Məhkəmə qərarları › İş №1(009)-191/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-191/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-191/2022 05.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xırdalan şəhəri, Məmməd Araz küçəsi, dalan 2, döngə 3, ev 8 C ünvanında qeydiyyata olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 53, mənzil 403 ünvanında xadiməçi işləyərkən təxminən 2020-ci ilin iyul ayından 2022-ci ilin mart ayına qədər olan müddətdə vahid niyyətlə əhatə olunan qəsdlə mənzilin uşaqlar üçün nəzərdə tutulmuş yataq otağında olan iki ədəd daxıldan müxtəlif vaxtlarda, müxtəlif məbləğlər olmaqla ümumilmkdə Azərbaycan manatına məzənnəsi ilə 14620 (on dörd min altı yüz iyirmi) manat təşkil edən 8600 (səkkiz min altı yüz) ABŞ dolları məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində 3 yetkinlik yaşına çatmamış övladı var, həyat yoldaşı rəhmətə getmişdir, uşaqları tək başına böyüdür. Təqribən 2019-cu ildən zərərçəkmiş şəxsin evində xadiməçi işləmişdir. Həftədə bir dəfə ev yığışdırmaq üçün Rüstəm müəllimin evinə getmişdir. Otaqları yığışdırarkən 2 daxıl olduğunu görmüş, içində pul olduğunu bildikdən sonra həmin pulları hissə-hissə oğurlamaq qərarına gəlmişdir. Müxtəlif vaxtlarda bir neçə dəfə kiçik maqqaşdan istifadə edərək daxıldan hər dəfə 100, 200, 300 dollar olmaqla pul çıxarmış və uşaqlarının ehtiyacı üçün xərcləmişdir. Sonuncu dəfə daxıldan pul çıxararkən daxıl zədələnmiş, ona görə də o, 8 manata yeni daxıl alaraq həmin daxılı dəyişmişdir. Ev sahibi oğurluq barədə bildikdə oğurluğu törətməsini könüllü olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini, barışıq əldə etməsini, həyat yoldaşının ölməsini, üç yetkinlik yaşına çatmamış övladını tək başına böyütməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2 övladı var. Uşaqlar doğulandan onlaraın hər birinə bir daxıl almış və onların ad günlərində, bayramlarda hədiyyə olaraq verilmiş pulları həmin daxıla yığmışlar. Təqsirləndirilən şəxs onların evində təmizlik işləri görmüşdür. 01 aprel 2022-ci il tarixdə təsadüfən daxılı əlinə götürdükdə daxılın boş olduğunu başa düşmüş, içini açdıqda orada pulların olmamasını görmüşdür. Qızı dərsdə olduğundan onunla əlaqə saxlayıb onun pulların yerində olmamasından xəbəri olmadığını bildikdən sonra, Təqsirləndirilən şəxs çağırıb ondan evdən nə qədər pul götürdüyünü soruşmuş, o, əvvəlcə inkar etsə də sonradan pulları götürdüyünü qəbul etmişdir. Ona ümumilikdə 8600 (səkkiz min altı yüz) ABŞ dolları məbləğində ziyan vurulmuşdur. Zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin tək qadın olmasını, 3 övladını tək başına böyütməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. 03 iyun 2022-ci il tarixli qərarla faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 31 mart 2022-ci il tarixdə hadisə yerii olan ünvan 1 ünvanına baxış keçirilmiş, Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək toplanmış materiala əlavə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 03 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 03 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, istintaqa verdiyi ifadəni hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 20 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 30 sentyabr 2004-cü il təvəllüdlü X3, 20 sentyabr 2006-ci il təvəllüdlü X1 və 20 iyun 2007-ci il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxsdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarına əlavə edilmiş sənədlər, işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə, əvvəlcədən cinayəti planlaşdırmış, oğurluq hadisəsinin bilinməməsi üçün müxtəlif vaxtlarda və kiçik məbləğlərlə Zərərçəkmiş şəxs övladlarına məxsus daxıllardan pulları çıxararaq oğurlamış və zərər çəkmişə ümumilikdə 8600 ABŞ dolları (14620 manat) məbləğində xeyli miqdar təşkil edən ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, həyat yoldaşının ölməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin eidlməsi məqsədə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qanunla nəzərdə tutulmuş müvafiq vəzifələr qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, hər gün axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar