Məhkəmə qərarları › İş №1(009)-190/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-190/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-190/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Qala Həyat" Sığorta Şirkəti ASC-də mütəxəssis işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 231-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, yandırmaqla, yəni ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, qonşusu Şahid1 onun ailə işlərinə müdaxilə etməsi qənaətinə gəlib, bununla bağlı Qasımovlar ailəsindən qisas almaq məqsədi ilə Şahid1 oğlu Zərərçəkmiş şəxs mülkiyyətində olan avtomobili yandırmaq niyyəti ilə 07 iyul 2022-ci il tarixdə saat 02:42 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvana gəlib, həmin ünvanın qarşısında saxlanılmış həmin dövrün orta bazar qiyməti təxminən 18.500 manat olmuş Zərərçəkmiş şəxs məxsus 2015-ci il buraxılışlı “Kia Rio” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili neft məhsullarına hazırlanmış yanacaqdan istifadə etməklə ümumi təhlükəli üsulla, yəni yandırmaqla Zərərçəkmiş şəxs 12.950 (18500-30%) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakın qəsdən məhv etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən X4 qeyri-rəsmi nikahda yaşamışdır. Onların ailə münaqişələri olduğundan Kristina oğlu Əhmədi götürüb evdən getmişdir. Bir müddətdən sonra o, Əhmədi geri qaytarmışdır. Buna görə də Kristina oğlu Əhmədi götürüb ölkədən getmək istəyirmiş və qonşusu Zərərçəkmiş şəxs anası Şahid1 ona kömək etməsini xahiş etmişdir. O, bunu bildikdən sonra 07 iyul 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Tibilisi prospektində olan zaman Samir adlı taksi sürücüsünü çağırmış və onunla yaşadığı Badamdar qəsəbəsinə getirmişdir. O, Samirə avtomobili yaşadığı evdən kənarda saxlamasını və onu gözləməsini bildirmiş, özü isə avtomobildən düşüb yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində olan qarajdan içərisində benzin olan butulkanı götürüb İbrahimin yaşadığı evin yanına gedib, həmin benzini İbrahimə məxsus “Kia Rio” markalı avtomobilin üzərinə tökmüşdür. O, benzini avtomobilin üzərinə tökdükdən sonra alışqanı yandırıb benzinin üzərinə atmış avtomobil dərhal alışmışdır. O, avtomobilin yandığını görüb orada qaçaraq Samirin yanına getmiş və avtomobilə əyləşərək Samirə ara küçələrələ Tibilisi prospektinə sürməsini demişdir. Samir onu Tibilisi prospektində düşürmüş, orada 3 saat vaxt keçirdikdən sonra evə qayıtmışdır. Evə qayıtdıqdan sonra qonşuluqda yaşayan İbrahim və ailə üzvələri onun evində quraşdırılmış videokameraların görüntülərini istəmişlər. O, da həmin görüntüləri onlara vermişdir. Əməlindən peşmandır. Himayəsində 1 azyaşlı övladının olmasını və övladına tək başına baxmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 04 radələrində Badamdar qəsəbəsində yaşadığı evdə yatmışdır. O, qonşuların səsinə oyanmış və küçəyə çıxan zaman ona məxsus Kia Rio markalı avtmobilin yandığını görmüşdür. O, küçəyə çıxdıqdan təxminən 15-20 dəqiqə sonra yanğından mühafizə işçiləri hadisə yerinə gəlmişlər. Onlar gələnə qədər qonşular yanğının bir qismini söndürmüşlər. Yanğın söndürənlər gəldikdən sonra isə yanğını tam söndürmüşlər. Həmin ərəfədə polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Hadisə yerinə müayinə etdikdən sonra qonşuluqda yaşayan Firudin yaşadığı evin bayır tərəfində quraşdırılmış kameralara baxmışdır. Kamera görüntülərdən görünür ki, bir nəfər hansısa maddəni avtomobilin ön tərəfindən tökdükdən sonra avtomobil yanmağa başlayır. Bildiyinə görə, qonşuluqda yaşayan Firudin küçəni zibillədiyinə görə anası da küçəni təmizlədiyinə görə onların arasında mübahisə olmuşdur. Firudin də onlara ziyan vurmaq məqsədi ilə ona məxsus avtmobili yandırmışdır. Ona yanğın nəticəsində 23000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 04 radələrində Badamdar qəsəbəsində yaşadığı evdə yataq otağında yatmışdır. O, qonşuların səsinə oyanmışdır. O, küçəyə çıxan zaman oğlu İbrahimə məxsus Kia Rio markalı avtmobilin yandığını görmüşdür. Onlar bayıra çıxıb avtomobili söndürməyə başlamışlar. Həmin vaxt qonşular da onlara köməklik etmişlər. Yanğın söndürənlər gəldikdən sonra isə yanğını tam söndürmüşlər. Polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Qonşuluqda yaşayan Firudin tərəfindən quraşdırılmış kamera görüntülərdən bir nəfər hansısa maddəni avtomobilin ön tərəfindən tökdükdən sonra avtomobilin yanması görünmüşdür. Qonşuluqda yaşayan Firudin küçəni zibillədiyinə görə, o, da küçəni təmizlədiyinə görə aralarında mübahisə olmuşdur. Firudin də onlara ziyan vurmaq məqsədi ilə İbrahimə məxsus avtmobili yandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 15 il olar ki, müştəri kimi tanıyır. 07 iyul 2022-ci il tarixdə saat 03 radələrində Firudin ona zəng vurub Tibilis prospektinə gəlməsini bildirmişdir. O, da Firudinin dediyi ünvana getmiş oradan Firudini götürüb Badamdar qəsəbəsinə aparmışdır. Avtomobili Firudinin xahişi ilə onun evindən aralı küçədə saxlamış və Firudin orada avtomobildən düşüb getmişdir. O, həmin vaxt avtmobildə onu gözləmiş təxminən 10 dəqiqədən sonra Firudin geri qayıtmış və avtomobilə oturmuşdur. Firudin onu ara küçələrlə Tiblisi prospektinə getməsini bildirmiş o, da Firudini Tibilisi prospektində götürdüyü yerə düşürmüşdür. Təqsirləndirilən şəxs gecə vaxtı onu Badamdar qəsəbəsinə aparmasını dedikdə o, heç nədən şübhələnməmişdir. Təqsirləndirilən şəxs ona avtomobil yandırmaqla bağlı heç nə deməmişdir, onun bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli “yanğın haqqında ilkin akt”dan görünür ki, yanğın söndürmə bölmələrinin gəldiyi vaxt avtomobilin mühərrik hissəsi alov ilə yanırdı. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası FHN-nin X9 Xidmətinin “yanğın baş vermiş hadisə yerinə baxış” protokolundan görünür ki, yanğın hadisəsi 07 iyul 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında fərdi yaşayış evinin çöl darvazasının qarşısında park olunmuş, Zərərçəkmiş şəxs məxsus Kia Rio markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilində baş vermiş, baxış zamanı avtomobilin hissəsinin bütün detallarının tam olaraq yanıb yararsız hala düşməsi müəyyən edilmişdir. İş materiallarında olan 10 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs məxsus Kia Rio markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi və salonun yanaraq yararsız hala düşməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğın fıziki-kimyəvi ekspertizasının 11 noyabr 2022-ci il tarixli 6/5317 nömrəli rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunə qismində təqdim olunmuş üzərində “ünvan 3 ünvanında yaşayan” Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı 90 1H 891 d.q.n avtomobildən üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Tədqiqatın dəyəri 55 (əlli beş) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2022-ci il tarixli 9/8315 nömrəli rəyindən görünür ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 18500 manat olmuş, 2015-ci il buraxılışlı “Kia Rio” markalı, mühərrik həcmi 1396 sm3 ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyan məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla 2022-ci ilin iyul ayına nəzəri qaydada təxminən 12950.00 (18500-30%) manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “götürmə aparılması haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə həmin avtomobilin yanmış hissəsindən götürülmüş yanıq nümunəsi maddi sübut kimi tanınmış və Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 05 fevral 2023-cü il tarixli maddi sübutun saxlanılması üçün sahibinə təhvil verilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs məxsus avtomobilin yandırılmasını özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. Baxış zamanı 07 iyul 2022-ci il tarixdə saat 02:42 dəqiqədə bir nəfər şəxsin küçədə dayanmış avtomobilə yaxınlaşması, daha sonra həmin avtomobildən kənara çəkilərək avtomobili yandırması və qaçaraq hadisə yerindən uzaqlaşması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu və avtomobili onun yandırdığını bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 atası Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, anası Ukrayna vətəndaşı X5. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 23460 (iyirmi üç min dörd yüz altmış) manat məbləğində maddi ziyan və 160,38 (yüz altmış manat otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 23620,38 (iyirmi üç min altı yüz iyirmi manat otuz səkkiz qəpik) pulun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məxsus avtomobilin yandırılmasını özündə əks etdirən DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, Təqsirləndirilən şəxs təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə vurulmuş zərərin ödənilməsini və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, mülki iddia rədd edilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzər alınmalıdır. İş üzrə maddi sübut olan Səbail RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə həmin avtomobilin yanmış hissəsindən götürülmüş yanıq nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 105 (bir yüz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia rədd edilsin. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzər alınsın. İş üzrə maddi sübut kimi tanınan Səbail RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə həmin avtomobilin yanmış hissəsindən götürülmüş yanıq nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 105 (bir yüz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE**********00********) hesabına köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar