinlərlə birlikdə avtobusa minən sonradan adını bildiyi Elnarə adlı xanım işə gecikməsini deyərək avtobusu idarə etməyini dedikdə o qrafik üzrə hərəkət etdiyini ona desə də Elnarə onun bu sözlərinə fikir verməyib onunla mübahisə etməyə başlamışdır. O, Elnarəyə sakit olmasını dedikdə Elnarə onun anasının da ünvanına nalayıq sözlər demiş və əlində olan əl çantası ilə onun başına bir dəfə zərbə ilə vurmuş və nəticədə o, başından xəsarət almışdır. Bundan sonra o Elnarənin qaçmaması üçün avtobusun qapılarını bağlayıb bu barədə DİN 102 nömrəsinə zəng edib xəbər vermişdir. Bundan az sonra polislər gəlib onları 8-ci polis bölməsinə aparmışlar. Həmin hadisə zamanı orada tanımadığı bir neçə nəfər olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, təxminən 2021-ci ilin noyabr ayının əvvəllərindən "xxxx" şirkətinin 6 nömrəli marşurut xəttində xətt dispetçeri işləyir. Həmin 6 nömrəli marşrut avtobusunun sürücüsü Zərərçəkmiş şəxs çoxdan tanıyır. 04 mart 2022-ci il tarixdə Səbail rayonu Ö.F.Nemanzadə küçəsində olan 6 nömrəli sərnişin avtobusunun son dayanacağında xidmətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtobus qrafikə uyğun olaraq son dayanacağa gəlmiş və orada olan sərnişinlər avtobusa minməyə başlamışlar. Sonradan adını bildiyi Elnarə adlı qadın da gəlib Elmirin idarə etdiyi 6 nömrəli avtobusa minmiş və sürücünün arxasındakı birinci oturacaqda əyləşərək avtobusların gec gəlməsi ilə bağlı işə gecikməsinin əsəbini sürücüdən çıxmağa başlamışdır. Elmir ona qrafik əsasında hərəkət edəcəyini deyəndə isə Elnarə avtobusda olan tanımadığı sərnişinlərin yanında Elmirə nalayıq sözlər deməyə başlamışdır. Elmir avtobusun salonuna girib onu sakitləşdirmək istədikdə Elnarə sakitləşməyərək Elmirin üstünə hücum çəkərək əlindəki çanta ilə Elmirin başına bir dəfə zərbə vurmuşdur, onun vurduğu zərbədən Elmirin başı qanamışdır. Digər sərnişinlər avtobusdan çıxdıqdan sonra Elmir avtobusun qapısını bağlamış və polisi çağırmışdır. Elnarə polislər gələnə qədər avtobusda qalmışdır. İş materiallarında olan cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 30 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi istintaq aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Səbail rayonu, 20-ci sashə dairəsi yaxınlığı, Ö.F.Nemanzadə küçəsində 6 nömrəli maşurutun son dayanacağı olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli “maddi sübut hesab edilməsi və sahibinə qaytarılması haqqında” qərardan görünür ki, hadisənin törədilməsində istifadə edilmiş “qoz çəkən” qurğu maddi sübut hesab edilmiş və gündəlik məişətdə istifadə edildiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 Səbail rayon şöbəsinin 04 mart 2022-ci il tarixli 139 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ təpə-gicgah nahiyəsinin cərrahi tikilərək işlənmiş əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan diskdəki video görüntülərə baxış keçirilməsi haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, 6 saylı marşrut üzrə işləyən "xxxx" sərnişin avtobusu Bakı şəhəri Binəqədi rayonu «Azadlıq» metrostansiyasının yaxınlığından Səbail rayonu 20-ci sahə dairəsi istiqamətində hərəkət edir. Avtobusun hərəkəti xx.xx.2022-ci il tarixdə, saat 09:00 dəqiqədən başlayır və avtobus dayanacaq yerlərində dayanmaqla saat 09:26:05-də 20-ci sahə dairəsi, Ö.F.Nemanzadə küçəsində olan dayanacaqda dayanır, avtobusun sürücüsü tərəfindən qapılar açılmaqla sərnişinlər düşür və dayanacaqda dayanmış sərnişinlər qabaq giriş qapısından «BakıKart» kartını aparata göstərməklə salona daxil olurlar, saat 09:26:28-də 5-ci sərnişin olaraq avtobusa qırmızı rəngli gödək palto geyinmiş və əlində açıq rəngdə qadın əl çantası olan qadın - Təqsirləndirilən şəxs qalxaraq kartını aparata göstərib keçib sürücünün arxasındakı oturacaqda qarşı tərəfə olan oturacaqda tək əyləşir. Avtobusu saxlayandan sonra sürücü təhlüükəsizlik kəməni çıxarır, əynindəki qırmızı rəngli gödəkçəsini soyunaraq sürücü oturacağının kürəkliyindən asır və qabaq qapıdan yerə düşmək istəyir, saat 09:26:51-də Təqsirləndirilən şəxs işə gecikməklə əlaqədar avtobusu sürməyi təklifinə cavab olaraq sürücü Zərərçəkmiş şəxs əli ilə işarələr etməklə ona cavab verməyə başlayır və 09:27:18-də avtobusdan sürücü düşür, 09:27:45-də sürücü Zərərçəkmiş şəxs avtobusa qayıdır və yenidən Təqsirləndirilən şəxs ilə sözlə mübahisə edirlər, mübahisə gedişində 09:28:18-də Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs itələyir və dispeçer Şahid Zərərçəkmiş şəxs sakitləşdirmək üçün qolundan tutub avtobusdan düşürür, onun ardınca Təqsirləndirilən şəxs avtobusdan düşərək saat 09:28:36-da əlində olan bəyaz rəngli çanta ilə yerdə, avtobusun girişinin qarşısında Zərərçəkmiş şəxs üstünə hücum edib çanta ilə onun başına bir dəfə zərbə vurur, avtobusun giriş qapısının qarşısında, yerdə Elmir və Elnarə əlbəyaxa olmaqla süpürləşirlər və Şahid onları sakitləşdirmək üçün aralayır, həmin zərbədən Zərərçəkmiş şəxs başının sağ yan hissəsindən sifətinə qan axıntıları görünür və Elmir Elnarənin əynindəki paltonun sağ çiynindən tutub saxlamaqla mobil telefonla kiminləsə danışır, Elnarə Elmirin əlindən çıxmağa çalışsa da Elmir onu buraxmır. Saat 09:30:15-də Elmir və Altun Elnarəni avtobusa mindirirlər və avtobusun qapılarını bağlayırlar, avtobusun salonunda Elmir və Elnarə əlbəyaxa olmaqla süpürləşirlər, Elnarə avtobusdan düşmək üçün qapını açmasını tələb etməklə əlləri ilə Elmiri itələyir, lakin Elmir və Altun avtobusun qapısını açmırlar, onlar içəridə olan sərnişinləri düşürüb Elnarəni avtobusda saxlayırlar, salonda yenə də tərəflər bir-birləri ilə süpürləşir və sözlə mübahisə edirlər, həmin ərəfədə Elnarənin oğlu Abdulla gəlib avtobusun qapısını açmağı tələb etsə də Elmir və Altun qapını açmırlar, saat 09:41:10-da Elmir və Altun avtobusun qapısını açırlar və hadisə yerinə gələn polis əməkdaşları Elnarə və onun oğlu Abdullanı aparırlar, polislər tərəfindən avtomobilə mindirilib aparılana qədər Elnarə sözlə mübahisəni davam etdirir. Onlar gedəndən sonra 09:43:43-də Elmir yenidən avtobusa minir və əşyalarını götürməklə hadisə yerinə gələn Təcili Tibbi yardım maşını ilə tibbi yardım üçün aparılır. İş materiallarında olan 27 may 2022-ci il tarixli “maddi sübut hesab etmək haqqında” qərardan görünür ki, "xxxx" MMC-dən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən götürülərək istintaqa təqdim edilmiş 01 ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 09 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “əməlin tövsif edilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunması qərara alınmışdır. İş materiallarında olan “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, istintaqdan qaçıb gizləndiyinə görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin 09 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən 09 iyun 2022-ci il tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 09 iyun 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən o, Səbail rayonu 20-ci sahə dairəsi Ö.F.Nemanzadə küçəsində olan 6 saylı marşrut avtobus dayanacağına gəlib həmin yerdə dayanmış sərnişin avtobusunun içərisində sürücü Zərərçəkmiş şəxslə sözlə mübahisə etdiyini və sonuncunun baş nahiyəsinə əlindəki, içində dəmir qoz çəkən qurğu olan çanta ilə vurub ona xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. Həmin istintaq hərəkətinin fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 10 iyun 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərtəqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək, yəni 01 (bir) gün tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunacaq cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, nəticələrinə dair məsuliyyəti dərk etməsini, onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə 01(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək, yəni 01 (bir) gün tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-190/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-190/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver